525.Az

Qarabağın göz yaşları...


 

Qarabağın göz yaşları...<b style="color:red"></b>

ÇOX TƏƏSSÜF Kİ, DÜNYA BU GÖZ YAŞLARINI GÖRMƏK İSTƏMİR

Tarix ermənilərin xalqımıza qarşı olan düşmənçiliyini, ədavətini, xain və məkrli niyyətlərini bir əsrdə dəfələrlə sübuta yetirib. Hər dəfə də ermənilərin törətdikləri vəhşiliklər,çirkin əməllər, terror, qanlı faciələr, işğalçılıq, deportasiya və soyqırım faktlarla təsdiq olunsada onlar cəzasız qalıblar. Böyük rus şairi A.S.Puşkin deyib: “Sən köləsən, sən qorxaqsan, sən ermənisən.” Öz havadarlarının köməyinə arxalanan Ermənistan təcavüzkar niyyətini həyata keçirir. Bu isə yüz minlərlə insanın taleyinə faciə gətirir. Onlardan biri də mənim anamdır. Onun 80 yaşı var. Düz 20 il bundan əvvəl Ermənistan bu qadının ata-baba yurdunu işğal edib, oğlu torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub, doğmaları, əzizləri məcburi köçkünə çevrilib. 20 ildir ki, anamın göz yaşları qurumur, elə hey gecə-gündüz öz yurdunu haraylayır. Ona təsəlli verə bilmirik. Anaların göz yaşı elə Qarabağın göz yaşıdır.

Ən yaxın tariximizin səhifələri erməni vandalizmini, insanlıq tarixinə ləkə gətirən vəhşilikləri özündə əks etdirir. Ürək ağrısıyla olsa da bu faktları yenidən xatırlatmalıyıq. Erməni terror təşkilatları və Ermənistan silahlı qüvvələri 1986-1993-cü illərdəAzərbaycan vətəndaşlarına qarşı çoxlu terror əməli törətmiş və dinc əhaliyə qarşı soyqırım törətmişlər. Hər sözündən ağrı, faciə,göz yaşları süzülən faktlara diqqət yetirək.

1986-cı ilin ortalarında Bakıda 106 nömrəli marşurutda işləyən avtobus partladılmış, bir nəfər ölmüş, bir neçə nəfər yaralanmış, 1989-cu il avqustun 10-da Tbilisi-Ağdam, həmin il sentyabrın 16-da Tbilisi-Bakı, 1990-cı il fevralın 18-də Şuşa-Bakı reysləri ilə işləyən avtobuslar partladıldı. Üç avtobusun partladılması nəticəsində 40 nəfər həlak olmuş, 74 nəfər yaralanmışdır.

1990-cı ildən 1992-ci ilə qədər Moskva-Bakı marşrutunda hərəkət edən 6 qatar partladılmış, 64 nəfər ölmüş, 220 nəfər yaralanmışdır. 1992-ci il yanvarın 8-də Krasnovodskdan Bakıya gələn bərədə törədilmiş partlayış nəticəsində 23 nəfər həlak olmuş, 86 nəfər yaralanmışdır. 1994-cü il martın 19-da Bakı metrosunda törədilən partlayış nəticəsində onlarca adam həlak olmuş, 80 nəfərə yaxın yaralanmışdır.

Bundan başqa, ayrı-ayrı illərdə törədilmiş terror hadisələrinin qısa xronologiyasına nəzər salaq. 1988-ci ilin martın 10-da Yerevan ətrafında 10 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Elə həmin gün Zəngibasarın Mehmandar kəndində ermənilər 5 nəfər azərbaycanlını öldürdü. 25 mart. Vedibasarda elo ağsaqqalı Seyid Ağabala ermənilər tərəfindən vəhşicəsinə öldürüldü. 11 dekabr. Ermənistan zəlzələsinə köməyə göndərilən (?!) 78 nəfər Azərbaycan oğlu ermənilər tərəfindən vurularaq partladılan təyyarədə həlak oldu. Yalnız bir nəfər möcüzə nəticəsində sağ qalmışdır. Dekabrda Quqarkdakı 70 nəfər azərbaycanlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildi. Təkcə 1988-ci ildə Ermənistanda 186 nəfər azərbaycanlı ermənilər tərəfindən görünməmiş vəhşilik, qəddarlıq və amansızlıqla öldürüldü. Və həmin qədim Azərbaycan torpaqları azərbaycanlılardan zorla alındı... Yüz minlərlə insan yurdsuz-yuvasız qaldı...

1989-cu ilin avqustunda 6-da Əsgəran rayonunun Meşəli kəndində bir nəfər azərbaycanlı qətlə yetirildi. Noyabrın 17-də Hadrut rayonunun Tuğ kəndində ermənilər kənd sakini Teyyub Süleymanovu vəhşiliklə öldürdülər. Noyabrın 28-də Qubadlı ərazisində 2 nəfər azərbaycanlı öldürüldü. Noyabrda Ermənistanda qalmış 30 nəfər azərbaycanlı kütləvi şəkildə məhv edildi. 1990-cı il yanvarın 12-də ermənilər Todana hücum etdilər və 4 nəfər azərbaycanlı öldürüldü. Həmin gün Xanlar rayonunun Quşçu kəndinə basqın edən ermənilər onlarca azərbaycanlını öldürdü.

Yanvarın 14-də 5 nəfər qətlə yetirildi. Yanvarın 15-də Todan kəndində 2 nəfər, Kərkicahanda üç nəfər öldürüldü. Yanvarın 16-da Xanlar rayonunun Şəfəq kəndində 1 nəfər, Laçın rayonunun Hacılar kəndində bir nəfər azərbaycanlı öldürüldü. Yanvarın 1-20-si. Naxçıvanın Sədərək rayonunda faciə törədildi. 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Həlak olanlar arasında 4 və 6 yaşlı körpələrdə var idi. Mart ayında Qazax rayonunda 1 nəfər, Bağanis Ayrım kəndində isə Dadaş Əliyevin 5 nəfər ailə üzvü vəhşicəsinə öldürüldü. Martın 29-da Babək rayonunun Gərməçatax kəndində 1 nəfər öldürüldü. Aprel ayında ermənilər Gürcüstanda yaşayan azərbaycanlılardan 2 nəfəri, iyulda 1 nəfəri, avqust ayında isə 1 nəfəri öldürdülər. Mayın 19-da Naxçıvanın Yayçı kəndində 1 nəfər azərbaycanlı vəhşiliklə qətlə yetirildi. İyunun 11-də Xankəndidə bir nəfər azərbaycanlı öldürüldü. Həmin gün Kəlbəcərdə də bir nəfər qətlə yetirildi. İyunun 21-də Laçın rayonunun Köhnəkənd kəndində 2 qardaş xüsusi qəddarlıqla öldürüldü. İyulun 21-də Mardakert-Kəlbəcər yolunda sərnişin avtobusu gülləbaran edildi. 3 nəfər həlak oldu, onlarla azərbaycanlı yaralandı. Avqustun 17-21-də Qazax rayonunda üç nəfər vəhşicəsinə qətlə yetirildi. Sentyabrın 8-də Laçın rayonunda 2 nəfər yurddaşımız vəhşicəsinə öldürüldü. Ağdam rayonuna pənah gətirmiş qaçqın Mehbalı Əliyev sentyabrın 13-də öldürüldü. Oktyabrın 21-də Laçın rayonunda 1 nəfər azərbaycanlı qətlə yetirildi. Noyabrın 3-də Laçın rayonunun Zabux kəndində 3 nəfər azərbaycanlı öldürüldü. Həmin gün Laçın rayonunun Zabux kəndində iki soydaşımız vəhşiliklə qətlə yetirildi. Noyabrın 24-də Martuni rayonunun Qaradağlı kəndində 3 nəfər azərbaycanlı öldürüldü. Noyabrın 30-da Xanlar rayonunun Matunaşen kəndində 5 nəfər azərbaycanlı polis işçisi qətlə yetirildi. Dekabrın 14-də Ağdərə rayonunda bir nəfər azərbaycanlı öldürüldü. Dekabrın 15-də Əsgəran rayonunun Cəmilli kəndində üç nəfər qəddarlıqla qətlə yetirildi. Dekabrın 17-də Şərur rayonunda 2 nəfər öldürüldü. Erməni terrorunun qurbanı olmuş yurddaşlarımızın tam siyahısını vermək mümkün deyil. Ona görə ki, onlarca azərbaycanlı oğurlanmış, itkin düşmüşdür. Bu adamların taleyi haqqında heçə nə bəlli deyil.

1991-ci il oktyabrın 29-da saat 15 radələrində Xocalıdan Yevlağa uçan “AN-2” təyyarəsi Əsgəran rayonu ərazisində ermənilər tərəfindən vurulmuş, bütün heyət həlak olmuşdur. Təyyarəni və meyitləri yandırmışlar. Erməni terrorunun qurbanları:

1. Hamlet Rəcəbov

2. Ceyhun Bəşirov

3. Yuris Misirov

4. Əhmədağa Baxşiyev

5. Azad Sadıqov

6. Hikmət Muradov

7. Əsəd Əsədov

20 noyabr 1991-ci il. Erməni əsgərləri və rus muzdluları keçmiş Martuni rayonunun Qarakənd kəndi üzərində hərbi vertolyotu raket qurğusu ilə vurmuş və sonra onu partladaraq yandırmışlar. Azərbaycanın dövlət və hökumət rəhbərlərinin, jurnalistlərin və hərbçilərin uçduğu vertolyot erməni terrorunun qurbanı olmuşdur. Qanlı faciə və beynəlxalq miqyaslı sui-qəsd törədən ermənilərin vəhşiliyi Azərbaycanın o vaxtkı rəhbərləri, Azərinform və respublika televiziyası tərəfindən ilk günlər ört-basdır edilərək bütün dünyaya bildirmişdir ki, guya “vertolyot dumana düşmüş və dağa dəyərək partlamışdır”.

Bundan da böyük nankorluq, xalqın taleyinə biganəlik olardımı?! Axı xalqın say-seçmə oğullarını qanına qəltan edən erməni-rus terrorunu gizlətməklə o zamankı rəhbərlər Azərbaycan xalqını daha böyük fəlakətlərə və qırğınlara ürcah etdilər.

Beynəlxalq miqyaslı erməni terrorunun qurbanları:

1. Tofiq İsmayılov- dövlət katibi.

2. İsmət Qayıbov- baş prokuror

3. Məhəməd Əsədov- daxili işlər naziri

4. Zülfü Hacıyev –baş nazirin müavini

5. Qurban Namazəliyev-nazir müavini

6. Vaqif Cəfərov-nazir müavini

7. Vəli Məmmədov – xalq deputatı.

8. Osman Mirzəyev-Prezident aparatının şöbə müdiri

9. Alı Mustafayev- jurnalist

10. Fəxrəddin Şahbazov- operator

11. Arif Hüseynzadə- operator.

Ermənilər tərəfindən xalqın sinəsinə çəkilmiş bu övlad dağının qisası, intiqamı yerdə qaldı.

Yanvarın 28-də (1992-ci il) Ağdamdan Şuşaya uçan sərnişin vertolyotu Xankəndi ərazisində ermənilər tərəfindən vurulmuşdur. Vertolyotu yerə endirmək mümkün olmamış, bütün sərnişinlər və heyət həlak olmuşdur. Erməni terroru nəticəsində 47 nəfər (qadınlar, uşaqlar, qocalar), o cümlədən bütöv bir ailə qətlə yetirilmişdir.

Ermənistanın və dünya erməni lobbisinin, eləcə də onların himayədarlarının Azərbaycana qarşı apardığı müharibə hələ başa çatmayıb. Yandırılan, dağıdılan, tar-mar edilən yurd yerlərinin harayını, öldürülən, ömürlük şikəst edilən soydaşlarımızın ah-naləsi eşidilmirdi. Və elə bu səbəbdən də erməni işğalı o dövrdə Qarabağı Azərbaycandan qopardı... İmarət-Qərvənd, Tuğ, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Nəbilər, Günəşli kəndləri işğala məruz qaldi.

 

Qaradağlı faciəsi

 

Elə gün olmurdu ki, bir qanlı hadisə baş verməsin, azərbaycanlılar qətlə yetirilməsin. Onların harayını, naləsini isə respublikanın o vaxtkı rəhbərləri sanki eşitmir, yaxud da heç eşitmək belə istəmirdilər. Erməni təcavüzünün qanlı izləri və azərbaycanlılara qarşı törətdikləri soyqrım bizə misli görünməyən faciələr yaşatmış, qədim yurd yerlərimizi xarabalığa çevirən erməni terror təşkilatları minlərlə azərbaycanlının  həyatına qəsd etmiş, ən ağır cinayətlər törətmişlər.

Qeyd etmək lazımdır ki, XX əsrdə Qaradağlı kəndi beş dəfə ermənilər tərəfindən dağıdılmışdır. 1905, 1907, 1915, 1918 və 1992-ci il fevralın 17-də.

Hələ sovetlər dövründə dinc dayanmayan ermənilər, milli münaqişəni qızışdırmaq üçün ən qanlı terror hadisələrini törətməkdən belə çəkinmirdilər. 1967-ci ildə milli münaqişə yaratmaq üçün üç nəfər azərbaycanlıya, əslən Qaradağlı kəndindən olan adamlara böhtan ataraq həbs etdirən ermənilər, məhkəmədə onların bəraət almalarına məhəl qoymayaraq günün günorta çağı sovet əsgərlərinin gözü qarşısında həmin adamların başlarını vəhşicəsinə kəsərək, üzərlərinə benzin tökərək yandırmışdılar. Bu, azərbaycanlılara qarşı hazırlanan və həyata keçirilən qanlı və ən qatı terror hadisələrinin başlanğıcı oldu.

Dağlıq Qarabağın Azərbaycandan ayrılması istiqamətində öz iyrənc məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edən ermənilər Moskvanın yüksək statuslu antiazərbaycan meyilli məmurlarından güclü şəkildə dəstək alır və istifadə edirdilər. Hadisələrin başlandığı ilk günlərdən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz haqq səslərini hər tərəfə çatdırırdılar. Lakin bunlar heç bir nəticə vermədi. Münaqişə isə getdikcə genişlənir, daha qanlı xarakter alırdı. Respublikanın o vaxtkı rəhbərliyi isə yalnız öz hakimiyyət kreslolarını qorumağa çalışırdı. Rəhbərliyin bu səriştəsizliyi və maymaqlığı ermənilərin daha da azğınlaşmasına gətirib çıxarırdı. Kəndlər, şəhərlər yandırılır və talan edilirdi. Dörd il öz kəndlərini təkbaşına müdafiə edən Qaradağlı camaatı kəndin hər daşı, hər qayası uğrunda can verdilər, 800-ə yaxın sakindən bu yolda 77 nəfər, daha doğrusu hər 10 nəfərdən biri şəhid oldu, lakin öz məğrurluqlarını heç zaman itirmədilər. Həmin faciəni heç vaxt unutmaq mümkün deyil. Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri Qaradağlıda yazıldı.

Qaradağlı faciəsinin qısa xronikasına nəzər salaq.

1990-cu il noyabrın 24-də 3 nəfər azərbaycanlını (biri Qaradağlı kəndindən, ikisi isə həmin kəndə qonaq gəlmişdi) Xocavənd-Xankəndi yolunda vəhşicəsinə qətlə yetirən ermənilər onların sinələrinə xaç şəkli çəkmişdilər. Kənd sakini Hüseynov Xandəmir Bəbir oğlu doğma kəndlərində dəfn olundu. Həmin hadisədən sonra kənd sakinləri Bakıya, Azərbaycan KP MK-ya müraciət etdilər. Yalançı vədlər verildi, heç bir tədbir görülmədi. Ardınca növbəti qanlı hadisə baş verdi.

1991-ci il yanvarın 9-da yenidən həmin yerin yaxınlığında (bu yerlər bütövlükdə erməni məntəqələrinin əhatəsində idi) kəndə gələn UAZ markalı avtomaşın erməni quldurları tərəfindən atəşə tutuldu. Bir nəfər – 4 uşaq atası Bayramov Soltan Rəşid oğlu öldürüldü və 4 nəfər yaralandı. Yaralılardan Səmədov Nemət Əsgər oğlu və Əzizov Əfqar Musa oğlu sonralar aldıqları yaralardan dünyalarını dəyişdilər.

1991-ci ilin martın 2-də kəndin ətrafinda 2 nəfər vəhşicəsinə qətlə yetirildi-Hüseynov Zülfüqar Dəmir oğlu, Quliyev Ələkbər Məmməd oğlu. Bir qədər sonra 1991-ci il iyunun 28-də kəndi dörd bir tərəfdən atəşə tutdular. Üç saata yaxın davam edən atışmada bir neçə yaşayış evi yandırıldı. Atəş səngiyəndən sonra kəndin kənarındakı fermada, Vərəndəli adlanan yerdə güclü atışma səsləri eşidildi. Hadisə yerinə gələnlər daha bir qanlı terror hadisəsinin şahidi oldular. Fermada olan 6 nəfər-3 kişi və 3 qadın ermənilər tərəfindən diri-diri yandırılmışdı.

Növbəti qanlı terror hadisəsi Prezident seçkisi günü-8 sentyabr 1991-ci il tarixdə baş verdi. Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunda pusquda durmuş erməni quldurları tərəfindən güclü atəşə tutulur və avtobus güllələrdən deşik-deşik olur. Avtobusda olan 40 nəfərə yaxın adamdan 2 gənc oğlan, 6 qadın qətlə yetirilir.

Yenə də kənd sakinlərindən ibarət nümayəndə heyəti Ayaz Mütəllibovun qəbuluna gedir, böyük çətinlikdən sonra onun qəbuluna düşürlər. O, saxta vədlər verərək gedənləri geriyə yola salır. Müsibət də elə həmin vaxtdan sonra başlandı. Cəzasız qalan ermənilər daha da azğınlaşaraq növbəti qanlı planlar hazırlayır və həyata keçirirdilər. Bu tarixdən etibarən kəndə gediş-gəliş mümkün olmurdu. Ermənilə isə get-gedi daha da quduzlaşırdı.

1992-ci il yanvarın 8-də kəndin yaxınlığında Böyük Vətən Müharibəsi iştirakçısı Əliyev Qasım Hüseyn oğlu vəhşicəsinə qətlə yetirildi. 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı. Həmin gün Milli Ordumuzun döyüşçüsü, 23 yaşlı Məzahir Gülverdiyev ağır döyüşdə şəhid oldu. Kəndin qonşuluğunda olan Xocavənd kəndi 1991-ci il dekabrın 19-da işğal edildi. Kəndə yaxın olan Malıbəyli kəndi isə 1992-ci il fevralın 12-də yandırıldı. Hamıya aydın oldu ki, növbəti hədəf Qaradağlıdır. Bütövlükdə 20-ə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi keçmiş Martini və Stepanakert yolunun üzərində yerləşirdi. 4 il 4 ay bu yoldan ermənilərin gediş gəlişi kəsilmişdir və ermənilər digər erməni kəndlərindən salınmış yoldan istifadə edirdilər. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün hər dəqiqə yaxınlaşırdı. Ağdamda olan kənd sakinləri özlərini oda-közə vursalarda respublika rəhbərliyi kömək etmir, insanları yalançı vədlərlə aldadırdılar. Düşmən isə çirkin niyyətlərini həyata keçirmək üçün yeni planlar hazırlayır, qurbanlar axtarırdı. 

1992-ci il fevralın 14-də kəndin bütün yolları kəsilmişdi. Həmin vaxt 104 nəfər  kənd sakini və 14 əsgərimiz demək olar ki, son anlarını yaşayırdılar. Ermənilər fevral ayının 14-də hücuma keçdilər. Kənd güclü atəşə tutuldu. Kənxurd (mənfur Zori Balayanın anadan olduğu kənd) Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ninqi-Xankəndi və digər erməni kəndləri istiqamətində xarici muzdluların, Xankəndidə yerləşən keçmiş Sovet ordusunun 366-cı alayın texnikasından və canlı qüvvəsindən istifadə edən ermənilər köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdilər. Az miqdarda sadə silahlarla təmin olunmuş qaradağlılar 14 nəfər Milli Ordunun əsgəri ilə birlikdə amansız və qeyri- bərabər döyüşə girdilər.  Qarşıda iki yol dururdu: Şərəfli ölüm və ya təslim olma. Onlar birinciyə üstünlük verdilər. Bu yolu seçən qaradağlılar  son patronlarına qədər 4 gün döyüşdülər. Döyüş vaxtı onlarla erməni yaraqlısı məhv edildi. Silah sursatı tükənən soydaşlarımızı sonda ermənilər əsir götürdü.

Hadisələrin şahidlərini dinləyək. Qaradağlı kənd sakini İlqar Əliyevin dediklərindən:

– Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfəri öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kəndin yaxınlığındakı Bəylər bağı adlanan yerdə “silos” quyusuna töküb üzərini torpaqladılar.  Həmin vaxt ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular.

Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq.

İ.Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb:

–Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndində həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi.

Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb:

– Mən fevralın 17-də əsir götürüldüm. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər.

O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:

– Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər. Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi.

O.Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara Ermənistanın keçmiş  prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.

Bütün bu deyilənlər Qarabağ dərdli məmləkətimizin kiçik bir dağ kəndində üzləşdiyi qanlı faciədir. Dörd il ərzində hər gün Qaradağlı kəndi ermənilərin hücumuna məruz qalmış, hər gün kənddə, demək olar ki, bir qanlı hadisə törədilmişdir. 17 fevral 1992-ci il tarixdə Qaradağlının işğalı günü kənddə 118 nəfər olmuşdur ki, onların hamısı əsir götürülmüşdür. Onlardan 104 nəfəri Qaradağlı kənd sakini olmuşdur. Bunlardan 54 nəfəri öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. 14 nəfər Milli Ordunun əsgərindən 12 nəfəri öldürülmüş, 2 nəfəri isə girovluqdan azad edilmişdir. Bu hadisələr zamanı 10 qadın, 8 məktəbli qətlə yetirilmişdir. İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyalarla birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana və çoxlu sayda digər obyektlər dağıdılmışdır. Kəndin  sağ qalan sakinləri məcburi köçkün düşmüşdür. 2 ailənin hər birindən 4 nəfər şəhid olmuşdur. 42 ailə başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır.

 





26.02.2013    çap et  çap et