525.Az

"Türkiyəni sarsıtmaq mümkün deyil..."


 

"Türkiyəni sarsıtmaq mümkün deyil..."<b style="color:red"></b>

Bir neçə gün əvvəl Türkiyədə - İstanbul şəhərinin "Atatürk" hava limanında bir-birinin ardınca törədilmiş qanlı terror aktları insanlığa qarşı amansız cinayət olmaqla, qardaş ölkəyə qarşı məkrli və çirkin planların tam gücü ilə işə düşdüyünü təsdiqlədi.

Türkiyəyə qarşı düşmən mövqeyi sərgiləyən, onu daxildən sarsıtmaq istəyən qüvvələr bu yolda hətta terrorçuları dəstəkləməyə hazır psixoloji durumda olduqlarını nümayiş etdirdilər. Bir sıra məsələlərdə müstəqil siyasət yürüdən Türkiyəyə qarşı açılan çirkin terror savaşı bu ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaq, daxili sabitliyini və təhlükəsizliyinə pozmaq, turizm potensialını sarsıtmaq məqsədi güdür.

Buna baxmayaraq, hökumət səviyyəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, "İŞİD" və PKK terrorçu qruplarının zərərsizləşdirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Məqsəd həm də ölkəyə gələn turistlərin təhlükəsizliyini və inamını bərpa etməkdir. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı rusiyalı turistlərin təhlükəsizliyi üçün bütün imkanların səfərbər olunduğunu bildirib.

İstanbul şəhərində rəyini soruşduğumuz yerli vətəndaşlar və xarici qonaqlar terroru lənətləməklə yanaşı, bununla qardaş ölkəyə turist səfərlərinin qarşısının alınmasının yolverilməz olduğunu bildirdilər:

- Vaffer Peterçik, Polşa vətəndaşı:

- Mən Türkiyəyə - İstanbul şəhərinə tez-tez gəlirəm. Buradakı tarixilik və müasirlik, şəhərin özünəməxsus ruhu, insanları səmimiliyi məni valeh edir. Lakin son bir il ərzində şəhərdə törədilmiş terror aktları xarici turistləri ciddi narahat edir. Bu hadisələr göstərir ki, terror ümumbəşəri bəladır və ondan heç bir ölkə sığortalanmayıb. Yəni bu hadisələri bilavasitə Türkiyə ilə əlaqələndirmək yolverilməzdir. Bu gün Avropanın inkişaf etmiş ölkələrində, məsələn, Fransada da terror aktları törədilir. Fikrimcə, indiki dövrdə bütün dövlətlər terrora qarşı mübarizəni gücləndirməlidirlər.

- Van Cin Fink - Çin vətəndaşı:

- İlk növbədə, son terror aktlarında həlak olan günahsız insanların yaxınlarına və Türkiyə xalqına başsağlığı verirəm. Təəssüf edirəm ki, son illərdə Türkiyə xalqı tez-tez terrorçuların hücumuna məruz qalır. İstanbul böyük şəhərdir, buranı hər gün yüz minlərlə turist ziyarət edir. Bu qədər insanın hər birini nəzarətdə saxlamaq, terrora qarşı mübarizə aparmaq elə də asan deyil. Üstəlik, Türkiyənin bu gün regionda yürütdüyü prinsipial siyasət və Suriya məsələsində tutduğu mövqe, terrora qarşı apardıcı mübarizə onu terrorçuların hədəfinə çevirir. Amma inanıram ki, Türkiyə bu sınaqlardan inamlı çıxacaq. Fikrimcə, belə terror aktları ilə turistlərin Türkiyəyə gəlişini əngəlləmək mümkün deyil.

- Mehmet Gülsoy, Türkiyə vətəndaşı:

- Bu mövzuda danışmaq çox ağırdır. Təəssüflər olsun ki, biz türklər azğın terrorçuların hədəfinə çevrilmişik. Yaxınlarımızı, dostlarımızı, insanlarımızı acımadan qətlə yetirirlər. Terror insanlığa qarşı ən şərəfsiz mübarizə yoludur. Bununla türk xalqını sarsıtmaq, onu mövqeyindən döndərmək istəyən terrorçu qruplar və dairələr əsla məqsədlərinə nail ola bilməyəcəklər. Əksinə, hər belə terrordan sonra biz terrorçuların axırına çıxmaq, onları tam zərərsizləşdirmək istiqamətində daha qətiyyətli, daha inamlı addımlar atacağıq.

- Hüseyn Erol, Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşı;

- Bu gün bütün dünyada terrorizmə qarşı mübarizə gedir. Amma təəssüf ki, həm də terroru dəstəkləyən dövlətlər var. Türkiyə bu gün elə bir bölgədə yerləşir ki, həm xaricdəki, həm də daxildəki terrorçulara, həm də terrorçuluğu dəstəkləyən dövlətlərə qarşı mübarizə aparır. Bununla barışmayan terrorçular isə günahsız insanları qətlə yetirmək yolu tutublar. Fəqət, Türkiyə xalqını belə çirkin terror aktları ilə qorxutmaq və sarsıtmaq mümkün deyil.

 





05.07.2016    çap et  çap et