525.Az

“Sev ki, sevən mərd olar...”


 

Ayrılan sizlər, dünyası dağılan isə övladlarınızdır

 “Sev ki, sevən mərd olar...”<b style="color:red"></b>

«Gənc yaşlarımda bir fransız xanım sevirdim. Müsəlman olduğumdan ailəsi mənimlə evlənməyinə razlıq vermədi. Təxminən 10 il sonra Parisdə təsadüfən bir türk işadamı ilə tanış oldum. Və yanında da o. Onda başa düşdüm ki, qadınlar dinə görə yox, pula görə evlənirlər...

O zaman mənim artıq 3 uşağım vardı, pulumun sayını-hesabını isə unutmuşdum».

Zinəddin Zidan

Yer üzündə yəqin ki, hamının qazanmaq istədiyi bir duyğu var – sevgi. Bağlılıqdan sevgi, sevgidən hörmət yaranır. Xoşbəxtlik isə bu duyğuları bir arada yaşamaqdı. Əlbəttə, öz taleyini yalnız varlıq içində görmək istəyən insan üçün isə sevgi yalnız bir alət və hesablanmış yoldu. Belə insanların həyata baxışı yalnız maddi durumun möhkəmləndirilməsi üzərində qurulur. Bu o demək deyil ki, həmin insanlar sevgi hissinə sahib deyillər. Yalnız, bu tip insanlarda sevgi yəqin ki, arxa planda olur. Çünki həyata baxışlarını müəyyən edən düşüncəsi ilə hərəkət edərək maddi bağlılığa daha çox üstünlük verirlər. Sonda da saxta hislərlə qurulan ailənin təməli elə də möhkəm olmur. Çünki qiymətli kağızlar da adi kağız kimi əriyib bir saniyədə külə dönə bilir. Bilmirəm, bu cür qurulan ailələri daha dəqiq necə ifadə etmək olar – Maddi imkanlar gücünə qurulan ailələr, yoxsa pul ilə alınan, verilən ailələr? Amma razılaşanları da qınamağa dəyməz. Hərənin öz düşüncə, arzuladığı həyət və ambisiyaları var.

Bu gün cəmiyyətimizdə belə hallara tez-tez rast gəlindiyi deyən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov qeyd edib ki, bu ənənə bizdə tarixdə olub: «Münasibətləri daha dərinləşdirmək, möhkəmləndirmək məqsədilə bizdə ta qədimdən qız alıb-qız köürmək ənənəsi olub. Özü də çox zaman belə ailələrdə problem olmayıb, xoşbəxt yaşayıblar. Bu gün isə belə situasiyalarda biz ailələrin tez dağıldığını, ailədaxili konfliktlərin olduğunu müşahidə edirik. Səbəb də müxtəlifdir. Ən əsas problem kimi biz burada hazırki cəmiyyətin əvvəlkilərlə müqayisədə daha da inkişaf etdiyini, informasiya mənbəyinin çoxluğunu götürə bilərik ki, bu da zaman keçdikcə problemlər yaradır. Öncələrdə qız ailə qurana qədər gördüyü insanlar, rastlaşdığı hadisələr barmaqla sayılacaq qədər idi. İndi isə bir gündə insanın rastlaşdığı hadisələr keçmişin bir ilinə bəlkədə bərabər olur. Bu da qurulan ailələrə və ya seçim imkanlarına təsirini göstərir. Eyni zamanda iqtisadi dayanıqlılıq da bu prosesə öz təsirini göstərir».

Psixoloq E.Rüstəmova görə, öncələrdə bəy, xan, zadəgan nəsli var idi ki, onlar da sosial baxımından təminatlı və dayanıqlı ailələr idi: «İndi isə demokratiya bu haqqı hər kəsə tanıyır. Hər kəs varlana da bilər, bir anda müflis ola da bilər. Ona görə iqtisadi dayanıqlılığın fərdin özü ilə bağlı olması münasibətlərə də təsirini göstərir. Pul üzərində qurulan ailələr tərəflərdən birinin iqtisadi problem yaşadığı andan etibarən konfiliktlərə yol açır. Bu da sonda ailənin dağılması ilə nəticələnir. Ona görə də ailə qurarkən əsas diqqət tərəflərin bir-birini nə dərəcədə qəbul etmələrinə yönəlməlidir. Əgər tərəflər bir-birini sevir, eyni zamanda imkanları da buna yaxşı təsir göstərirsə, o zaman bunu da təqdir etmək olar. Sırf maddiyat üzərində qurulan ailələr uzunömürlü olmur».

Sosioloq Lalə Mehralı isə hesab edir ki, ailənin təməli mənəvi dəyərlər üzərində qurulmalıdır: «Maddi məsələlər ön plana keçirsə, məncə o ailədə mənəviyyatdan söhbət gedə bilməz. Çünki ilk maddi problem yarandığı zaman o ailənin bünövrəsi titrəyəcək, ikincidə laxlayacaq, üçüncüdə yerlə-yeksan olacaq. Düzdür, maddi problemin özü də ailənin təməlinin sarsılmasında hardasa rol oynayır, amma pula görə qurulan ailə elə pula görə də dağılacaq. Mənəviyyat öncəlik təşkil etməlidir».

Kimlərçünsə var-dövlət xarici görünüşdən önəmli rol oynaya bilər, lakin iki əkscinsin xarakter keyfiyyətləri bir-birinə tamam zidd olduqda bu ailənin sonu mümkün qədər yaxın görünür. Əslində daha dərindən fikirləşdikdə insan həyatında pul heç nəyi həll edə bilməz. Maddi imkan yalnız vasitə ola bilər ki, nəticədə qalan hər nə varsa, insanın şəxsi keyfiyyətlərindən asılıdır. Gözəl olan isə hər şeyin qarşılıqlı olmasıdı. Maddiyyat üzərində bağlanan izdivac sonda da pul üstündə müharibəyə çevrilir. Belə acınacaqlı səbəblər üzündən kürəyində daşıya bilmədiyi yükü, ürəyində daşıyan insanlar daha yaxşı bilir ki, ailə gözəl nemətdi. Bəşər övladı ailə qurduqda ciddi düşünməli, qurduğu ailənin dəyərini və qədrini bilməlidi. Bəzən insanlar «Səni sevirəm» və ya «Mən də səni sevirəm» deməklə pula, mülkə olan heyranlığını bildirir. Ancaq bir insana güvənmək onu sevməkdən daha önəmlidi. «Bu həyatda sevgi yoxdu» deyənlər də yanılmırlar. Çünki həmin insanlar nə sevgisini tapıb, nə də sevginin əslində nə olduğunu bilir. Sevginin olduğuna həqiqətən inanlar da yanılmırlar. Çünki hər kəs həqiqəti müxtəlif cür qəbul edir və hər kəs də elə düşünür ki, tam həqiqət onların bildiyi, anladığı qədərdi.
Kantdan soruşurlar:

- Əsasən hansı qadınlar ərlərinə sadiq olurlar - qara saçlılar, yoxsa sarı saçlılar?

Filosof cavab verir:
- Əlbəttə, ağ saçlılar...

Ceyhun ABASOV

 





25.02.2013    çap et  çap et