525.Az

Dərdimin tərcümanı – Xocalı


 

Dərdimin tərcümanı – <b style="color:red">Xocalı</b>

Mina RƏŞİD
 
Bu fevral ayında...
 
...Bu gün (5 fevral) sərhəd bölgəmizdən iki Vətən oğlunun şəhid olması xəbərini aldıq. Dəfələrlə olduğu kimi yenə sözdə “atəşkəs” deyilən bir dövrdə istər hərbçi, istərsə də dinc əhalimizin düşmən gülləsindən şəhid olması, yaralanması faktı danılmazdı. Elə yaxın illərdə Ağdamın sərhəd kəndində 11 yaşlı Fariz Bədəlovun ölümünü necə unutmaq olar?.. Bu həm də düşmənlə üz-üzə mücadilədə sinəsini sipər edən bir ailənin facisidi. Budurmu “atəşkəs”?...

...Bu gün iki gənc Vətən oğlunun şəhid olması xəbəri yenə ox kimi ürəyimə sancıldı... İki nər kimi övladımız analarının üstünə yollandı şəhid kimi. “Vətən sağ olsun”, deyirik, ürəyimiz parçalana-parçalana.

...Bu gün adından belə dəhşət yağan fevral ayının bir gününü yaşayırıq. Xocalıda körpələri qanına qəltan edən o bic, vəhşi, nankor “qonşu”nu yenə Allaha tapşırıram. Ağdamda atamı öldürən, sonra Bərdədə dəmir vaqonun içində cavan yaşında anamı çərlədib öldürən o yağını yenə Allaha tapşırıram...

...Bu gün fevral ayının içində yaddaşım dillənir sanki. Ağdamın Qiyaslı kəndində, qonşu həyətdən xanəndə Şahmalı Kürdoğlunun bənzərsiz avazı gəlir qulağıma. Amma çox çəkmir ki, qucağında al qanına bələnmiş balaca Şahmalı, özünü küçəyə atan xanəndənin həyat yoldaşının tükürpədən naləsini eşidirəm... Ata-bala şəhid olurlar gözlərimizin önündə...

...Həmin gün evimizin üzərindən neçə mərmi keçmişdi, görəsən? Mərmi dedim yadıma nə düşdü? Bir dəfə evdə üzərində açarı hazır qoyulmuş qumbaranı bilmədən əlimə götürmüşdüm. Elə bildim indi əlimdə partlayacaq, yerə qoysam da partlayacaq, düşünmüşdüm... Elə kənddə yaxınlıqda 13-15 yaşlarında, üç bacının bir qardaşı qumbara ilə oynayanda parça-parça olmamışdımı? Uşaqlarımız müharibə havasına mərmilərlə oynayanda, böyüklərimiz döyüşçüsü bir yana elə qadın və qocası da o qədər düşmən gülləsinə tuş olurdu ki... Kənddə hər gün ölən və yaralananların olduğunu eşidir, ya da elə özümüz bunun şahidi olurduq.

...Bu gün qonşumuz döyüşçü Arifin heç vaxt unutmadığım səsi gəlir qulağıma. Bir dəfə anamın yanından Bakıya gələndə vaqonda onu anasıyla birgə gördüm. Yaralı idi, qospitala gedirdi. Yaraları yaman göynədirdi, hərdən elə inildəyirdi sanki ağı deyirdi qanı hopmuş Vətən torpağına... Adam belə əzabları yaşayanda, onu qanında, canında hiss edəndə unudur həyatda çox duyğusal, sentemental olmağı... Sızıldamaqdan zəhləsi gedir, elə hayqırmaq istəyir ki, düşmənin bağrı çatlasın...

...Kiçik qardaşım müharibənin o qızğın vaxtlarında hərbi xidmətdə idi. Döyüş zamanı duman çəkiləndə bir də yoldaşları ilə birgə görür ki, düşmən əhatəsinə düşüblər. Ayağından və qolundan yaralanır. Uzağa getməyə ürəyi gəlməyən, o dəmir vaqonun içinə sığınıb oradan Ağdamın havasını alan anam xəbəri eşidəndə çaşır. Soruşur ki, ayaq üstdə dura bilirmi? Bundan əvvəl də böyük oğlu yaralanmışdı axı, indi o, sağalıb yenə ön cəbhəyə getmişdi...

...Bu gün o ikinci qrup müharibə əlili olan qardaşım doğma Ağdamda kirayə ev tutub yaşayır. Ondan ki, Ergidə salınmış qəsəbənin yolları könlümüz kimi cadar-cadardı...

.... Bu gün bu qanlı fevral ayında yaşadıqlarımızı, başımızdan keçənləri düşünərkən yenə o fikrə gəlirəm ki, bizim çəkdiklərimiz XOCALI FACİƏSİnin yanında nədir ki? Atamın şəhid olması o körpələrə verilən işgəncə qədər məni yandırmadı heç. Məndən böyük bacılarımdan biri deyir ki, Xocalı müsibətinin baş verdiyi gecənin səhəri qırmızı qar yağdığını gözlərimlə görmüşəm. Düzü, təəccüblənsəm də inandım...

...Bu fevral ayında fəqət içimizdən və çölümüzdən bizi vurmağa həmişə hazır olan düşmənlərin önündə Azərbaycanımız unudulmaz, möhtəşəm bir tarixə imza atdı. İLK MİLLİ PEYKİMİZ orbitə buraxıldı və 11 dünya ölkəsindən biri kimi qürur günümüzün sevincini də yaşadıq...

...Bu fevral ayında doğma qəzetimizdə dərdimin tərcümanı –XOCALI adına yazılmış bu qanlı şeirimin də çap olunmasını istədim. Dərdimiz təzələnsin deyə... Daşına-qayasına, havasına- suyuna “Qarabağ şikəstəsi” hopan yurdumuzda düşmən balasına layla deyilməsinə dözmək olarmı?
Dərdimin tərcümanı – Xocalı
...Bu gün bu qanlı fevral ayında uşaqların üzünə baxıram... Xocalıda qanına qəltan edilmiş körpələri  düşünürəm. Bəs Siz necə?...
 
XOCALI SOYQIRIMI
 
Ağappaq qar üstünə,
Qanı səpilmiş balam.
Gün görməmiş gözləri,
Aman... tökülmüş balam.
 
Anası saçlarından,
Göydən asılı qalmış.
Atası “VƏTƏN” deyə,
Düz ağzından atılmış.
 
Babası – buz heykəli,
Torpaq üstə yıxılmış.
Nənəsi havalanıb-
Dili-ağzı tutulmuş.
 
Bacısı, qardaşları,
Qıyma-qıyma doğranmış.
Utansın belə dünya-
Zülmü artıq ağ olmuş.
 
Bir oba –bir məzarlıq,
Bütün nəsil qırılmış.
“UNUTQANIQ” deməkdən,
Demə, dilim yorulmuş...
 
Biz elə unutqanıq,
Tarix bunu unutmaz.
Türkün əzəl düşməni-
Türkə heç vaxt dost olmaz
Türkə heç vaxt dost olmaz...

 

 





26.02.2013    çap et  çap et