525.Az

Pakistanın Preston Universitetində “Azərbaycanda Xocalı soyqırımı” adlı konfrans keçirilib (Fotolar)


 

Pakistanın Preston Universitetində “Azərbaycanda Xocalı soyqırımı” adlı konfrans keçirilib<b style="color:red"> (Fotolar)</b>

Xocalı soyqrımı ilə əlaqədar Pakistanda keçirilən silsilə tədbirlərin davamı olaraq bu gün Preston Universitetində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş “Azərbaycanda Xocalı soyqırımı” adlı konfrans keçirilib.

Pakistanın Azərbaycandakı səfirliyindən 525.az-a verilən məlumata görə, tədbirdə Pakistanın xarici işlər üzrə dövlət naziri Əhməd Malik Navabzadə, Senatının Xarici Əlaqələr Komitəsinin sədri Hacı Adil, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Preston, Milli Müdafiə, Qayde Azam, Müasir Dillər, Zülfüqar Əli Bhutto Universitetlərinin rektorları, Türkiyə, Bolqarıstan, Ukrayna, Özbəkistan, İraq, Qazaxıstan, Tacikistanın və digər ölkələrin səfirləri, Türkiyə və Pakistanın  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
 
Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib.
 
Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında məlumatlandırmışdır. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində  Dağlığ-Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal  nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü bildirib. Professor A.Basit 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.
 
Preston Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı professor Sohail Məhəmməd, Xocalı soyqırımı ilə əlaqədar nümayiş etdirilən sənədli filmi ürək ağrısı ilə izlədiyini qeyd edərək, insanlığa sığmayan bu hadisələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə edildiyini bildirib və soyqırımın fəal  iştirakçılarından biri olan Ermənistanın indiki prezidenti S. Sərkisyanın  dediyi “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmamağımız haqqında stereotipi qırdik” sözləriin buna sübut adlandırıb.
 
Asiya Sivilizasiyaları Assosiasiyasının Prezidenti, Müasir Dillər Universitetinin dekanı professor Qureyşi, öz çıxışında, Xocalı soyqırımı haqqında danışaraq, dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklərin alman faşistlərinin cinayətlərini kölgədə qoyduğunu vurğulayıb. Natiq Xocalı dəhşətlərinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, bəzi nəşrlərdən  sitatlar gətirib. Professor, mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini qeyd edib, Xocalı qurbanlarının ailələrinə Ermənistan dövləti tərəfindən təzminat ödənilməsinin vacibliyini bildirib.
 
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək  Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat verib, bu soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyini bildirib. Səfir, Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, həmçinin fevralın 1-də Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib.
 
Tədbirin sonunda, Ali Qonaq qismində iştirak edən Pakistanın Xarici İşlər üzrə Dövlət Naziri Navabzadə Malik Amad Xan konfransın mövzusu Xocalı soyqırımı haqqında danışıb, ermənilərin törətdiyi aktın beynəlxalq hüquq prinsiplərinə tam zidd olduğunu vurğulayıb. Nazir, Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan torpaqlarını işğal etdiyinə görə ölkəsinin Ermənistanı tanımadığını bildirib. Navabzadə Pakistanın Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini bildirib, bu dəstəyin işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib. Natiq, Pakistan senatının Xocalı soyqırımını tanıdığını qeyd edərək, digər ölkələri də bu addımı atmağa çağırıb.
 
Konfransın rəsmi hissəsindən sonra, Xarici İşlər üzrə Dövlət Naziri və Senatın Xarici Əlaqələr Komitəsinin Sədri Türkiyənin TRT Türk, həmçinin Pakistanın yerli kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışmış, cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayıblar. Onlar bildirib ki, bu kimi hadisələrin gələcəkdə də  təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.
 
Konfransdan sonra, Pakistanın Bari İmam məscidində Xocalı soyqrımı şəhidlərinin ruhuna ehsan verilib, dualar oxunub.

 





26.02.2013    çap et  çap et