525.Az

Türkiyə-Rusiya barışığı region iqtisadiyyatına necə təsir edəcək?


 

PƏRVİZ HEYDƏROV: "İKİ ÖLKƏ ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN BƏRPA OLUNMASI BÜTÖVLÜKDƏ REGİON BAZARLARINDA YARANMIŞ GƏRGİNLİYİ ARADAN GÖTÜRMƏYƏ XİDMƏT EDƏCƏK"

Türkiyə-Rusiya barışığı region iqtisadiyyatına necə təsir edəcək?<b style="color:red"></b>

Türkiyə ilə Rusiya arasında münasibətlər istiləşməyə doğru gedir.

Tərəflər artıq münasibətləri yenidən normallaşdırmaq üçün üzərlərinə düşən ilk addımları atıblar. Rəcəb Təyyib Ərdoğanla Vladimir Putin arasında 40 dəqiqəlik telefon danışığından sonra tərəflər görüşməyə razılıq veriblər.

Prezidentlər iyunun 4-5-i tarixlərində Çində keçiriləcək "Böyük İyirmilik" ölkələrinin sammiti zamanı görüşəcəklər. Bu görüşdən əvvəl isə xarici işlər nazirlərinin bir araya gəlməsi nəzərdə tutulub. Rusiya və Türkiyə XİN başçıları iyulun 1-də Soçidə görüşəcəklər.

Telefon danışığı zamanı prezidentlər terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi ilə bağlı göstəriş verib.

Rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülüb. Terror təhdidlərinə rəğmən Türkiyə turizmi öz cəlbediciliyini qoruyub saxlayır. Ona görə də Rusiya ilə Türkiyə arasında siyasi münasibətlər kimi iqtisadi əlaqələrin də bərpa olunmasının Azərbaycana müsbət və mənfi təsirləri də müzakirə mövzusudur. Ancaq istənilən halda iki ölkə arasında barışıq region üçün müsbət əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, rəsmi Bakı iki ölkələr arasında gərginliyin yarandığı ilk vaxtlardan üzərinə barışdıcı missiya götürmək təşəbbüsü ilə çıxış etmişdi. İndi isə tərəflər arasında buzların əriməsində Azərbaycanın oynadığı mühüm rol etiraf olunmaqdadır. Türkiyə baş naziri Binəli Yıldırım bu səbəbdən Azərbaycana öz minnətdarlığını bildirib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı tətbiq edilən bütün embarqoların aradan qaldırıldığını açıqlaması, turistlərin ora getməsi üzərindəki inzibati əngəllərin təcili ləğvinin özəlliklə vurğulanması, həm də "Atatürk" Hava Limanında törədilən terror aktının arxasındakı güclərə verilən cavabdır: "Kreml bununla göstərir ki, Türkiyənin terrorun öhdəsindən gələcəyinə əmindir və bu yöndə istənilən dəstəyi verməyə hazırdır".

Deputatın sözlərinə görə, Türkiyə Rusiya prezidentlərinin görüş yerinin Çin seçilməsində bir rəmzlik var: "Düzdür, görüş ona görə Çində baş tutur ki, "Böyük İyirmilik" orada zirvə toplantısı keçirəcək. Ancaq açığı mən Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatıyla əlaqələrinın dərinləşməsi yönündə addımların intensivləşəcəyini görürəm və proses bununla da bitməyəcək".

S.Alıyev bildirib ki, prosesin bununla bitməyəcəyi Kremlin ürəyindən keçənləri bir az zamanı qabaqlayaraq söyləyən adam kimi tanınan Vladimir Jirinovskinin son açıqlamasından da görmək mümkündür: "Yumşaq desək, heç də türksevər biri kimi tanınmayan Jirinovskinin Türkiyənin Rusiyaya Belarus və Ermənistandan da yaxın olacağını bildirməsi bəlkə də heç onun fikri deyil. Hiss olunur ki, həm rəsmi Moskva, həm də Ankara yeni geosiyasi kombinasiyalar üzərində işləyirlər".

Deputat deyib ki, prosesləri emosiyasız, yuxarıdan izləyən əcnəbi ekspertlər Rusiya ilə Türkiyənin barışmasını hər iki tərəfin öz sifətlərini qoruyub saxlamaqla reallaşdırdıqlarını deyirlər: "Heç şübhəsiz ki, bu məsələdə Azərbaycanın dövlət başçısının mühüm rolu var. Barışığın belə tezliklə və bu şəkildə baş tutmasında İlham Əliyevin mühüm rol oynadığını iki gün öncə Türkiyənin baş naziri Binəli Yıldırım da öz çıxışında bildirib. Bu isə artıq Azərbaycan rəhbərinin təkcə qardaşlıq qatqısı deyil, həm də regionda oynadığı rolun göstəricisidir".

İqtisadçı ekspert Pərviz Heydərov isə bildirib ki, Rusiya-Türkiyə iqtisadi əlaqələrinin pisləşməsi Azərbaycanın da zərərinə idi: "Düzdür, məsələn, rus turistlərin ölkəmizə axınının artması üçün şansın yaranması, kənd təsərrüfatı məhsullarımızın şimal bazarlarında mövqeyinin möhkəmlənməsi, tranzit imkanlarımızdan istifadəyə tələbin artması baxımından müəyyən dərəcədə əhəmiyyətli sayıla bilərdi. Lakin strateji nöqteyi-nəzərdən rus-türk iqtisadi əlaqələrinin və münasibətlərinin normal olması bizim üçün daha vacibdir. Bu, ümumiyyətlə regionun özü üçün də tələb olunan şərtdir".

Ekspert qeyd edib ki, ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, tibbdə maddələr mübadiləsi anlayışı olduğu kimi, iqtisadiyyatda da, yəni bazarlar üzrə də buna uyğun bir tendensiya mövcuddur: "Tərəflər arasında ikitərəfli əlaqələr və ticarət münasibətləri pozularsa, bu, digər ölkələrə də mənfi təsir edir və ümumən, bazarlarda mövcud tarazlığın pozulması ilə nəticələnir. Odur ki, hər şeyi iqtisadi şərtlər diqtə etsə daha yaxşıdır".

P.Heydərovun sözlərinə görə, Azərbaycandan həmişə Rusiya bazarlarına kənd təsərrüfatı məhsulları ixrac olunub: "Əslində Moskvanın Ankara ilə siyasi münasibətlərinin pisləşməsi bu sahədə bizim üçün problem yaratmışdı. Bəzi hallarda öz məhsullarımızı belə ixrac edə bilmirdik ki, bunların əslində türk məhsulları olduğuna dair şübhələr var idi. Odur ki, bizə bunun əslində, heç bir xeyri yox idi".

Turizm sektorundakı vəziyyətə toxunan ekspert söyləyib ki, Türkiyə ilə Rusiya arasında turizm əlaqələrinin bərpa olunması Azərbaycana o qədər də mənfi təsir etməyəcək: "Ölkəmiz bu sahədə öz cəlbediciliyi yenə saxlayır. Yəni, bunu da kənar faktorlarla əlaqələndirmək düzgün deyil. Tranzit imkanlarımız isə gündən-günə genişlənməkdədir. Artıq Rusiya özü də bizim bu sahədə potensialımızdan istifadə etməyə maraq göstərir ki, yaxın gələcəkdə Azərbaycan ilə İran arasında dəmir yolu dəhlizi işə düşməklə, bunun da əyani şahidi olacağıq. Odur ki, iki ölkə arasında iqtisadi əlaqələrin bərpa olunması bütövlükdə region bazarlarında yaranmış gərginliyi aradan götürməyə xidmət edəcək".

Ceyhun ABASOV

 





01.07.2016    çap et  çap et