525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

II Kontinental Konqress 4 iyul 1776-cı ildə Filadelfiyada İstiqlaliyyət Deklarasiyasını qəbul etdikdən sonra, Nyu-York istisna olmaqla bütün koloniyalar onu qəbul etdi. Tomas Cefferson İstiqlaliyyət Deklarasiyası barədəki mübahisələri belə qiymətləndirirdi:

“İngiltərədə bizim dostlarımızın olması və onları ürkütmək barədəki təhlükəli fikir hamının başında dolaşırdı. Ona görə də layihədən ingilis xalqını təhqir edəcək maddələr pozuldu. Afrika sakinlərinin qul edilməsini məhkum edən maddəni də biz pozduq. Biz Cənubi Karolina və Corciyanın maraqlarını nəzərə almalıydıq. Onlar heç vaxt ərazilərinə qul gətirilməsinə məhdudiyyət qoyulması ilə razılaşmazdılar”. Bencamin Franklin İstiqlaliyyət Deklarasiyasını imzalayanda demişdi: “Biz hamımız bir yerdə olmalıyıq, əks təqdirdə bizi bir-bir asacaqlar”.

İstiqlaliyyət Deklarasiyasının müəllifinin 30 yaşı olanda, 1774-cü ildə o, krala qarşı pamflet yazmışdı və buna görə Britaniya məhkəməsi onu qiyabi olaraq ölüm cəzasına məhkum etmişdi. İstiqlaliyyət Deklarasiyası isə 13 koloniyanın Böyük Britaniyadan ayrılmasına əsaslanırdı. İnsan ilk dəfə azad cəmiyyətin məqsədi və əsası kimi təqdim olunurdu: “Biz aşağıdakı həqiqətləri şübhəsiz hesab edirik: bütün adamlar bərabər yaradılmışlar, onların hamısına öz Yaradanları anadangəlmə və ayrılmaz hüquqlar bəxş etmişdir, onların sırasına həyat, azadlıq və xoşbəxtliyə can atmaq hüquqları daxildir. Bu haqların təmin edilməsi üçün insanlar arasında hökumətlər təsis edilir, onlar idarə etdiklərinin razılığı ilə ədalətli hakimiyyətə yiyələnirlər. Əgər hökumətin həmin forması bu məqsəd üçün məhvediciyə çevrilirsə, onda xalq onu dəyişdirmək və ya onu məhv etmək və belə prinsiplərə əsaslanan yeni hökumət təsis etmək hüququna malikdir. Hökumətin elə təşkilinə ki, bu, xalqın rəyinə görə təhlükəsizliyə və xoşbəxtliyə daha çox xidmət edəcəkdir...

...Bu koloniyaların xoşniyyətli xalqı adından və onun müvəkkilləri kimi təntənəli surətdə elan edir və bildiririk ki, bu birləşmiş koloniyalar bu vaxtdan etibarən azad və müstəqil ştatlardır, Britaniya taxt-tacının qul mükəlləfiyyətindən qurtulmuşlar, Böyük Britaniya ilə onların arasındakı hər cür siyasi əlaqələr tamamilə kəsilir və müstəqil və azad ştatlar kimi onlar tam hüquqlara malikdir və müstəqil dövlət kimi öz işlərini idarə edirlər”.

II Kontinental Konqressin bəyəndiyi, Tomas Ceffersonun yazdığı İstiqlaliyyət Deklarasiyası siyasi sənəd kimi maarifçiliyin “yaşamaq, azadlıq və xoşbəxtliyə can atmaq” kimi təbii hüquqlarını təsdiq etdi və koloniyaların Britaniya taxt-tacına bütün sədaqətdən xilas olmaqla, azad və müstəqil olacağını bəyan etdi.

Cefferson güman edirdi ki, onun inqilabi manifesti Böyük Britaniyaya qarşı qiyama bəlağətli qaydada haqq qazandırılmasından da yüksəkdə durmalıdır. O, Deklarasiyanın prinsiplərinin praktiki həyatda öz əksini tapmasını və Amerikada elə bir cəmiyyət yaranmasını istəyirdi ki, orada cəhdlə nail olmaq arasındakı uçurum daha dar olsun. O, Virciniyanın yeni konstitusiyasının tərtibində iştirak etməklə buna yaxınlaşmaq istəyirdi və 1776-cı ilin iyununda bu sənəd qəbul edildi. Lakin Filadelfiyada onun vəzifələri bunu qeyri-mümkün etdi və o, oktyabr ayına qədər Virciniya qanunvericilik parlamentinə daxil olmadı. Onun planının iki hissəsi göstərirdi ki, o, təmsilçilik idarəetməsinin təbiətini və onun uğurlu fəaliyyəti üçün lazım olan şəraitləri nəzərdə tutur. Onun üçüncü ehtiraslı vədi intellektual azadlıqda təcəssüm olunurdu.

Cefferson Virciniyada mülkiyyətin az sayda böyük torpaq sahiblərinin əlində cəmləşdirilməsinə imkan verən qanunları ləğv etmək yollarını arayırdı. O, inanırdı ki, mülkiyyət insanın anadan olması ilə qazandığı təbii hüquqlar sırasına daxildir və bu qaydalı şəkildə mövcudluq hüququ mənasını verir. Bir neçə il sonra Fransada iqtisadi vəziyyəti müşahidə etdikdən sonra o, yazırdı:

“Hər bir ölkədə olduğu kimi burada da becərilməyən torpaqlar və işləməyən yoxsul adamlar vardır. Bu aydındır ki, mülkiyyət qanunları təbii hüquqa təcavüz etməyə qədər genişlənmişdir. Yer, adama onun işləməsi və onun üstündə yaşamaq üçün dayaq məkanı kimi verilmişdir. Bu, fərasəti həvəsləndirmək üçündür, biz onun müsadirə olunmasına icazə veririk, biz ona qayğı göstərməliyik ki, hər bir işçi bu müsadirədən çıxarılan paylarla təmin edilsin. Əgər biz əmək üçün fundamental hüququ tətbiq etməsək, yer istifadəsiz qalana çevriləcəkdir”.

Bu hüququ inkar edən cəmiyyət ədalətli ola bilməz, bu heç arzu olunan respublika hakimiyyətindən istifadəyə də bənzəməz.

Virciniya üçün təklif olunan təhsil sistemi Ceffersonun respublika idarəçiliyi ilə bağlı olan planın digər bir hissəsi idi. Aşağı (ibtidai) məktəblər bütün əhaliyə savadlılıq verəcəkdi. Bu, azad mətbuatla birlikdə ictimai rəyi məlumatlandırmaq üçün vacib idi. Yuxarı məktəblər təbii kübarlığı liderlik səviyyəsinə qaldıracaqdı, bu isə təmsilçi hökumət üçün vacib idi. Bu vaxt alimlik ləyaqət əsasında mükafatlandırılmaqla, təhsil imkanının iqtisadi imtiyazlarla eyniliyinin qarşısını alacaqdı. Cefferson inanmırdı ki, cahil adam ictimai işlər barədə rasional və məsuliyyətli qərarlar verə biləcəkdir. O, adamların qabiliyyət sahəsində də bərabər olmasına inanmırdı. O, güman edirdi ki, fövqəl qabiliyyətlərə malik olan adamlar təbii olaraq ictimai vəzifəyə yarayırlar və onun təhsil sxemi belə bir niyyəti güdürdü ki, həmin adamlar iqtisadi şəraitlərindən asılı olmayaraq öz istedadlarını inkişaf etdirə bilsinlər. Ceffersonun virciniyalı sirdaşları hərtərəfli azad ictimai təhsil sisteminə hazır deyildilər. Planlaşdırdıqlarından yalnız birini o, Virciniya universitetinin timsalında qoruyub saxlamışdı.

Virciniya qanununda üçüncü və ən mühüm islahat dini azadlıq üçün nəzərdə tutulan tədbirlər idi. Bu islahat çox acı və qızğın müqavimətlə qarşılandı və 1786-cı ilə kimi qüvvəyə minmədi. Bu vaxt isə Cefferson Fransada idi.

Virciniyada olduğu kimi bir sıra ştatlarda vahid kilsə qurulmuşdu, digərləri isə protestantlara görə azaldılmışdı. Virciniya qanunu nəzərdə tuturdu ki, ştatla kilsə arasındakı ənənəvi əlaqəni bütünlüklə yox etsin. Qanun ictimai vergi vasitəsi ilə hansısa dini dəstəkləməyi qadağan edirdi. Cefferson bu qanunu müəyyən dərəcədə öz andının icrası kimi qiymətləndirirdi: “Adamların şüuru üzərində tiraniyanın istənilən formasına qarşı əbədi düşmənçiliyə mən Allahın mehrabı qarşısında and içmişəm”.

Üç il qanunvericilikdə işlədikdən sonra Cefferson 1779-cu ildə Virciniya ştatına qubernator seçildi və bu vəzifədə iki il işlədi. Vəzifənin məsuliyyəti çox, səlahiyyəti isə az idi. 1780-1781-ci illərdə Virciniya Britaniya qüvvələrinin hücumuna məruz qaldıqda Cefferson səmərəli müqavimət göstərməyi təşkil edə bilmədi və özü əsir düşməkdən böyük çətinliklə qaça bildi. Fövqəladə şəraitdə onun davranışı tənqidə layiq idi, baxmayaraq ki, qanunverici orqan ona yekdilliklə etimad göstərmişdi. Yenidən qubernator işləməkdən o, imtina etdi və özəl vətəndaş kimi Montiçelloda yaşamaq üçün istirahətə yollandı.

Bu qərarın qəbul olunması üçün digər böyük bir səbəb də var idi. O, arvadının səhhətinə görə həyəcan keçirirdi. Marta Ueyms Skelton ona beş uşaq doğmuşdu, onlardan yalnız ikisi sağ qalmışdı. 1781-ci ildə altıncı uşağını doğandan sonra sağala bilmədi və vəfat etdi. Ceffersonun hüznü ölçüyə sığmırdı. Lakin arvadı ilə münasibətlər barədə onunla məktublaşmalarda detallar öz əksini tapmır. Onların nikahı qeyri-adi bir xoşbəxt ittifaq idi, lakin göründüyü kimi, Cefferson bunu qoruyub saxlaya bilməmişdi, dağıtmışdı. Çünki o, bütünlüklə götürüldükdə, tənha adam idi.

Qubernatorluqdan istirahətə getdikdən sonra Cefferson “Virciniya qeydləri” adlı yeganə əsərinin əsas hissəsini yazdı. Kitabda onun üzərinə düşən bədbəxtliklərlə əlaqədar yaranan emosiyalarını cilovlaya bilməsi aydın görünür. “Qeydlər”də quldarlıq məsələsinə toxunulur, onun həm ağlara, həm də qaralara təsiri göstərilir. Ardıcıl olaraq quldarlığa qarşı olmasına baxmayaraq, abolyutsionizmin (quldarlığı qadağan etmək uğrundakı hərəkat) bir mühüm maneəsini təsvir edir. O vaxtlar belə bir inam var idi ki, ciddi irqi fərqlərə görə qaralar və ağlar birlikdə dinc və harmoniyada yaşaya bilməzlər. O, təsdiq edirdi ki, fiziki gözəllikdə qaralar aşağıda dayanırlar, onlar irəlini görməkdən məhrumdurlar, yaddaşda onlar ağ irqlə bərabər olsalar da, idrak və təxəyyüldə ağlardan aşağıdırlar. O, hətta qulların oğurluğa meylli olması barədəki ittihamları da bir nümunə kimi misal gətirirdi. “Bizim təəssüfümüzə rəğmən deyilə bilər ki, bir əsr yarımdır ki, biz qara və qırmızı dərili adamları gözlərimiz qarşısında görürük, onlara heç vaxt bizim tərəfimizdən təbii tarixin subyektləri kimi baxılmamışdır”.

O, Virciniya qanunvericilik orqanında Qədim Roma pretsedentinin arxasınca gedib, fövqəladə vəziyyət vaxtı müvəqqəti diktatura qurmaq barədə iki dəfə təkrar edilən təklifi tənqid edirdi: “Belə fikrin özü xalqa qarşı xəyanətdir, ümumilikdə bəşəriyyətə qarşı xəyanətdir. Bu onların boynunu aşağı əyən zəncirin əbədi müddətə bağlanması olmaqla, onların istismarçısına fayda verir, bununla axırıncılar bütün kainata respublika hökumətinin kəmağıl olduğu barədə təbil çalacaqlar, təzyiq göstərən təhlükə yarandığı vaxtlarda isə bu, onları zərbədən qoruyacaqdır”.

1782-ci ilin dekabrında o, ictimai xidmətə qayıtdı və bir neçə ay Kontinental Konqressdə Virciniya nümayəndə heyətinin üzvü oldu. Bu dövr ərzində Virciniya Ohayo çayının şimali-qərbindəki zonanı milli hökumətə verdi, müstəmləkə dövründə buna kralın qrantına görə iddia edilmişdi. Cefferson belə bir prinsipi irəli sürdü ki, torpaqlar əvvəlki kimi müstəmləkə ərazisi olmayacaqdır. 13 ştat elə zonalara bölünəcəkdir ki, nəzərdə tutulan əhaliyə və təşkilatlanmaya malik olsun və 13 əvvəlki koloniyaya bərabər kimi Birliyə daxil olsun. O, həmçinin bunu da əlavə edirdi ki, 1800-cü ildən sonra bu ərazidə və Birləşmiş Ştatların gələcəkdə malik olacağı hansısa digərlərində quldarlıq qadağan olunacaqdır. Bu maddə bircə səslə keçmədi. Buna bənzər qərar Şimali-Qərb Ordinansına əlavə olundu, lakin bu şərt yalnız həmin ərazidə tətbiq olunacaqdı. Əgər Ceffersonun orijinal təklifi qəbul olunsaydı, onda quldarlıq Luiziana satınalınmasının bütün zonasında qanundankənar olacaqdı. O, özü sonralar bunu belə izah edirdi: “Beləliklə, biz bir nəfərin sözündən asılı olacaq milyonlarla doğulmamışların taleyini görürdük və Göylər həmin qorxulu vaxt dinməz qalmışdı”.

1784-cü ildə Cefferson Bencamin Franklinə və Con Adamsa qoşulmaq üçün Fransaya yollandı. Onlar birlikdə Avropa dövlətləri ilə müqavilələr bağlamaq üçün danışıqlar aparırdılar. Bir neçə aydan sonra o, Birləşmiş Ştatların fransız hökuməti yanında elçisi kimi Franklini əvəz etdi. Onun üstünə düşən diplomatik vəzifələr elə ağır deyildi və Paris ona intellektual və incəsənət xadimləri cəmiyyətini təklif etdi, axı o, hələ Uilyam və Mariya kollecinin tələbəsi olarkən bu sahələrdə öz istedadını nümayiş etdirmişdi. Burada o, teatra və operaya qulaq asmağa gedirdi, muzeylərdə olurdu. Burada o, özünün kitaba olan ehtirasını söndürə bilirdi. O, Fransa və fransızları sevirdi, lakin onlara qarşı olan tənqidi münasibətini də gizlətmirdi. O, öz qızlarını xarici ölkədə ərə vermək istəmirdi və onları 17 yaşı keçdikdən sonra geri, Virciniyaya qaytardı.

İstiqlaliyyət Deklarasiyasının və Virciniya Dini Azadlıq Qanununun müəllifi kimi o, markiz de Lafayet kimi mülayim liderlərə xeyli təsir göstərmişdi və Fransız inqilabının erkən səhnələrində onların cəhdlərinin gələcəyinə nikbinliklə baxırdı. Bu onun həyatının ən böyük intellektual səhvi idi. İnqilabı Fransa, demək olar ki, Birləşmiş Ştatların İstiqlaliyyət müharibəsinin uğuru üçün heç nə ilə kömək edə bilmədi. O, gərək arzu ediləni gerçəklik kimi (“wishful thinking” məşhur ifadəsi qaydasında) qələmə verməyəydi. Cefferson yalnız inqilabın açılış səhnəsini müşahidə etmişdi, çünki 1789-cu ilin sonunda Birləşmiş Ştatlara dönmüşdü.

1787-ci ildə Filadelfiyada layihəsi hazırlanmış Konstitusiya Konfederasiya qanunlarını əvəz etdi. Bu Konstitusiya sonrakı ili ratifikasiya edildi. Cefferson sənədin çox hissəsini bəyənmişdi, lakin insan haqları maddələrinin öz əksini tapmamasına tənqidi surətdə yanaşırdı. O, həmçinin ümumi təhsil və tam din azadlığı planının həyata keçməsi üçün Konstitusiyanın təftiş edilməsi təklifini irəli sürdü. O, inanırdı ki, ictimai ləyaqət o vaxt yaxşı vəziyyətdə olacaqdır ki, xalq və onun liderləri arasında uçurum olmasın. O, güman edirdi ki, “idarə edənlər pozulacaq və öz səlahiyyətlərindən sui-istifadə edəcəklər, xalq isə yalnız pul qazanmağı düşündüyünə görə özünü unudacaq və öz haqlarına hörmət borcunu səmərəli etmək üçün heç vaxt birləşmək barədə düşünməyəcəkdir”.

(Ardı var)

 





26.02.2013    çap et  çap et