525.Az

Burdan keçən atlı – Babək Hüseynoğlu


 

Burdan keçən atlı –  Babək Hüseynoğlu Bəxtiyar QARACA,   
yazıçı-publisist
  

Qardaşdan danışmaq çətindi, o ki ola böyük qardaş və o da dünyada olmaya. Hüseyn Xəzərin “Burdan bir atlı keçdi” kitabı qardaşı haqdadı – hamımızın yaxşı tanıdığı jurnalist, televiziya sədri, qəzet redaktoru Babək Hüseynoğlu haqda. Kitabda, eyni zamanda, Xəzər Hüseynin öz nəsli – ata-anası, eləcə də yaxınları barədə düşüncələri toplanıb. 

Zövqlə tərtib olunan kitabda bir vaxtlar Babək Hüseynoğlu ilə birgə çalışmış insanların, ziyalıların xatirələri, fotoşəkillər yer alıb. Bütövlükdə bu kitab Babək Hüseynoğlunu tanıyanların və tanımayanların həyatında xoş bir hadisədir. Onunla çalışan, onu tanıyanlar arasında mən də varam.  1989-cu ildə mən Azərbaycan Televiziyasına işləməyə gələndə o artıq xeyli vaxtdı orda – Gənclik redaksiyasında çalışırdı, hərbi-vətənpərvərlik şöbəsinin müdiri idi. Efirdə çox görmüşdüm və ona olan rəğbətimin əsasında TV-nin böyük rolu vardı. Ekranda gördüyüm insanla, demək olar ki, həyatda  hər gün gördüyüm, görüşdüyüm,  ünsiyyətdə olduğum insanı bir araya gətirmək, bir yerdə görmək, bir obraza cəmləşdirmək çox çətin idi. Mənə elə gəlir ki, bu, yalnız o dövrün televiziyasına, o cəmiyyətə xas bir xüsusiyyət idi.. Nəhayət ki o “mif” qırıldı və ekranda olduğu kimi, həyatda da səmimi, sadə, təmiz bir insanla yoldaşlığımız başladı.. 

Böyük Vətən Müharibəsinin əks-sədası: yaralı torpaqlar, itkin əsgərlər, çatmamış, yetişməmiş məktublar, illər sonra da qurumayan göz yaşları...Qarabağ savaşı başlayana kimi B. Hüseynoğlu, əsasən, bunları göstərir, bunlardan danışırdı. Sonra məlum hadisələr  başladı. Mübaliğəsiz demək olar: Qarabağ hamının həyatında nəyisə dəyişdi – həm orda yaşayanların, həm ondan uzaqdakıların. Ordan axıb gələn xəbərlər paytaxt Bakını gecə-gündüz qaynadırdı və xalqın o dövrdə, demək olar, yeganə məlumat mərkəzi olan AzTV də bu proseslərin mərkəzində idi-ta 1990-cı ilin 20 yanvarında televiziya partladılana kimi... TV-də çalışan bir qrup ziyalı xüsusi fəallıq göstərir, bütün bu dərdləri, problemləri efirə gətirmək istəyirdilər və bunların arasında B. Hüseynoğlu da vardı.  Onun məhz orda olması o vaxtkı hakimiyyətdə bir çoxuna xoş gəlmədi və o, TV partladılandan sonra işdən getməli oldu. Üç il TV-siz yaşadı. Qarşıda “Aydınlıq” qəzeti və çoxlu maraqlı yazılar, ağır məqamlar, çətin günlər vardı.       1993-cü ildə o, televiziyaya sədr kimi qayıtdı və üç il bu vəzifədə işlədi. O vaxt mən Gənclik yaradıcılıq birliyinin rəhbəri idim (sonradan baş redaksiyaya çevrildi və mən uzun müddət orda baş redaktor kimi çalışdım. Ondan qabaq 90-cı illərin əvvəllərində isə vaxtilə onun rəhbərlik etdiyi şöbəyə – hərbi- vətənpərvərlik şöbəsinə mən də başçılıq etmişdim.) B.Hüseynoğlunun bir sədr kimi üstünlüyü onda idi ki, kollektivi yaxşı tanıyırdı. Mənim üçün, baş redaktor kimi, onunla işləmək çox rahat idi. Vaxtilə bir redaksiyada çalışdığımğzdan bir-birimizi, xasiyyətimizi, yaradıcılıq imkanlarımızı, qabiliyyətimizi az-çox  bilirdik. Bir sədr kimi sadə, savadlı, işçiyə, ən əsası, əməkdaşa inamlı, etibarlı idi. Redaksiyalara yaradıcılıq baxımından tam sərbəstlik vermişdi və bu, özünü tezliklə yeni, fərqli, bu gündə tamaşaçıların yaxşı xatırladığı proqramların yaranması ilə göstərdi.  Başqa redaksiyalarda olduğu kimi, Gənclik redaksiyasında da bir-birindən maraqlı, rəngarəng verilişlər hazırlanmağa başlandı. Bəzən gənclik auditoriyasından da kənara çıxan bu proqramlara tələbat böyük idi və yaradıcı insan üçün öz yaratdığının, öz yazdığının əks-sədasını eşitmək, nəticəsini görmək- xoş olduğu qədər də vacib idi. Əvvəlcə “Gecə kanalı”, daha sonra həm də bazar günləri canlı yayımlanan “Səhər kanalı” (1995-ci ilin yayında bu proqramın yerinə indiki “Səhər” proqramı gündəlik yayımlanmağa başladı) proqramları,  “Qulp” ( xatırladım ki, indi ANS-də yayımlanan, tamaşaçıların hələ də həvəslə izlədiyi bu veriliş ilk dəfə 1992-ci ilin payızında Az. TV-də Gənclik redaksiyasında efirə gedib- ta 1997-ci ilə kimi) və digər verilişlərin, demək olar ki, hamısının çəkilib, montaj olunub ortaya çıxmasında, efirə getməsində B. Hüseynoğlunun zəhməti əvəzsiz idi. Efirdən sonra, tamaçaçılardan əvvəl, onun dilindən xoş bir söz eşitmək hamımıza sanki qol-qanad verirdi. Münasibətlərdə təmənnasız idi və illər sonra da bunu söyləməkdən qürur duyuram. Hər dərdimizi götürüb onun yanına gedə bilirdik və əmin idik ki, heç olmasa bizi dinləməyə vaxt tapacaq, qulaq asacaq və bizdən çox böyük olmasa da, yaşından böyük, yaşına uyğun gəlməyən yaxşı bir məsləhət verəcək. Bəlkə onun bu sadəliyini çoxu başa düşmürdü, başqa cür böyümüşük, başqa cür görmüşük,  yəqin, ona görə. Amma mənim üçün indinin özündə də hər şeyin yaxşısı elə, ilk növbədə, insanlıqdan, insafdan, mürvətdən başlayır... Nə düşünürdüsə, sifətində, gözlərində, söhbətində, gülüşündə idi. İçindəki ağrı-acını, çətinliyi sanki əllərinə yığıb gəzirdi. Üç il keçdi və bir gün gəldiyi kimi də çıxıb getdi. Mənə elə gəlir “işdən çıxartdılar” ifadəsindən çox, ona bu ifadə daha yaxşı yaraşır-“getdi”.  B. Hüseynoğludan danışanda onun vaxtilə müəllifi olduğu əsgər verilişləri, bir də o verilişlərdə tez-tez istifadə etdiyi, sözləri Rəsul Həmzətova məxsus olan bir mahnı – “Durnalar uçur..” yadıma düşür. Həsrəti gözümdə yaşa dönməyib Dostlar dönməsə də cəbhədən geri, Sanıram torpağa, daşa dönməyib, Onlar durna olub gəzir göyləri... Bir də, xatırlayırsınızsa, o mahnıda bu sözlər də vardı: “Orda bir durnanın yeri boş qalıb. O mənim yerimdir. Nə vaxtsa mən də qanadlanıb onlara qoşulacam, sonra mən də, onlar kimi, onların dilində yerdəki dostları, əzizləri, yaxınları səsləyəcəm, çağıracam...”                  

Babək Hüseynoğlu mənim üçün ürəyini, canını əlində gəzdirən bir adam idi. O, artıq xeyli vaxtdır dünyasını dəyişib, aramızda yoxdur-göylərdə, bitib-tükənməyən durna qatarlarının arasındadır. Arada başınızı qaldırıb yuxarı baxın, bəlkə görəgəksiniz, eşidəcəksiniz – o, söyləmək, danışmaq, bizə-hələ burda qalanlara nəsə demək istəyir. Hələ ki bizlər – yerdəkilər ona nəsə demək istəyirik – xatirə dolu yazılarla və rəngli-rəngsiz vida kitabları ilə... 
 





26.09.2012    çap et  çap et