525.Az

Yay sərgüzəştlərindən məktublar


 

Yay sərgüzəştlərindən məktublar Birinci məktub

Amerikada yaşayan qızım Günay oğlu Pərvizlə Bakıya gəlmişdilər. İyul ayını qaldılar. Amma Bakıya gəlməmişdən qarşımızda şərt qoymuşdular ki, qayıdanda biz də, yəni mən, Pərvizin nənəsi Roya xanım (adı Royadır, lakin təmiz azəri türküdür) bir də balaca Fikrət Qoca onlarla Amerikaya gedəcəyik. Söz vermişdik. Avqust ayını orada olduq. Mənim də şərtim belə idi ki, mən xanımımla oteldə qalacağam. Balaca Fikrət barədə söhbət ola bilməzdi, onların bir yaş fərqi var. Qardaş kimi böyüyüblər. Evlərindən 15 km məsafədə, “Klarion” otelində mənə yer sifarişi etmişdilər. Bura İndiana ştatının, İndianapolis şəhəridir. Əslində bu şəhər çox böyük ehtiyatla ağaclara zərər verməmək üçün, necə deyərlər, ayaq barmaqları üstə meşəyə girib, evlər meşənin – təbiətin bir parçası olub. Hər ev qarşısında özünə münasib göl yaradıb. Yaxud silsilə evlər uzun və enli lal axan çaya bənzər süni göllər yaradıb. Göllərdə dəstə ilə vəhşi ördəklər, vəhşi qazlar üzür. Ağaclarda dələlər yaşayır, gəzir. Elə ilk baxışdan onların ev sahibi olduğu nəzərə çarpır. Hərdən vəhşi ördəklər, dələlər qonşusu insanın süfrəsindən də pay umur, yaxına gəlir, təmkinlə təklif gözləyirlər. Xülasə təbiətlə insan, insan evi arasında çəpərlər, qalalar tikilməmişdi. Otel də balıqların, quşların qonşuluğunda, nəhəng bir gölün sahilində idi. Bu göl də süni yaradılmışdır. Otelin ətrafında qalaça yapılmamışdı. Yola da, meşəyə də, gölə də açıq idi. Günaygilin evinin arxasından yol keçir, qarşısında göl var. Çəpəri, qalaçası yoxdur. Yol tərəfdə əkdikləri güllərin ətrindən, rəngindən gəlib keçən insanlara, maşınlara pay düşür. Burda evlər, tikililər hamısı belədir. Bəs bunların niyə hasarı yoxdu? Ağ kubik daşlardan üç metr hündürlükdə, heç olmasa iki metr hündürlükdə hasarı niyə yoxdu? Qorxmurlar? Bəyəm biz qorxuruq? Yox, biz də qorxmuruq. Bəs biz niyə tikirik? Bu niyənin cavabını bilən var? Tikdiyin evdən beş dəfə artıq daş əraziyə çəkdiyin barıya işlənir. Bəzisi bununla da kifayətlənmir, hasarın üstünə şüşə qırıqları düzür, tikanlı məftil çəkir. Bir sözlə, hərə özünə bir türmə tikib oturur içində. Xülasə, bu başqa bir mövzudu. Hələ 1960-cı illərdə bununla bağlı geniş bir məqalə yazmışdım. O zaman indiki Filarmoniya bağı dəmir barmaqlıqlar arxasından azad oldu. Bu vaxta kimi çəpərsiz olduğuna görə bağın başına heç bir bəla gəlməyib. Əksinə, indi daha da gözəl olub. Görənlərin gözü sevinir. Tikdiyiniz ev də, həyət də, elə özünüz də çox gözəlsiniz, qoyun bu gözəlliyi görsünlər. 

İndiananın, xüsusilə İndianapolisin yerli əhalisi əsasən amerika hinduları olub. Günayın həyat yoldaşı Genrum Corc da onlardan biridir. Təqaüddə olan dəniz piyadasıdır. Dövlət onlara xüsusi qayğı göstərir. İndianada elə ilk gündən, lap elə ilk andan mənə elə gəldi ki, illərlə tanıdığım insanlar arasındayam. Kimə baxırsan üzünə gülümsəyir, salam verir. Bir söz soruşsan köhnə tanış kimi dayanıb gülə-gülə bilirsə mehribanlıqla cavab verir, izah edir. Bilmirsə elə həmin təbəssümlə bilmədiyinə görə üzr istəyir. Yox deyən adamdan da səndə yaxşı bir təəssürat qalır. Onların səbrli, təmkinli hərəkəti hərdən məni darıxdırırdı. Adətən maşınla gəzirdik. Sürücü “svetafor” olmayan yerdə uzaqdan gələn maşını görüb dayanır, gözləyir, o gəlib keçəndən sonra yola çıxır. Mən və mənim həmyerlim sürücülər o vaxt ərzində üç dəfə o yola çıxıb geri də qayıda bilərdilər. Vaxt gözləmir deyirlər, amma “tələsiyən təndirə düşər” el misalı da var. Neyləyim, müqayisə eləməyə bilmirəm. Elə bu yaşımda gəzməyimiz də ona görədir ki, müqayisə edə bilim. Bir dəfə Bakıda ayağımı tapdayıb tələsik yanımdan keçənin qolundan tutdum.     

– Hə! Nədi?! – deyib tərs-tərs mənə baxdı.     
– Hara tələsirsən, ay bala? – dedim.     
– Gediram da... Neynirsən? –      
– Görmürsən gəzirəm?! – deyib qolunu əlimdən çəkdi. Qabaqda gedən başqa birini yana itələyib yola düzəldi. Sən demə, kişi gəzməyə çıxıb. Gəz qardaş, amma ayağımızın və əsəblərimizin üstündə gəzmə. Bu gözəl bulvara bax, görmədiyin güllərə, çiçəklərə bax. Axı sən dünyanın ən gözəl bulvarlarından birində gəzirsən. Bu gözəlliyə layiq tərzdə gəz!      Nə isə... Orada olduğum bir ay ərzində İndianapolisdən əlavə, İndiananın özündə, Çikaqoda, İndiananın Bloominqton  tələbə şəhərində də olduq. Mənim orada olduğumu bilən Bloominqton universitetinin müəllimi Şəhriyar Danışqar mənə zəng edib universitetdə keçirilən festivala dəvət etdi. 

Biz festivalın konsertinə getdik. Zəngin proqram tutulmuşdu. Bir çox dillərdə populyar mahnılar səsləndi. Bir çox xalqların musiqi alətlərində ifa edən müəllim və tələbələrdən ibarət ansambl məharəti ilə tamaşaçıların alqışlarını qazandı. Şəhriyar həm konferansı, həm də ingilis, fars, azərbaycan dillərində yeri gəldikcə mahnılar oxudu. Mən konsertdən sonra qalmadım, axşama İndianapolisdə görüşüm vardı. Səhər Şəhriyar dalımca gəldi. O mənə universitet şəhərini, kitabxanasını, muzeyini, küçələrini, parklarını, aşbazı, xidmətçiləri, müştəriləri tələbələr olan restoran və kafeləri göstərdi. Elə sadaladığım kimi tələm-tələsik gəzdik. Öyrəndim ki, universitetin qırx altı min tələbəsi var. Bunlardan on mini xarici ölkələrdəndir. On mindən üç mini isə çinlilərdir. Rektorun şəhərdəki evindən əlavə universitetin mərkəzində Ağ Evin kiçik maketinə bənzər evi var. O, bütün dərs müddətində bu evdə yaşayır. Tətilə çıxanda isə bütün müəllim heyətini bu mənzilə dəvət edir. Onlara banket verir, təşəkkürünü bildirir. Universitetin dörd ulduz oteli var. Otel də onunla məşhurdur ki, Misir Mərdanovla Abel Məhərrəmov bir gecə bu oteldə qalıblar. Doğrudur, ekologiya naziri Hüseyn Bağırov da o universitetdə olub, lakin o oteldə qalmayıb. Mənim bu yarızarafatla yazdığım sözlərdə bir gerçək var. Bloominqton elə bu tələbələr kimi inkişaf edən, gələcəyi olan bir şəhərdir. Söz sahibi olan bizim hörmətli həmyerlilərimiz təhsil naziri Misir Mərdanov və Bakı Dövət Universitetinin rektoru Abel Məhərrəmov da bu şəhərdə olub. Bilmirəm, bəlkə də belə bir universitet şəhərinin salınması və yaxud şəhərlərimizdən birinin universitet şəhərinə çevrilməsi təklifi ilə rəhbərliyə müraciət ediblər? Hər halda burada olmaları özü çox yaxşıdır. Burada görüb götürməli çox şey var. Universitetin kitabxanası dünyanın ən zəngin kitabxanaları sırasında yer tutur.  Binası da memarlıq cəhətdən orijinaldır. Bloominqton mərmərdən tikilən binaya baxanda elə bilirsən divarlar qədim kitablardan hörülüb. Kitabxanada demək olar ki, yazısı mövcud olan bütün xalqların guşəsi var. Təəssüflə deməliyəm ki, bizim guşə ən kasıb, ən kiçik guşədir. Cəmi on beş, iyirmi kitab olardı, onlar da əsasən kirildə çap olanlar idi. Prezident İlham Əliyevin sərəncamı ilə klassik və çağdaş ədəbiyyatımızdan xeyli əsərlər böyük tirajla çapdan çıxıb. Onlardan yeni əlifbada müəyyən miqdar dünyanın məşhur kitabxanalarına göndərmək olardı. O cümlədən universitet şəhərinin kitabxanasına. Bunlar tələbələrdi, gələcəyi olan insanlardı. Qırx altı min tələbəsi var. Hamısı bizim üçün xarici tələbədir. Azərbaycanı təbliğ üçün bundan gözəl imkan olarmı, niyə biz bundan istifadə etməyək?     

Universitetin nəşriyyatında ingiliscə çap olunmuş iki kitabla məni sevindirdilər. Biri Mircəlal müəllimin kitabı idi, o biri Bəxtiyar Vahabzadənin şeirlər kitabı. Bu imkandan istifadə etmək lazımdır. Hər halda belə bir universitetdə ədəbiyyatımızın tərcüməsi professionallıq cəhətdən daha yüksək səviyyədə olar.       Həmin universitetdə xalqların günü keçirilir. 2011-ci ilə kimi Azərbaycan günü də keçirilirmiş. Keçən ildən ona ayrılan pul kəsildiyinə görə Azərbaycan günü keçirilmir. Bu günlərdə respublikanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə tələbələr tanış olur. Günün sonu həmin respublikanın incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı dinləyicilərə təqdim olunur. Sonuncu belə günlərdən birində respublikamızın  Xalq artisti Munisin rəhbərliyi altında “Qədim musiqi alətləri ansamblı”nın çıxışını Bloominqton universitet şəhərində dinləyiblər. Şəhriyarın dediyinə görə iki ildir belə tədbirlər üçün respublikadan ayrılan vəsait kəsilib. Şəhriyarın vətənpərvərliyi belə tədbirləri keçirmək üçün kifayət deyil. Vəsait olmayan yerdə vətənpərvərlik yetim uşaq kimi bir şeydir. Şəhriyar Cənubi Azərbaycandandır. Gənclik illərindən Almaniyada yaşayıb. Almaniyada təhsil alıb. On ildir ki, Amerikaya gəlib Bloominqtonda çalışır. Universitetə bu tədbirlər üçün gələn maliyyə haradan gəlirmiş və niyə kəsilib? Bunu öyrənməyə gücüm çatsaydı da elə bir səlahiyyətim yoxdur. Onu bilirəm ki, respublikamızın küçələri üç mərtəbə olan vaxtda, parklar, xiyabanlar gül-çiçəyə qərq olan çağında, evlərin göyə dırmaşan günündə, milyardlarla investisiyalar qoyduğumuz vaxtda belə xırda-para maliyyələri qayçılamaq bizə yaraşmır. Bu xərclər də Azərbaycanımızın böyük gələcəyinin təməlinə qoyulan xırda çınqıllardı. Onlarsız da təməldə boşluq yaranır. Bunlar xırda xərclər olsa da onları xırda adamlara tapşırmaq olmaz. Böyük türk şairi Nazim Hikmətin bir sözü yadıma düşdü: “Yuxarıdakılar dırnaq kəsəndə, aşağıdakılar tutub barmaq kəsirlər”.
 





26.09.2012    çap et  çap et