525.Az

Britaniyalı bəstəkar Xocalı haqqında məqalə yazıb- Mətn


 

            Britaniyalı bəstəkar Xocalı haqqında məqalə yazıb- <b style="color:red">Mətn</b>

Tanınmış britaniyalı bəstəkar Rober Hugill dünya klasik musiqisindən yazan www.planethugill.com (http://www.planethugill.com/2013/02/khojaly-613.html) saytında Xocalı haqqında məqalə dərc edib.

525.az-ın məlumatına görə, sözügedən məqalədə Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə fransalı bəstəkar Piyer Tiloyun  Xocalı faciəsinə həsr edilmiş “Xocalı 613” əsəri haqqında bəhs olunur.

Xocalı  613

1992-ci ildə Xocalıda törədilmiş qırğın əlahiddə bir sirr deyil. Belə  ki, əgər siz bu hadisə ilə əlaqədar “Google” axtarış portalına müraciət etsəniz, çoxlu informasiya əldə edə bilərsiniz. Bu hadisənin kökləri Azərbaycanla Ermənistan arasında onların sərhəd rayonlarından biri üzərində hələ də davam etməkdə olan münaqişəyə gedib çıxır.

1992-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi olan, 613 dinc azərbaycanlının həyatını itirməsi ilə nəticələnən bu hadisə necə oldusa Qərbi Avropanın kütləvi şüurunda itib-batdı. Bu xatirələri təzələmək üçün Avropa Azərbaycan Cəmiyyəti bəstəkar Pier Tiloyun Qərb klassikası ilə Azərbaycan musiqi ənənələrini birləşdirən yeni əsərinin premyerasının da daxil olduğu bir neçə konsert təşkil edib. Bu əsərin premyerası fevralın 21-də Parisdə olacaq, sonra isə təkrar konsert fevralın 26-da Londonun Müqəddəs Con Smit meydanında keçiriləcək. Orion orkestrinin müşayiəti ilə keçiriləcək konsertə görkəmli bəstəkar Lorent Petitgirard dirijorluq edəcək, skripkada Sabina Rakçeyeva və balabanda Şirzad Fətəliyev ifa edəcək.

Onların birgə məşqlərinin birindən əvvəl skripkaçı Sabina Rakçeyeva, dirijor Lorent Petitgirard və bəstəkar Pier Tiloy ilə konsert haqqında söhbət etmək imkanımız oldu.

Bəstəkar Tiloy ilə əməkdaşlıq etmək təşəbbüsü Xanım Rakçeyevadan gəlib. Tiloyun Azərbaycan mədəniyyəti və xalqı barədə müəyyən bilgilərə  malik olduğunu bilən, Azərbaycanda anadan olmuş, lakin Londonda yaşayan Rakçeyeva onunla münasibətlər qurur. Tiloy deyir ki, ildə iki-dörd dəfə Azərbaycana səfər etməklə 12 ildən çox Azərbaycanda fəaliyyət göstərmişdir. Əslində o, Fransanın Azərbaycandakı səfirliyində bir ay vaxt keçirməli imiş. Lakin elə alındı ki, o, 3 il orada qalmalı oldu. Bu müddət ərzində o, özünə çoxlu dost qazanıb və musiqişünaslarla tanış olaraq Azərbaycanın muğam adlanan musiqi üslubunun prinsiplərinə yiyələnib.
Onun skripka, balaban, zərb musiqi alətləri və  simli orkestr üçün bəstələdiyi “Xocalı 613” adlı  yeni əsəri qərb klassikasının Azərbaycanın ənənəvi musiqisi ilə vəhdət təşkil edir.  Balaban tut ağacı və ya bərk taxtadan hazırlanmış, ucuna ikiqat yastı qamış müştük keçirilən milli Azərbaycan musiqi alətidir; balabanda ifa edərkən ifaçı dövri nəfəsvermə üsullarından istifadə edir. Tiloy balaban ilə qərb klassik musiqisini birləşdirməyin çətinliklərindən söz açarkən şərh edir ki, Azərbaycan musiqi ənənələri yazılıdan çox sırf şifahi ritmlər üzərində qurulur. O, milli ifaçılarla əməkdaşlığı hansısa bir qapını açmağa bənzədir və bu qapını açarkən sən qarşındakına güvənməlisən və bu etimad mühiti özünü daha çox qonaqlıq zamanı büruzə verir. O düşünür ki, onun əsəri iki dünya arasından üçüncü bir dünyaya qapı açır.

Bəstəkar faciədən bəhs edərkən qeyd edir ki, bu əsər heç də asan olmayan bir mövzuya müraciət edir. Tiloyun fikrincə, kədəri incəsənət əsərinə çevirmək  bəstəkarın işidir. Həmçinin, bu ölkə ilə 12 il təmasda olub onun bu ağrılı probleminə toxunmamaq qeyri-mümkündür. Bu məsələ Azərbaycanda heç bir ailədən yan ötməyib. Baxmayaraq ki, problemin mənşəyi diplomatik və siyasidir. Tiloy hesab edir ki, incəsənət vasitəsilə bu problemləri yumşaltmaq və barışmaq mümkündür. Tiloy bu münaqişəni Fələstinlə İsrail arasındakı məsələyə bənzədir və ümid etdiyini bildirir ki, incəsənətlə musiqinin vəhdəti Azərbaycanla Ermənistan arasındakı mövcud olan vəziyyətə nəsə bir yenilik gətirəcək.

Dirijor Lorent Petitgirardla söhbət zamanı  onun, barışığa tərəfdar olması hisslərini gizlətmədi. O deyir ki, musiqi ilə ifanın birləşməsi insanda dəhşətli hadisələri unutmağa və gələcəyə ümid etməyə kömək edə bilər. Petitgirard Kolon orkestrinin dirijorudur. O, Kolon orkestrinin Parisdə keçirilən konsertində Azərbaycandan gələn musiqiçilərə dirijorluq etmişdir. Bu tədbirin mühüm cəhətlərindən biri də o idi ki, Petitgirardın orkestrində erməni musiqiçilər də var idi.  Bu fakt da musiqinin insanları bir araya gətirməyə qadir olmasının sübutudur.
Petitgirardın müasir musiqi ilə olan əlaqələri və onun yeni əsərlər yaratmağa olan həvəsini nəzərə alaraq, onu bu konsertdə iştirak etməyə dəvət etmişlər. O, klassik musiqinin Azərbaycanda inkişaf etdirilməsinin tərəfdarıdır. Maestro oradakı gənc klassik musiqiçilərin parlamasından, Azərbaycanın birinci xanımının mədəniyyətə olan dəstəyindən danışdı. Belə dəstəyin olması sayəsində istedadlı musiqiçilərdən ibarət kiçik qruplar böyük qruplara çevrilə bilər.

Bu konsertdə Azərbaycanın musiqi elementləri təkcə Tiloyun əsərində əks olunmur. Proqrama daxil olan digər əsas əsər isə Azərbaycan bəstəkarı Fikrət Əmirovun (1922-1984) “Nizami” simfoniyası olacaq. Fikrət Əmirov Sovet dövründə məşhurlaşıb. O, on ikinci əsr Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr etdiyi “Nizami” simfoniyasını 1947-ci ildə yazıb. Fikrət Əmirov qərb klassik üsulu ilə Azərbaycan muğamını sintez edən simfonik muğam kimi tanınan üslubun banisidir.

Petitgirard əvvəllər də Fikrət Əmirovun əsərlərini ifa edən orkestrlərə dirijorluq etmişdir.  O, gənc azərbaycanlı pianist ilə  Əmirovun piano konsertosunu lentə almaq niyyətindədir. Maestro “Nizami” simfoniyasını orkestr üçün çoxlu virtuoz keçidlərə malik şah əsər hesab edir və onu Barber və Şestakoviç kimi bəstəkarların əsərləri ilə eyni səviyyədə görür. Əmirovun çox da tanınmamasının səbəbini soruşanda isə o, qeyd etdi ki, bunun Fikrət Əmirovla əlaqəsi yoxdur. Sadəcə məsələ burasındadır ki,  20-ci əsrin ortalarında yaşamış Martinu və Honegger kimi digər təsirli yazıçılar da bu cür haqsızlıqdan, qismən də avanqard yanaşmanın keçmiş təsirlərindən əziyyət çəkmişlər. Lakin bizim yaşadığımız bu çoxparametrli əsrdə ümid edirəm ki, Əmirov kimi bəstəkarları yenidən qiymətləndirməyə başlayacağıq.

Konsertin proqramına Elqarın “Giriş  parçası” və “Simli alətlər üçün Alleqro”  əsəri də daxildir. Petitgirard müxtəlif dövrlərdə simli orkestr üçün yazılmış bu üç əsərin kombinasiyasını yüksək dəyərləndirir və Elqar və Əmirovun şah əsərləri ilə bəşər faciəsinə Tiloy tərəfindən verilən müasir cavab arasındakı təzadlardan zövq aldığını bildirir.
Konsert haqqında əlavə məlumat əldə etmək üçün Avropa Azərbaycan Cəmiyyətinin internet səhifəsinə baş çəkə bilərsiniz: www.teas.eu

 





26.02.2013    çap et  çap et