525.Az

Türkiyə-Rusiya münasibətləri normal məcraya qayıdır


 

Türkiyə-Rusiya münasibətləri normal məcraya qayıdır<b style="color:red"></b>

Böyük siyasətdə ədəbi dost və düşmənlər yox, ədəbi maraqlar var - vaxtilə Böyük Britaniyanın görkəmli dövlət xadimi U.Çörçilin söylədiyi bu fikirlər son günlər normal məcraya düşən Türkiyə-Rusiya münasibətləri fonunda tam yerinə düşür.

Ötən ilin noyabrında Türkiyənin dövlət sərhədlərini pozmuş Rusiyanın "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra siyasi, iqtisadi və diplomatik sahədə gərginləşən münasibətlərin tədricən sivil məcraya düşdüyünü indi əminliklə söyləmək olar.

Əslində, məlum hadisənin ilk günlərində bir çox siyasi müşahidəçilər də Rusiya ilə Türkiyə arasındakı gərginliyin uzun müddət davam etməyəcəyini, ikitərəfli iqtisadi və geosiyasi maraqlar fonunda vəziyyətin tədricən normalaşacağını vurğulayırdılar. İkitərəfli münasibətlərin bir sıra sahələrdə sürətli inkişafı, xüsusən də energetika, turizm, kənd təsərrüfatı və nəqliyyat-kommunikasiya sahələrində qarşılıqlı investisiyaların, müştərək biznes layihələrinin mövcudluğunu nəzərə aldıqda bu proqnozlar reallığa kifayət qədər adekvat görünürdü. Lakin ilkin mərhələdə tərəflərin ifrat səviyyəyə çatan ittihamları, günahkar axtarışları, ictimai rəyə hesablanan "qürur nümayişi" qarşılıqlı sanksiyalarla müşayiət olunmağa başladı. Rəsmi Ankaranın özünü "zərərçəkmiş tərəf" sayan Moskvanın üzr istəmək və təzminat ödəməklə bağlı şərtlərini rədd etməsi Türkiyəyə qarşı turizm, kənd təsərrüfatı və tikinti sektorlarında sanksiyaların qəbuluna gətirib çıxardı. Şübhəsiz, bu sanksiyaların Rusiyanın tikinti və kənd təsərrüfatı bazarlarında xüsusi çəkiyə malik olan, eləcə də turizm gəlirlərinin böyük hissəsi rusiyalı turistlərin hesabına formalaşan Türkiyənin iqtisadiyyatında müəyyən çətinliklərə səbəb olması da qaçılmaz idi. Gərginliyin "pik günləri"ndə rəsmi Ankara hətta mavi yanacaq şantajına da məruz qalırdı ki, bu da qış aylarında Türkiyə əhalisi və sənayesinin ciddi sınaqla üz-üzə qoyulması, Qərbin sanksiyalarından ciddi zərər görən Rusiyanın isə milyardlarla dollar itirməsi demək olardı.

Görünür, bu səbəbdən də qarşılıqlı psixoloji barışmazlıq və aqressiv ovqata baxmayaraq, münasibətlərdəki körpüləri tamamilə yandıracaq radikal addımlara yol verilmədi. Məsələn, Rusiya təcrübəli türk şirkətlərinin tikinti bazarından çıxarılması ilə bağlı qərarının üzərində prinsipial şəkildə dayana bilməyəcəyini başa düşdü. Türkiyə isə yay ayları ərəfəsində ərəfəsində rusiyalı turistlərin itirilməsinin iqtisadiyyatı üçün nə demək olduğunu praktik olaraq hiss etməyə başladı. Ümumilikdə, bu ilin iyunun ayanadək davam edən psixoloji-siyasi gərginlik hər iki ölkənin iqtisadiyyatına milyonlarla dollara başa gəldi. Dövlətlərarası gərginlik Türkiyənin turizm və kənd təsərrüfatı sektorunda, Rusiyanın isə tikinti və istehlak bazarında qabarıq hiss olundu.

Şübhəsiz, diplomatiya qürur və emosiyalar üzərində deyil, son nəticədə dövlətin, xalqın maraqları üzərində qurulur. Son aylarda cərəyan edən geosiyasi proseslər - Türkiyədə Binəli Yıldırımın rəhbərliyi ilə yeni hökumətin formalaşdırılması; qardaş ölkədə ardıcıl baş verən terror aktlarının turizm sektoruna ciddi zərər vurması; Avropa İttifaqının əsas üzvlərindən olan Almaniyanın qondarma "erməni soyqırımı"nı tanıması; İsrailin Türkiyədən üzr istəyərək təzminat tələbi ilə razılaşması; nəhayət, Azərbaycan və Qazaxıstan prezidentlərinin barışdırıcı missiyası Ankara və Kreml arasındakı münasibətlərdə buzların əriməsini sürətləndirdi.

Xüsusilə də Rəcəb Tayyib Ərdoğanın "Su-24" hərbi təyyarəsinin vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktub və bundan sonra iki ölkənin liderləri arasında baş tutan telefon danışığının nəticəsi kimi Türkiyə-Rusiya əlaqələrindəki ziddiyyətlər mərhələsinin tarixə çevrildiyini əminliklə söyləmək olar. Həmin məktubun dilindən də görünürdü ki, hər iki tərəf əvvəlcədən simasını qorumaqla barış üçün ortaq məxrəcə gələ bilib. İndi daha praqmatik və rasional yanaşma nümayiş etdirən hər iki ölkənin liderləri münasibətləri sürətlə normallaşdırmaq, xüsusən də iqtisadi sahədə uzun illər ərzində qazanılmış uğurları bərpa etməyə çalışırlar.

Rusiya prezidenti Vladimir Putinin Ərdoğanın son jestlərinə cavab olaraq ölkə turistlərinin Türkiyəyə gəlişinə qoyulmuş qadağanı aradan qaldırması, ikitərəfli görüşün keçirilməsi barədə razılığın əldə olunması bunu bir daha təsdiqləyir. Türkiyənin baş naziri Binəli Yıldırım bu günlərdə Türkiyə və Rusiya arasındakı əlaqələrin əvvəlki səviyyəyə yüksəlməsi istiqamətində bütün tədbirlərin həyata keçiriləcəyini bildirib. Türkiyənin xarici işlər naziri Çavuşoğlu isə ikitərəfli münasibətlərin bərpası istiqamətində daha bir mühüm bəyanat verərək Türkiyə və Rusiyanın İŞİD-ə qarşı birgə mübarizəsinin mümkünlüyünü qeyd edib.

Ümumilikdə, siyasi müşahidəçilər bu yaxınlaşmanı hər iki ölkənin geosiyasi maraqları baxımından vacib və qaçılmaz hesab edirlər. Türkiyədə AKP-yə müxalif partiyalar Ərdoğanın son addımlarını uğursuzluq kimi qələmə versələr də, ictimaiyyət artıq Rusiya ilə düşmənçiliyin mənasızlığını və yaxşı heç nə vəd etmədiyini yaxşı dərk edir. Türkiyənin nüfuzlu siyasi şərhçiləri isə bildirirlər ki, Böyük Britaniyanın Avropa Birliyinin tərk etməsi və qurumun zəifləməsi fonunda Türkiyə-Rusiya yaxınlaşması hər iki ölkənin mövqelərini gücləndirəcək. Bu yaxınlaşma eyni zamanda Avropa Birliyi və Qərbin Rusiyaya qarşı sanksiyalaranın təsirini maksimum azaltmaqla, bu ölkənin iqtisadiyyatında müsbət meyilləri güclənəcək. Rusiyaya ixracı əvvəlki səviyyədə bərpa etməklə itkilərini azaldacaq, qarşılıqlı investisiyalar hər iki tərəfə müsbət təsir edəcək.

Nəhayət, bu yaxınlaşma Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə normal tərəfdaşlıq münasibətində olan Azərbaycan üçün də prinsipial əhəmiyyət kəsb edir. Məhz buna görə də Rəsmi Bakı son aylarda bu münasibətlərin əvvəlki məcraya düşməsi üçün bütün mümkün diplomatik vasitələrdən istifadə edirdi. Türkiyəli siyasi şərhçilər hesab edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların aktiv mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə Türkiyə-Rusiya yaxınlaşması prosesin daha sürətlə irəliləməsinə pozitiv təsirlərini göstərə bilər.

 





05.07.2016    çap et  çap et