525.Az

Dördlüklər- Fikrət SADIQ


 

“Bugünnamə”dən sonra yazılanlar

Dördlüklər- <b style="color:red">Fikrət SADIQ</b>

Sən ağ –qara “Bugünnamə”m, son sözüm, şeirim, əsərim.

Ömrümün son çağı gələn qarabuğdayı əsmərim!

Gördüyümü görüb yazdım, görsələr, mənim uğurum.

Görməsələr də hətta, mən namərd dünyadan küsmərəm.

                  

lll

 

Haray–həşir salma, cənab, sən naşir ola bilməzsən.

Mürdəşir ola bilərsən, ərdəşir ola bilməzsən.

Kitab işi fikri-zikri aydınların işidir, bil!

Qorxaq tülkü ola-ola, sən mərd şir ola bilməzsən.

 

lll

 

Bir yaxşılıq eləməyə sənin təmiz qanın yoxdur.

İşə can yandır demişlər, yandırmağa canın yoxdur.

Yaxşılığın öz üstünə, başqasına gün ağlama,

Nə eləsən özün bais, bu haqda bir qanun yoxdur.

                                   

lll

 

Filankəs bərk gedəndir, çayda balıq yan gedir.

Arxayındı özünə, deyirsən “dayan”, gedir.

Ona söz qandırınca, tamam üz–göz olursan

Abra salınca onu, öz abır–həyan gedir.

 

lll

 

Hava tutqun, buludlar boz, Günəşdən inikas yoxdur.

Qafiyəsi tapılsa da, cinasa bir cinas yoxdur.

Taleyin tərs işinə bax, biri vardı, biri yoxdu,

Qədr də var, şünas da var, amma qədrşünas yoxdur.

 

lll

 

Qalx, oyan ta vaxtdır, oğul, oyanmaq məqamı gəlib.

Bu dar günün harayına məqamın muğamı gəlib.

Cilvə–cilvə bəmi–zili Qarabağdan havalanıb,

Qəmgin görüb, Naxçıvanı, Şirvanı, Muğanı, gəlib.

 

lll

 

Dərin dəryada üzürük, aşağıda dərya yoxdur.

Geniş dünyada sakinik, bəlkə də heç dünya yoxdur.

Bəlkə, adi yuxu imiş, ya xəyalmış gördüyümüz.

Dünyada dünya varmı ya, fəqət, ya da və ya yoxdur.

 

lll

 

Ya dəcəl buluduq, ya da köçəri quşuq.

Orda qanad açmışıq, burda yuva qurmuşuq.

Yerdə nə əsərət var, doğru–dürüst bilmirik.

Bu qədər yaşamışıq, hələ yenə bihuşuq.

lll

 

Şair olmayaydım kaş!

Gərək qaldıraydım daş.

İndi kitab oxunmur,

Zaman dəyişib, dadaş.

 

Yubiley hədiyyəsi

 

Hər şey bölünüb baxtnan;

Kiminə fəxri fərman.

Kiminə orden, medal,

Mənə də büllur güldan.

 

lll

 

Bu dünya bir bilməcədir,

Gəl, yaşa gör, bil necədir.

Yaxşı günü ağlamalı,

Yaman günü zil gecədir.

    

lll

  

Gedirəm, qəlbimdə bir nisgilim var,

Şeiri başa düşən harda, kimim var.

Şeirimin çox qismi kirildə qaldı.

Xalça bura düşdü, orda kilim var.

 

lll

 

Məhlə –bazar, küçə –bazar, meydan –bazar.

Metro-bazar, dalan –bazar, dükan- bazar.

Əgər hər yan bazardısa, söz –müxtəsər,

Onda, mənim gördüyüm bu dövran –bazar.

 

lll

 

Axıdıram göz yaşımı ruzimə.

Baxıb görsən, vurma mənim üzümə.

Mən dərdimi torpağa da qıymıram.

Öz ağrımı qaytarıram özümə.

 

lll

 

Əvvəllərdə “mən ölüm”lə, “sən öləsən” sərt andlardı,

Kimin bəxti gətirsəydi bir and içib, at alardı.

Onlar bütün səhvləriylə, kobud, amma yenə də mərd,

Sözü bütöv adamlardı, yaşamalı dünya vardı.

 

lll

 

Fəlakəti soyutmaqçın, tək, bir səadət bəs edər.

Xəyanəti unutmaqçın, tək, bir səadət bəs edər.

Tək doğrunun doğruluğu üzündə cəmləşib, durur.

Yalanı da tanıtmaqçın tək bir həqiqət bəs edər.

 

lll

 

Ömür gün yoldaşıma

 

Ümidim, suçluyam, rəhm et, məni Allaha bağışla!

Külək samanı sovurdu, dəni Allaha bağışla!

Sənin əlinlə ucalan mehr dağıyam, uçurma,

Üstümdəki bu sisi, bu çəni Allaha bağışla!

 

lll

 

Bu gün haqqın dərgahında eyləmişəm qəsəm mən.

Mənə sənsən haqq işığı, haqq tanıyan kəsəm mən.

Sən bir təmkin qalasısan, bunu bilməsəm, əgər,

Ta onda bu yeri-göyü, bu dünyanı bilməzəm mən.

lll

 

Gəl, sözdən incimə, gülüm, sözü sözlə üzə çıxart.

Sözün düzgünü budursa, düzü düzlə üzə çıxart.

Həqiqəti yazmaq olmaz, həqiqəti pozmaq olmaz.

Ayır doğrudan yalanı, izi izlə üzə çıxart.

lll

 

Ürək teli çəkilən üç telli sazım, qopuz.

Özünü xas ər bilən bəs-bəlli sazım, qopuz.

Dədə Qorqud əmanəti, ağır dərdli sazım, qopuz.

Ta çox qədimdən gələn türk dilli sazım, qopuz.

 

lll

 

Bir parça dağ çəmənisən, allı-güllü kəlağayı.

Gün saçaqlı, ay ləçəkli, doğma, milli kəlağayı.

Buta-buta şərq ipəyi, abır-həya baş örtüyü,

Qız-gəlinin yaraşığı ağır elli kəlağayı.

 

lll

 

İşdir, birdən sənə desəm, eyhana!

Dəbə düşüb, sifarişli meyxana.

Qafiyə cod, vəzn qırıq, söz bəsit.

Əsl yeri toyxanadı, toyxana.

 

lll

 

Çoxu olan çox yedi, azı olan az yedi.

Çoxu olan gizlədi, azı olan gözlədi.

Ruziləri fərqlidir, qoşa ovuc, yan ovuc.

Göydən də iki mələk bu fərdləri izlədi.

 

lll

 

Gəlin əlimdən tutun məni dağa aparın.

Gözümdə donub qalsın dağın axar-baxarı.

Dağı-daşı yandırır bir qocanın gileyi.

“Ömür dağdan aşağı, ölüm dağdan yuxarı”.

 

lll

 

Kainatın süd yolunda xeyli ulduz yığışıb.

Hərdən-hərdən burdan yağır yerə ulduz yağışı.

Uzaq əşhədi-billaha insanın səsi çatmır.

Zülmətdə itib-batır alqışı, ya qarğışı.

 

lll

 

Hələ 41-45-də Azərbaycan qadını.

Dava vaxtı ucaltdı sədaqətlə adını.

Öz ərini gözlədi, balasını qorudu,

Dul qalmaq da, aclıq da qırmadı qanadını.

 

lll

 

Od istidir, bilirəm, bu isti od nədir ki?

Ot dil-dodaq yandırmaz, bəs istiot nədir ki?

Bizim yaşadığımız, yer kürəsi adlanan,

Bu ətrafı, altı – su, bu üstü – od nədir ki?

 

lll

 

Körpəylə bir doğulur beşik mahnısı layla.

Layla tən tutulmalı göydə Günəşlə, Ayla.

Layla eşitməyən kəs millətini tanımaz,

Ana ana dilimizdir, yaşar bu haqq-sayla.

 

 





27.02.2013    çap et  çap et