525.Az

Hərbi çevriliş ölkəni hara aparacaqdı?


 

Hərbi çevriliş ölkəni hara aparacaqdı?<b style="color:red"></b>

Türkiyədə baş verən hadisələr, insan itkisi, hərbi çevriliş cəhdi gerçəkdən bizi sarsıtdı. Həmin hadisələr zamanı dünyasını dəyişən cəmi insanlara rəhmət diləyərək əsas mətləbə keçmək istərdim.

Doğrudanmı Türkiyə cəmiyyəti, hərbi elitası avtoritarizmdən, demokratiyanın boğulmasında bezmişdi? Əgər bezmişdisə onda mütləq hərbi çevrilişə əl atmaq lazım idimi? Təbii ki, burada başqa və çox çirkin məqsədlərin olması şübhəsizdir.

Həmin hərbi çevrilişə cəhd göstərənlər üçün demokratiyadan daha çox onları təlimatlandıran şəxslərin verdiyi vədlər önəmlidir. Ancaq bütün hallarda cinayət əməli cəzasız qalmır. Həmin proseslər zamanı sadəcə olaraq öz komandirinin əmrini yerinə yetirən sadə əsgərin hansı günahın sahibi olduğunu Türkiyənin hüquq sistemi müəyyən edəcək.

Digər tərəfdən bu hərbi çevriliş cəhdi hər hansı başıpozuq hərbi qüvvələrin hakimiyyət hərisliyindən daha çox bəzi xarici ölkələrdə yerləşən beyin mərkəzlərinin hazırladığı başıpozuq plana daha çox oxşayır. Onu da yaddan çıxarmaq olmaz ki, islam sivilizasiyasına qarşı düşmən mövqe hər zaman hiss olunur. İslam dünyasında mövcud olan təhsilsizlikdən, maarifçilik işinin zəif olmasından, müəyyən boşluqlardan istifadə edən həmin qüvvələr məhz islam cəmiyyətlərinə qarşı təxribatçı layihələrini həyata keçirirlər. Böyük ehtimalla Türkiyədə baş verən son olaylar bu planın tərkib hissəsidir.

ABŞ-da yaşayan Fətullah Gülənin fikirləri diqqəti cəlb edir. O bəyan edib ki, avtoritar rejim tərəfdarı deyil. Fətullah Gülən belə bəyanatla brifinqdə çıxış edib. "Mən dəfələrlə demişəm ki, respublikaçılar tərəfdarıyam və avtoritar idarəetmənin əleyhinəyəm". Deyəsən, Fətullah Gülən hərbi çevriliş cəhdini, bu qədər insan itkisini demokratik proseslərə dəstək kimi qəbul edir.

Mənim qənaətimcə, hərbi çevrilişin əsas məqsədi, qayəsi demokratiya deyil, Türkiyəni bir neçə hissələrə parçalamaq və həmin ərazilərdə müxtəlif yeni dövlətlərin yaranmasına rəvac vermək idi. Digər tərəfdən Türkiyəni zəiflətməklə çox böyük bir regionda təbii sərvətlərin bölüşdürülməsinə və resurslara uzun müddətli nəzarətdə saxlamaq imkanları əldə etmək planları ortadadır. Belə layihələr Misirdə, Liviyada və digər müsəlman ölkələrində gerçəkləşib. Demokratiya adı altında gerçəkləşən həmin hərbi çevrilişlər adı çəkilən ölkələri dəhşətli şəkildə çökdürdü.

İndi bir anlıq təsəvvür edək belə çevriliş cəhdi Türkiyədə baş tutur. Ümumilikdə Türkiyənin zəifləməsi təbii ki, Cənubi Qafqaz siyasətinə, Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ləngiməsinə təsirsiz ötüşməyəcəkdi.

Sevindirici haldır ki, bu qiyam baş tutmadı. Əgər hər hansı hərbi çevriliş Türkiyədə gerçəkləşsəydi, o zaman qardaş ölkəni ən yaxşı halda Misirin, Liviyanın, Suriyanın vəziyyəti ilə müqayisə etmək lazım idi. Ancaq bütün hallarda Türkiyə itirdi. Xeyli sayda vətəndaşı şəhid oldu, elitar Turkiyə ordusuna inam zəiflədi. Ölkəyə çox böyük məbləğdə iqtisadi ziyan dəydi. Həmçinin mövsümlə əlaqədar olaraq Türkiyəyə dincəlməyə gedən turistlərin sayı azalacaq. Xeyli Türkiyə vətəndaşı törətdiyi cinayətə görə ömrünün müəyyən hissəsini cəza evində keçirəcək.

Bütün ziyanlar zaman keçdikcə ödəniləcək. Ən əsası çoxlarımızın inandığı Türkiyə dövlətçiliyi bu mücadilədən, imtahandan qalib çıxdı. Yəqin ki, Türkiyə rəhbərliyi bu hadisələri analiz edərək öz siyasətlərində dəyişikliklər edəcəklər.

Son dövrlər xarici siyasətdə önəmli korrektələr hiss olunmaqdaydı. Artıq Rusiya ilə, İsraillə əlaqələrin bərpası üçün vacib addımlar atılmışdı. Heç şübhəsiz Ərdoğan hakimiyyəti ölkənin daxilində də ciddi islahatlara gedəcəyi şübhəsizdir. Çünki Türkiyədən bir çox hallarda dinlə dövlət arasında sərhədlər itməyə başlamışdı.

Dinin dövlət siyasətinə qarışması və yeri gələndə kəskin müdaxilə etməsi təhlükəli tendensiyadır. Şübhəsiz bu faktorlar Türkiyə cəmiyyətində bir çox hallarda başağrısına çevrilir. Güman edək ki, qardaş ölkə bu mərhələləri ağrısız keçəcək.

Bəzi siyasətçilər bildirirlər ki, bundan sonra Türkiyədə antidemokratik dönəm başlayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan öz postunu möhkəmlətmək üçün vətəndaş cəmiyyətini boğacaq. Ancaq bu iddialar inandırıcı deyil. Çünki Türkiyədə oturuşmuş demokratik ənənələr var. Heç kim, o cümlədən, prezident Ərdoğan həmin ənənəni dəyişib qapalı, totalitar cəmiyyət yarada bilməz.

 





19.07.2016    çap et  çap et