525.Az

"Ermənistan özünü "sülh göyərçini" kimi aparmağa başlayıb"


 

"Ermənistan özünü "sülh göyərçini" kimi aparmağa başlayıb"<b style="color:red"></b>

"4 günlük aprel döyüşləri Azərbaycanın ordu quruculuğunun məntiqi nəticəsini də özündə ehtiva etdi. Bəzən bu döyüşləri İkinci Dünya müharibəsinin Staliqrad döyüşünə bənzər dönüş nöqtəsi də hesab edirlər. İndiyə qədər kimlərsə Azərbaycan Ordusunu məğlub ordu kimi qəbul edirdisə, həmin döyüşlərdən sonra yanaşma tamamilə dəyişdi. 4 günlük aprel döyüşləri ordumuzu siyasi danışıqlarda mühüm qüvvəyə çevirdi, diplomatları yerindən tərpətdi, Dağlıq  Qarabağ məsələsində on illər ərzində ticarət quran, bu məsələdən istifadə edərək regionu təsir altında saxlamağa çalışan qüvvələrə mesaj verdi". 

Bunu "525"ə açıqlamasında millət vəkili Zahid Oruc dilə gətirib.

Onun sözlərinə görə, aprel ayından sonra münaqişənin həlli  ilə əlaqədar danışıqlar prosesində intensivlik artıb.

O deyib ki, indi Ermənistan özünü "sülh göyərçini" kimi aparmağa başlayıb, ermənilərin qələbə mifi dağılıb. 

Millət vəkilinin bildirdiyinə görə, həmin döyüşlərdən sonra Ermənistanda 5 general vəzifəsi ilə vidalaşdı, digər yüksək rütbəli zabitlər də cəzalandırıldı: "Hazırda işğalçı dövlətin hərbi sistemində xaos hökm sürür.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün siyasi, iqtisadi, beynəlxaq həyatımızın mühüm bir qüvvəsidir. Bir çoxları düşünə bilər ki, regionda hərbsizləşdirmə daha məqsədəuyğun olardı. Hərbiyə xərclənən vəsait başqa sahələrə xərclənə bilərdi. Amma bu yanaşma doğru deyil. Əgər ölkəmizdə belə vəziyyət olsa, dövlətin varlığı təhlükə altında qalar. Çünki Qafqazda qorunmaq üçün yalnız intellekt kifayət etmir, bölgədə geosiyasi maraqlar var. Azərbaycan zəngin  təbii sərvətlərə sahibdir və bu sərvətləri qorumaq lazımdır. Eyni zamanda, torpaqlarımızın işğal altında qaldığı bir şəraitdə hərbsizləşdirmə siyasəti real deyil. Bu gün Azərbaycan Ordusu müstəqilliyimizin və  dövlətçiliyimizin  qarantıdır,  torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ordumuz real milli gücümüz deməkdir. Biz istəyirik ki, ordumuz tariximizə qalibiyyət tarixini də yazsın. Aprel döyüşləri qələbəmizin simvolu kimi torpaqlarmızın bütövlüyünə yol açır.

İnanırıq ki, ordumuz Qarabağı bu xalqın nəzarətinə, onun mənəviyyatına və suverenliyi altına qaytaracaq".

Hərbi sahədə qanunvericiliyə, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin gündəmində yeni qanun layihələrinin olub-olmamasına gəlincə, millət vəkili deyib ki, ötən dövr ərzində  parlamentin hərbi qanunvericiliyin yeniləşdirilməsi istiqamətində işləri yetərincə çox olub:

"Vaxtilə Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina qəbul olunub, eləcə də hərbi sahəyə aid bir sıra vacib sənədlər qəbul edilib. Bununla belə, hərbi qanunvericilik işi daim yeniləşməlidir. Bu yöndə də mütəmadi olaraq işlər davam edir, zərurət yarandıqca müvafiq qanunlara dəyişikliklər edilir. Bu gün də xeyli tədbirlər var ki, parlamentin müvafiq şöbələri Müdafiə Nazirliyi ilə  işləyir. Əksər qanunvericilik aktları təftiş edilib, beynəlxalq təcrübə öyrənilib. Eləcə də, Hərbi Məcəllənin hazırlanması və müxtəlif yeni qanun layihələri ilə bağlı tədbirlər var. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək. Artıq Azərbaycan Ordusunda müqavilə əsasənda xidmət etmək istəyən insanların da sayı artır. Bu amil ordumuzun tam peşəkarlardan formalaşdırılması və modernləşdirilməsi baxımından əhəmiyyətlidir.  Bu proses bütün qoşun növləri üzrə gedir. 4 günlük aprel döyüşlərindən sonra dövlətin çağırışları əsasında on minlərlə insan müqaviləli xidmətlə bağlı müraciət ediblər. Bu çox yaxşı haldır və gələcəkdə də öz müsbət nəticələrini daha aydın şəkildə göstərəcək".

K.HƏMZƏOĞLU

 





01.07.2016    çap et  çap et