525.Az

“Birləşmiş Ərəb Əmirliklərində yaşayan həmvətənlərimiz çox fəaldırlar”


 

“Birləşmiş Ərəb  Əmirliklərində yaşayan həmvətənlərimiz çox fəaldırlar”  Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız müxtəlif istiqamətlərdə həyata keçirdikləri tədbirlərlə Azərbaycanın təbliği istiqamətində mühüm addımlar atırlar. Bu gün öz fəallığı ilə seçilən diaspor təşkilatlarından biri də Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətidir. Müsahibimiz cəmiyyətin sədri Samir İmanovdur.   

– Azərbaycan xalqı öz vətənini çox sevən xalqdır, xüsusən də insan vətənindən kənarda yaşayanda bu hisslər bir qədər də artıq olur. Biz ölkəmizdən kənarda fəal təbliğat işləri və tədbirlər vasitəsilə Azərbaycan haqqında dünya ictimaiyyətinə məlumat verməyə çalışırıq.Bu ölkədə cəmiyyətimiz tərəfindən hərtərəfli təbliğati işlər aparılır. Hər il 50-dən artıq yerli nazirlik və komitələrdə rəhbərlərlə görüşlər keçirilərək onlara Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən inkişaf, bütün sahələrdə əldə edilən uğurlar haqda məlumatlar verilir. Nəzərə alsaq ki, hər göruşdə 10-a yaxın dövlət rəsmisi iştirak edir, bu, il ərzində tərəfimizdən neçə dövlət rəsmisinin şəxsən məlumatlandırılmasının göstəricisidir. Bildiyiniz kimi, Azərbaycanın uğurları, tərəqqisi və Qarabağ problemi ilə bağlı müsahibələrim və məqalələr davamlı olaraq yerli dövlət və qeyri-dövlət qəzetlərində dərc edilir. Bu qəzetləri təkcə BƏƏ deyil, ümumiyyətlə, milyonlarla insan oxuyur. Ən əsası isə odur ki, burada yaşayan həmvətənlərimiz çox vətənpərvər və fəaldırlar. İşlədikləri, təhsil aldıqları yerdə Azərbaycan həqiqətlərini maksimum dərəcədə ətraflarında olan müxtəlif xalqların nümayəndələrinə çatdıraraq ölkəmizi təbliğ edirlər. Bu tədbirlərin və təbliğat fəaliyyətinin daha da güclü və yüksək müstəvidə aparılması üçün cəmiyyətimizin dövlətin hər cür dəstəyinə ehtiyacı var. 

– Orada bu gün həm cəmiyyət, həm dövlət səviyyəsində Azərbaycana münasibət necədir? 

– Azərbaycana münasibət ümumilikdə yaxşıdır. Qeyd etdiyim kimi, aparılan işlər nəticəsində istər burada yaşayan çoxmillətli cəmiyyətin, istərsə dövlət rəsmilərinin Azərbaycana münasibətini düzgün istiqamətləndirə bilmişik. Dövlət qurumlarında çalışan yerli vətəndaşların Azərbaycana turist qismində gəlmə sayına nəzər salsaq, bunun necə inkişaf etdiyinin şahidi olarsınız. Ümumiyyətlə, çoxsaylı görüşlərdə təbliğat işləri ilə bərabər qarşı tərəfə Azərbaycana səfər edilməsi də təklif edilir və növbəti təkrar görüşlərdə o insanlar Azərbaycanda olduqlarını böyük sevinc hissi ilə qeyd edərək gəzdikləri yerlərin, daddıqları milli təamlarımızın adlarını tam dəqiqliklə deyirlər. Bu cür təbliğat işlərimizlə sevinməyə bilmərik. Son aylar Azərbaycana turist kimi və digər məqsədlərlə gəlmiş insanlar artıq özləri həmkarlarına oraya səfər etməyi tövsiyə edir, Azərbaycanda harada və necə gözəl vaxt keçirmək haqda məsləhətlər verirlər. Tam əminliklə qeyd etmək istəyirəm ki, Dubayın Milli, Dini və Xeyriyyə Nazirliyi ilə etdiyimiz mütəmadi əməkdaşlıq və qurduğumuz isti münasibətlərin nəticəsi olaraq son bir il ərzində Azərbaycanın məcburi qaçqın və köçkünlərinə Dubayda qeydiyyatdan keçmiş cəmiyyətlər tərəfindən bir milyon dollardan artıq yardım edilib. Öncəki illərin rəqəmlərini yoxlasaq, bunun ildə 3 min dollardan artıq olmadığının şahidi olarıq. Cəmiyyətimiz Azərbaycan-BƏƏ əlaqələrinin bütün sahələrdə ugurla inkişaf etməsi sahəsində çoxlu işlər görür. Mən görüşlərdə və tədbirlərdə yerli dövlət rəsmilərinə çoxlu sayda kitablar və broşürlər təqdim edirəm. Bu kitabların çoxu Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən göndərilib. Xahiş edirəm ki, digər dövlət qurumları da mütəmadi olaraq hazırladıqları ədəbiyyatları cəmiyyətimizə göndərsinlər. Dövlətin dəstəyi olmadan dünya azərbaycanlıları güclü ola bilməz. Onu da deyim ki, “Eurovision” müsabiqəsi öncəsi burada yaşayan həmvətənlərimizlə yanaşı yerli ərəblər də müsabiqəni izləmək üçün Azərbaycana səfər etmişdilər. 

– Bu gün dünyanın hər yerində, xüsusi ilə ərəb ölkələrində güclü erməni diasporu formalaşıb. Bu barədə nə deyə bilərsiniz? 

– Bəli, bu, doğru fikirdir. Yüz illərdir ki, ərəb ölkələrində, o cümlədən Misir, Suriya, Livan, Küveytdə böyük və güclü diasporları formalaşıb. BƏƏ-də 10 minə yaxın erməni yaşayır. Amma bizim apardığımız məqsədyönlü iş nəticəsində vəziyyəti xeyrimizə dəyişə bilmişik.  Görüləsi işlərimiz hələ çoxdur və biz dayanmadan bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Çünki xaricdə Azərbaycan diasporu nə qədər güclü olsa, lobbi quruculuğu işi surətlənsə, bu ölkəmizin daha da güclənməsi, düşmənlərimizə qarşı daha fəal mübarizə aparmağımıza gətirib çıxaracaq. 

PƏRVANƏ 
 





26.09.2012    çap et  çap et