525.Az

İstanbul Boğazı


 

İstanbul Boğazı <b style="color:red"></b>

İstanbulda qaldığım məkan düz Boğazın - Bosforun yanıdır.

Eyvanımda oturanda o taylı-bu taylı İstanbul möhtəşəm körpüsü ilə canlı tablo kimi qarşımda durur.

Şübhəsiz, çox gözəldir, xüsusilə Boğaz. Çünki həm də gizli mənalarla doludur. Bu göy sular kimlərin izlərini yox edib, kimlərin səsini canına hopdurub, kimlərə qucaq açıb, salamlayıb, kimləri yola salıb... Bu müddət ərzində onunla o qədər söhbətləşmişik ki, artıq doğmalaşmışıq. Bəzi sirlərindən məni də agah edib. Öyrəndim ki, bu səmt hər daşı, dalanı bir tarix olan İstanbulun köhnə məhəllələrindəndir. Mehmet Akif Ersoyun, Zeki Mürenin və daha kimlərin ayaq izləri varmış bu dar küçələrdə.Yaşlı sakinlərin söylədiklərinə görə, bu məhəllənin adamları öz elit təbiətlərinə görə İstanbulun digər sakinləri arasında seçilirmişlər. İndi bilmirəm,bura adamlarına görə belə adlanmışdır, yoxsa sakinlər qaldıqları yerin adına uyğun olaraq davranmışlar: Bəylərbəyi. Tanınmış türk jurnalist, yazar Haldun Taner öz doğma məhəlləsini belə tərif edib bir vaxtlar: “Ziyafət həvəskarı bəyzadə qrupların oturduğu bir kübar səmt”. Gəl, indi belə bir yerdə yazma görüm, necə yazmırsan.

İstanbul Şərqlə Qərbin qovuşduğu, eyni zamanda, boğuşduğu bir məkandır. Bütün bunları elə bu məhəllədən də çox aydın görmək olur: üstdə asma körpü, altda Boğaz, ortada da ora bura süzən gəmilər. Boğaz Şərqlə Qərb arasında bir keçiddir. Bəri başdan deyim ki, bizim Şərq Qərb bölgümüz əslində coğrafi bölgüdən daha çox düşüncənin qütbləridir. Bu, sadə bir keçid deyil. Qara dənizlə Mərmərə dənizini birləşdirən Bosfor sanki qum saatının orta dar yeridir: taleyin hökmü ilə elədən beləyə, belədən eləyə qum dənələrini - gəmiləri daşıyır. Maraqlıdır ki, kiçik gəmilərdən fərqli olaraq böyük gəmilər doğrudan da, Boğazdan məhz tək-tək keçməlidirlər. Bu “dar boğazdan” necə böyük bir tarixin axıb keçdiyi çoxlarına məlumdur. Qum saatına müdaxilə etmək mümkün olmadığı kimi, Boğazdan keçib gedən tarixi də durdurmaq olmaz.

Boğaz deyəndə ilk yada düşən, təbii ki, asma körpülərdir - İstanbulun ən gözəl simvollarından biri. Digər tərəfdən, asma körpü həm də Şərq-Qərb düşüncələri arasındakı əlaqələrin rəmzinə çevrilib. Hətta elə bu məkanda yerləşən Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin loqosu da bu körpünün rəsmidir. Məqsədi Şərq və Qərbin arasında düşüncə körpüsü salmaq olan bir Mərkəz üçün bundan daha mənalı, daha gözəl bir rəmz fikirləşmək olmazdı!  Amma mən rəsmdən yox, körpünün özündən danışmaq istəyirəm.

Boğaziçi körpüsünün - ilk körpü məhz belə adlanır - üstü həmişə maşınla dolu, yol isə, demək olar ki, iflic vəziyyətində olur. Lap Şərq və Qərbin münasibətləri kimi. Bəzən qısa müddətə canlanır, hərəkət yaranır, sonra yenə qanıqaraçılıq, dilxorçuluq, gərgin əsəblər, hədər sərf olunan saatlar, gecikmələr. Əslində, körpü sürətli keçiş üçün nəzərdə tutulub, ona görə də motorsuz vasitələrə körpüyə qalxmaq qadağandır. Əlbəttə, Şərq və Qərb arasında belə, 165 metrlik yüksək səviyyədə danışıqlar aparmaq hər oğulun işi deyil! Ancaq nə etmək olar ki, körpü indi vasitədən çox, hərəkətsizliyin nümunəsinə çevrilib.

Ağıllı insanlar, yəni körpünün hökmündən xilas olmaq istəyənlər alternativ yollar fikirləşiblər: vapur - dəniz avtobusu, dəniz taksisi və İstanbulun qüruru olan, yerdən 60 metr dərinlikdə olan Marmaray - Boğazın altından keçən metro. Boğazın ondan heç xəbəri də yoxdur. Qəribə səslənir, ancaq İstanbuldan da yaşlı olan Boğazın dünən doğulmuş Marmaraydan xəbəri yoxdur. İstanbulun tarixini sularında qoruyan  Boğaz İstanbulun bu gün nə ilə fəxr elədiyini bilmir. Görməyib, tanımır. Amma Marmaray onu yaxşı tanıyır. Ona görə də, hər biri 18000 ton olan 11 panel tunellə özünü qoruyur.

Bu vasitələr sanki Şərq və Qərb arasında öz gücü ilə danışıqlar aparan təşkilatlar, institutlar, beyin mərkəzləri və... dərin dövlətdir. Onlar öz hünərləri hesabına Şərqlə Qərbin əlaqələrinin kəsilməməsi, anlaşmazlıqların yaranmaması, artıq yaranmışların həll olunması üçün əllərindən gələni edirlər. Bu işdə dərindən çalışan Marmarayda isə hər şey xüsusilə ölçülü biçilidir. Burada kiçik yanlışlıq, büdrəmə qəza deməkdir. Yerin üstündə hərəkət dursa da, burda hər şey saat kimi işləyir. Hətta qazıntılardan alınan nəticələrə görə, bu dərin yol İstanbulun tarixini 2500 ildən 8500 ilə qədər qədimə atıb. Bəli, dərin qazanda mütləq bir şey çıxır.

Avropanın əksər böyük şəhərlərinin ortasından çay keçir - Temza, Tiber, Sena və s. Bu onlara həm əsrarəngiz bir gözəllik verir, həm də bir vaxtlar məkanın çiçəklənməsində əhəmiyyətli rol oynayıb. Amma İstanbul yeganə şəhərdir ki, ortasından boğaz keçir. Bəlkə də İstanbulun taleyi bununla yazılıb: həm Şərq, həm də Qərb, həm müdrik, həm də ziddiyyət dolu, həm dərin dəniz təmkini, həm də başını alıb qaçan çay dəlisovluğu. Bir sözlə, əvvəl gündən İstanbul fərqli mədəniyyətləri öz beşiyində yürgələyib böyüdən şəhər olub və elə də qalmaqdadır. Amma Boğazın maraqlı bir xüsusiyyəti də var: suyu nə artmır, nə azalmır, həmişə eyni səviyyədədir, sanki əhali ilə harmoniyasına nəzarət edir. Buna görə də, düz Boğazın qırağında möhtəşəm villalar tikilib - yalılar. Su onlara ziyan vurmur, təhlükə yaratmır, sadəcə sığallayıb gözəllik və şarm verir. Yəni su əvvəldən özünə bəlli bir yataq seçib və ondan kənara çıxmır. İnanılmazdır, ancaq bir qapısı Qara dənizə, digər qapısı Mərmərə dənizinə açıq olan Boğaz elə sakit, elə təvazökardır ki, heç ən şiddətli tufanda da burda böyük dalğa görə bilməzsən. Yadıma təvazökarlığı, sadəliyi ilə seçilən, dağlar qədər uca mənəviyyata və dərya qədər dərin savada malik böyük şəxsiyyətlər düşdü.

Boğazın kəraməti bununla bitmir. Burada iki axın var: biri üzdə, digəri dərinlərdə. Üzdəki axın Qaradənizdən Mərmərə dənizi istiqamətindədir - Şimal-Şərqdən Cənub-Qərbə. Bu gün Şimal və Cənub o biri qütblərə nisbətdə passiv olduqlarına görə, biz bir az yuvarlaqlaşdıraq - Boğazın axını Şərqdən Qərbədir. Bütün axınlar kimi. Axı, bu gün bütün dünya üzünü tutub Qərbə: siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, qaçqınlar, asi ağıllar. Bir vaxtlar müdrik insanlar üz tutduqları Şərqdən gətirdikləri hikmətlə dünyanı şərqləşdirirdilər, işıqlandırırdılar, indi isə Qərbdən əsən soyuq bir külək dünyanı qərbləşdirir, qəlibləşdirir və qəribləşdirir. Bu küləyin təsiri ilə insanlar sanki öz vətənlərinə yadlaşırlar - bəlli olmur, vətən artıq həmin vətən deyil, yoxsa vətəndaş öz vətəndaşlığını unudub. Amma onun dədə-baba yurdunda bir uzaq amerikalı özünü çox rahat, doğma hiss edə bilir. İstanbul da Qərbə doğru gedir, Boğazla axıb gedir. Bunu onun üzünə baxan kimi görmək olur: yeni müasir tipli göydələnlər, qərbli turistlər kimi geyinən gənclər, ancaq meqapolislərin verdiyi donuq simalar. Zatən İstanbulun bir üzü Qərb, o biri Şərq olub həmişə. Ancaq indi hər iki üzü Qərb makiyajı ilə bəzənir. Bəlkə də mən səhv edirəm. Amma bu məhəllənin küçələrindən təqribən 100 il əvvəl Mehmet Akif Ersoy da keçib axı və deyəsən mən görəni o da görüb:  

Duyğusuz olmak kadar dünyada lakin derd yok;
Öyle salğınmış ki me'lun: Kurtulan bir ferd yok!
Kendi sağlam... Hissi ölmüş, ruhu ölmüş milletin!
İşte en korkuncu hüsranın, helakin, haybetin!  

Mən lap təsadüflərə qapıldım, deyəsən. Bəlkə Ustad heç İstanbulda yazmayıb bu misraları? Bəlkə gördüyüm heç onun gördükləri deyil? Amma Ustad sözünün üstündə bərk durur: 

Geçmişten adam hisse kaparmış... Ne masal şey!
Beş bin senelik kıssa yarım hisse mi verdi?
“Tarih”i “tekerrür” diye tarif ediyorlar;
Hiç ibret alınsaydı, tekerrür mü ederdi. 

Doğrudan da, tarixdən ibrət alınsaydı, tarix təkrar eləməzdi ki...

Boğazın üst axını çox şeylərə şahid olur: saatlarla yorulmadan tilov atan balıqçılar, ağır tutumlu bərələrin, tankerlərin yanından yüngülcə şütüyüb keçən lüks katerlər, çoxmərtəbəli tur gəmilərinə yol verən balaca balıqçı təknələri. Boğazda hamıya yer çatır. Bir də ətraf müəssisələrdən, restoranlardan axıdılan çirkablar var. Bu insafsızlığın əlindən boğaza yığılanda göy sular ürəyini boşaltmağa yer tapmır. Çünki Boğazın kənarında Boğaza aid bir yer yoxdur ki, içindəki yad cisimləri vurub ora atsın. Hər yer çoxdan İnsanındır. Bax, beləcə sular dərdini götürüb aparır Mərmərə dənizinə.

Bu sularda çox izlər silinib, çox tarixlər qərq olub. Bir ləpə gəlir silir, o birisi gəlir təzə səhifə açır və məsələ bitir. Amma Boğazın heç unutmadığı və bitirmədiyi iki hadisə var: İstanbulun fəthi (1453-cü il) və Çanaqqala savaşı (1915-ci il). Birincidə İstanbul Boğazı özü qandan bulandı, ikincidə Çanaqqala Boğazı - xəbəri dalğalar gətirdi. O zaman Boğaz heç nəyi kənara atmadı, hamısını çəkdi sinəsinə.Yox, mən Marmaray tikintisi zamanı tapılan tarixi tapıntıları demirəm. Mən o sulara hopan qəhrəman türk qanını və türkə olan qisas və nifrət hissini deyirəm. Onlar üzdə qalmadı ki, axın vurub sahilə çıxartsın. Boğaz onu boğazından keçirib könlündə saxladı, lap dərinə endirdi. Üstündən sular axır, zaman ötür, o isə orda bərk-bərk qorunub saxlanır. Bəlkə də buna görədir ki, dərində Boğazın axını əks istiqamətədir - Qərbdən Şərqə.

Bəli, üzdə nə qədər meyli Qərbə olsa da, gözü o tərəflərdə qalsa da, könlü Şərqdə doğru axır İstanbulun. Bu həqiqəti görmək üçün isə dərin sulara baş vurmaq lazımdır. Bax, o dərin sularda türkün əzminin dəlilləri də var, türkə olan barışmaz nifrətin səbəbi də. Amma bu gün zamanın tələbi ilə bütün həyat üzdəki axın boyu gedir. 

Garbın afakını sarmışsa çelik zırhlı duvar,
Benim iman dolu göğsüm gibi serhaddim var.
Ulusun, korkma! Nasıl böyle bir imanı boğar,
“Medeniyyet!” dediğin tek dişi kalmış canavar? 

Mehmet Akif dərinlərdə gizli olanları bilirdi ki, belə əminliklə “dəmir zirehli” Qərbə meydan oxuyurdu. Amma üzdəki axının gücünü də bilirdi. Bilirdi ki, kimdir indi dərinlərdə həqiqət axtaran... 

Ey koca Şark! Ey ebedi meskenet!
Sen de kımıldanmaya bir niyet et.
Korkuyorum, Garbın elinden yarın,
Kalmayacak çekmedigin mel'anet.

Boğaz  hər gün, hər saat üzdəki axının artdığını görür və təmkinlə susur, bu axına üsyan olaraq dərinlərdə sakitcə durmadan geri axır. Beləcə, İstanbul Boğazı ikiləşmiş Mən-i, öz-özünə üsyanı, dərinlərdə saxladığı və gündən-günə daha da uzaqlaşan xatirələri ilə hər gün durur qarşımda. Hərdən lap yaxına getsəm də, həmən uzaqlaşıram. Birdən daha nə isə danışar qorxusu ilə. Hələ bunları sindirə bilməmişəm...

Hərdən mənə elə gəlir ki, başqa yerlərə nisbətdə İstanbulun məhz bu məhəlləsi Boğazı daha yaxşı tanıyır, gecələr onunla dərdləşir. Yoxsa Mehmet Akif  bu məhəllədə oturmazdı. Bəlkə də beləcə problemlərin şahidi olub sinəyə çəkmək, eyni zamanda, axının əksinə axaraq Haqq səsini boğmamaq, ağır dərd daşımasına rəğmən şax yerimək xüsusiyyətinə görə, bir vaxtlar bura “kübar səmt” demişlər.

Bu yazını artıq bitirmişdim, ancaq iş elə gətirdi ki, Boğazla bərabər tarixi bir gün yaşamalı oldum: 15 iyul - dövlət çevrilişinə cəhd. Yox, siyasi şərh yazmaq fikrindən uzağam. Sadəcə, şahidi olduqlarımı deyəcəm.

O gecə Boğaz yaman çarəsiz oldu. Gözünün qabağında qardaş qardaşın üzünə durdu, qanını tökdü. O gecə Bəylərbəyində heç bəy təmkini, bəy davranışı da olmadı. Yaşlı nəsil bir az qayğıyla, bir az qorxuyla küçələrdən keçən hay-küylü gənclərə baxıb hansı isə illəri xatırladılar. Gözlərində, səslərində bir təlaş vardı. Boğaz o gecə bir tərəfdən məsciddən ucalan azan eşitdi, digər tərəfdən bu avazı eşitməz edən güllə, partlayış səslərini. Fizikada bir rezonans hadisəsi var: iki hərəkətin tezlikləri üst-üstə düşəndə amplitud maksimum həddə çatır. Körpülərdə rezonans təhlükəli hesab edilir, çünki dağıdır. O gecə Boğaziçi körpüsündə olduğu kimi: hər iki qardaş Vətən dedi, amma bir-birini eşitmədi, bəlkə də başa düşmədi, başqa dillərdə danışdılar. Tezliklər üst-üstə düşdü, rezonans yüksəldi maksimuma və dağıldı. Sadəcə, bu dəfə dağılan körpü olmadı, münasibətlər, sevgilər, güvən, insanlıq oldu. O gecə qardaş qardaşın Boğazını kəsdi...

 

 





25.07.2016    çap et  çap et