525.Az

Şokolad, frayz, pivə, velosiped, yağış, Avropa institutları - yəni Belçika!


 

Şokolad, frayz, pivə, velosiped, yağış, Avropa institutları - <b style="color:red">yəni Belçika!</b>

Məktəb illərində coğrafiya və digər dərslərdə dünya haqqında müəyyən bilik əldə edirik. Bu biliklər bizə müəyyən model üzrə öyrədilir - əhalisi bu qədərdir, paytaxtı da budur.

Daha sonra sənayesi, kənd təsərrüfatı ilə bağlı faktlar, rəqəmlər və faizlər sadalanır. Bu və ya digər ölkə haqqında biliklərin müəyyən sxem üzrə verilməsi, təbii ki, fərqli yerlər haqqında məlumatı ümumiləşdirir, onların özəlliklərini arxa plana keçirir. Nəticədə bütün ölkələr haqqında təsəvvür eyni olur, standart məlumatlar ölkələri bir-birindən ayırmağa, onları yaddaqalan etməyə imkan vermir. Hər hansı ölkəyə gedib onun, necə deyərlər, torpağına ayaq basmaq, havasını udmaq, küçələrini dolaşmaq (bəzən də elə oradaca azıb qalmaq), hər şeyi öz gözlərinlə görməyin çox maraqlı bir cəhəti var - bu təcrübədən sonra sən bu ölkəyə hamı kimi baxmırsan, onun haqqında hamı kimi düşünmürsən və ən önəmlisi, ona, onun haqqında eşitdiyin informasiyaya heç vaxt laqeyd qala bilmirsən. Televizordamı, kitab-jurnallardamı, reklam və afişalardamı getdiyin ölkə, yer haqqında nə isə görsən, “hə, mən bilirəm, mən orda olmuşam”- deyə ağızdolusu danışmağa başlayırsan və ya buna can atırsan. Təəssüratı bölüşmək arzusu - hava və su qədər əzəli və “islaholunmaz”dır. Müsahibinin təxəyyülündə bir neçə dəqiqə ərzində getdiyin yerin mənzərəsini yaratmaq, onu “şahid” əminliyi və təminatı ilə inandırmağa çalışmaq, bir az da “bilici” qismində olmağın sevincini və üstünlüyünü yaşamaq. Beləliklə...  

Tanış olun - Belçika! 

Belçikaya səfərimin əsas məqsədi təhsil proqramı çərçivəsində oradakı universitetlərdən birində təcrübə keçmək idi. Bu universitet Belçikanın qədim şəhərlərindən biri olan Gentdə yerləşir və şəhərin adı ilə də adlanır - Gent Universiteti. Getməzdən öncə Belçika haqqında məlumatım o qədər də zəngin deyildi. Güman ki,  Avropanın qərbində yerləşən kiçik Belçikanın xəritədə qonşuluqdakı Fransa, Almaniya, Britaniya, İspaniya kimi böyük ölkələrin fövqündə o qədər də nəzərə çarpmaması faktı ilə razılaşarsınız. Ancaq paytaxt Brüssel Avropa Birliyinin de-fakto mərkəzi və ya paytaxtı kimi (rəsmi olaraq isə Avropa Birliyinin paytaxtı yoxdur) dünyanın siyasi gündəmində xüsusi yer tutur və adı tez-tez çəkilir. Brüssel həm də bu ilin martında dinc vətəndaşlara qarşı aeroportda törədilmiş terror aktına görə bütün dünyanın diqqətini cəlb etmişdi. Sadəcə bu qədərmi? Əslində bu kiçik ölkənin yetərincə zəngin tarixi var.

Ölkənin rəsmi adı Belçika krallığıdır. Əhalisi təxminən 11 milyondur. Dövlət dilləri - holland və fransız dilləridir. Bunlarla yanaşı, ölkənin Almaniya ilə həmsərhəd bölgələrində almanca danışılır.  Bu ikidillilik əhalini təşkil edən etnik qruplarla birbaşa bağlıdır. Ölkə əhalisinin 59 faizini flamanlar, 41 faizini isə vallonlar təşkil edir. Müvafiq olaraq, flamanlar holland, vallonlar isə fransızca danışırlar. Məlumat üçün onu da qeyd edək ki, flamanlar daha çox ölkənin şimalında, vallonlar isə şərqində və cənubunda, həmçinin Fransa ilə həmsərhəd bölgələrdə yaşayırlar. Ölkənin paytaxtı Brüsseldə isə əksəriyyət fransızca danışır.

Ölkənin yerləşdiyi bölgə tarixə Belgica (latınca) adı ilə düşüb. Bu toponim öz mənşəyini Roma İmperiyasındakı Gallia Belgica əyalətinin adından götürüb. Orta əsrlərin sonlarından başlayaraq XVII əsrə qədər Belçika ticarət və mədəniyyətin çiçəkləndiyi kosmopolit bir mərkəz sayılıb. XVI əsrdən başlayaraq 1830-cu ilə - yəni ölkənin Niderlanddan ayrılması ilə nəticələnmiş Belçika inqilabına qədər isə ərazi bir çox Avropa güclərinin savaş meydanı olub. İki dünya müharibəsi də daxil olmaqla, bu kəskin münaqişələr ölkəyə və əraziyə “Avropanın döyüş meydanı” kimi o qədər də pozitiv olmayan ad qazandırıb. Gördüyünüz kimi, xəritədə az qala böyük ölkələrin arasında itib-batmış Belçika tarixən o qədər də əhəmiyyətsiz və cansıxıcı yer olmayıb. Böyük ehtimalla, Avropa Birliyi institutlarının, demək olar ki, hamısının Belçikanın paytaxtı Brüsseldə yerləşməsi və şəhərin de-fakto AB-nin paytaxt rolunu oynaması məhz bu tarixi amillə bağlıdır; vaxtilə böyük güclərin toqquşma nöqtəsi olan ərazini indi bütün Avropanın birləşmə mərkəzi kimi görmək.   

Belçika - şokolad “krallığı”  

Böyük ehtimalla çoxlarının xəbəri var ki, Belçika həm də şokoladsevərlər ölkəsi kimi tanınır. Bəs “şokoladsevən” nə deməkdir? Bunu dəqiqləşdirmək üçün isə bəzi incəlikləri öz gözlərinlə görməlisən. Əminliklə demək olar ki, şokolad Belçikanın şəksiz simvoludur. Doğma Azərbaycanımızın ifadə imkanlarından bəhrələnərək belə demək daha doğru və tutumlu olar: burada “yer -göy şokoladdır”. Mağaza rəflərində, vitrinlərdə insanı ayaq saxlayıb heyrətlə, maraqla və heyranlıqla baxmağa, özünə “insan fantaziyasının hüdudu varmı” sualını verməyə vadar edən irili-xırdalı cürbəcür fiqurlar görə bilərsiniz - şokolad-ayaqqabı, şokolad-top, şokolad-insan, şokolad-mələk və daha nələr. Bu fiqurlardan bəzilərini daha maraqlı və çəkiciedən isə onların ölçüsü idi. Məsələn, şokolad-ayaqqabının ölçüsü ən azı 37 - 38 olardı. Hər şeyin öz qaydası var axı - ayaqqabı, ayaqqabı kimi görünməlidir!

Növbə frayz-ındır! Pardon! Növbə frayza-dır! 

Bəli, indi də frayz haqqında danışmağın vaxtıdır. Güman edirəm ki, fast food-un “tüğyan” etdiyi bir dövrdə  frayz-ın nə olduğunu bilməyən yoxdur. Ən azından gənclərin böyük əksəriyyəti onun özünü də, dadını da yaxşı bilirlər. Frayz biz tərəflərdə frenç-frayz kimi tanınır, yəni uzunsov doğranmış və bolluca yağda qızardılmış kartof dilimləri. Hamburqer və səndviçlərin, eləcə də digər təamların vazkeçilməz “tərəfdaşı” olan frenç-frayzlar Belçikada sadəcə frayz, daha dəqiq desək, “frites” (fransızca) kimi təqdim olunur. Frayz-ların populyarlığı və ölkə boyunca hər yerdə satılması adamda belə bir təsəvvür yaradır ki, frayz Belçikanın milli yeməyidir. Burada yalnız frayz satan xeyli sayda kiçik kafelər var. Onlardan bəzilərinin qarşısında (təbii ki, keyfiyyətli frayz hazırlayanların) uzun-uzadı növbələr görmək olar. Hətta bəzi turistlərə bizim frayz-dan yemədən getməyin deyə tövsiyələr də verirlər.

“Pivəmaniya”, yoxsa sosiallaşma? 

Belçikada diqqəti çəkən detallardan biri də əhalinin pivə “sevdası” idi. Böyük supermarketlərdə ard-arda düzülmüş uzun-uzun rəflərdə çox sayda pivə çeşidləri görmək olardı. Ancaq müşahidə olunan o idi ki, belçikalılar pivəni daha çox şəhərdəki kiçik kafelərdə oturaraq öz dostu və yaxın adamı, bəzən isə qrup ilə (bu, daha çox tələbələrə aiddir) içməyə üstünlük verirlər. Əslində pivə uzun iş günündən sonra rahatlanmaq, yorğunluğu, stresi atmaq üçün hər hansı kafedə görüşən, toplaşan insanları birləşdirən bir vasitədir. Cümə günləri iş saatlarından sonra isə şəhər sanki aşıb-daşırdı. İnsanlar həftə sonunun yaxınlaşdığını xüsusi sevinc və həvəslə qeyd edirdilər. Təbii ki, bu zaman toplaşma yerinin vazkeçilməzi pivə olurdu. Ancaq bu, onun yeganə içki olaraq istifadə edilməsi anlamına gəlməməlidir. İnsanlar qəhvə, şərab, kola, lap elə adicə meyvə şirəsi də sifariş verirlər. Təki söhbət, ünsiyyət maraqlı olsun. Amma sıravi belçikalının stereotip rəsmi çəkilərsə, heç şübhəsiz ki, onun bir əlində mütləq pivə olacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu və ya digər şəhərdə kafe və restoranların çoxluğu həmin ərazidə insanların daha çox sosiallaşdığının göstəricisi hesab olunur. Bu mənada Belçika şəhərləri “bolluq” mənasında seçilirlər. Gün ərzində, xüsusilə də iş saatlarından sonra çoxsaylı kafelərə toplaşan insanları, futbol oyunlarının keçirildiyi günlərdə isə oyunu dostları ilə birgə hər hansı kafe və ya restoranda izləməyə tələsən insan axınını görərkən belçikalıların qapalı və ya açıq olub-olmamaları haqqında sual öz-özünə əhəmiyyətini itirir. Belçikalılar təbiətcə introvert sayılsalar da, sosiallaşmağı sevirlər.      

Velosiped “meşələri”  

Belçika velosipedin ən çox istifadə edildiyi ölkələrdən biridir. Belçikalılar özləri bu nəqliyyat vasitəsinin bir də qonşu Hollandiyada bu qədər populyar olduğunu bildirirlər. Velosipedçilər o qədər çoxdurlar ki, ölkəyə qədəm basan kimi diqqətini cəlb etməyə bilmir. Velosiped sürənlərin yaş göstəriciləri də fərqlidir - gənclər də, yaşlılar da bu nəqliyyat vasitəsindən həvəslə istifadə edirlər. Məktəblərin, universitetlərin, stadionların, vağzalın qarşısında və digər ictimai yerlərdə isə bəzən əsl velosiped “meşəsi”, daha doğrusu, “cəngəlliyi” görmək olar. Dərsə, oyuna, tədbirə gələn, qatarla harasa gedən insanlar velosipedlərini onlar üçün ayrılmış xüsusi yerə qoyub rahatca işlərinin arxasınca gedə bilər, qayıtdıqdan sonra isə yenə də rahatca velosipedlərinə minib evlərinə üz tuta bilərlər.

Velosipedə üstünlük verilməsi bir sıra vacib amillərlə bağlıdır. Birincisi, o, digər nəqliyyat vasitələrindən qat-qat ucuzdur. Yəni aztəminatlı insanlar, xüsusilə də tələbələr onu almağı özlərinə rəva görə bilərlər. İkincisi, velosiped benzin və ya hər hansı yanacaq tələb etmir. Bu da Avropanın ən bahalı ölkələrindən biri sayılan Belçikada pula qənaət etməyə imkan verir. Daha bir amil isə ekologiya ilə bağlıdır - velosiped ətraf mühiti çirkləndirmir. Təmiz çevrə isə avropalıların önəm verdikləri ən vacib məsələlərdən biridir. Çünki fərqindədirlər ki, ətraf mühitə atılan istənilən çirkab, ona vurulan hər bir zərbə tezliklə insanın özünə qayıdacaq. Başqa sözlə, sənin sağlamlığın öz əlindədir.

Velosipedçilər üçün yolların kənarında xüsusi, dar bir zolaq ayrılıb. Bu yer az qala “müqəddəs” sayılır. Piyadaların heç biri bu zolağa ayaq basmır, əks halda o, velosipedçi tərəfindən vurulma təhlükəsi ilə üzləşə bilər. Maraqlısı odur ki, velosipedçilərin bu qədər çox olduğu bir ölkədə onların öz aralarında və  piyadalarla hər hansı bir toqquşma halına rast gəlmədim. Qarşılıqlı hörmət və anlaşma həmişə müsbət nəticələr verir.

Yağış yağmır? İnanmıram mən... 

Belçika yağışlı ölkədir. Həm də həddən artıq. Burada çətirsiz yaşamaq sadəcə mümkün deyil. Yağış günün istənilən vaxtı yağa bilər. Günün əvvəlində günəş parıldaya bilər. İlk baxışda yağışdan əsər-əlamət görünməyə bilər. Amma əmin olun, o mütləq yağacaq! Lap həmin o məşhur mahnıda deyildiyi kimi: “Yağış yağır, inanmıram...”  Bu mahnının sözlərini bir balaca Belçika şəraitinə uyğunlaşdırmaq lazım gələcək. “Yağış yağmır? İnanmıram ...” 

Gent - qədimlik simvolu! 

Gent Şərqi Flandriyanın (Belçikanın üç rəsmi inzibati bölgəsindən biri) ən böyük şəhəri və paytaxtıdır. 2011-ci ilin məlumatına görə, əhalisi 250 minə yaxındır. Dünya universitetləri arasında öz yeri və nüfuzu olan Gent Universiteti bu şəhərdə yerləşir. Şəhər bir də məşhur siyasi fiqur - Müqəddəs Roma İmperatoru V Karl Qabsburqun (o, Roma İmperatoru olana qədər müxtəlif illərdə İspaniyaya və Almaniyaya da krallıq edib) doğulduğu bir yer kimi məşhurdur. Doğrudur, gentlilər qəddarlığına və əhaliyə amansız münasibətinə görə onun haqqında heç də pozitiv tonda danışmırlar. Onun şəhərin çox böyük ərazisini tutmuş malikanəsi və qəsrləri sonralar, demək olar ki, tamamilə dağıdılıb. Buna əsas səbəb şəhərin yeni tikililəri üçün ərazi çatışmazlığı olub. Malikanənin salamat qalmış bəzi hissələrində isə kralın ona tabe olmaq istəməyənlərin amansızlıqla cəzalandırılmasına və edam edilməsinə dair tarixi faktlara rast gəlmək olardı. Görünür, bu səbəbdən idi ki, müasir gentlilər malikanənin dağıdılmasına qətiyyən təəssüflənmirlər. Lakin fakt faktlığında qalır ki, dünya tarixinin və siyasətinin ən tanınmış simalarından biri olan V Karl Qabsburq məhz bu şəhərdə doğulub.

Şəhərin nə vaxt salınması haqqında dəqiq məlumat yoxdur, ancaq  o məlumdur ki, artıq 7-ci əsrdə şəhər xeyli sayda insanın məskunlaşdığı bir yer kimi tanınıb. Mövcud olan versiyalardan birinə görə, Gent hələ qədim Roma İmperiyası dövründə salınıbmış. Şəhərin adı isə kelt mənşəli olub “condati” - “çayların qovuşduğu yer” anlamını verir. Tarixi qaynaqlarda ilk dəfə 665-ci ildə Gantavum (latınca) kimi xatırlanır. 1000 - 1550-ci illər arasında Gent Avropanın Parisdən sonra ikinci ən böyük şəhəri olub.

Gentlilər öz şəhərlərini çox sevirlər və onunla fəxr edirlər. Onu paytaxt Brüsseldən daha maraqlı, fərqli, öz “simasını” qoruya bilmiş, Belçikanın Antverp, Brüje kimi digər şəhərlərindən isə daha cəlbedici və tarixi yer hesab edirlər. Görünür, məhz bu özəlliklərinə görə Gent hazırda həm də xarici turistlərin ən sevimli yerlərindən biridir. Bu şəhər həm də onunla maraqlıdır ki, çox sayda tarixi abidələrin, qəsrlərin, görməli yerlərin olmasına baxmayaraq “yığcam”dır, kompaktdır. Bu isə imkan verir ki, hər yerə piyada gedə biləsən.

Gent həm də tələbə şəhəridir. Belçikanın üç ən məşhur flamand universitetlərindən biri olan Gent Universiteti burada yerləşir. Universitet 1817-ci ildə təsis olunub. 38 minə yaxın tələbəsi var. Universitetlərin reytinqini müəyyən edən çox nüfuzlu Şanxay sisteminə görə dünyanın ilk 100 universiteti arasındadır.  Beynəlxalq əlaqələrinin səviyyəsinə və xarici tələbələrin sayına görə də seçilib-sayılan universitetlərdəndir. Hazırda universitetin rektoru qadındır - Anna de Pepe.

Beynəlmilləşmə universitetin əsas strateji vəzifələrindən biridir. Universitet əməkdaşları təhsilin təşkil edilməsi üzərində ciddi nəzarət olduğunu söyləyirlər. “Brüssel lap yaxındadır axı”. Bu zaman onlar Avropa institutlarının tələb etdikləri standartları və onların həyata keçirilməsi prosesinə adıçəkilən qurumların nəzarətini nəzərdə tuturdular. Təəccüblü gələn isə Avropa Komissiyasının gerçəkləşdirdiyi təhsil proqramları çərçivəsində yerli tələbələrdə mübadilə yolu ilə başqa universitetlərə gedib bir və ya iki semestr oxumaq istəyinin zəif olması barədə deyilən xəbər idi. Tələbələr öz universitetlərini tərk etməyə tələsmirlər və buna xüsusi ehtiyac duymurlar.

Gent Universitetinin özəl qonağı - Nazim Hikmət

Universitet binalarının birinin foyesində böyük şair Nazim Hikmətin şeirindən iki misranın böyüdülərək üç dildə - türk, holland və fransız dillərində - divara vurulduğunu görmək çox xoş bir sürpriz oldu. İnsan sanki öz doğmasını görürmüş kimi çox qəribə hisslər keçirir belə anlarda. Bu zaman dilin qüdrətinə heyran qalmaya bilmirsən, Nazim Hikmət dühası ilə bir daha fəxr etməyə bilmirsən.

Yaşamak bir ağac gibi tek ve hür
Ve bir orman gibi kardeşcesine.

Bu misralar Avropa institutlarının “Biz hamımız fərqliyik, amma hamımız bərabərik!” şüarı qədər müdrikcəsinə və insana hörmətlə söylənilib. İnsan haqlarının təməli sayılan azadlığı hayqıraraq qardaşlığın, qarşılıqlı anlaşmanın və hörmətin əsasında tək-tək hər bir insanın önəmini və dəyərini vurğulayır. Və bu ali ideya o qədər gözəl və dəqiq ifadə edilir ki. Möhtəşəm bir bənzətməni və böyük həqiqəti ikicə misraya sığışdıra bilmək. Avropanın sayılıb-seçilən universitetlərindən biri olan Gent Universiteti kimi yaşatmağı və xatırlatmağı, hansı ideyanı əbədiləşdirməyi yaxşı bilir.  

 





25.07.2016    çap et  çap et