525.Az

Xocalı soyqırımı ilə bağlı Kanadada yürüş keçirilib


 

Xocalı soyqırımı  ilə bağlı Kanadada yürüş keçirilib<b style="color:red"></b>

22 fevralda Azerbaijani Youth of Canada Network (AYCN) təşkilatçılığı ilə və ASAIF-çilərin iştirakı ilə Voterlo, Toronto, Ottava, və Montreal şəhərlərindən olan tələbələr Ottavaya yığışaraq Xocalı faicəsinin beynəlxalq aləmdə tanınması tələbi ilə yürüş təşkil ediblər. 525.az-ın məlumatına görə, Ottavada Parlamet Yüksəkliyi adlı yerdə yığışan 60-a yaxın iştirakçı Xocalıya ədalət və faciəyə beynəlxalq aləmdə lazımi qiymət verilməsini tələb ediblər. Azərbaycan, Kanada və Türkiyə bayrağlarını əllərində tutan fəallar “Xocalıya Ədalət!”, “Biz Ədalət tələb edirik!”, “Qarabağda sülh!”,  “Xocalını tanı!”,  “Artıq Kanadanın növbəsidir!” kimi şüarlar səsləndiriblər.

ASAIF fəalları yuxarıda qeyd edilən şüarları səsləndirməklə Parlament yüksəkliyi ərazisindən Ottavadakı Ermənistan səfirliyinə qədər nümayiş keçiriblər. Yol boyu 1000-ə yaxın broşür və flayer paylanaraq piyadalara və ötüb keçənlərə faciə haqqında məlumat verilib. 

Yürüş Ermənistan səfirliyinin qarşısında davam edib. Burada iştirakçılar 1992-ci il hadisələrini tanımağı tələb edən və Ermənistan hökümətinə ünvanlanmış rəsmi məktubu oxuyublar. Məktubda o da qeyd edilib ki, Ermənistanın hazırki prezidenti Serj Sarkisyan Xocalı soyqırımının törədilməsində artıq öz rolunu etiraf etdiyinə görə Xocalı hadisələrinin tanınması və faciə qurbanlardan üzr istəmək üçün birbaşa məsuliyyət daşıyır.

İştirakçılardan bir nəfər faciədə zərər çəkmiş ailələrə, uşaqlara və qadınlara həsr olunmuş qısa şeir səsləndirmiş və digər iştirakçılar Ermənistan qoşunlarının işğal olunmuş əraziləri şərtsiz tərk etmələri, dünyada və Qafqazda sülhün bərqərar olunması barədə tələblərlə çıxış etmişlər.

Soyuq və küləkli hava şəraitinə  baxmayaraq yürüş 4 saatdan çox davam etmiş və müvəffəqiyyətlə başa çatmışdır.

Qeyd edək ki, oxşar yürüş və nümayişlər hər il qeyd edilən məkanda və Ermənistan səfirliyinin qarşısında Xocalı faciəsi barədə inasanları məlumatlandırma və uyğun hüquqi və siyasi qiymət verilməsini tələb etmə məqsədilə keçirilir.

 





26.02.2013    çap et  çap et