525.Az

Məhəmməd Əmin Rəsulzadə- Əsərləri


 

Məhəmməd Əmin Rəsulzadə- <b style="color:red">Əsərləri</b>

IV cild
(1917-aprel 1918)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV
Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

Məclisi-Müəssisana hazırlaşalım
Müvəqqəti inqilab hökuməti məmləkətin nə kibi əsaslar üzərinə qurulacağını təyin etmək üçün yaxında məclisi-müəssisan çağırılacağını elan eləmişdir.

Məclisi-Müəssisan nədir?

Cəmaət nümayəndəligi ilə idarə olunan məmləkətlərdə məclisi-məbusan olduğu məlumumuzdur. Məbus ərəbcə bir kəlmə olub türkcəsi göndərilmiş – deməkdir. Məclisi-məbusan göndərilmişlər məclisidir ki, buna məclisi-milli, Rusiyada Q.Duma, Osmanlıda məclisi-məbusan deyilir.

Məclisi-Məbusan həmişəlikdir. Vəqtdən-vəqtə seçkiləri tazələnib göndərilmişləri dəgişilər. Bu məclis az-çox Q.Duma seçkiləri vasitəsilə xəlqimizə aşina bir məclisdir. Fəqət məclisi-məbusan (Q.Duma)la bərabər imdi bir də (uçreditelğnoe sobranie) Məclisi-Məbusandan bəhs olunuyor. Bu məclis necə məclisdir? Və əvvəlkisindən fərqi nədir?

Məclisi-Müəssisanın Məclisi-Məbusandan fərqi əsasla fəradəki fərqdir. Məclisi-Müəssisan kötük, Məclisi-Məbusan şax və budaqdır.

Məşrutiyyət və ya cümhuriyyətlə idarə olunan məmləkətlərdə əsas qanunları vardır ki, digər qanunların hamısı o əsaslardan çıxar. Bəzi məmləkətlərdə bu əsas qanunları yuxarıdan, iqtidar sahibi olan padşah tərəfindən elan olunar ki, bu halda Məclisi-Müəssisan çağırmaya ehtiyac qalmaz, necə ki, 1905-ci ildə 17 oktyabr manifesti böylə olmuş və Rusiya məmləkətindən ötrü əsas qanunları elan edilmişdi. Fəqət padşah təxt və tacından əl çəkib, iqtidar tamamilə müvəqqəti millət hökuməti əlinə keçincə bittəbii əsas qanunları yazmaq millətin özünə möhəvvəl olunuyor.

İştə, bu qanunları yazmaq üçün millət xüsusi bir məclis təşkil ediyor, bu məclisə özü tərəfindən nümayəndələr göndəriyor. Bu göndərilmişlər gəliyor, Məclisi-Müəssisan – yəni əsas qanunlar məclisi vücuda gətiriyorlar.

Bu məclisinsə seçkiləri də haman Məclisi-Məbusan seçkiləri kibi icra olunuyor. Əvvəlcə partiyalar, firqələr, müxtəlif məslək və cərəyani-siyasi əhlləri məqsədlərini, məsləklərini elan ediyorlar. Diyorlar ki, bizimcə məmləkətin əsası gərək bu, ya o qaidələr üzrə qurulsun. Məsələn, padşah olmayıb 4 ildən bir seçilən cümhur rəisi olsun. Məmləkətdə milliyyət fərqi olmasın, rəsmi din olmayıb, dinlər hamısı bir dərəcədə və bir hüquqda olsun. Yazıya, sözə, cəmiyyətlərə, tətillərə azadlıq təmin olunsun. Və sairə və yainki Rusiyada gərək məşrutiyyətli padşah təyin olunsun. Tazə bir sülalə seçilsin. Provaslaviya məzhəbi dövlətin dini-rəsmisi olsun.

Bu firqələr hamısı simalarını, sifətlərini açıb bildirir. Xəlq də baxar, hankı tərəfi hala müvafiq görərsə, səsini o tərəfin adamına verər. Bunlar gedərlər Petroqradda və yainki Moskvada mütəntən surətdə açılacaq Məclisi-Müəssisana əza olarlar. Orada fikirlər çaqqışar, layihələr qarşılaşdırılar. Əksəriyyət hanki tərəfdə, hanki proqram tərəfində olarsa, o zaman o proqram məmləkətin əsas qanunları hökmünü alar. Dövlətin şəkli-idarəsini və əsas qanunlarını təyin elədikdən sonra Məclisi-Müəssisanın işi bitmiş olar.

Müvəqqəti inqilab hökumətinin elan elədigi vəchlə əvvəlinci işi iştə bu Məclisi-Müəssisanı çağırmaqdır. Çünki onsuz heç bir hökumət özünü milli hökumət hesab edə bilməz. Çünki milli hökumət millət tərəfindən verilən bir qüvvətdir. Millət göndərilmişləri bir yerə yığışıb əksəriyyətlə nə kibi hökumət istədiklərini bildirməyincə, o hökumət qanuni olamaz.

Milli hökumətdə, əsas cəmaətin göndərilmişləri tərəfindən qurulan məmləkətdə ən böyük rol oynayan şey say və təşkilatdır. Hanki məsləkin tərəfdarları çox olsa və hanki firqənin intizam və təçkilatı mükəmməl olsa, söz onundur.

Sayca biz müsəlmanlar ruslardan sonrakı gələn bir ünsürüz. Məclisi-Müəssisan 100.000 nüfusa bir adam hesabilə toplaşacaq olarsa, bizdən azı 200 adam  Məclisi-Müəssisana gedə biləcək. Bu iki yüz adam böyük qüvvədir. Məclisdə ayrılmaları qəti olan firqələr arasında 200 adamlıq qüvvənin müəyyən milli əməli və müəyyən idraki olursa, böyük iş işləyə bilər. Bu vəqtə qədər köhnə hökumət bizə etina etmiyor, sayımıza baxmıyor, istədigi hüququmuzu alıyor, özümüzü təhqir ediyordu. İmdi öylə degil, imdi bütün millətlərə bərabərcə hüquq verildigi elan olunmuşdur. İntixabi-ümumi olmuşdur. Ümumi intixabda sayımız nisbətində nümayəndələrimiz çıxmazsa, artıq hökumət degil, günah özümüzdə olacaq. Buna görə çalışmalı, sayımızdan istifadə edə biləcək bir halə gəlməliyiz. Bunun üçün birləşmək, üzviyyət peyda etmək, biri-birimizlə anlaşmaq, təşkilat vücudə gətirmək lazımdır. Artıq toplaşmaq, danışmaq, birləşmək imkanı var. Bu xüsusda hürriyyət elan olunmuşdur. Yetişər ki, bizdə təşəbbüs, fədakarlıq olsun. Bunun üçün hər şeydən əvvəl ürəfamız aralarında az-çox aşnalıq və həmməsləklik hiss olunan heyətlərimiz birləşməli, uzaq proqramlardakı ixtilafdan sərfi-nəzər eləyib hər tərəfdə milli məclislər vücudə gətirməlidirlər. Bu məclislərin vazifəsi xəlqi tazə üsulla aşina etmək, Məclisi-Müəssisan seçkilərinə hazırlamadan ibarət olmalıdır. Bu xüsus bilxassə Bakı, Gəncə ürəfasını düşündürməlidir. Bu vəqtə qədər böylə bir müəssisanın tamamilə təşkil olunub da meydana çıxmadığına təəssüf olunur. Biliyoruz ki, Bakıda bu xüsusda təşəbbüs olunmuşdur. Hər növ kəcəndişəlik və müşkül fəhmliklər kənar edilib də təşkilatə tələsməli, bir mərkəz vücudə gəlməlidir. Böylə bir mərkəz təşkili vacibdir. Çünki bizim ayrı-ayrı mərkəzlərə dağılmaq üçün qüvvəmiz çox azdır. Çox qüvvəlilər belə birləşməgə, qüvvələrini birləşdirməgə səy etməkdə ikən biz bu zəif və məhdud qüvvətlərimizlə müttəhid bir təşkilatə istiğna göstərəcəkmiyiz?

M.Ə.Rəsulzadə

“Açıq söz”, 16 mart 1917, №425

Möhəvvəl – həvalə olunan
İstiğna – kifayətlənmə

Cümhuriyyət 

Məclisi-Müəssisan yığışdıqda Rusiya məmləkəti üçün hanki üsuli-idarəni qəbul edəcək?

İştə, bu gün əfkari-amməni düşündürən bir məsələ. Bu məsələnin qəti cavabını əlbəttə ki,  Məclisi-Müəssisan özü verə biləcəkdir. Fəqət əhvalın nə yolda cərəyan etdigini və xəlq əfkarının nə mərkəzdə dolandığını görərək bu xüsusda imdidən dəxi bir taqım təxminlərdə bulunmaq mümkündür.

Bilməlidir ki, cümhuriyyət əsası ta əskidən bəri Rusiyada demokratik və sosialist firqələrin qırmızı bayraqlarında yazılmış bir şüar idi. Bu gün o bayraqlar kəmali-hürriyyətlə ortaya çıxmış, üzərində “Var olsun cümhuriyyəti-ənam!” şüarı yazılmışdır.

İstibdadın əvvəlinci günlərində öylə təsəvvür olunuyordu ki, bu şüar ancaq əmələ qismini, demokratiyanı ruhlandırar və bayraq altına yalnız sosialistlər toplaşarlar. Fəqət ildırım surətilə gedən günlər əsrdidə binaları alt-üst eləyən il əhəmiyyətli saətlər keçdikcə monarxiya əsasına yanaşan məhfillərin yıxıldığı meydanə çıxmışdır. Degil, əmələ vəkilləri şurası, sosial-demokratlar, sosialist-revolyusionerlər, məşrutiyyətli padşah tərəfdarı olduğunu bildirmişdir. Guman olunuyordu ki, ordu bəlkə əski ənənəsinə mərbut qalıb da yeni bir tacdar istəsin. Fəqət ordu naminə cümhuriyyət əsası aşkara elan olunmuyorsa da, bu əsası elan edənlərə qarşı heç bir növlə narazılıq da göstərmiyor. Biləks, əmələ vəkillər şurası ilə soldat vəkillər şurası arasında sıx bir rabitə və əlaqə mövcud olduğu hiss olunuyor.

Rusiya çarizmi nə çürük bir zəmin üstündə dayanıyor, nə özəksiz bir qoz təşkil ediyormuş ki, ən şiddətli tərəfdarları belə bu gün “monarxizmə” yanaşmaq istəmiyorlar. Tanrının “Novoye Vremya”sı belə cümhuriyyəti daha müvafiq hal buluyor.

Nədir bu əqlləri heyran buraxan inqilab? Əvət, bu böyük inqilabdır. Fəqət təsəvvür olunduğu kibi gözlənilməz bir şey dəxi degildir.

Əvvəlcə tərəqqipərvər rus cəmaət xadimləri arasında məşrutiyyətli padşah fikri qüvvətli idisə, səbəbi o idi ki, sülaləni yıxmaq, padşahı taxtdan salmaq müşkül olduğunu bilir, daha yaxın və daha müvafiq bir yol olmaq üzrə ancaq məsuliyyətli vəzarətə qane oluyorlardı.

“Ədu şod səbəb xeyr əgər xuda xahəd”. Əgər Nikolay bir az əqilli olsa, əgər müqəddərati-hökuməti Rasputin kibi şöhrətpərəst bir dərbədərin əlinə verib də, Protopoviç kibi bir macəraçıya tapşırmasa idi, məmləkət nümayəndələrinin yalvara-yaxara istədiklərinə əməl etsəydi, heç şübhəsiz ki, yerində qalacaq, işlər bu şəkildə bitməyəcəkdi.

Fəqət:

“Gələndə çün qəza quş damı görməz,

Gözünü kor edər, əncamı görməz”.

Rusiya cümhuriyyəti haman o zaman təmin olunmuş idi. Tarixi bir zaman keçirdigimiz bu böyük, bu dəhşətli günlərdə səri-hökumətdə “əncamı görəməz” iradəsiz bir çar otuyurordu.

“Nahaq” qandan, “lüzumsuz” həyəcandan qorxan və yalnız buna görə məşrutiyyətli padşah əsasına tərəfdar olanlar üçün artıq təğyiri-məslək etməgə bir hail qalmamışdır.

Əksəriyyət köhnə padşahdan keçə bilmədigi üçün cümhuriyyət istəmiyordu. İmdi köhnəsi yox. Tazə padşah seçəcəginə rəisi-cümhur seçmək daha iyi degilmidir?

Demokrasiya nöqteyi-nəzərindən Rusiyada yaşayan və çarizmin təcavüzkar siyasətinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən daha münasib bir üsuli-idarə təsəvvür olunamaz. Fəqət cümhuriyyətdən cümhuriyyətə də fərq var. Cümhuriyyət öylə əsaslar üzərinə qurula bilər ki, yenə ənamın məhkum millətlərin hüququnu tamamilə təmin etməyib xəlqin mümtaz qismi mənafeinə uydurulsun, biistilah cümhuriyyəti-xass olsun. Ola da bilər ki, bu gün müvəqqəti hökumət tərəfindən elan olunan əsaslar üzərinə ümumi, müsavi, gizli və doğru surətdə icra olunan seçkilərin iqtiza elədigi hürriyyətlərə bina olunub amməyi-xəlqin (ənamın) mənafeini gözətsin, qanun nəzərində xassi-əvam görməyib cümhuriyyəti-ənam şəklini alsın.

Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı istibdad qarasından, məşrutiyyət işıqlı istibdaddan: cümhuriyyət məşrutiyyətdən, cümhuriyyəti-ənam da cümhuriyyəti-xassdan daha faidəli və daha müvafiq məramdır.

Fəqət Rusiya bugünkü dərəcəyi təməddün və tərəqqisi ilə cümhuriyyətlə idarə olunacaq bir halə gəlmişmidir. Dünyanın ən böyük istibdadını, ən kiçik bir zərbə ilə devirən bir cəmaətin özünü idarəyə hazır olub-olmadığı həqqində şübhələnmək insafsızlığın ən böyügüdür. Rusiya xəlqi o dərəcəyə gəlmişdir ki, istədigi üsuli-idarəni qura bilsin, istərsə cümhuriyyəti-ənam da paydar edə bilər.

Var olsun cümhuriyyəti-ənam!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 17 mart 1917, №426

 

Cümhuriyyəti-ənam – xalq cümhuriyyəti

Mərbut – bağlı

Dərbədər – avara

Hail – maneə

 

 

Polyak millətinə xitabnamə 

Bu ünvan ilə dünki teleqrafnamələr müvəqqəti hökumətin polyaklara milli istiqlal vermək həqqində bir xitabnamə nəşr etdigini bildirdilər. Polyaklarla imdiki hökumət heyəti çoxdan bəri polyaklar həqqində iləri sürdügi poqramını daha geniş bir əsasla qövldən-felə gətirməgə başlamış oluyor. Polyaklara dair onsuz da kadetlərin proqramında muxtariyyət idarə maddəsi var idi. Bu surətlə polyakların milli mətləbləri müəyyən bir proqram dairəsində məlum olduğu halda, yalnız müsəlmanların milli və siyasi dilək və arzuları hökumət tərəfindən heç bir proqram dairəsinə idxal edilməmiş. Hətta əski istibdad idarəsi müsəlmanların idarəsi müsəlmanların özləri tərəfindən tərtib olunan proqramın da varlığı ilə yoxluğu arasında əsla bir təvafüt qoymamış idi. Fraksiyanın dedigi kibi on sənəlik “məşrutiyyət” dövrəsində bir danə olsun müsəlmanlar mətləbinə əsla qulaq asılmadı və qövldən-felə gətirilməsinə çalışılmadı.

Bu dəfə hökumət heyəti bütün nazirlərin imzasilə polyaklara xitabən nəşr etdigi müraciətnamədə böylə diyor:

Polyaklar! – Rusiyanın bizim və sizin əsirlik və ayrılıq mənbəi olan əski hökumət və idarə üsuli əbədi olaraq yıxıldı. Azadlanmış Rusiya məmləkəti sələtayi-kamiləyə malik bulunan müvəqqəti hökumət vasitəsilə sizlərə qardaşcasına təbrik və səlamla müraciətə məsarreət eliyor və sizi yeni həyat və hürriyyətə dəvət ediyor. Əski hökumət sizə riyakaranə vədələr veriyordu. Fəqət bu vədələri ifa etməgə qadir olduğu halda ifasını istəmiyordu. Orta Avropa hökumətləri bu hökumətin səhvlərindən istifadə edərək, yalnız Rusiya və onun müttəfiqlərilə mübarizə üçün sizin ölkənizi zəbt elədi. Onlar sizə xəyali dövlət hüquqları verdilər. Fəqət vədə bütün Lehistan ölkəsinə olmayıb, yalnız onun bir qisminə, düşmənlər tərəfindən zəbt olunan qisminə verdilər. Bu məqsədlə onlar ömürlərində heç bir zaman mütləqiyyət tərəfdarı olmayan bir millətin qan bahasını istibdal etmək istədilər. Polyak milləti bundan sonra da hürriyyəti çeynəmək uğrunda vuruşmaya getməyəcək və kəndi ölkəsini əsirləşmiş düşmənin komandası ilə iki parçaya ayırmaya razı olmayacaqdır.

Polyak qardaşlar! Sizin üçün dəxi böyük qərar dəqiqələri hülul edəcəkdir! Və Rusiya sizləri millətlərin azadlığı uğrunda mübarizə edən fədakarlar sırasına dəvət ediyor. Üzərindən istibdad və mütləqiyyət boyunduruqlarını sıyırıb atmış olan rus xəlqi qardaşı polyak millətinin də öz baş yazısını özü bəlləmək həqqini tanıyor. Müttəfiqlərin müahidəsinə sadiq olan cənkpərvər cermanizma ilə mübarizə həqqindəki planların birliginə sadiq qalan müvəqqəti hökumət əksəri polyak millətləri ilə məskun olan Polşanın üç qitəsindən mütəşəkkil və müstəqil bir Lehistan dövləti ehdas etməgin iləridə yeniləşən Avropanın sülh və səlamını mühafizə üçün mətin bir zamin və rəhin olacağını ümid ediyor. Rusiya ilə bağlanan sərbəst bir ittifaqnamə ilə birləşəcək Lehistan dövləti, Orta Avropa dövlətlərinin slavyanlıq üstünə saldırmasına qarşı möhkəm bir sədd və bənd olacaqdır.

Azad və müttəhid polyak milləti özünün üsuli-idareyi-dövlət və hökumət həqqində fikrini, Lehistan paytaxtında çağrılacaq və ümumi intixab üsulilə seçiləcək Müəssisan Məclisi vasitəsilə bəyan edər. Rusiya inanıyor ki, Polşa ilə əsrlərdən bəri həyat və məişət keçirməklə bağlı olan millətlər Lehistanda özlərinin milli və mülki varlıqlarına sağlam və mətin təminat alacaqlardır. İləridə Rusiyanın Müəssisan Məclisində polyaklarla yeni və qardaşcasına ittifaq əhdnaməsi əqdü-təşbiət olunacaq və bununla bərabər, bu gün bir-birindən ayrı olan Polşanın hər üç qitəsindən bitişik Lehistan vücudə gətirmək üçün lazım olan torpaq təbəddülatına Rusiyanın rizalığı veriləcəkdir. Polyak qardaşlar, bu gün siz azad Rusiyanın uzatdığı bəradəranə əlini qəbul ediniz. Mazinin təamül və ənənatını sədaqətlə mühafizə edən sizlər bu gün tarixinizin parlaq və rövşən bir gününü, Polşanın diriləcəgi günü, qarşılayacaqsınız. Varsın bizim dövlətlərimizin ittifaqında, sizlərlə sabiqdəki şanlı həqtələb qəhrəmanlar yenərək “əl-ələ, omuz-omuza bizim və sizin azadlığınız uğrunda mübarizə üçün iləri!” dəvətləri bu gün yeni və basılmaz bir qüvvə ilə təninəndaz olsun!”.

“Açıq söz”, 20 mart 1917, №428

Məsarr – sevinclər

İstibdal – dəyişiklik, təbəddülat

Ehdas – meydana gətirmə, yaratma

Zamin – zəmanət verən

Təamül – işin adi surətdə

baş tutması

Təninəndaz – uğuldayan

  

4 gün xəlq içində 

Böylə əhəmiyyətli bir zamanda qəzetə başında duran bir adamın nə qədər işi çox olduğunu, əlbəttə əhli bilir. Bu işindən, bir gün də olsa ayrılmaq, bir baş mühərrir üçün nə dərəcədə çətin və bir qəzetə üçün nə əndazədə ağır olduğu da əlbəttə təslim edilir. Bununla bərabər Bakı icra komitəsi ilə müvəqqəti qubernator İlyuşkinin təklifləri ilə lənkəranlı vətəndaşların xahişlərinə qarşı mənəvi bir borc hiss etdim ki, Lənkəran uyezdinə komissar gedəm. Keçən pəncşənbə günü axşam vətəndaş Kuznetsov ilə bərabər “İvan Kolesnikov” paraxoduna mindim, Lənkərana azim oldum. Dörd gün bu uyezd xəlqi içində dolandıqdan sonra Bakıya qayıtdım.

Xəlq içində keçirdigim bu dörd gün ərzində aldığım zövqi-mənəvinin təşəkkürünü kimə ərz edim? Lənkərana getməmi təklif edənlərə, yoxsa ora gəlməmi xahiş eləyənlərəmi? Heç birinə degil. Xəlqinə xadim olmaq istəyən bir mühərriri kəmali-azadlıqla məxdumi olan xəlq ilə görüşdürən hürriyyətə, azadlıq hökumətinə.

– Yaşasın tazə hökumət!

Cümə günü saət 8-də bizi istiqbal üçün dəniz kənarına yığışan lənkəranlı vətəndaşlara söylədigimiz ilk sözümüz bu olmuş, müqabilində isə qırmızı bayraqlarla səf bağlayan cəmaət:

– Yaşasın tazə hökumət, ura! – deyə pəhnavər bir dağ kibi səsimizə səs vermişdi.

Dənizdən və dəniz kibi qaynamaqda olan Lənkəran cəmaətindən hələligə vida edib ilk borcumuz azadlıq üçün millətə böyük xidməti dəgən orduya salam vermək idi. Bu məqsədimizi bizi alqışlar içində faytona mindirən cəmaətə söylədik və sonra məhəllələrə gəlib onlarla ayrıca “söhbət edəcəgimizi” bildirdik.

Cəmaətin gülər üzü, rast gələn vətəndaşların iltifatlı alqışları altında faytonumuz gediyor, bizi “Avropa” mehmanxanasına aparıyordu. Bir az sonra mehmanxanaya enmiş, nömrə tutmuşduq. Fəqət mehmanxana bəlləmədən əvvəl adam göndərmiş, qarnizon naçalniki Ustan-Sakan cənablarına xəbər vermişdik ki, ofiserlərlə soldatları hazır eləsin. Mehmanxana dəstə-dəstə gələn adamlarla dolur, boşalıyordu, “mübarəkimiz” olsun, “dazdrastvuyet svoboda” sözləri salam əvəzini veriyor, hər kəs özünü hər şeydən əvvəl “vətəndaş” hiss ediyordu. Bu sırada idi ki, qarnizon naçalnikinə gedən gəldi.

– Bən onları gözlüyordum? – deyə xəbər gətirdi. Fəqət:

– Bizim naçalnik cənablarının şəxsinə aid bir işimiz yox, məqsədimiz ofiserlər və soldatlarla görüşməkdir. Qoy naçalnik cənabları onları hazır eləsin, gələk deyə – mətləbi anlatdıq. Adam getdi. Bir az keçməmişdi ki, qapıda avtomobil durdu. Alnı təcrübələr gördügünə dəlalət edən qırışıqlarla dolu və uzun bığları ilə əski polkovniklərdən olduğunu ilk nəzərdə göstərən qarnizon naçalniki mütəvaze bir vəziyyətlə içəri girdi. Vürudimizi təbrik elədi və çoxdan gözləndigimizi də təbrikinə əlavə etdi. Mərasimi-məmulədən sonra qarnizonun bizi gözlədigini söylədi, bərabər çıxdıq. Avtomobilə səvar olduq. Burada müxtəsərcə bir təarüf əmələ gəlmiş, nəhayət olmaz, deyə naçalnik “qonaqları” dalda oturdub özü qarşımızda yer tutmuşdu. Avtomobil dayandı. Endik; ştab mənzilinə keçdik. Soldatlarla ofiserlər tərəfindən “ura” deyə salamlandıq. Əvvəlcə yoldaşım Kuznetsov, sonra bən nitq edərək yeni hökumət naminə əskərləri salamladıq, şəhidani-hürriyyət naminə diz çöküb ruhlarına hörmət etdik. Yaşasın hürriyyət, yaşasın millət, yaşasın ordu! – deyincə “ura” sədası təkrir etdi, ştab odasını gumburdatdı... Bu mərasimdən sonra əskərlər hərbiyyə vəzirinə təbrik teleqramı çəkmiş, ofiserlər ayrı, soldatlar da ayrı olaraq Lənkəran icra komitəsinə birər nümayəndə seçmişlərdi. Seçilən nümayəndələrin qollarına qırmızı şərit (lenta) bağlamaq mərasimi qarnizon naçalniki tərəfindən bizzat icra olunub böyük bir ehtiramla əmələ gəldi. Bu mərasim təkrar “ura” sədaları ilə qarşılandı.

Soldatlarla ofiserlərsə seçkiyə məşğul olduqları əsnada polkovnik bizi kabinəsinə qəbul edərək inqilabın ilk günlərində Lənkəranda vaqe olan əhvalı nəql eləmiş və “Y” adında otpuskada bulunan bir polkovnikin namünasib təbliğatda bulunduğu həqqində təkidən rəvayətlər getdigini söyləmişdi. Bu adamın müxalif vəqt bir takım danışıqlarda bulunduğunu sonra başqalarından da eşitmiş olduq; oradakı ofiserlərlə soldatlar dəxi bunu təkid etdilər. Tazə hökumət manatı 25 qəpigə qədər endirəcək, buna görə də tüccar xəsarətə uğrayacaq kibi nifaqamiz sözlər danışdığını başqalarından da eşidə bildik. Əhval bu mərkəzdə olduğu üçün haman xəbər göndərdik. Məzkur polkovniki hüzura istədik, adı ətrafında bir takım namətlub şayələr dolaşdığı üçün Lənkəranı tərk etmək, mənafei-millət ilə iqtizai-halə münasib olduğunu kəndisinə anlatdıq. Zatən gedəcək olduğunu söz arasında anladaraq məsələnin həllini təshil etmiş oldu və haman gün doğrudan da bizi Bakıdan gətirən “İvan Kolesnikov” polkovnik “Y”i Lənkərandan apardı.

Ustan-Sakanın rəvayətinə nəzərən əvvəl günlərdə cəmaət hürriyyəti bir az başqa dürlü anlamış, şəhər starostası Saturovun əleyhinə qiyam eləmiş və bir də qazamat qabağına yığılaraq dustaqların azalığını istəmişlər imiş. Fəqət qarnizon naçalnikinin başa salması ilə qane olub hadisəsiz dağılmış, hər kişi öz evinə getmişdir. Polkovnik müsəlman cəmaətinin hüşyarlığından məmnun qaldığını söylüyordu. Arada bir növ hökumətsizlik hasil olduğundan görünüyor ki, cəmaət bitərəf və şayani-etimad bir qüvvə olmaq üzrə ancaq qarnizonu görüyor, ona görə də hər bir şikayətlə ona müraciət ediyormuş.

İlk təşəbbüsümüz bu surətlə başlanmış və qarnizon tərəfindən seçilən iki əskər nümayəndə ilə bərabər “xəlqə doğru” hərəkət eləmişdik.

Proqramımız saət 12-də Böyük bazar məscidində, saət 2-də Kiçik bazar məscidində, saət 4-də Suxtəmərdabda, saət 6-da da fəhlə məhəlləsində bulunmaq idi.

Fəqət proqrama başlamadan əvvəl proqram xaricində bəzi işlər görmək lazım gəliyordu. Ştabdan çıxanda rus-müsəlman şagirdlərdən ibarət qorodskoy şkola məktəbinin şagirdləri qabağımızı tutdular. Bir ərizə verdilər. Biz bu cavan vətəndaşları alqışladıq. Boyda ən kiçikləri nitqə başladı. Yoldaşım Kuznetsovun rəyincə gələcəyin müxalif vəkillərindən olacaq bu uşaq öylə bir hərarət və səlasətlə danışıyordu ki, insanın heyrəti gəliyordu. Bu kiçik natiq “biz vətəndaş olacağız, vətəndaşdan diplom degil, bilik istəyəcəklərdir. Halbuki müəllimimiz “P.F.” bizə şey ögrətmiyor, başımızı tovlıyor, heç zad bilmiyor. Sizdən rica ediyoruz ki, bizi bu müəllimdən qurtarasınız”. Biz şagirdlərin böylə həqiqi vətəndaş olmaq niyyətində olduqlarını əsasən təşviq etdikdən sonra anlatmaq istədik ki, bu kibi işlərə baxmaq məktəb heyətinin öz işi, məarif idarəsinin vəzifəsidir. Biz isə başqa vəzifəyə gəlmişik. Tazə hökumət hər kəsi işə və asayişə çağırıyor. Şagirdlər də işləməli, sakit olmalıdırlar.

Şagirdləri müvəqqətən sakit etdikdən sonra yaxın kəndlərdən gəlmiş bir dəstəyə rast gəliyoruz. Bunların ərzi var. “Kəndlərində kəndxuda yaxşı imiş, ona əl dəgməsinlər, qalsın”. Başa salıram ki, kəndxudanı özləri seçəcəklər. Əgər imdiki yaxşı isə qoyarlar qalar. Yox yamansa başqasını seçərlər. Yolumuza davam ediyoruz, Böyük bazar məhəlləsinə gəliyoruz. Məscid həyəti adamlarla dolmuş, gözlüyorlar. Hər sinif əhali var, başda mollalar. Məscidin qabağı yüksəkdir, bir neçə pillə ilə çıxılır. İki komissar ilə iki qarnizon nümayəndələri pillələri çıxıyoruz. Qarnizon naçalniki də bizimlədir. Maraq edib gəliyor.

– Cəmaət! – deyə xitab ediyor. Nitqə başlamaq istiyorum, heç intizar eləmədigim:

– Bəli, cavabını eşidiyor, bir az duruxuram, sonra haman dərk ediyorum ki, mitinqə ögrəşməmiş olan xəlq xitabı cavabsız buraxmaq “nəzakətsizligində” bulunmaq istəmiyor.

Qarşımda 7-8 yüzlük bir cəmaət görüyorum ki, azad söz üçün təşnədir, söylüyorum. Əvvəlcə tarixi-hürriyyətdən bəhs ediyorum. Dekabristlərdən başlıyor, 1905-ci ilə gəliyor, 1917-ci ildəki müvəffəqiyyəti və bu müvəffəqiyyətdəki əzəməti zikr ediyorum. Şühədai-hürriyyətin böyük və fədakar ruhlarına bin təzim, deyincə xəlq ikiqat oluyor. Bu hürriyyət xəlq ilə ordunun birligindən hasil olmuşdur. Bu birligi cismləndirmək üçün yanımdakı ofiserin əlini tuturam:

– Yaşasın azadlığa çalışan ordu! – nidası alqışlara qarışıyor.

(Ardı var)

 

 





25.02.2013    çap et  çap et