525.Az

"Şam başında pərvanə" kimi...


 

DƏYƏRLİ PEDAQOQ XANIM ALLAHVERDİYEVA HAQQINDA BİR NEÇƏ SÖZ

"Şam başında pərvanə" kimi...<b style="color:red"></b>

Ötənlərin böyük mütəfəkkirlərindən biri olan Yan Amos Komenski (1592-1670) hələ neçə əsr bundan əvvəl yazırdı: "Dünyada şeylərin nizamını dəyişməyin ən yaxşı yolu islahatları məktəbdən başlamaqdır, çünki məktəb işıq emalatxanasıdır. Dünyada nizam və qarışıqlığı yaradan məhz işıq və qaranlıqdır".

Digər bir böyük şəxsiyyət, dahi fransız yazıçısı Viktor Hüqo isə öz ölməz "Səfillər" romanında maarifi işığa bənzədərək qəhrəmanlarından birinin dili ilə belə deyirdi: "İşıq! Hər şey işıqdan yaranır, işığa da qayıdır".

Müəllim də işıqdır. O işıq qarşısındakı neçə-neçə şagirdin beynini, qəlbini nurlandırır.

Əgər bu ömrün işığı ilə qəlbin-beynin əməllicə işıqlanıbsa, həyatda, cəmiyyətdə özünə yer tutacaqsan, çətinliklərin qarşısında heç vaxt geri durmayacaq, Vətənə layiqli bir övlad olacaqsan və burası da sənə məlum olacaq ki, bütün bunlar müəllim ömründən düşən işığın hesabına sənin üzünə açılıb, taleyinə qismət olub.

Müdriklərdən birinin sözləridir: "Əgər müəllimin məhəbbəti təkcə sənətinədirsə, o yaxşı müəllimdir. Əgər müəllimdə sənətinə və şagirdlərinə məhəbbət bir-birinə qovuşarsa, o, kamil müəllimdir".

Məhz bu ölçülərdən, bu meyardan yanaşsaq, Xanım Allahverdiyevanı cəsarətlə "kamil müəllim" adlandıra bilərik.

1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirən Xanım müəllimə elə o vaxtdan məktəb şagirdlərinə ixtisası üzrə dünyanın bu zəngin dilini öyrədir.

Şabran şəhər 5 saylı tam orta məktəbdə çalışan Xanım müəllimə həm də fəal ictimaiyyətçi, rayonun tanınmış ziyalı xanımlarındandır.

Məlumdur ki, respublikamızda ümumtəhsil məktəblərində xarici dillər hələ ötən əsrin otuzuncu illərinin əvvəllərindən, daha dəqiqi 1932-ci ildən tədris edilir. Tədris edilən hər bir fənnin məqsədi olduğu kimi, xarici dillərin tədrisinin də öz məqsədi var və indi dünyada qloballaşma getdiyi bir dövrdə bunları sadalamağa, əlbəttə, lüzum yoxdur.

Bu gün beynəlxalq ünsiyyət vasitələrindən biri olan ingilis dili dünya dilləri arasında öz lüğət ehtiyatına görə ən zəngin dillərdən biridir. 

XANIM MÜƏLLİMƏNİN DEDİKLƏRİNDƏN: 

-Yaşadığımız XXI əsrdə orta məktəb qarşısında duran mühüm vəzifələrdən biri də yeni düşüncə tərzinə, təfəkkürünə, dünyagörüşünə, yüksək intellektə, səlis nitq mədəniyyətinə malik vətəndaş yetişdirməkdir. Məlumdur ki, vətəndaş ilk əvvəl şagird partası arxasında - məktəbdə yetişir.

Zamanın axarı daim təhsil prosesini qabaqladığından təhsil prosesinin təkmilləşdirilməsi cəmiyyətin inkişafının bütün mərhələlərində onun qarşısında duran ən vacib məsələlərdən biri olub.

Ənənəvi təlim elmə istiqamətlənir.

Bu gün təlim, təhsillə bağlı leksikonumuzda dilimizdən düşməyən "kurrikulum" isə şəxsiyyətə, biliyə istiqamətlənir.

Uşaq psixologiyası əyanilik tələb edir. İngilis dilində səhnəcik və gecələrin hazırlanaraq keçirilməsi şagirdlərdə nitq vərdişlərinin aşılanmasında, onlarda eşidib-anlama, monoloji və dioloji nitqi formalaşdırmaqda böyük təsirə malikdir. Bu baxımdan sinifdənxaric işlər və tədbirlərin keçirilməsinə daha çox önəm verirəm.

(Yeri gəlmişkən bu ilin may ayında Xanım müəllimin dərs dediyi siniflərin şagirdlərinin iştirakı ilə rayonun mədəniyyət sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə və 28 May Respublika Gününə həsr edilmiş ingilis dilində musiqili ədəbi-bədii kompozisiya o möhtəşəm saraya toplaşan çoxsaylı tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılandı)

İngilis alimi Yudit Reninin sözləri ilə desək, şagirdlər nəyi bildiklərini göstərmək üçün bunları bir-birinə və dünyaya danışmaq istəyirlər. Danışmaqla onlar həm də öyrənirlər. Danışmaqla onlar dünyanı gördükləri kimi bizə çatdırmaq istəyirlər.

Müasir dövrdə şagirdlərdə dialektik təfəkkür aşılamaq, onlarda müstəqil mühakimə yürütmək qabiliyyətini inkişaf etdirmək daha zəruridir. Müasir dərs şagirdlərin çevik idrak fəallığı üçün optimal şərait yaradan bir dərs olmalıdır.

Zəng çalınıb hər dəfə sinif otağına girəndə bir müəllim kimi ilk əvvəl mən bunları düşünürəm.

lll

Müəllim işlədiyi bu uzun illər ərzində Xanım müəllimənin halal qazancı olan fəxri adlarını, layiq görüldüyü təltifləri sadalasaq, söhbətimizin bu yerində sözümüzə söykək olar.

O, təhsil nazirinin əmri ilə hələ 1991-ci ildə "Baş müəllim", bir il sonra "Ali kateqoriyalı müəllim" adlarına, Təhsil Nazirliyinin təşkil etdiyi "İnteraktiv təlim metodları" respublika pedaqoji mühazirələrində məruzəsinə görə ikinci dərəcəli diploma və nazirliyin Fəxri fərmanına layiq görülüb. Müxtəlif vaxtlarda Britaniyanın respublikamızdakı səfirliyinin və Sülh Korpusunun Sertifikatlarını alıb.

2002-ci ildə nəşr olunan "XX əsrin Azərbaycan qadınları" ensiklopedik toplusunda onun da haqqında məqalə dərc edilib.

Xanım müəllimənin isə bir mükafatı da ona gələn məktublardır - vaxtaşırı keçmiş şagirdlərindən ona yollanan məktubların ünvanları da dünyanın özü boyda genişdir: Türkiyə, ABŞ, İngiltərə, Fransa, İsveçrə, Rusiya...

Mərhum şairimiz Ələkbər Salahzadə "Şam başında pərvanə" adlı şeirində adlı-sanlı ulularımızı bizlərə xatırladaraq sonra da misraların dili ilə xəbər alırdı:

Yaxşı, bəs sən,
Nə işin yiyəsisən?
Şam başında pərvanə,
Gül böyründə kölgəmisən?

Xanım Allahverdiyeva isə ömrünü pərvanə kimi müqəddəs və şərəfli peşədə - müəllimlikdə əridən bir anadır!

Şabran

 





20.07.2016    çap et  çap et