525.Az

Xanım İsmayılqızının şeirləri


 

Xanım İsmayılqızının <b style="color:red">şeirləri</b>

Saralmış dəftər,

Barmaqlarımın toxunuşundadı.

Saralmış pərdələri araladım.

İllərin altına düşdüm,

Ayların üstünə çıxdım.

Ayağım da büdrədi.

İçimdə buz bağlayan

Ürəyim də titrədi...

Ölümünü gözləyən İnsanın,

Ölüm qapısında

hazır dayanışını gördüm.

Üzündə vida nəğməsi oxunan,

Gözlərimə toxunan

doğmanın,

Belini kəsən yatağını,

Bütün həyatını boğçaya almış

otağını,

Qorxusuzluğun içində, həm də

titrəyən, qıfıllı dodağını gördüm.

Ruhların çağırışına əl uzadan,

O dünyadan gələnləri salamlayan,

İçindən keçirib, göz önündə 

saxlayan Qadının,

Bətnindən doğulanlardan utandığını,

Üzünün saraldığını,

Gözünün ağardığını,

Ağlamadan ağladığını gördüm.

Cümlələrin, sözlərin,

Hərflərin, işarələrin arasında,

Bir az da özümü gördüm.

Bu Qadının həsrətini,

Ağrıdan qopan bətnini,

Bətnindən qopan əllərini,

Dualarını, vidalarını,

İçindən köçən balalarını,

Doğmalarını gördüm.

Saralmış vərəqlər,

Saralmış xatirə kimi aralandıqca,

Qat-qat yığılan,

Doğulan, boğulan nə vardısa,

Alt qatına doğru getdim.

Heyrətləndim...

İtdim – ağdan sarıya kimi,

illəri yatıran bu dəftərin

həyat otağının

Sarı pərdələri arxasında,

Səhifələr arasında...

Qatlardan çıxdım...Qatlandım...

O Qadının, bu saralmış dəftərdəki

Son cümləsi – yıxdı məni...

...Yazıların, vərəqlərin

Sarısını – üzümə,

Ağrısını – gözümə,

Tozunu – nəfəsimə,

Xatirəsini – sözümə,

Hıçqırığını – səsimə,

ANAMI – içimə çəkdim...

BALAM kimi...

17 dekabr. 2012.

Bir küçə, bir adam, bir də yalqızlıq...

Bir adam, bir ürək, bir də haqsızlıq...

Bir ürək, bir nifrət, bir də qansızlıq...

Bir nifrət, bir əzab, bir insafsızlıq...

Bir əzab, bir ölüm və vicdansızlıq...

Bir ölüm, bir küçə və ADAMSIZLIQ...

24 oktyabr. 2012.

 

Qollarını aç,

Bir adam gəlir,

Səndə ölən, səndə qalan,

Səndə yox olan...

Gözlərini aç,

Son nəfəsini

Səndə bitirmək istəyən

Adam,

Gözlərində özünü 

Görsün.

Və...Bir daha

Ölsün...

26 noyabr. 2012.

 

Dedilər ki, sevinc kədəri boğar.

Sevinmişdim...Boğmadı.

Dedilər ki, sabah bu günü yıxar.

İnanmışdım...Yıxmadı.

Dedilər ki, Allah üzünə baxar.

Görən, baxdı, baxmadı?..

13 noyabr. 2012.

 

Həyat – bir öpüş qədərdi.

Toxunur – aparır.

Sevgi – bir şeir qədərdi.

Oxunur – aparır.

Ölüm – bir yuxu qədərdi.

Pozulur – aparır.

Dünya – sonuna qədərdi.

Yazılır – aparır.

13 noyabr. 2012.

 

Yuyundu deyəsən hər şey

Bu yağışla...

Pəncərənin izləri də,

Küçələrin tozları da,

Göylərin ulduzları da...

Yağış yenə də islatdı,

Çiyinlərini qısaraq,

Başını götürüb qaçan

ADAMLARI...

Bir az da yuyub apardı,

Havadan asılıb qalan

DUALARI...

2 noyabr. 2012.

 

Bu yağışlı gecədə

Bir duyğu axtarıram

Büküb əzizləməyə...

Bu yağmurlu şəhərdə

Bir yarpaq axtarıram

Altında gizlənməyə...

2 noyabr. 2012.

 

Yer kürrəsindən 

kənara atılsam,

Böyük itki olmayacaq

Yəqin ki...

Uzaqbaşı dünyada,

bir adamboyu

Yer artacaq...

2 noyabr. 2012.

 

Küsdüm yenə...

Ağırlığı yaxamı çəkən

Şübhələrimdən,

Yuxusunu gözləməkdən titrəyərək

Yorulub bədənimi geyən

Gözlərimdən,

Ürəyimə gücü çatmayan

Əllərimdən,

Boğazımda kilidlənib qalaraq

Toruma ilişən

Səsimdən,

Məni əlində oynadaraq

Ciyərimdə rəqs eləyən

Nəfəsimdən,

Yükümə atalıq edən

Ürəyimdən,

Üzümdən, özümdən

Küsdüm yenə...

 

Küsdüm yenə...

Məni dünyaya gətirib

Gedə bilən

Anamdan,

Həyatına yol çəkdiyim –

Ölümümə qol çəkməyən

Balamdan,

Ahımdan, günahımdan,

Hərflərin, notların

Sığalından,

Yerini rahatlayan

Ruhumdan,

Məni qoruyan

Allahımdan,

Küsdüm yenə...

NƏ DEYİM SƏNƏ...

5 yanvar. 2013.

 

Lap çoxdan olub...

Niyə düşdü yadıma?

Bir qapı açılmışdı,

Qaranlıq həyatıma...

 

Lap çoxdan olub...

Qışın üzü əyilmişdi.

Xoşbəxtliyimin əlləri,

Kədərin üzü keyimişdi...

 

Lap çoxdan olub...

Elə bil ki, dünən idi.

Bütün dəyərlər ölmüşdü,

Ürəyim yalnız sevirdi...

 

Lap çoxdan olub...

Bələyini kəfən edib,

Basdırmışdım gözdən uzaq.

Zənn etmişdim, ölüb gedib...

 

Lap çoxdan olub...

O zaman da qar yağırdı.

Pəncərənin o üzündən,

Bir adam mənə baxırdı...

9 yanvar. 2013.

 

Yazıb göndərilən bir məktub kimi,

Atıldım, qutunun açıq gözündən.

Qaranlıq dünyadan işığı çəkib,

Bir gün oxudular məni üzümdən.

 

Oxuyan gözlərin körpüsü oldum,

Bir az yuxuluyam, bir az diriyəm.

Kitab arasında aylarla yatan,

Hərdən də oxunan məktub kimiyəm.

 

Bir gün bu məktubu sonuncu dəfə,

Oxuyub qutudan keçirəcəklər.

Üzünü görmədən, köhnə məktubu

Vərəqdən vərəqə köçürəcəklər.

16 dekabr. 2012.

 

Kipriyimə üz ilişib,

Gözlərimdən keçib gedir.

Saxlamağa taqətim yox,

Ürəyimdən içib gedir.

 

Əzizlənən yuva idi,

Qələbəsiz dava idi,

Çox sevdiyim hava idi,

Mənzilini seçib gedir.

 

Qopa bilir bədənimdən,

Əl üzülür gedənimdən,

Yaratdığım vətənimdən,

Bir didərgin köçüb gedir.

9 dekabr. 2012.

Hansı günümdən danışaq,

Bir günüm olmayıb ki.

Yıxılanda əl tutacaq,

Sağ yerim qalmayıb ki.

 

Yandıran nə varsa yasaq,

Hamısı da oyuncaq.

Ürəyimdə qalan uşaq,

Heç yaşa dolmayıb ki.

 

Yazılanlar – qismət, baxtsa,

Körpəyə beşik yoxsa.

Məni, öz anam, nə vaxtsa,

Əlindən salmayıb ki...

8 noyabr. 2012.

 

Qapılarım örtülüb,

Külək hələ də əsir.

Pəncərəmi titrədir,

Səsi evimdə gəzir.

 

Çöldə külək, evdə mən,

Yorğunuq hər ikimiz.

Divarlardan tutmuşuq,

Ağırlaşıb çəkimiz.

 

O, küçədə darıxır,

Mən, ruhun yaxasında.

Hər ikimiz qalmışıq,

Qapılar arxasında.

16 noyabr. 2012.

 

Qapıları döyən əlin sahibi,

Bizim küçəmizdən keçəndə, yatıb.

Gözlərdən o qədər yük asılıb ki,

Yaxşını yamandan seçən də, yatıb.

 

Xoşbəxtlik – namnazik corab kimidi,

Ehtiyatsız oldun, ilişib qaçar.

Rahatlıq – əlinə atılan balıq,

Saxlaya bilmədin, sürüşüb qaçar.

 

Gəzən fırtınayam, uyuyan vulkan,

Coşsam da, daşsam da, səsə köçürəm.

Hamıya bəxtəvər görünə bilib,

Hissimə bürünüb, sözə köçürəm.

Xəlvətcə, özümdən sizə köçürəm.

2 dekabr. 2012.

 

Doluydum, bomboş kimiyəm,

İçimdə sərxoş kimiyəm,

Deyəsən naxoş kimiyəm,

Qəbul edərsənmi məni?

 

Üzümdə ağrılar qat-qat,

Bir dərd gətirirəm sovqat,

İstəyirsən, sən də aldat,

Qəbul edərsənmi məni?

 

Başım bəlalı gəlirəm,

Dilim dualı gəlirəm,

Ruhum havalı gəlirəm,

Qəbul edərsənmi məni?

 

Qələm verdin, pozam, yazam,

Dünya verdin, orda azam,

Allah, günahkar yalqızam,

Qəbul edərsənmi məni?

 

Ətəyinə sürünürəm,

Yox deyiləm, görünürəm,

Ölməyə də ərinirəm,

Qəbul edərsənmi məni?

 

Qapını aç, mən də gəlim,

Eşitmirəm, laldı dilim,

Bir işarə et ki, bilim,

Qəbul edərsənmi məni?

22 noyabr. 2012.

 

 





25.02.2013    çap et  çap et