525.Az

Litvada xarici rejissorların Xocalı haqqında sənədli filminin təqdimatı olub (FOTO)


 

Litvada xarici rejissorların Xocalı haqqında sənədli filminin təqdimatı olub <b style="color:red"> (FOTO)</b>

Litvanın böyük kinoteatrlarından olan “Vinqis"də Xocalı faciəsi ilə bağlı ictimaiyyət üçün fərdi təhqiqat aparan litvalı və skandinaviyalı rejissorların hazırladığı “Sonu olmayan dəhliz” (“Endless corridor”) sənədli filminin təqdimatı keçirilib.

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının Litva üzrə əlaqələndirmə qrupundan 525.az-a bildirilib ki, bu ekran əsəri xarici rejissorların Xocalı mövzusu ilə bağlı çəkdikləri ilk sənədli filmdir.

Təqdimat mərasimində Litvanın aparıcı KİV-lərinin nümayəndələri, parlamentin deputatları, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə və tanınmış kinematoqrafçılar iştirak ediblər.

Mərasimi açan rejissor Mindaqus Urbanoviç bildirib: “Biz çalışdıq avropalı tamaşaçılara Qarabağ müharibəsinin ən dəhşətli səhifəsini – təəssüf ki, Qərbdə az tanınan Xocalı faciəsini göstərək”. 

Ekran əsərinin nümayişi xüsusi olaraq film üçün bəstələnmiş rekviyemin canlı səslənməsi ilə başlamışdır. Nümayişi zamanı sıravi tamaşaçılar hisslərini gizlədə bilməmiş, göz yaşları axıdıblar. 

Filmi izlədikdən sonra fikirlərini bölüşən festivalın direktoru Vida Ramaşkiene deyib: “Bu ekran əsəri məni sarsıtmış və yeni kəşf olmuşdur. Biz hamımız Dağlıq Qarabağ münaqişəsindən xəbərdarıq, amma bu epizod faciənin bütün dərinliyini və azərbaycanlıların əzablarını hiss etməyə və məsələyə yeni prizmadan baxmağa bizləri məcbur etmişdir. Film əla alınmışdır və biz onu beynəlxalq kino müsabiqələrinin proqramına daxil etmişik”.

Filmin daha bir qəhrəmanı moskvalı jurnalist Viktoriya İvleva deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecədən sonra onun həyatında əsaslı dəyişikliklər baş verib. Bu faciədə o, cəmi iki gün əvvəl dünyaya gəlmiş qız uşağını xilas etmiş və bunu həyatının ən əhəmiyyətli hadisəsi kimi qiymətləndirib. 

Ekran əsəri erməni hərbi hissələri tərəfindən işğal olunmuş və məhv edilmiş Xocalı şəhəri ilə bağlı tədqiqatdan ibarətdir. Filmdə həmin dəhşətli gecədə möcüzə nəticəsində xilas olmuş iki Xocalı sakininin taleyindən də bəhs edilir. Bu filmin siqnal versiyasının təqdimatı “Xocalıya ədalət” beynəlxalq kampaniyasının dəstəyi ilə Bakı və Moskva şəhərində keçirilib. 

“Xocalıya ədalət” beynəlxalq kampaniyası 2008-ci il mayın 8-də, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciəyə siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. 

GÜNEL

 





25.02.2013    çap et  çap et