525.Az

Qlobal strateji sabitlik: Rusiya-Çin müzakirələrinin yeni səhifəsi


 

Qlobal strateji sabitlik: <b style="color:red">Rusiya-Çin müzakirələrinin yeni səhifəsi</b>

Rusiyanın dövlət başçısı Vladimir Putinin Çinə son ziyarətinə dünya KİV-i böyük maraq göstərib.

Müxtəlif şərhlər verilir, müsbət və mənfi tərəflər analiz edilir. Bütövlükdə danışıqların uğurlu olduğu vurğulanır. Bununla yanaşı, iki ölkə arasında inteqrasiyada bir sıra ciddi problemlərin mövcudluğu da qeyd edilir.

Tərəflər arasında 30 müqavilə imzalanıb. Onlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi, ticari, enerji və təhlükəsizlik sferalarında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi qərara alınıb. O cümlədən qlobal strateji sabitliyi möhkəmləndirmək istiqamətində birgə fəaliyyət göstərməyin zəruriliyi vurğulanıb. Rusiya və Çin Avrasiya İqtisadi İttifaqı (Aİİ), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı əlaqələri inkişaf etdirmək qərarına gəliblər. Mütəxəssislər bunu əhəmiyyətli sayırlar. Onun reallaşması məsələsi isə başqa mövzu kimi qeyd olunur.

"Şərqə dönüş"ün davamı: Kremldən yeni addım

Bir tərəfdə təntənə, sevinc və uğurlu səfər əhval-ruhiyyəsi, digər tərəfdə isə sərt məntiq çərçivəsində tənqidi münasibət. Prezident Vladimir Putinin Çin ziyarətinə Rusiya analitiklərinin bu cür ikili münasibəti özünü göstərir. KİV tərəflər arasında çoxlu sayda müqavilənin imzalandığını və onların geniş sahəni əhatə etdiyini xüsusi vurğulayır (bax: məs., Россия и Китай подписали десятки соглашений о сотрудничестве / "РИА Новости", 26 iyun 2016). Pekinin Rusiya dövlət başçısını rus xalq mahnısı "Kalinka" ilə qarşılamasının ayrıca effekt yaratdığından yazırlar.

Hətta V.Putinin riqqətə gələrək mahnını ifa edən xorun rəhbərini qucaqlamasına siyasi rəng verir, bunu Rusiya və Çin yaxınlaşmasının "siyasi rəmzi" kimi təqdim edirlər (bax: Александр Братерский, Дарья Зорилэ. Из Китая с "Калинкой" / "Газета.ру", 26 iyun 2016).

Əslində, Vladimir Putinlə Si Szinpinin görüşü maraqlı keçib. Dövlət başçıları iqtisadiyyat, enerji, mədəniyyət və təhlükəsizlik sahəsində əlaqələri inkişaf etdirmək haqqında ortaq fikrə gəliblər. İmzalanan sazişlər də bunun təsdiqidir. Eyni zamanda, Moskva ilə Pekin "qlobal strateji sabitliyin möhkəmlənməsi" üçün birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Bu xüsusda nüvə silahlarına nəzarətə ayrıca diqqət yetirilib. Rusiya ilə Çin artıq ABŞ-ın diktəsi ilə nüvə silahları haqqında qərar qəbul etməyəcəklər – onlar öz mənafelərinə uyğun müstəqil addımlar atacaqlar. Mütəxəssislər bu məqamı strateji aspektdə olduqca əhəmiyyətli hesab edirlər (bax: Василий Кашин. О визите В. Путина в Китай – без завышенных ожиданий с конкретными результатами / "Russiancouncil.ru", 29 iyun 2016).

Rusiya və Çin qlobal strateji sabitlik anlayışının da məzmununu genişləndiriblər. Buraya yalnız nüvə silahları daxil deyil, bütün növ silahların minimal balansını yaratmaq aiddir. Əlavə olaraq, daxili işlərə qarışmama və siyasi sahədə BMT Nizamnaməsindən kənara çıxan istənilən məcburi tədbirlərdən istifadə etməmə daxildir. Nəhayət, Moskva və Pekin başqa dövlətlərə potensial təhlükə yaradan hərbi ittifaqların genişləndirilməsindən imtinanı ayrıca qeyd ediblər (bax: əvvəlki mənbəyə).

Qlobal təhlükəsizlik üçün bunlar çox mühüm məqamlardır. Ekspertlər vurğulayırlar ki, həmin müddəalar birbaşa Qərbin, o cümlədən NATO-nun maraqlarına qarşı yönəlib. Rusiya və Çin Şimali Atlantika Alyansının genişlənməsini özləri üçün təhlükə mənbəyi hesab edirlər. Bundan sonra onlar həmin istiqamətdə fəaliyyətlərini koordinasiya edəcəklər. Buraya həm Avropada, həm də Asiya-Sakit okean hövzəsində ABŞ-ın yerləşdirmək istədiyi yeni silahlara qarşı ortaq tədbirlər alınması da daxildir (bax: Brice Pedroletti. La Chine et la Russie célèbrent leur rapprochement / "Le Monde.fr", 27.06.2016).

Lakin qarşılıqlı əlaqələr yalnız strateji təhlükəsizlik üzərində qurulmur. Yaxud iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək məsələsinə də təhlükəsizlik aspektində daha çox önəm verirlər. Bu səbəbdəndir ki, ekspertlər Çin Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun əməkdaşı Szyan İnin aşağıdakı fikrinə diqqət çəkirlər. Çinli alim vurğulayır: "İpək Yolu zolağı Rusiya tərəfindən təhlükə kimi qəbul edilmir, ancaq onun qarşısında bu layihədən necə yararlanmaq sualı durur ki, buna da hələlik konkret cavab yoxdur" (bax: əvvəlki mənbəyə).

Rusiya-Çin inteqrasiyası və təhlükəsizlik: fərqli yanaşmalar işığında

Onu vurğulayaq ki, məsələnin bu tərəfini rusiyalı mütəxəssislər də çox önəmli hesab edirlər. Məsələn, tanınmış iqtisadçı Vladislav İnozemtsev Rusiya ilə Çin arasında əməkdaşlığın perspektivinə həsr edilmiş məqaləsində vurğulayır ki, İpək Yolu marşrutunun Rusiyadan keçməsində Pekin maraqlı deyil. Onu daha çox İran-Cənubi Qafqaz istiqaməti maraqlandırır. Çünki bu, Çini Avropa ilə birbaşa və təhlükəsiz əlaqələndirir. Rusiya istiqamətində isə hələ çox şey aydın deyil. O cümlədən Avrasiya İqtisadi İttifaqının (Aİİ) taleyi məlum deyil (bax: Владислав Иноземцев. Шелковый тупик: почему не идет интеграция Евразийского союза с Китаем / "РБК", 29 iyun 2016).

V.Putinin Çin səfərinə bu prizmadan baxaraq, rusiyalı mütəxəssis bir qədər fərqli nəticələrə gəlir. V.İnozemtsev hesab edir ki, Aİİ ilə Çin arasında inteqrasiya bu səbəbdən hələlik daha çox mücərrəd məzmun kəsb edir, yalnız deklarativ bəyanatlarla məhdudlaşır. Onun konkret məzmun alması üçün lazımi baza mövcud deyil. Məsələ ondan ibarətdir ki, Aİİ-yə daxil olan əsas dövlətlərlə Pekin səmərəli ikitərəfli əlaqələrə malikdir (Rusiya və Qazaxıstanla). Bu ölkələr təşkilatın iqtisadiyyatının 95%-dən çoxunu təşkil edirlər. Əlavə olaraq, hansı əməkdaşlığa ehtiyac vardır? (bax: əvvəlki mənbəyə).

Həmin səbəbdən Rusiya ilə Çin arasında imzalanan böyük müqavilələrin reallaşması hələlik inandırıcı görünmür. Əksinə, iki ölkə arasında ticarət dövriyyəsi aşağı düşüb və bunu V.Putin də Pekində vurğulayıb (bax: Итоги визита Владимира Путина в Китай: десятки соглашений и приглашение на G20 / "Russian.rt.com", 25 iyun 2016). Hesablamalara görə, 2015-ci ildə Çinin Rusiya və Qazaxıstanla ticarət dövriyyəsi 33,7% aşağı düşüb. Bunun əsas səbəbi kimi, mütəxəssislər Rusiya iqtisadiyyatının köhnə sovet infrastrukturundan yaxa qurtara bilməməsini, Çinin isə qlobal miqyasda uğur qazanmağa istiqamətlənmiş modern iqtisadi struktura malik olmasını göstərirlər. Məsələn, Çinin Rusiya ilə ticarət dövriyyəsinin ən yüksək göstəricisi 63,5 milyard ABŞ dolları olubsa, ABŞ-la əlaqələrdə bu rəqəm hər il təqribən 500 milyard dollar təşkil edir (bax: Александр Братерский, Дарья Зорилэ. Из Китая с "Калинкой" / "Газета.ру", 26 iyun 2016).

Bütün bunlardan V.İnozemtsev belə nəticə çıxarır ki, Rusiya ilə Çinin inteqrasiyası ciddi problemlərlə müşayiət olunur. O yazır: "Bizim ölkələr inteqrasiya etmək üçün bir-birindən çox fərqlənirlər... Rusiya neft dövlətidir. Çin isə dünyada sənaye məhsullarının nəhəng istehsalçısıdır..." (bax: Владислав Иноземцев. Шелковый тупик: почему не идет интеграция Евразийского союза с Китаем / "РБК", 29 iyun 2016).

Bunlara baxmayaraq, V.Putinin Çin səfəri zamanı vacib sənədlərin imzalandığını və strateji aspektdə onların əhəmiyyətli olduğunu demək lazımdır. İki ölkənin iqtisadi əlaqələri Aİİ, ASEAN, ŞƏT kimi qurumlar çərçivəsində dərinləşdirmək barədə qərara gəlməsi maraqlı perspektivdən xəbər verir. Müasir mərhələdə bunu Moskva və Pekin ilk dəfədir ki, ortaya atırlar. Bundan başqa, Çin Rusiyada bir sıra iqtisadi və energetik layihələri reallaşdırmalıdır. Pekin bunun üçün xeyli sərmayə qoymalıdır. Həmin sırada Moskva-Kazan sürətli dəmiryolu xəttinin inşasını Rusiya tərəfi xüsusi vurğulayır (bax: Визит Путина в Китай: продолжение разворота на Восток / "РИА Новости", 24 iyun 2016).

Qərb və Yaponiya KIV-i isə səfərin daha çox geosiyasi aspektinə maraq göstəriblər. Yaponiyanın "Nihon Keizai" nəşri bu kontekstdə vurğulayır ki, Moskva ilə Pekini "cilovlamaq G7-nin monolitliyindən asılıdır" (bax: Угроза миропорядку: сдерживание Китая и России зависит от сплочения стран G7 / ИноСМИ.Ru, 28 iyun 2016).

Deməli, V.Putinin Çin səfəri müxtəlif sahələrdə qlobal siyasət üçün aktual olan məsələləri əhatə edib. Buna görədir ki, həmin ziyarətə fərqli münasibətlər göstərilir. Bütövlükdə bu səfərin əhəmiyyətinin böyük olduğunu demək mümkündür. Məsələ yalnız iki ölkə arasındakı əməkdaşlıqla məhdudlaşmır. Dünya siyasəti üçün Moskva ilə Pekin arasında əldə edilən razılıqların hansı sonuclar verə biləcəyi daha aktual görünür.

Newtimes.az

 





24.07.2016    çap et  çap et