525.Az

BMT Baş Qərargahında 7-ci Qlobal Forumun nəticələri müzakirə olunub


 

ƏBÜLFƏS QARAYEV AZƏRBAYCAN RƏHBƏRLİYİNİN BU FORUMA BÖYÜK DİQQƏT AYIRDIĞINI BİLDİRİB

BMT Baş Qərargahında 7-ci Qlobal Forumun nəticələri müzakirə olunub<b style="color:red"></b>

2016-cı ilin 29 iyun tarixində BMT Baş Qərargahında BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun növbəti iclası keçirilib.

İclas cari ilin 25-27 aprel tarixində Azərbaycanın ev sahibliyi etdiyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrinə həsr olunub.

İclası açan BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Respublikasının yüksək dəstəyi ilə təşkil edilən 7-ci Qlobal Forumun həm ölkələrin iştirak səviyyəsi, həm iştirakçıların tərkibinə, keçirilən sessiya və tədbirlərin mövzularının əhəmiyyətinə, tədbirin yekun sənədi olan Bakı Bəyənnaməsinin qəbul edilməsinə görə öz məqsədlərinə və hədəflərinə çatdığını bəyan edib.

Azərbaycan Hökuməti adından Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək keçirilmiş 7-ci Qlobal Forumuna və onun nəticələrinin həyata keçirilməsinə ölkə rəhbərliyinin yüksək diqqət ayırdığını bildirib, Forumda 147 ölkədən 3000-dən çox nümayəndənin iştirak etdiyini, Forumun çərçivəsində 40-dan çox tədbirin keçirildiyini və bu qlobal platformanın bütün ölkə səviyyəsində dəyərləndirildiyini qeyd edib.

Nazir vurğulayıb ki, bu tədbir iclasların keçirildiyi zallarda aparılmış siyasi müzakirələrlə məhdudlaşmayaraq böyük gənclər hərəkatının, qarşılıqlı mədəni mübadilələrin, insanların təəssüratlarının müxtəlif formalarda ifadəsi üçün bir beynəlxalq platforma rolunu oynadı və qəbul edilmiş Bakı Bəyannaməsi bütün dünya üçün dinlər və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişafı naminə strateji hədəfləri müəyyən etdi.

Daha sonra Forumla bağlı statistik nəticələr barədə Ali Nümayəndənin kabinet rəhbəri tərəfindən təqdimat keçirilib. Təqdimatda qeyd olunub ki, Forum 700-dən çox beynəlxalq televiziya, qəzet və digər mətbuat orqanları tərəfindən yayımlanmış və xüsusilə sosial şəbəkələrdə tədbir barədə 46 milyondan dəfə təəssürat paylaşılmış və 14 milyondan çox şəxs bu təəssüratlara münasibət bildirmişdir. Təkcə Forumun internet səhifəsindən cari ilin aprel ayı ərzində 250 mindən çox insan istifadə edib.

Göstərilən rəqəmlər tədbirin qlobal auditoriyaya necə təsir etdiyini bir daha təsdiqləyib.

Təqdimatdan sonra Forumun nəticələri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilib. İclasda çıxış edən Türkiyə, İspaniya, Qətər, Braziliya, İndoneziya, Qırğızıstan, Qazaxıstan, Sudan, İsveç, Kanada, Avstriya, BMÜTT və digər nümayəndələr Azərbaycana ev sahibliyini yüksək səviyyədə təmin etdiyinə görə təşəkkürlərini bildirərək, Alyansın gələcək fəaliyyəti ilə bağlı öz ölkələrinin mövqelərini ifadə ediblər.

İclasın yekununda nazir Əbülfəs Qarayev Forumun təşkilində yüksək səviyyədə göstərdiyi xidmətlərə görə ölkə rəhbərliyi tərəfindən bir sıra şəxslərə orden və medallar verildiyini diqqətə çatdırıb, həmin şəxslərdən biri olan BMT yanında Azərbaycan Daimi Nümayəndəliyinin müşaviri Xanım İbrahimovaya "Dövlət qulluğunda fərqlənmə medalı"nı təqdim edib.

 





01.07.2016    çap et  çap et