525.Az

Əliş Əvəzin şeirləri


 

Əliş Əvəzin <b style="color:red">şeirləri</b>

Tanınmış mətbuat xadimi və şair Əliş Əvəz (Qasımov Əliş Əvəz oğlu) 1 iyul 1956-cı ildə anadan olub.

Bərdə rayonunun Piyadalar kəndindəndir. 1985-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Moskvada bir çox nüfuzlu mətbu orqanda müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Diaspora inform” qəzetinin təsisçisi (2002-ci il) və baş redaktoru, Rusiya Federasiyası Dövlət Tarix Muzeyinin əməkdaşıdır. Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-ictimai Cəmiyyətinin təsisçilərindən biri olmaqla, onun idarə heyətinin üzvü və ədəbi əlaqələr üzrə sədr müavinidir.

Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvüdür. O, Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Rusiya Yazıçılar Birliyinin Vladimir Mayakovski ordeni,  mətbuatın inkişafında xidmətlərinə görə Rusiya Jurnalistlər Birliyinin fəxri  fərmanı və kosmonavtikaya aid publisistik məqalələrinə görə Rusiya Kosmonavtlar Federasiyasının “Kərim Kərimov medalı” ilə təltif olunub.

60 illik yubileyi münasibətilə Əliş Əvəzi təbrik edir, şeirlərindən nümunələri oxucuların diqqətinə çatdırırıq.

DAĞLAR

(Təyyarədə Qafqaz dağları üzərindən keçərkən)

Boyunuza əlim yetməz,
Qəlbi dağlar, haça dağlar!
Mən gedəri, siz qaları,
Cavan dağlar, qoca dağlar!

İtirdiniz elinizi,
Qur axıdın selinizi!
Bəlkə bağlı yolunuzu
Aça dağlar, aça dağlar!

Necə gəlim, necə dönüm,
Ayrılıq var, bir də ölüm?!
Qürbətlərə düşdü yönüm
Bica dağlar, bica dağlar!

Yaxınsınız tək Allaha -
Ali haqqa, o dərgaha.
Deyin Qafqaz dönüb aha,
Uca dağlar, uca dağlar!

Qaranlıqdı, yolum uzun,
Yük tutmuşam Tanrı sözün,
Siz çağırın Dan ulduzun -
Gələ işıq saça, dağlar,
Yola işıq saça, dağlar!

NƏ TUTMUŞAM BU DÜNYANIN ƏTƏYİNDƏN?!

Ölüm yeysə,
Bu gün ölüm,
Qalım varsa,
Sabah qalım,
Nə tutmuşam bu dünyanın ətəyindən?!
Dünya yalan,
Dünya doğru,
Dünya zalım,
Bac istəyir hər daşından, çiçəyindən.

Nə tutmuşam bu dünyanın ətəyindən,
O özünü naza çəkir?!
Yersiz hürən
Küçüyündən, köpəyindən
Başım daim qəza çəkir.

Dərd verdiyi ürəyimdi,
Bir də özüm,
Təmənnam yox
Quruşundan, qəpiyindən.
Qızılında, gümüşündə yoxdur gözüm,
Nə tutmuşam bu dünyanın ətəyindən?!

Ətəyindən tutuzdura-tutuzdura
Ətəkləri boğazıma düyün etdi.
Ətəklərdə sürükləndim ora-bura,
Əllərimi ətəklərdən kəsib getdi.

Ətəkli şəxs
Dərmanımı qapıb içdi,
Boş səhrada yatıb qaldım.
Dörd yanımdan
Zınqırovlu karvan keçdi,
Ətəklərdən tutub qaldım.

Dartır məni,
Heç üzümə dönüb baxmır,
Nə tutmuşam bu dünyanın ətəyindən?!
Cırtdan qalıb - boyum çıxmır,
Təpiyindən,
Kötəyindən,
Nə tutmuşam bu dünyanın ətəyindən?!

ƏBƏDİ YÜKÜMDÜR DÜNYA

Baxma ki,
Yaşı yaşımdan,
Özü özümdən
Çox-çox böyükdür,
Bu dünya
Çiyinlərimdə ağır yükdür.
Bu yükü daşımağa gəlmişəm,
Beləcə yaşamağa gəlmişəm.

Bu dünya bir yükdür
Şirin-şəkər.
Namərd yeyər,
Mərd çəkər.
Elə də, belə də
Ağırlığı
Çiyinlərimə çökər.

Həsəd edirəm
Ulduza,aya,
Torpağın qatlarında
Çiyinlərimdə qalacaq
Görünüşü fağır,
Qulaqları sağır,
Qurğuşundan ağır
Bu dünya.

“İLAHİYYƏLƏR” SİLSİLƏSİNDƏN

Torpaq

Canım Torpaq, gözüm Torpaq,
Sənsən mənim özüm, torpaq!
Doğuldum Qarabağda -
Tək çinar deyilən yerdə,
İndi güllələrlə, mərmilərlə
Yeyilən yerdə.
Altında dünyaya gəldiyim
O tək çinar bəlkə də durur
Tanklar kökünü kəsməyibsə,
Üstünə qara yellər əsməyibsə...

Dağdan arana gedərdik,
Arandan dağa,
Bu minvalla vuruldum
Yalçın qayalara,
Güllü bağça-bağa.
O dağlar Ələsgər sazı idi,
O aran muğam avazı idi.
Nə yazıq, aranda uşaqlar,
Dağda da həmin qoçaqlar
Mənə gəlmə dedilər.
“Bir də bizim yerlərə
Gəlmə!” dedilər.
Canım Torpaq, gözüm Torpaq,
İncimişdim uşaqlardan
O vaxt uşaq-uşaq...
Böyüdüm, bildim ki,
O aran, o dağ mənimdi -
Vətənimdi!

Təhsil eşqiylə
Kənddən Bakıya gəldim,
Yenə adıma “gəlmə” söylədilər.
“kəndçi”, “kolxozçu”.....
Nə bilim, daha nə dedilər!
Bir az da böyüdüm,
Boya-başa yetdim.
Uzaq Şərqə
Əsgər getdim.
Burda da “gəlmə” dedilər,
Yad qəbul elədilər.
Canım Torpaq, gözüm Torpaq,
Bu adamlar
Niyə belədilər?!

Anamın gözlərindən,
Bacılarımın məsum üzlərindən,
Atamın ulu sözlərindən
Tale məni qopardı...
Qəribliyə apardı.

Mən Qürbətə gələndə
Bu diyara -
Yeseninin ağ geyimli
Qayın ağacına
Ürəyimdə məhəbbət gətirdim,
Dahi Nizaminin,
Ulu Füzulinin salamlarını
Bu yurdun uluları
Tolstoya, Dostoyevskiyə
Yetirdim.
Bilmədim burada kimlərsə
Mənə qarşı partiya quracaq,
“Sevirəm Qafqazı” deyən Lermontovun
Yaralı köksünə
Hərəsi bir güllə vuracaq...

Canım Torpaq, gözüm Torpaq,
Sənin bir parçanı
Əlimə götürdüm,
Yüz il... min il...
Havada saxladım.
Ən nəhayət o parçan
Yerə düşdü -
Yenə səninlə birləşdi.
Anladım ki,
Hər şey səndən yarandı,
Sənə qarışdı.
Bu həyat
Sənə çatmaq üçün yarışdı.
İnandım ki,
Parçalanmazsan,
Təksən,
Birsən,
Hamıya tənsən,
Dirilərə vətənsən,
Ölənlərə qəbirsən!

Canım Torpaq, gözüm Torpaq,
Daşlaşıb ürəklər bu gün!
Millət deyə, ümmət deyə
İnsanlar öldürürlər
Bir-birlərini.
Qarabağda,
Moskvada,
Parisdə...
Sökürlər ölülərin qəbirlərini!

Canım Torpaq, gözüm Torpaq,
Sənsən mənim özüm, Torpaq!
Anam Torpaq, atam, Torpaq,
Üstündə rahat gəzmədim,
Qoynunda rahat yatam, Torpaq!

Gözlərimi yumub açınca

Gözlərimi yumub açınca
Quruldu dünya,
Bağ-bağça oldu
Dərildi dünya.
Barından mənə
Düşmədi.
Ümidim çıraq oldu
Axşamdan səhərə,
Üfüqlər
Yerdən göyə,
Göydən yerə
Uzana-uzana  
Gedib çatdı
Sonsuzluğun
Son nöqtəsindən o yana.
Ha uzatdım
Əlim Tanrının ətəyinə
Yetişmədi.

Gözlərimi yumub açınca
Səs eşitdim -
Ana bətnində...
Öncə
Səssizliyin səsini.
Gördüm dünya
Səsdir.
Müqayisələr
əbəsdir!

Gözlərimi yumub açınca
Rəngləri gördüm.
Anladım ki,
Səslər rənglərin səsidir,
Məni çağıran rəngsiz səs
Allahın nəfəsidir.

Gözlərimi yumub açınca                          
Qapandı gözlərim.                                 
Gözlərimi yumub açınca...

Göz yaşı

Ağrıma, ürəyim, ağrıma,
Nələr çəkdiyini
Nə dərd , nə qada bilməz!
Ağlama, gözüm, ağlama,
Dünya alimləri yığılıb gələ
Bir damla göz yaşı
Yarada bilməz!

Sevinc gül kimidir,
Açılır ürəkdə,
Ürəkdə solur.
Solan sevinc
Toza çevrilir,
Daşlaşır dərd olur.
Dərd olmasa,
Sevinc qədri bilinməz.
Sevinc - dərd
Ürəyin iki qütbü,
Parçalanmaz, bölünməz.

Dünən gülən
Bu gün ağlayır,
Dünən ağlayan
Bu gün gülür.
Elə bilmə dünya
Kef-damaq ü çündür.
Göz yaşı Tanrıdan gəlir,
Dərd qubarını
Yumaq üçündür.

Ağrıma, ürəyim, ağrıma,
Nələr çəkdiyini
Nə dərd, nə qada bilməz!
Ağlama, gözüm, ağlama,
Dünya alimləri yığılıb gələ
Bir damla göz yaşı
Yarada bilməz!

HƏSƏD

Gözün görə-görə düşmə,
Təsadüfən də ilişmə!
Həsəd -
Hörümçəyin qurduğu tordu.

Həsəd -
Paxıllığın qardaşı,
Düşmən edər
Dostu, sirdaşı.
Həsəd çəkənin özünü yeyər,
Daş isə əridib
Toz eləyər.
Öldür içindəki qurdu!

Həsəd -
Qara ah,
Qara günah.
İblisin ürəklərə
Tuşladığı silah!
Həsəd çəkənin gözləri kordu.

 





01.07.2016    çap et  çap et