525.Az

“Türk xalqı seçdiyi idarəetməyə qanı bahasına sahib çıxdı”


 

SALİH YILMAZ: “TÜRKİYƏDƏ BÜTÜN MÜXALİFƏT ÇEVRİLİŞ CƏHDİNİN ƏLEYHİNƏ OLDU”

“Türk xalqı seçdiyi idarəetməyə qanı bahasına sahib çıxdı”<b style="color:red"></b>

-Türkiyədə hərbi çevrilişin qarşısı xalqın küçələrə çıxıb tank və döyüş helikopterlərinə qarşı birləşməsiylə alındı. Bu mücadilədə üsyançılar 200 adamı şəhid etdi. Sızcə, bu vəziyyəti yaradan şərtlər nə oldu?

- Bunu anlamaq üçün əvvəlki illərə dönmək lazımdır. 2002-ci ildə Türkiyədə keçirilən demokratik seçkilərin nəticəsində hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası əvvəlcə Avropa  Birliyi və ABŞ ilə sıx əlaqələr quraraq önəmli islahatlar həyata keçirdi. Hətta Avropa Birliyinə üzvlük prosesində də qanunlarda dəyişiklik etdi və bu proses həyata keçirilərkən bütün fikir kəsimlərini özündə təcəssüm etdirirdi. Amma gedişatda  AKP-dən narazı olan Bayloz, Ergenekon və başqa hərbi qrupların çevriliş hazırlıqları etmələri ilə bağlı dəlillər ortaya çıxdı. Elə bu vaxt özü Amerikada yaşayan və dünyanın bir çox ölkələrində təhsil müəssisələri olan  Fətullah Gülən tərəfdarları AKP-nin içində yer alaraq ona dəstək verdilər.
 
Təhsilli və yetişmiş bir işçi anbarı olan FETO təşkilatı əsgərlərin Balyoz, Ergenekon və digər  cəhdlərini da bəhanə edərək bütün müxalifləri aradan çıxardaraq təhlükəsizlik, ordu, hüquqi, təhsil kimi önəmli sahələrə öz tərəfdarlarını yerləşdirdi. Bu təşkilat daha çox İslam dünyagörüşünü müdafiə edir və daha çox ABŞ, İsrail kimi ölkələrlə işbirliyinin tərəfdarıdır. Türkiyə 2002-2010-cu illər arasında rəsmən Fətullah Gülən Təşkilatını bütün dövlət orqanlarına yerləşdirdiyi dönəmi yaşadı. 2010-cu ildən etibarən  AKP-ni də ələ keçirərək güya özü-özlüyündə bir xəlifəlik qurmağı hədəf etmişdi. Lakin Ərdoğan onlarla əlaqələri kəsdi. Bu dindar qurum AKP-nin onların sayəsində gücləndiyini iddia edərək Ərdoğan və ətrafını represiyalara məruz qoymaqla təhdid etdilər. 2011-ci ilin 17-25 dekabırında çevriliş etməyə çalışsalar da, bacarmadılar.

Ərdoğan isə onları hər yerdə vəzifələrini əllərindən aldı və iqtisadi güclərini yox etməyə çalışdı. Amma bu adamlar dövlət içərisində o qədər güc əldə etmişdilər və özlərini də o dərəcədə gizlədirdilər ki, bunların kim olduqlarını müəyyən etmək çətin idi. Bundan başqa ABŞ-da yaşayan liderlərindən aldıqları əmrlərlə rəsmən Türkiyənin əlehinə olan bütün ölkə və insanlarla işbirliyi qururdular. Bu örgütün fəaliyyəti həm Orta Asiyada, həm də Rusiyada çox-çox əvvəllərdən qadağan edilmiş və məktəblərinə də  əl qoyulmuşdu. FETO terror təşkilatının üzvlərinin hüquq, polis və digər qurumlarda önəmli tərəfdarlarını işdən qovdular. Builki toplantıda isə müəyyən edilən bütün Fətullah Gülən təşkilatının üzvlərinin ordudan atılması planlaşdırılırdı.

- Maraqlıdır, dövlət FETO terror təşkilatının  gizli tərəfdarlarını necə müəyyən edə bilmişdi və proseslər sonrakı mərhələdə necə davam edirdi?

- 2010-cu ildə dövlətin öz məmurlarını müəyyən etmək üçün keçirdiyi Dövlət qulluğuna qəbul imtahanının suallarının oğurlandığını və bəzi adamların nahaq yerə məmur olduqları ortaya çıxdı. Bu sualların oğurlanması ilə bağlı aparılan araşdırmalarda Gülən təşkilatı üzvlərinin sualları oğurlayaraq öz tərəfdarlarını necə deyərlər, məmur etdikləri bəlli olur. Prokurorların apardıqları araşdırmalarda ordu içərisində çalışan komandirlərin həyat yoldaşları, uşaqları və qohumlarının bu suallar sayəsində məmur olduqları təsbit edildi.

Beləcə, özlərini çox yaxşı gizləyən ordudakı Fətullah Gülən terror təşkilatına dəstək verən  komandirlər da müəyyən edilmişdi. Bu komandirlər bu il avqustun 1-də keçiriləcək toplantıda tutduqları vəzifədən uzaqlaşdırılacaqlarını anladılar. Hətta bu adamların həyat yoldaşları və uşaqlarının da imtahan suallarını oğurlayaraq məmur olduqları üçün həbs ediləcəklərini anlamışdılar. Bu vəziyyətdə olan komandirlərin sayı 580 nəfər idi. Bundan başqa son dönəmdə Türkiyənin İsrail və Rusiya ilə əlaqələrinin normallaşdırılmasına həm Avropa Birliyi, həm də NATO dəstək verməmişdi.

ABŞ yetkililəri AKP hakimiyyətini sanki düşmən kimi görürdülər. Bundan başqa ABŞ-ın Suriyada dəstəklədiyi separatçı Kürd PYD-nin  Türkiyə tərəfindən terror təşkilatı elan edilərək, həm də ona təpki göstərməsi də ABŞ-ı məmnun etmirdi. ABŞ ilə Türkiyənin mövqeyi İraq və Suriya məsələlərində də toqquşurdu. Avropa Birliyi ölkələri isə miqrasiya böhranının həllində Türkiyəni günahkar görürdülər və hesab edirdilər ki, Türkiyə miqrasiya axınının qarşısını alsın və nəyin bahasına olursa olsun, qaçqınların Avropaya keçmələrinə yol verməsin. Türkiyə isə buna cavab olaraq humanizim naminə qaçqınları qəbul edəcəyinə və bütün dünyanın da belə bir humanizm sərgiləyərək problemi birlikdə həll etməyə çağırırdı.  Suriya və Şərqi Avropada Rusiya, Avropa İttifaqı və NATO arasında böhran prosesi zamanı NATO öz mövqelərini həm Qara dənizdə, həm də Qafqazda  gücləndirmək istədi, lakin Türkiyə ilə Rusiya arasındaki münasibətlərin normallaşması  NATO-nun regionda öz mövqelərini möhkəmləndirmək cəhdlərini alt-üst etdi.

Ərdoğanın rəhbərlik etdiyi AKP hökuməti artıq Avropa Birliyi və ABŞ-ın istədiyi siyasəti sorğusuz-sualsız yürüdən bir ölkə olmaqdan çıxmışdı. Bundan başqa Rusiya-İsrail sülhü də Türkiyənin Şərq ilə əlaqələrinin möhkəmlənəcəyi anlamına gəlirdi. AKP-nin siyasətindən sadəcə Avropa Birliyi və ABŞ deyil, Suriyada Əsəd, Misirdə Sisi, İraq idarəetməsi və İran da narahat idi. Çünki onlara görə, Yaxın Şərqdə  güclü bir Türkiyə olmamalı idi. Belə olduqda isə Türkiyəni içəridən zəiflətmək üçün Gülənin terrorçu təşkilatından istifadə etmək olardı. Çünki onlar da Ərdoğanı devirmək istəyir və dövlət, ordu, polisdə çoxlu tərəfdarları var idi.

- Salih bəy, Ankarada çevrilişə cəhd edilən gecə Ərdoğan xalqı küçələrə səslədi. Siz də hadisələrin ən qızğın cərəyan etdiyi nöqtələrdə olanlar arasındasız. Həm siyasətçi, həm də şahid kimi hadisələri sizin dilinizdən eşitmək daha məntiqli olardı?

- İyulun 15-də saat 22:30-da hərəkətə keçən üsyançılar həm ordudan, həm də polis qüvvələrindən dəstək almışdılar. Lakin Türk ordusunun  əsas  komandirlərini razı sala bilməmişdilər. Buna görə də onları tutaraq həbs etmişdilər. Ölkənin televiziyasını ələ keçirərək çevriliş etdiklərini və idarəetməyə əl qoyduqlarını elan etdilər. Bu sırada isə televiziyaya bağlanan baş nazir Binəli Yıldırım ölkədə bir çevrilişə cəhd olduğunu, lakin bunu tanımadıqlarını bildirdi. Marmarisdə bir hoteldə məzuniyyətdə olan Ərdoğan televiziya proqramına telefonla bağlanaraq xalqı hakimiyyətə sahib çıxmağa çağırdı.

Bu çağırışdan sonra ölkənin hər yerindən xalq küçələrə çıxaraq tankların hərəkətinin qarşısını aldılar. Xalq çevriliş etməyə çalışan əsgərləri silahları belə olmadan əllərindəki dəyənəklərlə qovdu. Xalqın bu reaksiyasından şoka düşən qiyamçılar bu dəfə onları qorxutmaq üçün xalqın toplaşdığı yerlərə bombalar yağdırmağa başladılar. Bununla da kifayətlənməyərək Milli Məclisi bombaladılar. Bundan öncə isə özəl təhsil polis mərkəzini bombalayaraq 40 nəfər polisi şəhid etdilər. 22:30-da başlayan çevriliş cəhdinin ardından 02:30 saatlarında ordunun çevrilişə qarşı olan qüvvəlləri də qiyamçıları əngəlləməyə başladılar. Türkiyənin digər rayonlarından gələn döyüş təyyarələri köməyə gələrək bombardmançı təyyarələri təsirsiz hala gətirdilər.Gecə yarısından sonra üsyançılar bacarıqsız olduqlarını başa düşdülər. Həmin gecə xalq tamamilə küçələrə çıxmışdı. Elə onları da qorxudan bu oldu. Qiyamçılardan kimisi Yunanıstana, kimisi də terror təşkilatı olaraq qəbul edilən PYD-yə sığındılar. Lakin xalqın içində bir təlatüm var idi. Çünki öz ordusunun sadə xalqa bomba atmasını, silah atmasını gözləmirdi. Ordu mənsublarının polisləri öldürməsini həzm edə bilmirlərdi.

Elə səhəri gün Ərdoğan və digər dövlət idarəçiləri vəziyyətə hakim oldular. Ordu və polis üsyançıları həbs etdi. Bunun ardınca Fətullah Gülən təşkilatına mənsub olan hakim, prokuror, vali, kaymakam və başqaları işdən uzaqlaşdırıldı və həbs edilmələri haqqında qərar verildi. Çevrilişə dəstək olan insanların sayı 9 minə qədər idi. Yəni bu sayda terrorçu 80 milyon xalqa qarşı çıxa bilmədi. Qərb bəlkə də Misir və Yaxın Şərq ölkələrində olduğu kimi ordudan istifadə edərək idarəetməyə əl qoyula biləcəyini düşündüyündən qiyamçılara dəstək oldu. Çünki onların xaricdən dəstək almadan belə bir cəhd etmələri mümkün deyildi. Lakin Türkiyədə xalqın demokrtaik olmayan hər bir cəhdin qarşısını alacağını da düşünməli idilər. Türk xalqı seçdiyi idarəetməyə qanı bahasına sahib çıxdı. Türkiyənin bütün müxalifəti çevriliş cəhdinin əleyhinə oldu.

Pərvanə SULTANOVA

 





23.07.2016    çap et  çap et