525.Az

Kökdən gələn inam - Rəşad Məcid yazır


 

Kökdən gələn inam - <b style="color:red">Rəşad Məcid yazır</b>

Buludxan Xəlilovu şəxsən tanımamışdan öncə müxtəlif çıxışlarını dinləmiş, məqalələrini oxumuşdum. Sonra bizim müxtəlif tədbirlərdə tez-tez görüşmək, bir-birimizi dinləmək imkanlarımız oldu.
 

Kənardan müşahidələrimin yaratdığı ilk qənaətim yaxından tanış olduqca daha da möhkəmləndi. Onun cəmiyyətimizin, təhsilimizin, ədəbiyyatımızın, dilçiliyimizin, elmimizin müxtəlif məqamları barədə mülahizələri maraqlıydı. Alimin fikirlərindəki qətilik, arqumentlərindəki əminlik müsbət aura yaradırdı. Çox sevinirəm ki, tanışlığımızdan sonra bu fikirlər daha da möhkəmləndi.

Sonradan öyrəndim ki, Buludxan müəllim orta məktəbi Qərbi Azərbaycanda, Türkiyə sərhədindəki Amasiya rayonunda, doğma kəndi Güllücədə oxuyub. Kənd məktəbindəki təhsilin səviyyəsi, orta məktəbdə ona dərs deyən Məcnun müəllimin pedaqoq kimi fədakar fəaliyyəti, valideynlərinin onda özünə inam yaratması barədə dediklərini unutmamışam. Kökdən, gendən, uşaqlıq illərindən yaranan özünə inam, zəhmətə alışqanlıq institut illərində də öz bəhrəsini vermiş, bu özunəgüvən gənc yaşında elmlər doktoru adını qazanmasında rol oynamışdır. Buludxan müəllimin ona dərs deyən, həyatında rol oynamış universitet müəllimlərini də minnətdarlıqla yad etməsi bir insan kimi xarakterinin göstəricisidi. İnsan xarakterindəki vəfa, etibar həmişə məni təsirləndirib.

Onun rəhbərlik etdiyim “525-ci qəzet”ə müsahibəsindəki bəzi məqamları xatırlayıram. Bu məqamlar Buludxan müəllimin bir insan kimi xarakter və keyfiyyətlərini aydın göstərir:
 
“Düşünürəm ki, bütün nailiyyətlərimin arxasında iradə, qətiyyət, prinsipiallıq, dözümlülük və zəhmətsevərlik durur. İnsan özünə inamlı olanda, yorulmadan çalışanda, hər cür çətinliyə səbrlə yanaşanda istəyinə çatır, mütləq çatır. Açığını söyləyim ki, “əziyyət çəkirəm, amma nəticəsi olmur” deyən kəslərə inana bilmirəm. Görünür, hansısa qətiyyət, ya zəhmətsevərlik çatışmır ki, insan arzuladığı pilləyə qalxa bilmir”. Bu fikirlər mənə çox doğma və ürəyimdən idi. Mən də müsahibələrimdə dəfələrlə bu fikirləri söyləmişəm, gənclərə təlqin etmişəm. “Dəlicəsinə” adlı essemin də mahiyyətini bu fikirlər təşkil edir. Buludxan müəllimin bu cür mənimlə eyni üst-üstə düşən baxışları da onu mənə doğmalaşdırıb. Oxşar, eyni baxışlarımız bir-birimizə qarşılıqlı hörmətin və rəğbətin yaranmasına səbəb olub. 2015-ci ildə işıq üzü görən “ Bir də gəlməyəcək” şeirlər kitabım barədə Buludxan müəllimin yazısını sonsuz minnətdarlıqla xatırlayıram. Peşəkar tənqidçi səviyyəsinə layiq yazıda həm də mənim xarakterim, yaşadığım həyatın şeirlərimdə inikası barədə dəqiq qənaətlər mənə sevincli bir gülümsəmə bagışlamışdı. Mən professorun dəqiq müşahidələrinə heyran olmuşdum.

Professorla oxşar baxışlarımızın olmasına sübut olan coxlu misallar gətirə bilərəm. Gənc yazıçılarla, jurnalistlərlə tez-tez təmasda oluram. Gəncliklə ünsiyyətin həm Yazıçılar Birliyində, həm qəzetdə işlərimə necə dəstək olması, yeni ideyalar yaratması barədə cox danışmışam. Buludxan müəllimin bu fikirlərini oxuyanda  da baxışlarımızın eyniliyinə sevinmişəm: “Mən auditoriyaya girəndə təkcə tələbəyə öyrətməyə yox, həm də ondan öyrənməyə gedirəm. Çünki bəzən ən hazırlıqsız tələbə belə, dərsdə elə fikir səsləndirir ki, sən günlərlə kitab oxusan da, o fikrə gələ bilməzsən”.

Dəyişən cəmiyyətin gətirdiyi xaotik durumdan hamımız gileylənirik. Ona görə də Buludxan müəllimin bu fikirlərilə də şərik olmamaq mümkün deyil: “Bir də görürsən, ortadan da aşağı səviyyəsi olan bir adamı beş-on nəfər elə göylərə qaldırır, elə sanbala mindirirlər ki, çaşıb qalırsan, təəssüf ki, cəmiyyətdə tarazlıq, meyar, ölçü pozulub”.

Yaxud cəmiyyətimiz üçün bu gün az qala defisitə dönən ədalət anlayışına münasibətinə diqqət edək: “Ədalətli olmalısan. Ədalət sadəcə söz deyil. Ədalətlilik odur ki, qərar çıxaranda  özünü qarşı tərəfin yerinə qoyasan. Vicdan isə ədalətlə məsuliyyətin tərəzisidir. Hər işə vicdanla yanaşanda nəticə gözəl olur. Belə olanda birgə işlədiyin adamlar da, kollektiv də sənin aurana düşürlər!”

Bir müddət öncə Buludxan müəllim mənə iki sanballı kitabını bağışlamışdı. “Dil, ədəbiyyat, mədəniyyət” və “Azərbaycan dili antologiyası” kitablarındakı fərqli baxışlar, yeni ideyalar diqqətimi cəlb etmişdi. Bu kitablarda alimin ədəbiyyatımızın, mədəniyyətimizin görkəmli nümayəndələri barədə sanballı fikirləri yer almışdı.

Bu il Buludxan Xəlilovun 50 yaşı tamam olur. Əslində o gördüyü işlərin miqyasına, müdrikliyinə görə daha yaşlıdı. Amma gənclərə münasibətinə, gənclik şövqünə görə ona 50-nin yarısını ancaq vermək olar. Mən hörmətli alimimizə, əziz dostumuza çılğın gənclik duyğularıyla ağsaqqal müdrikliyindən heç vaxt xali olmamağı arzu edirəm. Təbrik edirəm!

 





18.07.2016    çap et  çap et