525.Az

Bədii möhtəşəmliyin – “Dəli Kür”ün dil poetikası


 

Bədii möhtəşəmliyin – “Dəli Kür”ün dil poetikası<b style="color:red"></b>

ADPU-nun “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin müdiri,
filologiya elmləri doktoru, professor
 

Xalq yazıçısı İsmayıl Şıxlı müasir Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirən ən parlaq ədəbi şəxsiyyətlərdən biridir. Zəngin ədəbi ənənələrimizə, folklor yaddaşımıza min bir tellə bağlı olması, nəsr poetikasının incəliklərinə yüksək tərzdə yiyələnməsi, əsərlərində özünəməxsus bədiiyyatın təcəssümünü verə bilməsi ona ədəbiyyatımızda ədəbiyaşarlıq qazandırmışdır. İ.Şıxlı sənətdə olduğu kimi həyatda da vətənpərvərlik duyğularını, vətəndaşlıq qürurunu qorumuş, hər şeydən uca tutmuşdur. Yaradıcılığında ifadələrin sadə, mənanın aydın, eyni zamanda fəlsəfi olması daha çox İ.Şıxlının xalq yaddaşı və xalq ruhu ilə bağlandığını təsdiqləyir. Sənətinin şah əsəri olan “Dəli Kür”də bu yaddaş və ruhun başda saxlanılması, insanın vətəndaş ampulasında görünməsinə, mübarizə aparmasına, milli duyğunun əbədi vəzifəyə çevirməsinə xidmət göstərir. “Dəli Kür” Kürün, təbiətin dəliliyinin ifadəsi yox, milli-tarixi kimliyin, mənəvi-ruhi haqqın hayqırtısıdır. Millilik İ.Şıxlı yaradıcılığı üçün ən böyük göstəricidir. Hesab edirəm ki, millilik atributları əsərdə bəsit yox, çoxşaxəli formada təqdim olunur. Sovet ideologiyasının milli ideologiyalar üzərinə kölgə saldığı dövrdə (1962) belə bir əsərin yazılması milli ruhun təntənəsi idi. “Dəli Kür” milli varlığımızı yaşatmaq, qorumaq və gələcəyə ötürmək cəsarətinə görə sovet dövrü ədəbiyyatının qəhrəman romanı adını daşımağa layiqdir.

Ümummilli dəyərlərin müəyyənləşdirilməsi, onun qorunub saxlanılması  problemlərinə Azərbaycançılıq müstəvisində diqqət yetirən akademik Ramiz Mehdiyev yazır: “Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik. Bütün yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımızla bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir.” (Ramiz Mehdiyev. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. “Azərbaycan” qəzeti, 8 dekabr 2009-cu il). Hesab edirəm ki, tarixin müxtəlif dövrlərində yazılmış, milli-mənəvi dəyərləri əks etdirən əsərlərin məhz milli aspektdə təhlili, araşdırılması akademik Ramiz Mehdiyevin sözləri ilə desək, “tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq sahəsində ən ümdə vəzifədir.” Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin “Dəli Kür” romanının poetik dili” (Bakı, 2012) adlı monoqrafiyası Xalq yazıçısı İsmayıl Şıxlının məlum əsərinin bədii dil, ifadə və obrazlığın fonetik, leksik, qrammatik və s. aspektdən təhlili akademik Ramiz Mehdiyevin irəli sürdüyü vəzifə ilə birbaşa səsləşir. Sözün düzü, təpədən dırnağa qədər milli olan bu əsərin dil baxımdan kompleks araşdırılması hər tədqiqatçı üçün asan deyil. Bu bir tərəfdən nəzəri hazırlıq tələb edirsə, digər tərəfdən milli təfəkkür, milli düşüncə yanaşması tələb edir. Professor Ə.Tanrıverdinin xoşbəxtliyi ondadır ki, bu komponentlərin hər ikisi onda cəmləşmişdir.

Elə bilirəm ki, hər iki keyfiyyətlərin Əzizxan müəllimdə formalaşmasında sevimli müəllimimiz İsmayıl Şıxlının da rolu az deyildir. Amma o zaman heç ağlımıza da gəlməzdi ki, mühazirələrini sevə-sevə dinlədiyimiz, hər sözündən “qulağımızı” yox ruhumuzu asdığımız İsmayıl müəllimin məşhur əsəri olan “Dəli Kür” haqqında tələbələrindən kimsə belə bir fundamental əsər yazacaq... “Kitabın yazılma səbəbi” hissəsində biz Əzizxan müəllimin səmimi hissləri, nəzəri hazırlıq səviyyəsi, təfəkkür imkanları ilə tanış olur, əsər yazmaqda mənəvi haqqı olduğuna şübhə etmirik.

Kitabda “Dəli Kür” romanı həm ədəbi-nəzəri, həm də dilçilik problemləri daxilində təhlil edilir. Etiraf edək ki, dilçiliklə ədəbiyyatşünaslığın sintezində aparılan araşdırmalar əsərin dil, mövzu-ideya keyfiyyətlərini üzə çıxarır, tədqiqatçının problemə müdaxilə imkanlarını genişləndirir. “Dəli Kür” romanı rus və Avropa ədəbiyyatı müstəvisində”, “Azərbaycan şifahi xalq ədəbiyyatı və “Dəli Kür”, “Azərbaycan yazılı ədəbiyyatı və “Dəli Kür” bölmələrindəki araşdırılma ədəbi-nəzəri istiqamətdə aparılmışdır. Tədqiqatçının nəzəri təfəkkür yüksəkliyinin verdiyi imkanlar “Dəli Kür”ün poetik strukturunu, “Dəli Kür”lə şifahi xalq və yazılı ədəbiyyat arasında poetik forma, ideya-məzmun əlaqələrini müəyyənləşdirməkdə mühüm rol oynamışdır. “Dəli Kür”lə şifahi ədəbiyyat arasında əlaqələrin birbaşa olması fikrini müəllif xalq ruhuna çevrilmə prosesini özündə əks etdirən mətn kontekstində müəyyənləşdirə bilir. Mətn nümunələri əsasında romanın dili mənanın poetik çalarları, leksik-morfoloji və semantik xüsusiyyətlər daxilində öyrənilmiş, yazıçı dilinin ahəngdarlığı konkret nümunələrdə təsdiqini tapmışdır. Yaxşı odur ki, tədqiqatçı “Dəli Kür”dəki obraz, ideya və hadisələrin bir sıra hallarda şifahi ədəbiyyatımızın atalar sözü, bayatı, nəğmə, əfsanə, mahnı və s. janrları ilə əlaqə sistemini müəyyənləşdirir, obrazdaxili mahiyyəti folklor janrlarının ruhuna, bu janrların “arxaik təsəvvür özünəməxsusluğuna” uyğun verir. Onu da qeyd edək ki, müəllif “Dəli Kür”də mövcud olan folklor janrlarının əsl mahiyyətini müəyyənləşdirmək üçün onların semantikasına xüsusi diqqət ayırmaqla yanaşı, həm də onları forma baxımından da əhəmiyyətli hesab edir. Çünki tədqiqatçı bu qənaətdədir ki, romana daxil edilmiş atalar sözləri, nəğmə, bayatı, əfsanə, mahnı və s. nümunələr əsərdə surətlərin dilinə uyğunlaşdığı üçün ahəngdar və poetik səslənir, mahiyyətə xidmətdə əsas yerlərdər birini tuturlar.

Tədqiqat əsərində “Dəli Kür” ilə “Dədə Qorqud” arasında ideya-məzmun, poetik-forma əlaqələrinin təhlili iki cəhətdə əhəmiyyət kəsb edir: Türkün epos düşüncələrini özündə ehtiva edən arxaik təsəvvür və təfəkkürünün özünəməxsusluğunu göstərmək və arxaik milli yaddaşla müasir ədəbi-bədii düşüncə arasında rabitənin dərəcəsini müəyyənləşdirmək. Təbii olaraq əsərdə genetik-funksional xüsusiyyətlərə diqqətin ayrılması müasir ədəbi proseslə dastan yaradıcılığı arasındakı semantik struktur əlaqələrinin üzə çıxmasına xidmət göstərir. Mətnlərin tutuşdurularaq analitik təhlil yolu ilə “Dəli Kür” və “Dədə Qorqud” arasındakı poetik ruh, ideya-məzmun bağlılığını göstərmək müəllifə kifayət qədər uğur gətirmişdir. Bu müstəvidə professor Ə.Tanrıverdi özündən əvvəlki tədqiqatçılardan fərqlənir. Tədqiqatçı haqlı olaraq bu müstəvidə sərhədləri genişləndirərək əlaqə və rabitəni “Dədə Qorqud”, “Koroğlu”, “Dəli Kür” əbədi möhtəşəmlik üçbucağında təhlilə cəlb edərkən fikirlərini belə əsaslandırır: “Kitab”la (“Kitabi Dədə Qorqud”la E.Q.) “Koroğlu” arasında semantik-struktur əlaqələrindən bəhs edilərkən belə bir cəhət göstərilir: “Hər iki eposun poetik strukturu elədir ki, əsas ideyaya xələl gəlmədən dastanın sonsuz həcmdə böyümək, yeni süjetlərlə zənginləşmək  imkanı var.” Bu fikri “Dəli Kür”ə də aid etmək olar. Belə ki, “Dəli Kür” bitkin bir roman təsiri bağışlasa da, Əşrəf-Pakizə, Rus Əhməd-Salatın, Zərnigar xanım-Mələk, Şamxal-Əşrəf, Mola Sadıq-Əşrəf və s. kimi süjetlər nisbətən tamamlanmamış vəziyyətdədir. Bu mənada “Dəli Kür” romanı “Kitab” və “Koroğlu” ilə eyni müstəvidə birləşir.” Professor Ə.Tanrıverdi bu əlaqə tipi üçün kifayət qədər nümunə göstərir və onları müəyyən qruplaşmada təqdim edir. Məsələn, “Dədə Qorqud”dakı milli-bəşəri azadlıq ideyaları ilə romanın azadlıq ideyaları, kafirlərlə döyüşlərlə Cahandar ağanın rus kazakları ilə mübarizəsi, Bayındır xanla Cahandar ağa idarəçiliklərində patriarxal cəmiyyət baxışları arasında oxşarlığın müqayisəli şəkildə təhlili, bu oxşarlığın mərkəzində ruhi-mənəvi təfəkkür amilinin az rol oynamadığı qənaətinə gəlmək məsələyə elmi-tipoloji aydınlıq gətirməkdir. Təbii olaraq, tədqiqat üçün bu amil vacib olsa da, bu məsələdə tədqiqatçı səriştəsinin böyük rolu vardır. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatı və dilçilik problemlərini filoloji aspektdən incəliklərinə qədər bilmədən məsələlərə elmi-tipoloji aspektdən aydınlıq gətirmək mümkün deyildi. Əsərin dilinin, ifadə çalarlarının fonetik, leksik, qrammatik səviyyədə təzahürlərinin təhlili monoqrafiyanın əsas mahiyyətində dayanır. Bu bölmələrdəki təhlillərin səviyyəsi sənətkar və dil problemləri kontekstində araşdırmanın analitik müstəvidə aparılması bir mənada təbii görünür. Ona görə ki, professor Ə.Tanrıverdinin ta qədimdən bu günə qədər türkün mövcud olan, möhtəşəmliyi ilə seçilən ədəbi abidələrinin dili və bu dilin tarixi-qrammatik missiyası, dünya dilləri arasındakı nüfuzu və s. barədə fundamental əsərləri elmi dövriyyədədir. Bu mənada o, məsələlərə tarixi uzaqlıqdan baxa bilir, dilin – ifadənin müqayisəli təhlilində kökə enməyi, ondan bəhrələnməyi bacarır. Etiraf edək ki, “Dəli Kür” ədəbi hadisə olmaqla yanaşı, həm də dil hadisəsidir. Bu bilavasitə  dilimizin bədii-estetik ruhunun bütün incəliklərinə qədər əsərdə əks olunması ilə bağlıdır. Monoqrafiyada əsərin dili yazıçı-təhkiyəçi və obrazların dilində qruplaşdırılaraq təhlil olunur. Təbii olaraq hər şey yazıçı dilində ehtiva olunur. “Romanda hər şey təhkiyəçi dilindən verildiyindən obrazların sevincli, kədərli günləri də, xarakterlərindəki ən kiçik detal da məhz təhkiyəçi dilindən təqdim edilir. Bu cür məqamların bir sıra hallarda təbiətlə əlaqəli şəkildə verilməsi isə romanın bədii-estetik dəyərini xeyli gücləndirmişdir. Bu mənada Cahandar ağanın ölüm səhnəsinin təsvirini həyəcansız oxumaq olmur.” Professor Ə.Tanrıverdinin bu fikirləri ilə razılaşdığımız kimi, obrazların dili ilə bağlı irəli sürdüyü aşağıdakı mühakimələrini də qeyd-şərtsiz qəbul edirik: “Dəli Kür”ün bədii-estetik dəyərinin özünəməxsusluğu daha çox obrazların dili kontekstində müəyyənləşir.” Elə buna görə də romanda demək olar ki, obrazların hər birinin dilinin ayrı-ayrılıqda öyrənilməsini zəruri hesab edir. Müəllifin obrazların dilinin “kişi” və “qadın” qrupu kontekstində təhlilə cəlb etməsi məntiqə söykənir. Bu, bir tərəfdən patriarxal cəmiyyətdə obrazların mövqeyi, hadisələrdəki rolunu, digər tərəfdən dil müstəvisində bədii-estetik ifadənin, tip və kateqoriyasının müəyyənləşdirilməsində böyük rol oynayır. Məsələn, Cahandar ağanı bir çox xarakter xüsusiyyətlərinə görə təhlil edən, onun xarakterini obrazın dili ilə birbaşa bağlayan tədqiqatçı məhz bu yanaşmasında Cahandar ağaya başqa prizmadan da münasibət bildirir. Bildiyimiz kimi, Şeyx Şamil rus imperiyasına qarşı çıxan, Qafqaz qəhrəmanlığının əfsanəsi hesab olunan tarixi şəxsiyyətdir. İ.Şıxlı Cahandar ağanın timsalında bir sıra cəhətlərlə yanaşı, çar hökumətinə qarşı Cənubi Qafqazda gedən mübarizəyə də işarə vurur. Bu mənada təxminən eyni məkanda, eyni dövrdə, eyni dinə mənsub insanların eyni rejimə qarşı apardığı mübarizə xəttinin əlaqələndirilməsini İ.Şıxlı romanda pristavın Cahandar ağayla bağlı dediyi bir ifadədə (“xalis Şamildir” deyimində) verə bilir. Professor Ə.Tanrıverdi Cahandar ağanın simasında bu mətləbin açılmasına xidmət edən söz, ifadə, zahiri görkəm, baxış və s. cəhətlərə xüsusi diqqət ayırır və bu barədə belə yazır: “İ.Şıxlı Şeyx Şamilin bir sıra xarakterik cəhətlərini Cahandar ağa obrazında ustalıqla canlandıra bilmişdir. Məhz bu detallara görə Cahandar ağa daha dolğun, daha ümumiləşmiş obraz təsiri bağışlayır. Belə bir obrazın dili, heç şübhəsiz ki, zənginliyi, özünəməxsusluğu ilə seçilməlidir.” Bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, “Dəli Kür” romanının poetik dili” monoqrafiyasında təhkiyəçi və obrazların dili leksik-qrammatik prinsiplər daxilində bütün incəliklərinə qədər təhlil olunmuşdur. Bu mənada monoqrafiyanı fundamental tədqiqat əsəri hesab etmək olar.

Hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da olur. Ancaq mən əsərlə bağlı yazımın sonunda monoqrafiyanın əvvəlində “Kitabın yazılma səbəbi” adlı bölümünün məndə oyatdığı hisslərə qayıtmaq istəyirəm. Burada müəllifin fikirləri mənim üçün səmimi və doğmadır. Ancaq hörmətli müəllimimiz İ.Şıxlının Əzizxan müəllimin ilk tədqiqat əsərinə verdiyi yüksək dəyərin əlyazma görüntüsü isə həm doğmadır, həm həyəcanlıdır, həm də müqəddəs... Nizami, Rumi, İmrə, Nəvai, Füzuli və digər görkəmli şəxsiyyətlərin müəyyən əsərlərinin əvvəllərində müxtəlif formada “Əsərin yazılma səbəbi” şəklində özünə yer alan başlıqlarla monoqrafiyanın “Kitabın yazılma səbəbi” adlı oxşar hissəyə təsadüf məni türk irs-varisliyinin başqa bir müqəddəsliyinə aparır...  Elə bilirəm ki, kitaba bu müqəddəslikdən baxmaq daha vacibdir...

 





25.02.2013    çap et  çap et