525.Az

Yazıçı Əlabbas Minskdə müsabiqəyə qatılıb


 

Yazıçı Əlabbas Minskdə müsabiqəyə qatılıb <b style="color:red"></b>

Tanınmış Azərbaycan nasiri Əlabbas “Sozvuçie” saytının”Bizim ev” müsabiqəsinə qatılıb.
 
MDB ölkələrinin ədəbiyyatı və publisistikası bu səhifəsində həmyerlimizlə bərabər Qalina Quzenkova (Qomel) və Aniel Tiferetə (Moskva) də yer ayırıb.

Sayt öz oxucularına “Əclaf” hekayəsi ilə təmsil olunan Əlabbasın həyat və yaradıcılığı barədə də yığcam informasiya verib. Hekayəni rus dilinə Şaik Hüseynov çevirib.

Xatırladaq ki, 1973-cü ildən  bədii-publisistik yaradıcılıqla məşğul olan Əlabbas  ədəbiyyata 1981-ci ildə “Ulduz” jurnalında çap olunan “Kişilik” hekayəsi ilə gəlib. Müxtəlif zamanlarda “Azərbaycan”, “Literaturnıy Azerbaydjan” dərgilərində, “Səhər”, “Səs” və digər qəzetlərdə onlarla məqalə, müsahibə, hekayə, povest və romanları işıq üzü görüb.

1989-cu ildə “Yazıçı” nəşriyyatında müəllifin ilk kitabı seriyası ilə “Gümüşü gecələr”, “Gənclik” nəşriyyatında isə “Dogma ocaq” kitabarı çap olunub.

1990-cı ildən Yazıçılar Birliyinin üzvü olan yazıçının  müstəqillik illərində “Güdaz” (1993), “Uçurum” (2001), “Qiyamçı” (2004), “Sonun başlanğıcı” (2007), “Qaraqovaq çölləri” (2010) adlı topluları araya-ərsəyə gəlib.

Ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Qiyamçı” romanı  Milli Kitab Müsabiqəsində  (2010) vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı əsər kimi xüsusi mükafata layiq görülüb.

Onun 2008-ci ildə publisist əsərlərdən, portret yazıları, məktub, esse, rəy, müsahibə və xatirələrdən ibarət “Mən Qarateli sevirdim” adlı daha bir kitabı oxucuların ixtiyarına verilib.    

“Köhnə kişi”povesti, “Bir isti avqust günü”, “Başsağlığı”, “Mərənd ölüsü”, “Kirayənişinlər”, “Yanaşı masalar”, “Gözəl”, “Yük”, “Arvanada dəfn” və digər hekayələri türk, qırğız, rus və ingilis  dillərinə tərcümə olunub. 2007-ci ildə azərbaycanlı nasirlərin əsərindən ibarət Türkiyədə çap olunan “Dörd dördlük” almanaxına daxil edilən müəlliflərdən biri də Əlabbasdır.  Bu il Bişkekdə işıq üzü görən ümumtürk yazarlarının əsərlərindən ibarət topluda isə Azərbaycanı iki müəllif - Eyvaz Zeynalov və  Əlabbas təmsil ediblər. Almanaxda onun “Başdaşı” hekayəsi yer alıb.

 





23.07.2016    çap et  çap et