525.Az

“Kaş deyərdilər, get istirahət elə”


 

RAUF ARİFOĞLU: “BİLMƏDƏN, DUYMADAN, HİSS ETMƏDƏN, BİZ DƏ GÖRDÜK Kİ, YARIM ƏSR YAŞAMIŞIQ VƏ ARTIQ 50 İLİ YEKUNLAŞDIRMIŞIQ”

“Kaş deyərdilər, get istirahət elə”<b style="color:red"></b>

“Yeni Müsavat” qəzetinin, musavat.com və minval.az saytlarının təsisçisi Rauf Arifoğlunun 50 yaşı tamam olur. 

Yubilyarla rəhbəri olduğu redaksiyada görüşdük, elə iş otağında. Hər şeydən danışdı Arifoğlu.

Ötən günlərdən, gələcək planlarından. Amma bu məsələ müsahibənin içindən qırmızı xətt kimi keçirdi: “Enerjimin ən yüksək dövründəyəm”... 

- Bayaq bura gəlməmiş internetdə belə bir xəbərlə rastlaşdım: Səhv etmirəmsə Kanada alimlərinin çıxardığı nəticəydi. 50 yaşında insanlar  özlərini 25 yaşındakılardan daha qıvraq və daha razı hiss edirlər. Sizdə necədir?

- Düzü, yaşımın 50 olduğunu hiss eləmirəm. Əksinə, hesab edirəm ki, enerjimin ən yüksək dövründəyəm. Yəqin bilirsiz, Azərbaycanda  50 yaşla bağlı bir “Məşədi İbad sindromu” var. (Gülür). Mən o fərqi hiss etmirəm ki, 50 yaşına çatmışam və artıq yaşlanmışam. Nə işimdə, nə həyatımda, nə psixologiyamda, nə düşüncəmdə. Şükürlər olsun! Sadəcə o rəqəmin özü diskomfort yaradır. 50 yaşa çatanda çox vaxt ömrün yarısı getdi deyirlər. Sadəcə, bura necə gəlib çıxdım, o mənim üçün qəribədir. Çox sürətlə oldu. Bilmədən, duymadan, hiss etmədən, biz də gördük ki, yarım əsr yaşamışıq və artıq 50 ili yekunlaşdırmışıq.

- Sovet vaxtı belə bir şüar var idi: “Lenin deyiləndə partiya, partiya deyiləndə Lenin yada düşür”. “Yeni Müsavat” deyəndə Rauf Arifoğlu, Rauf Arifoğlu da deyəndə “Yeni Müsavat” yada düşür. Bu qoşa təsirin nə vaxtsa aradan qalxması qorxusu varmı sizdə?

- Qorxu yox, düzünü desəm, arzudur mənim üçün. Çoxlu materiallar toplanıb qalıb. Yarımçıq qalmış dörd kitabım var. Onları ərsəyə gətirmək üçün mən gündəlik işdən, xəbər axınından kənarda olmalıyam. Oturub rahat bir yerdə onları tamamlamalıyam.

- Onlar avtobioqrafik kitablardır?

- Yaxın tariximizə aid sənədli, həm də avtobioqrafik xarakterli kitablardır. Biri də həbsxanada yazdığım gündəliklərdir. Onu tamamlamalı, yekunlaşdırmalıyam. Haqqında danışdığım kitablar isə 1988-ci ildən bəri “Yeni Müsavat”ın tarixi və onunla paralel cərəyan edən hadisələrdən bəhs edir. Kitablardan biri də bədii əsərdir.

- Bezməmisiz bəy? Nə vaxtsa, “lənətə gəlsin bu işi” dediyiniz olubmu? 

- Yox, yox. Əvvəla ən kritik, çətin anlarda, həbsxana dövründə belə qəzetin vacibliyini daha çox anlamışam. Onun yaşamını davam etdirməsi üçün mümkün olan hər şeyi etmişəm. Media qurucusu olmağın Azərbaycanda da, dünyada da çox çətin olduğunu gördüm, yaşadım. Ümumiyyətlə, qurucu olmaq, kiçik bir şirkəti qurmaq belə çətindir. “Yeni Müsavat”ı, adında da siyasi ideologiya olan qəzeti isə Azərbaycan oxucusu sırasında, informasiya bazarında öncül yerə gətirmək son dərəcə ağır bir işdir. Qəzeti tək bir adam çıxartmır. Qəzet kollektiv əməyin məhsuludur. Amma həmişə onun məsuliyyətini bir adam daşıyır. Bu qəzetin də başında mən olmuşam. O cür anlarda belə heç vaxt peşman olmamışam. “Yeni Müsavat” mənim həyat tərzim olub, o cür yaşamışam.

- “Yeni Müsavat” brenddir?

- Yəqin ki elədir...

- “Yeni Müsavat” adında  qəzet və sayt var. Amma televiziyası yoxdur. Başqa nələr edə bilərdiniz “Yeni Müsavat” adına?

- Çox şeylər edə bilərdim. Holdinq açardım. Ancaq adı “Yeni Müsavat” olmadan. Çünki adında partiyanın, bir ideoloji sistemin nişanəsi var. Zamanında televiziya və radionu da düşünmüşdüm. Sadəcə, Azərbaycanda siyasi ortam buna imkan vermədi. Üstündən zaman keçdikdən sonra isə əldə qalanı qorumağı düşündüm. Media tarixini araşdıranlar bilir ki, mən bir neçə dəfə media quruluşçu olmuşam. Həm rus dilində, həm də Azərbaycan dilində “Dünya” jurnalı, “Yeni Turan”, “Cümhuriyyət” qəzetlərinin əsasını qoymuşam. Bundan başqa da bir neçə sayt qurmuşam. Bunların hamısını saxlamaq çətin idi. Bir neçə vaxt keçəndən sonra hansı adı qoruyum, hansını saxlayım deyə düşündüm. Və “Yeni Müsavat”la davam elədim. Peşman da deyiləm.

- Bir dəfə biri dedi ki, Rauf Arifoğlu “Yeni Müsavat”ı kənara qoyub, məsələn, “alışqan”adlı qəzet də çıxarsa qısa zamanda azı 5 min tirajı yığacaq.

- Sizə bir maraqlı məqamı deyim. Biz bir minval.az saytı yaratdıq, rus dilində. Cəmi 4 nəfər işləyir o saytı. Rusdilli oxucu mühitində babat oxucu kütləsi var. 30 mindən artıq unikal İP-i var. Bu layihəmiz, hesab edirəm ki, uğurlu alındı. Ancaq yeni bir media qurumu yaradıb ona yüksək tiraj vermək işin ən elementar tərəfidir. Arıq dünya çapında bir media qurumu yaratmaq lazımdır. Azərbaycan elə yerdir ki, burda yayın edən mətbu orqanlar daha artıq tirajla çap oluna bilər. Niyə? Güney Azərbaycan faktoru var. Bizim oxucunun potensialı düşündüyümüzdən də qat-qat çoxdur. 10 milyon quzeyli, güneyli azərbaycanlı mühacirətdədir. Onların öz Bakısı, Təbrizi, Zəncanı, Ərdəbili haqqında məlumat əldə etmək ehtiyacı var. Həm də Azərbaycandakı yayın orqanlarının rus dili mühitə təsir etmək imkanları son dərəcədə genişdir. Bütün bunların həll olunması üçün böyük sərmayə lazımdır. Biz müəyyən istedad və maddi ehtiyatla bura qədər öz gücümüzlə gəlib çıxa bilmişik. Yeni və böyük layihələr üçün böyük maliyyə lazımdır. Biz düşünmüşdük ki, reklam bazarı olacaq və bizə də o reklam bazarından ən böyük pay düşəcək. Ancaq təəssüf ki, Azərbaycanda reklam bazarı böyümədi. 

-  Sırf peşəkar kimi sizin özünüz qəzetdən razısınız?

- Müəyyən marginal qruplar qəzetdən də, saytdan da gileylənirlər, ancaq oxuyurlar. Bu bizim uğurumuzdur. Ölkədə yeganə redaktoram ki, haqqımda bu qədər danışılır. Nə eləsəm, danışırlar. Bu çox yaxşı bir şeydir. Əvvəla mənim buna immunitetim var, ikincisi də mən bunu istəyirəm. Məni həm öymək, həm söymək rəhbərlik etdiyim media qurumunun tirajına görədir. O qədər media qurumları, redaktorlar var, ancaq onların nə yazmalarının önəmi yoxdur. Ancaq bizim yazılarımız, davranışlarımız müzakirə olunursa və insanlar bəzən məni, qəzeti müzakirə edə-edə yazılarımızı oxuyursa, oxumaq məcburiyyətində qalırsa, bu bizim uğurumuzdur. Haqqında söz etdirmək özü bir texnologiyadır. Biz bunu yüksək səviyyədə bacarırıq. Zamanında ən müxtəlif iddialarla tənqid, təhlil olunmuşam. Məni bir zamanlar müxalifət camiəsi prezidentə “prezident” yazdığım üçün amansız tənqid edib. Onlar deyirdi ki, ona prezident yazma. Bir müddət sonra prezidentə “hörmətli prezident” yazdığım üçün tənqid olunmuşam. Biz Türkiyədəki “sayın cümhurbaşkanım” etiketini gətirmək istəyirdik. Daha sonra isə başqa rəsmi nümayəndələrin xəbərini verdiyimiz üçün tənqid olunduq. Biri qəzeti oxuyub ruhlanmaq istəyir, başqa birisi tənqid eləməməyimizi istəyir. Bu qəzetçiliyin taleyidir. Bizi Amerikada da, Azərbaycanda da sevmirlər, amma Amerikada daha çox dözürlər, Azərbaycanda daha az. Lakin bizi tənqid edən adamlara təşəkkür edirəm ki, bizi tənqid edirlər, buna zaman ayırırlar. Bəzən yazdıqlarımızı paylaşırlar. Çox sağ olsunlar. Bundan gözəl nə ola bilər ki?

- Bu qədər il keçib. “Yeni Müsavat”ın ən qızıl dövrü hansıdır sizcə?

- İndi.

- Niyə?

- Tirajımız əvvəlki illərdən çoxdur, qəzetin elektron versiyası fantastik nəticələr göstərir. Üstəlik, indi xəbər məkanında lider olmaq çox çətindir. Daha çox işləməli oluruq. Mən fəxr edirəm ki, yeni nəslin də işləyə biləcəyi bir yer yaratdıq. Ancaq “Yeni Müsavat”ın Azərbaycan tarixində və oxucusunda dərin izlər buraxdığı illər senzuradan sonrakı illər olub. Bu oxucunun gözündə belədir. Ancaq bir peşəkar və menecer kimi mənim nəzərimdə qızıl dövrü indidir. Əvvəllər kağız versiyamız uzağı 30 min oxunurdu. İndi bir yazımızı saytda 50 min, 60 min oxuyan var. Unikal İP-imiz 80-120 min civarındadır. Bu 300-400 min tiraj deməkdir, bu 700 min səhifələnmə deməkdir. Bu Azərbaycan sınırlarından kənara çıxmaq imkanları deməkdir. İndiki dövrü ona görə güclü dövr hesab edirəm ki, bu saat xəbər agentlikləri var, xəbər yarışında zaman məsələsi var və ən əsası ən böyük rəqibimiz olan sosial şəbəkələr var. İndi xəbərdə fərqlənmək çox çətindir. Bu baxımından mən indiki dövrü, Azərbaycan miqyasında qızıl dövr hesab edirəm.

- Müstəqillikdən sonrakı mətbuatda iki məktəb olub: Nəcəf Nəcəfov və Mehman Cavadoğlu məktəbi. Bəzən 3-cü bir məktəb kimi “Yeni Müsavat” məktəbinin də adı çəkilir. Necə deyirlər, üçüncü jurnalistika məktəbi kimi...

- Bizim əsas özəlliyimiz bura gələnlərə yaradıcılıq azadlığının verilməsidir. Eyni zamanda da çalışmışıq ki, digər qəzetlərdə olmayan güclü və sistemli işləyə bilən redaktor korpusu olsun. Bizdəki ritm bura gələnlərin sonrakı həyatına da təsir edib. “Yeni Müsavat”a qədər Azərbaycanda gündəlik yazmaq ənənəsi olmayıb. Bir insanın hər gün köşə yazması mümkünsüz görünürdü. Bir siyasətçi vardı, onun həm də yazı qabiliyyəti yaxşı idi. Deyirdi ki, ayda maksimum iki yaxşı köşə yazmaq olar. O, inanmırdı ki, bu köşələri bir adam yazıb. Biz o ənənəni gətirdik və müxbir kimi, reportyor kimi sınaqlardan keçənlər indi ölkənin ən populyar köşə yazarlarıdır, media rəhbərləridir.  Mənim fəxr etdiyim tərəf odur ki, burdan çıxanlar Azərbaycan mediasının sütunlarıdır, fərqlənənləridir və hamıdan yaxşı performans göstərirlər. Bunu görüb kənardan məktəb yaratdığımızı deyirlər. Ancaq halbuki elə bir şey yoxdur. Allah qoysa, nə vaxtsa bir tədris proqramı açıb gənc jurnalistləri yetişdirməyə çalışarıq. İndi isə məktəb söhbəti yoxdur. Buraya gələnlər bizim sistemimizə uymaq məcburiyyətindədirlər. Əgər onlar bu sistemə, ritmə uya bilirlərsə, bunu öz həyatlarının ritminə çevirib uğur qazana bilirlər.

- “Yeni Müsavat”dan onlarla işçi çıxıb. Hansısa bir işçinizin geri qayıtmağını istəmisiniz?

- Geri qayıtmağını istədiyim çox olub, keşkə gələydi və birgə olaydıq yenə də.

- İstəməzsiniz, ayın 22-si, mətbuat günündə köhnə işçilərinizi yığıb deyəsiniz ki, qəzeti çıxarın?

- Mən ayın 24-də bütün köhnə işçilərimi dəvət edəcəm yubileyimə, ad günümə. Bu həm də onların tədbiridir. Gəlsinlər, istedadlarını orda göstərsinlər.

- Amma qəzeti verməzsiniz...

- Əslində çox yaxşı ideyadır. Təkcə həmin sayda gedəcək  iş prosesindən gedəcək             fotolar belə tarixi əhəmiyyətli olardı.

- Qızınız Aytən də jurnalistdir...

- Uşaqlarımın ikisində hiss etdim ki, yazarlıq qabiliyyəti var, oğlum Ərhunda və qızım Aytəndə. Aytən mənə həbsxanada olanda məktublar yazırdı. Mənə yazdığı məktublardan Aytəni kəşf etmişəm. O zamandan bildim ki, bu jurnalist olacaq. Daha doğrusu, o zamandan hiss elədim ki, yazıçı olacaq. APA Holdingdə işləyən Aytənin indi cari işi fotorepartyorluqdur, xəbərin, olayın içində olmaqdır. Çırpınır ki, səs gətirən reportajlar işləsin. Amma ona Allahın verdiyi istedad yazıçılıq, ssenari istiqamətindədir. O, beynində istənilən hadisənin süjetini qura bilir, yaşı gənc olsa da. Türkiyədə ssenari müsabiqəsində iştirak etmişdi. Təqdim etdiyi üç ssenarini oxumuşdum. Yarışmaya qatılanda 19 yaşı vardı. 300 ssenarist arasında bir neçə mərhələni keçdi, 29 ya da 30-cu yer oldu. O zaman da hissiyyatımın doğru olduğunu görmüşdüm. Ərhun da həmçinin. Onun da multimedia istiqamətində maraqları var. Video filmlər hazırlayır, montajı rahatca edir. Onun da televiziyaçı olmasını çox istərdim. Onların qabiliyyətləri budur. Amma heç zaman istəmərəm ki, mənlə bir yerdə işləsinlər.

- “Yeni Müsavat” etibarlı əllərə vermək istəmirsiz?

- Qəzetçinin ömrü uzun olur, ölənə qədər qəzetçi olur. Onda istefa yoxdur, 70 yaşında da, 80 yaşında da qəzet yönəltmək gərəkir. Üstəlik, Azər Ayxan var, onlardan öncə. Mənim ən böyük varisim Azər Ayxandır. İstəyərdim ki, Aytən Türkiyədə qəzetçilik və yazarlıq fəaliyyətini davam etdirsin.

- Nə vaxt çəkilmək istəyirsiniz mətbuatdan?

 - Elə indi, həmən. Keşkə Azər Ayxan, redaktorlar deyə ki, get bir il, iki il istirahət elə. Böyük məmnuniyyətlə gedərdim. Bir yerdə oturub yaradıcılıq işlərini başa vurmaq istəyərdim.

LENT.AZ

“525”dən: Çağdaş Azərbaycan mediasında özünəməxsus yeri olan dəyərli həmkarımız Rauf Arifoğlunu 50 yaşı münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, yeni uğurlar arzulayırıq!

 





23.07.2016    çap et  çap et