525.Az

Vəlixanın şeirləri


 

Vəlixanın <b style="color:red">şeirləri</b>

Gedəndə  göz  yaşımı  görmədin  çıxıb getdin,

Dəyər  gözüm  yaşına  vermədin  çıxıb getdin.

 

Bir  incəliklə  demək  istədim  sənə  sözümü,

Salıb  kobudluğa dindirmədin  çıxıb getdin.

 

Daha bu qəlbə ele girmisənki çıxmazsan,

Fəqət  həyatıma sən girmədin  çıxıb getdin.

 

Bütün ümüdlərimi məhv edib gedəndinsə,

Nədəndi bəs məni öldürmədin çıxıb getdin.

 

Nə sirr idi gəlişində bilinmədi məqsəd,

Gedəndə də elə bildirmədin çıxıb getdin.

Vəli, şikayətin heç vaxtı bitmədi axır

Öz istəyin tək ömür sürmədin çıxıb getdin.

lll

Nə gözün təki göz olmaz, nə üzün təki gözəl üz,

Nə üzün təki üz olmaz, nə gözün təki gözəl göz.

 

Məni ləblərindəki söz necə valeh etməsin ki,

Nə ləbin təki ləb olmaz, nə sözün təki gözəl söz.

 

Dayanıb yolunda hər gün səni izlərəm, mənimçün

Nə yolun təki yol olmaz, nə izin təki gözəl  iz.

 

Dedilər ki, gəlməyirsən, hədər  imiş  intizarım?

Nə canımda tab vardır, nə də bir xəbər verən düz.

 

Hələ gəlməyibsə yarım, mənə, saqi, mey yaraşmaz,

Vəliyə nə badə təklif eləyib şərabdən süz.

lll

Deməyə dərdimi kaş ki bir adam tapsaydım,

Mən də dincəlməyə asudə məqam tapsaydım.

 

Cövrünü çox eləsəydi nola yarım, mən də

Cövrü-cananıma canımda davam tapsaydım.

 

Naşadam, şad olaram, canımı qurban demişəm,

Onu vəsf etməyə layiqli kəlam tapsaydım.

 

Mənə yarımdan onun hicri halal qismətdir

Vəslini hətta götürməzdim haram tapsaydım.

 

Unudardım yarısın bəlkə də bəxtsizliyimin,

O xəyalımdakı xoşbəxtliyi tam tapsaydım.

 

Vəli illərdi buraxmış məni o kor bəxtim

Bir baxışla eliyərdim onu ram tapsaydım.    

Həyat  və  ölüm

 

Kitablar bu cür yazır

Həyat müvəqqətidir,

Ölümsə mütləq...

 

Bütün həyata ağla

Fikirləş ölüm haqda,

Gülümsə  mütləq !!!

 

Kitablar çox sevirlər təzadlı cümlələri

Olmaq və ya olmamaq,

Yəni ki, həyat, ölüm...

 

Hər nidada bir təzad

Cəmi bir saat həyat !!!

Elə o saat ölüm !!!

 

Amma yazmır kitablar

Ölümlər niyə belə

Kiçilir, ucuzlaşır ...

 

Yenə də bu bəlkələr bürüyür fikrimizi

Ya ölüm adiləşir

Ya həyat quduzlaşır !!!

 

Həyat çox bahalaşıb

Bu çətin bahalıqda

Adam qalmaq istəmir ...

 

Nə də bu bahalıqda

Belə ucuz ölümlə

Adam ölmək istəmir !!!

 

 





26.02.2013    çap et  çap et