525.Az

“Azərsu”dan ALKO şirkətinə 195 min manatlıq cərimə


 

“Azərsu”dan ALKO şirkətinə 195 min manatlıq cərimə<b style="color:red"></b> Müəssisəyə qeyri-qanuni çəkilmiş su xətti aşkarlanıb
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən 525.az-a verilən məlumata görə, nəzarət tədbirlərinin  gücləndirilməsi müsbət nəticələr versə də bəzi hallarda istehlakçılar içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.
 
“Azərsu” ASC-nin Abonent işləri bazası departamenti əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Zığ şossesində yerləşən ALKO LTD-AZƏR SPİRT MMC şirkətinə məxsus alkoqollu içkilər istehsal edən müəssisədə içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Müəssisənin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektə diametri 150 mm olan borularla qeyri-qanuni su xətti çəkilib. “Azərsu” ASC əməkdaşları qeyri-qanuni çəkilmiş su xəttini ləğv edib. Aparılmış qiymətləndirmə nəticəsində içməli sudan qeyri-qanuni istifadə edilməsinə görə, “Azərsu” ASC-yə dəymiş zərər 195 min 436 manat 80 qəpik hesablanıb.
 
Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 2013-cü ilin əvvəlindən fevral ayının 20-dək Bakı şəhəri və ətraf qəsəbələrdə  içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə üzrə 178 fakt aşkarlanıb. Aparılmış qiymətləndirmə nəticəsində 473 min manat dəymiş ziyan hesablanıb.
 
“Azərsu” ASC bir daha istehlakçıların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi həyata keçirilir və belə qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür.
 





27.02.2013    çap et  çap et