525.Az

ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı


 

ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı<b style="color:red"></b>

İyunun 30-da ali təhsil müəssisələri arasında ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yaradılan Startap məktəbinin buraxılış festivalı keçirilib.

ADNSU-dan 525.az-a verilən məlumata görə, festivalda universitetin rektoru, professor Mustafa Babanlı başda olmaqla müəllim və tələbələr, fəxri qonaqlar - təhsil naziri Mikayıl Cabbarov, Prezident Admnistrasiyasının humanitar şöbəsinin rəhbəri Fatma Abdullazadə, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, o cümlədən, digər universitet və müəssisələrdən olan nümayəndələr, eləcə də Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitunun direktoru İnna Maryukova, İsraildən olan startap təlimçisi İqor Peer və başqaları iştirak ediblər.

M.Babanlı çıxış edərək innovativ ideyalara söykənən layihənin məhz ADNSU-da gerçəkləşməsinin qürurverici olduğunu eyni zamanda, məsuliyyət yükü daşıdığını ifadə edib. Layihənin həyata keçirilməsi prosesində əməyi və dəstəyi olan insanlara təşəkkürünü bildirib.

Prezident Admnistrasiyasının Humanitar şöbəsinin rəhbəri Fatma Abdullazadə çıxışı zamanı universitetin adının bir neçə dəfə dəyişdirilməsi məqamına toxunub. Hər dövr üçün yüksək ixtisaslı kadrların yetişdirilməsində müstəsna rola malik olduğunu qeyd edib.

F.Abdullazadə startap məktəbin universitetə yeni nəfəs verəcəyinə, yeni uğurların əldə olunmasına dəstək olacağına inandığını deyib.

ADNSU-nun Azərbaycanın təhsil sistemində öz rolu və dəsti-xəttinin olduğunu vurğulamaqla şöbə rəhbəri diqqəti burada təhsil alan xarici vətəndaşların səviyyəsinin hər zaman yüksək olmasına yönəldib.

Bildirib ki, təhsillə sənaye arasında etibarlı körpü olan ADNSU bu gün yeni ideyalar üzərində möhkəmlənərək daha da yenilənəcək:

“Bu layihənin böyük gələcəyi var. Çünki ADNSU-da intelekt gücü böyükdür”.

Təhsil naziri Mikayıl Cabbarov startap məktəbinin ADNSU kimi nüfuzlu bir təhsil müəssisəsində həyata keçirilməsinin əhəmiyyətini vurğulamaqla, layihənin məqsədi, bütövlükdə dövlətimizə, təhsil sisteminə verə biləcəyi töhfələrdən danışıb.

Nazir Azərbaycan təhsil sistemində startap məktəblərinin məqsəd və səmərəliliyi barədə fikirlərini bildirib.

O, çıxışında ölkənin iqtisadi innovativ inkşafının Azərbaycanda, hökumət, universitet və akademik elm və yüksək texnologiyalı sənaye səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulmuş yeni innovativ ekosistemi yaratmaq yolu ilə sürətləndirilməsini qeyd edib.

Daha sonra R.Hüseynov startap məktəbinin yaranma və fəaliyyət tarixçəsi haqqında qısa məlumat verib.

Bildirilib ki, startap məktəbləri ölkənin müəllim, tələbə, aspirant, ixtiraçıları üçün tədris mərkəzi olub, praktik bacarıqlar verir və yüksək texnologiyalı startap lahiyələrinin buraxılmasını təmin edir.

Biznes inkubatorları şəbəkəsi startap şirkətlərinə ilkin mərhələdə dəstək mərkəzi olub (təşkilati, hüquqi, infrastruktur, konsultativ, mühasibat baxımından), prototiplərin və kiçik seriyalı istehsalatın başlanmasına yardım edir.

Layihələrdə nəzərdə tutulan son məhsullar, prototiplər və s. hazırlanaraq, onların kütləvi istehsalı və tətbiqinə başlanacaq.

Sonra İnna Maryukova Kiyevdə yaradılan startap məktəbinin təcrübəsinə əsaslanaraq layihə çərçivəsində görülən işlər və onun istiqamətləri barədə danışıb.

O, bu layihənin ölkəsində uğura imza ata bildiyini deyib və belə bir nəticənin Azərbaycanda - ADNSU-da da əldə olunacağına inandığını söyləyib.

İ.Peer startap layihələrinin xarakteri və bu istiqamətdə qurulan biznesin incə nüanslarının təqdimatını edib.

O, startap layihələri çərçivəsində gənclərin öz biznes ideyalarını gerçəkləşdirmələri üçün əvvəlcə problemlərin görülməsini və məqsədə doğru dəqiq addımların atılmasının vacibliyini vurğulayıb.
 
İ.Peer bildirib ki, startap ideyadan, biznesdən başlayan, ideyanı milyonlarla ölçülən biznesə çevirən xəttir.

Festivalda 15 startapçı öz layihələrini təqdim edib. Hər bir layihə müəllifi ayrı-ayrılıqda öz ideyalarının əhəmiyyətini qeyd edib.

Ümumilikdə ilkin ideyalar olaraq layihələr rektor və digər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra qonaqlar ADNSU-da fəaliyyətdə olan İnkubasiya, Azİİ-İT Club mərkəzləri ilə tanış olublar.

Cavid QƏDİR

 





30.06.2016    çap et  çap et