525.Az

Allahşükür Ağanın şeirləri


 

Allahşükür Ağanın <b style="color:red">şeirləri</b>

Əgər...

Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək
Pulları çiçəklərə çevirə bilsəydik,
sevgi azalmazdı, əsla.

Ayaqların xatirəsinə

Mən susdum, sən susdun, biz
susan kimi.
ayaq izlərimiz qarışqalartək,
Dırmaşdı dağlara...
Qayalara,
Qayaların başındakı
çalalara...
Orda yuva qurdular.
Daha mehriban oldular.
Bilirsən, tanklar gəlirdi
Ayaq izlərimizi ayaqlamağa...
Mən susdum,
Sən susdun,
Biz susduq.
Tankın adamlardan əvvəl
ayaq izlərini öldürməyinə...
Tək bir əsgər ayaqqabısı
qalmışdı.
Yolun tən ortasında,
Amma ayaq izləri
Quş dəstəsitək
Göy üzünə
Çoxdan uçmuşdular.
Bax, o vaxtdan durna qatarı
Göy üzündə
Ayaq izlərinə oxşayır.
Sanki göylər
Abidə qoyub
Ayaqların xatirəsinə.

Ağlamaq

Ağlamaq,
Özü də gözəl ağlamaq
Bir az yaşamaqdı, məncə.

Doğma Saatlıda,
Hərdən buludlar gəlir
Başımın üstə əylənməyə.
Tək bir damcı düşür,
Qəlbimdəki qəmə.
Hansı ölkədən gəlib bilmirəm?
o damcı,
Gözlərimə düşəndən
Başladı kipriklərimin
qırmancı.
Yəni uçmaq həvəsim.
Gözümə düşən o damla
Kiminsə göz yaşıymış,
Gəlib-gəlib
əylənib gözümdə.
Bu saat elə bilirəm
Qara bulud var bəbəyimdə,
Məni harasa aparası...

Bir şamın içindən

Pərvanə adlı bir qız,
Özü də gözləri ulduz,
Sevdiyi çiçəyi yarpız-
Qanadlarını yandırdı
Bir şamın içindən
oyandırdı məni.
Mən oyandım qanad səsinə,
Həyat səsinə,
Yüyürdüm yer kürəsinə,
Yüyürdüm, yenə
Pərvanə dayandırdı məni.
Pərvanəyə dedim:
Şamın içinə mən necə keçim?
Çöldə yanıram,
Keçib bir az şamda
sərinləyim...
Pərvanə dedi:
Min ildi şamın qapısını
döyürəm, sən çıxdın
Daha necə qayıda bilərik ora?
Gedək uzaq,
Sonsuz bir səhraya.
Günəş adlı,
Həyat adlı
Bir sevdaya.

Tankçı

Mənim çiçəklərimi
Küləklər apardı kiməsə.
Aparıb taxdı
bir tank lüləsinə
deyəsən...
Quşlar da uçub doluşdular
tank lüləsinə
çiçəklərin xətrinə
orda yuva qurdular deyəsən.
Bir azdan səs gəldi-
Sarı dimdiklərin səsi...
Gör axırda tankçı neylədi?
Yığıb şələ-şüləsini
Getdi hərbi- hissəyə
Elə bircə kəlmə deyə bildi:
Biz məğlub olduq...
Mərmiləri islatmışdı
Quşların səsi.

Qartalım

Qartalım, sənə daş atanlar
Sonra ba şını tutanlar,
Min il əvvəl də vardı, indi də.
Sənə eşq olsun, qanadlarının
altında
Sərhədlər görünmür,
Kölgən
buludlara bənzəsə də,
İçində bir ürəyin
döyündüyündən xəbərsizdi
Hamı.
Sərhədlər pozursan,
Ölkələri birləşdirirsən,
Sənsən o böyük yaradanın
Sirri açılmayan nizamı...

Payız istiləri

İstidən dörd divar arasında
kabab olur ürəyim.
Gündüzlər də göy üzündən
qalaq-qalaq od tökülür
Başımdakı qafiyəsiz fikirlərə.
Amma istinin özü bir sükutdur.
Sükutun lal nəzərləri
İçimi didib- söküb
torpağa dartır məni.
Və torpağın hərarətindən
beynimə gələn sözləri
qaralmış vərəqlərə
köçürə bilmədim.
Sıxıldım tərləmiş fikirlərdən
qaça-qaça yol gəlirəm.
Sənə doğru-payız sərinliyinə.
Və uzun-uzadı nə danışım?
Sən demə
Sənsiz- saralmış payız da
elə yay kimi yandırırmış.
Yaydan atılıbmış
söz

köz...

Sənin gülüşlərin

Duman gələndə,
yağış yağanda,
Üzünə gülüş səpirlər
- Bəlkə səni öpürlər?-
Çünki sənin gülüşlərin
altında bulud var,
Nəmdi gülüşlərin...
Ya da ayın təbəssümüdür
üzündəki,
Ya da ananın yay vaxtı
üzünə sərdiyi
Ağ örpəkdi gülüşlərin.
Birdən anan çəksə örpəyi
Yerində ağ dişlərin
Gülüşlərin canlı heykəli kimi qalar.
Məni yenə təzə
Bir sevdaya salar,
Yerində buludlar ağlar,
Göyündə çiçəklər açar,
Yağış göyə yağar.

Düşür

Xəyal aləminin tənhalıq quşu,
Gah göyə dirənir, gah yerə düşür.
Qəribə qurulub dünya nizamı,
Bir sirdən çıxmamış, min sirrə düşür.
Yarpağın üstündə yazıya bax sən,
Dünyanın sirrinə yazı yaz, bax sən,
Üzümüzə gələn bu yaza bax sən,
Bir fikrə düşməmiş, min fikrə düşür.
İstədiyim şeir dilimə gəlmir,
Sözlə tor atıram, felimə gəlmir,
Gəzib axtardığım əlimə gəlmir,
Xəyalım sətirdən-sətirə düşür.

Qar

...Necə də təmizsən
Bir bakirə
Qız kimi.
Qaranlıqda ağ işıqsan
Göz oxşayan
Ay kimı,
Ulduz kimi..
Gərək yağmayaydın
bu yer üzünə.
Nə əyrisinə
nə düzünə
nə soyuğuna
nə istisinə
Bıçağın nə kütünə,
nə itisinə.
Gərək yağmayaydın
yazığ deyildinmi?
yazığın gələydi
barı özünə.
İndi üstündə bir maralın qanı
sürünür
Qırmızı
Şərf kimi...

Buludlar dəyir uşaqlara...

Ərəblər gəliblər Muğana,
Ov ovlayır, quş quşlayır..
Açılan güllələrdən,
Gülün köçü başlayır.
Hara getsin bizim quşlar,
Canında güllə gəzdirir.
Üşüyən ayaqları,
İndi də güllə qızdırır.
Hara getsin bizim quşlar,
Belə güllə görməyiblər..
Yuvaların qapısını,
Tikməyiblər, hörməyiblər..
Ərəblər gəliblər Muğana,
Güllə dəyir quşlara.
Quşlar dəyir buludlara,
Buludlar dəyir uşaqlara...

Qoca

Sual işarəsinə oxşayır qoca,
Sualın içində yaşayır qoca,
Yol gedir, yol gedir xatirələrə...
Sualın cavabı nəvələr gəlir,
Nidalar kimi...
Ayağını azca ləngidir qoca
Bir azc a əyir belini,
Nəsə tapırmış kimi
Yenidən boylanır xatirələrə...
Xatirələr uzaqda deyil ki,
Əlində, üzündə qollarındadı.
Onunçün torpağa o əyilir ki,
Xatirələr getdiyi yollarındadı.
Əyilir birini qaldıra bilmir,
Beləcə dolanır küçəni qoca.
Bütün xatirələr qapısı bağlı.
Açılmır ki,
Keçə qocalıqdan gəncliyə qoca,
Həyattək çırpınır küçədə qoca.

Allahşükür AĞA

 





24.07.2016    çap et  çap et