525.Az

Zakirin özü və sözü


 

Zakirin özü və sözü<b style="color:red"></b>

Zakir Fəxrinin “Rekviyem”ini oxuyuram. Məmməd Araz demişkən kitab qara rəngdə çap olunub. Kitabın üz qabığında bir şam yanır. Yana-yana əriyir, əriyə-əriyə yanır. Özü boyda bir dünyanı işıqlandırır. Bir də boranlı-çovğunlu, dumanlı-çiskinli bir günün təsvirinə baxıram. Həm şamın əriməyində, həm də boranlı-çovğunlu gündə Zakirin özünü görürəm.

Kitab Füzulinin şah beyti ilə açılır:

              

Ucaldın qəbrim, ey bidərdlər,

səngi-məlamətdən,

              

Ki, məlum ola dərd əhlinə qəbrim,

ol əlamətdən.

    

Burda bir bağışlanmaz səhvə yol verirəm. Füzulinin şah olmayan beyti yoxdur, ola da bilməz. Bu beytin daşıdığı məna bütövlükdə Zakir Fəxri deməkdir.

    

Mənə bir şam verin,

Füzuli şamı!

Yandırmaq istəyirəm

Gecikmiş axşamı!!!

              

Gecikmiş axşamı yandırmaq fikrində qəzəb də var, sevgi də, kədər də var, sevinc də və bütövlükdə Zakir Fəxri də. Təbiətin və cəmiyyətin yaratdığı gözəl səsləri çox eşitmişik. Udun, sazın, tarın, kamanın, neyin səsləri. Bu səslərdən ləzzət almışıq. Kədərləndiyimiz də çox olub, sevindiyimiz də. Bir də var göz yaşının səsi. Bu səsi “Rekviyem”dən eşitdim. Zakirin göz yaşının səsində nələr eşitdim, nələr dinlədim, İlahi. Göz yaşının səsində oğul dərdi, şəhid qardaşın göynərtisi, dost kədəri, insan itkisi, Kəlbəcər harayı, yurd həsrəti, mələk kimi çırpınan ruhların ahnaləsi, Qarabağ nisgili, ata yoxluğu, ana həsrəti, Ağdaban yanğısı var.

Zakir Fəxrini bir çiçək kimi qoxlamaq istəyirəm. Xatirə çiçəyi kimi!

              

Bu çiçək qərib çiçək,

Bu çiçək zərif çiçək.

Əllərim dərməyib səni,

Gözlərim dərib, çiçək!

              

Bu zərif və qərib çiçək mənə bir şair ömrünün bütün aşırımlarını, bələnlərini, döngələrini, dönümlərini, keçidlərini çox aydınca göstərir.

              

Balalar çiçək doğular,

Gül doğular balalar.

              

Balalar göyçək doğular,

...Qul doğular balalar.

Torpaqdan altun doğular,

Daşlardan yaqut doğular.

Nədənsə, şair doğulan,

Çiynində tabut doğular.

              

Çiynində tabut doğulmaq şair qismətidir. Zakirin bu kitabının canı elə çiyində gəzən tabutdur. Bu sözü xırdalasaq onun mənası bir kitaba sığmaz. Zakir də bir şair kimi bu özünəsığmazlıqda yaşayır. O özünəsığmazlıqda ki, orda şairin sevinc-kədər dolu xatirələri yaşayır.

Çiynində tabut gəzdirən şairə inamın və dözümün, səbrin və inadkarlığın, geniş dünyagörüşünün, yüksək əxlaqın gözü ilə baxmaq lazımdır. Mən də Zakirin bu kitabına belə baxıram. Burda İsa Məsih də var, Məhəmməd Peyğəmbər də, Mövlana Cəlaləddin Rumi də var, İmam Qəzali də, Həsən Bəsri də, Dədə Şəmşir də. Böyük kişilərin böyük fikirlərinin hamısında mən Zakirin özünü görürəm. Çünki gətirilən misalların hamısında Zakirin şairliyi, insanlığı, böyük dərdi görünür. Oğlu Mirsadığın  vaxtsız ölümü də, bacı sevgisi ilə əzizlədiyi Mətanət xanımın dünyadan belə getməyi də, Cavid Qənbəroğlunun çəkdiyi acılar da təkcə onu yox, bu kitabı oxuyan hər bir kəsi düşündürür, yandırır.

Zakirin ən əziz dostu Cavid Qənbəroğludur. O Cavid ki, həyat yoldaşını – Mətanətini vaxtsız itirib, o Cavid ki, nəslindən və özündən gələn şairlik hamıya doğmadır. Dərdin də doğmalığına söz ola bilməz. O Cavid ki, xeyirxahdı, alicənabdı, gəncliyindən ağsaqqaldı, babalarının yolunu davam elətdirir. Ziyalılarımız belə insanlara üz tutanda həm özləri ucalır, həm də özgəsini ucaldırlar. Zakirlə Cavidi böyük dərd birləşdirir.

Zakir Fəxri qəmin, kədərin zirvəsində dayanan irfan aləmini dərindən bilən, qəmini özündə saxlayıb, sevincini hamıyla bölən, dərdə “xoş gəldin” deməyi bacaran, ağır taxtalı, köhnə kişilərdəndir.

Zakirin daxili dünyası insanı göylər  aləminə, ucalığa, Tanrıya, Allaha doğru aparır. İnsanı böyüdür, genişləndirir, yüksəldir, çünki bu yüksəklik onun qəlbində, təbiətindədir.

   

Gözlərimi bağla, Tanrım,

Adəm olan bağlamasın.

Ağla məni, ağla, Tanrım,

Məni bəndə ağlamasın!

              

– deyən şair Allahın dostudur, həmişə yuxarılardadır. Ucalıqda olana zaval yoxdur.

Quru budağı yox, yaşı kəsilmiş,

Ömür ağacının başı kəsilmiş,

Taqəti alınıb, huşu kəsilmiş  –

Şairim, salam!

             

Bu kitab dərdə, həsrətə ucaldılmış bir kədər heykəlidi. Bu heykələ baxıb saatlarla, günlərlə həyatdan, ölümdən, sevincdən, kədərdən söhbət açmaq olar. Allaha və böyük kişilərə dost olan can qardaşım, Zakir Fəxri!

Mən də bu kitaba görə sənə ürəkdən sağ ol deyirəm, sənə salam göndərirəm. Şair salamı, dost salamı!

13.02.2013

 





25.02.2013    çap et  çap et