525.Az

Əliağa Kürçaylı poeziyasına bir baxış


 

Əliağa Kürçaylı poeziyasına bir baxış<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Əliağa Kürçaylı poeziyasında insanların əxlaqi təbiətini qabaqcadan hissetmə duyumu güclüdür.
Şeir nə qədər fəlsəfi-məntiqi olursa, eyb etməz, lakin şeir poeziyanın balansıdır, ərköyün körpəsidir, oxuyanda qəlbi oxşayan dəyərdir, bəli, Ə.Kürçaylı bu ilahiliyi gözlədi.

... Daşlara baxıram, həmin o daşlar...
Düşüb pərən-pərən sınıq qonşutək.
Daşlar səksəkədə, daşlar intizar...
Elə bil bu saat Mehdi gələcək...

"Daşlar" silsiləsində Ə.Kürçaylı eyni zamanda özünü ifadə edir, bir növ maddi-məkan-nəzəri şüurdan fərqli olan bədii və hissi fantaziyanın yardımı ilə şeirin yazılması səbəbinə gəlir. "Özünü ifadə" şairə "İnamın daş heykəli", "Daşlı qitələr", "Daşdan yaza-yaza", "Məzar daşları" şeirlərini yazdırdı, bəli, inamımla deyərdim ki, təhtəlşüurun diqtəsidir. Birinci şeirin "Mən"i elə şairin özüdür, yoxsa o, ritorik, akademik bir poetik çərçivəni seçmiş olardı. Yox, obrazlı, ritmli poetik təhkiyə ilə oxucuya üz tutur, axı, xatirələrdə bir ovuc kədər, bir qırıq sevinc var.

İllərin dumanlı xatirəsindən
Yenə kəndimizə qayıtmışam mən.
Qayıdıb gəlmişəm bura daş kimi,
Gəlmişəm əbədi vətəndaş kimi.
Soldat çəkmələrin qapqara daşdan,
Şinelim, kəmərim qapqara daşdan.
Daşdandır silahım, əskər papağım,
Daşdandır gözlərim, əlim, ayağım.
Düşüb pyesdaldan yerisəm əgər,
Bu daş addımımdan torpaq titrəyir.    
  
Kənd, onun camaatı çünki qara daş rənginə bürünmuşdür, amma Dul Bahar, Nar Bikə sağ-salamatdır. Bu ayamalı insanlar, qadınlar arxa cəbhədə ağır zəhmətə qatılaşmışlar, şair "bəxtiyarlığı, gözəlliyi getmiş" bu qadınların təsəllisi, yaşadanı eşqdir, məhəbbətdir, umuddur. Onların hisslərinə şərik olan şair pıçıldayır: "Dönüb qara daşa gəlmişəm kəndə". Neçə-neçə sual çıxar fikrə daldıqca: davadan qayıtmayanlar daş heykəl olublar, tunc daşa çevriliblər, sal daşa dönüb iradələri? Şairin öyüdü-xitabı:

Hər nə itirsəniz-ürəyinizdə
İnamı qoruyub saxlayın ancaq...
Böyük faciədir inamsız olmaq!

Şair qayıdır "Mən"inə-özünüifadəsinə.

Daşdan yonulsa da mənim abidəm,
Odlu, keşməkeşli yola şahidəm.
Sanma heykəltəraş əməliyəm mən,
Böyük bir inamın heykəliyəm mən.

Əliağa Kürçaylı daşlardan şeir xətrinə yazmamışdır-bu poetik meyar onun üçün yad təsəlli olardı, o, daşın lal, sükutlu dilini idrak etmiş, danışdırmış, keçmişinə və indisinə yaxınlaşdırmışdır.

Adətən, bir nəsnəyə aşina olduqca, onunla sıx ünsiyyətə bağlandıqca qaynayıb qarışır insan. Bəs "daş"-larla necə; qəlb-ruhun-vücudun özü daşlaşmırmı? Sualın ortaya gəlməsini şair təsdiqləyir, ancaq yanılmamağa inandırır:

Daşdan yaza-yaza, elə bilməyin,
Soyuq daşa dönüb ürəyim mənim.
Bunu yaxşı bilir yaxın da, yad da:
Daim daşdan çıxıb çörəyim mənim.

Soyuq daş oduna qızanda canım
Daşlar insan kimi olub həyatım.
Gah silahım olub, gah da qalxanım,
Daim daşlar olub gərəyim mənim.

Əsiri olmadım dövlətin, varın,
Axı, nəyi yoxdu bizim diyarın?!
Əli kəsilsəydi talançıların,
Qızıldan olardı dirəyim mənim.

Real müşahidə və fakt bədii material olaraq şairi müəyyən nəticələr çıxarmağa təhrik edir, bu isə həyatın sonunu-insan ömrünün naməlum vaxt kəsiyində bitdiyini təsdiq edir. Və Əliağa Kürçaylı ən enerjili yaşında mütləq həqiqəti xatırlatdı, bu o zaman idi, dünyanın yeganə əşrəfi olan insanı qoynunda dəfn edən məzar daşlarının "monoloqu"nu poetik ovqatda dilinə gətirdi və məşhur "Məzar daşları" şeirini qələmə aldı. Mən bu klassikləşmiş şeiri hər dəfə oxuyuram, düşünməyə bilmirəm ki, hər şeyə fövqəladə qadir insan varlığı məzar daşlarına pənah gətirir. Soyuq daş yadigarına çevrilir və nə üçün ləyaqətli və alçaq adamların keşiyində də daş ömrünü yaşayır? Bu tale həyatın bir qəribəliyi deyilmi? Daşların "Ölü bir dünyanın "vətəndaşıyıq" gileylənməyə haqqı çatır-bizim etirafımızdır. Bu da bir etirafdır ki, məzar daşları yollara döşənərdi-insanlar qatar-qatar adlayıb keçərdi; bir toyuq hini, qoyun qəhəli tikmək olardı; binaya hörülərdi... halbuki, bu daşlar məzarın üstünə qoyulur. Və bunun məzarlara keşik çəkməsində də insan "bicliyi" dayanır haçansa onun özünə qoyulacaqdır! Belə məqamlarda məzar daşlarına üz tutur.

Yenə ləyaqətli, təmiz kişinin
Qəbrinə qoyulsan, dərdin yarıdı.
Yadına salarsan onun işini,
Deyərsən:-nə olar, haqqı var idi!

Məzar daşları şairə gileylənməyə bilmir:

Bəzən tüfeylinin, acgöz zəlinin
Qəbri tapşırılır bu yerdə bizə.
Adı yer üzündən silinməlinin!
Adı həkk olunur daş köksümüzə.

Deyirsən, axı, bu, sağlığında da
Tapdardı kiminsə ləyaqətini.
İnsan məzarda da, qılınc qında da
Hökmən alsın gərək öz qiymətini.

Və nəhayət, məzar daşlarının taleyinə düşən qismət: Bəzi nankorlardan, harınlardan, acgözlərdən fərqli dərdə halı olmaq-bu əxlaqi davranış dəyəridir,-şairin daşları şəxsləşdirməsidir:

Ancaq beləcə də biz qalmalıyıq,
Bezib incisək də öz-özümüzdən-  

deməsidir.

Şeirlərində insan taleyini yüksək zəngin poetik pafosla tərənnüm edən Əliağa Kürçaylı məzar daşlarının taleyinə də biganə qalmır; onların səsini çatdırır:

Bu gün daş qəlbimiz dilə gəlibdir,
Deməyin duyğusuz məzar daşıyıq.
Bizim taleyimiz belə gəlibdir,
Ölü bir aləmin "vətəndaşıyıq".
 
P.S. Mən bu dəfə Əliağa Kürçaylının "Məzar daşları"nı sonuncu oxudum, bəlkə də fəhmimin, hansısa iç duyğumun diqtəsi idi-olur belə hallar-yanılmamışdım. Bir zaman dolu həyat eşqli şair illərlə istiyə-bürküyə, qara-yağışa tab gətirən məzar daşlarının məkanına baxmış, son sığınacağını axtarıb və tapmayıb. Əvəzində şairin poeziyası sarp və saf daşlar qədər əbədi yerini tapıb.

 





20.07.2016    çap et  çap et