525.Az

Dinlərin tarixi: Yəhudilik, Xristianlıq və İslama müqayisəli baxış


 

Dinlərin tarixi: Yəhudilik, Xristianlıq və İslama müqayisəli baxış<b style="color:red"></b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru,
professor www.raliyev.az
[email protected] 

Qloballaşma və ictimai həyatın beynəlmiləlləşməsi mədəniyyətləri və dinləri yaxınlaşdırır. Ölkələr arasında siyasi, iqtisadi, sosial və mənəvi həyat sahələrində, informasiya məkanında qarşılıqlı əlaqələrin genişləndiyi və intensivləşdiyi bir dövrdə xalqların mədəni-tarixi təcrübəsi formalarının müxtəlifliyinə rəğmən, insanlığın birliyi problemi artıq yalnız nəzəri deyil, həm də praktiki həllini tələb edir. Milli, mədəni, tarixi müstəsnalıq ideyasının insan birgəyaşayışı üçün təhlükəliliyi getdikcə daha artıq dərəcədə dərk edilməyə başlanmışdır. İndi artıq söhbət kimisə yəhudiliyə, yaxud xristianlığa və ya islama çəkməkdən getməməlidir, ümumi səylər mədəniyyətləri və dinləri bir-birinə yaxınlaşdıran cəhətləri aşkar edib üzə çıxarmağa yönəldilməlidir. Yəqin ki, doğulmaqda olan ümumplanetar sivilizasiyanın əsas xüsusiyyəti dünyagörüşü və əqidə plüralizmi olacaq və insanlar aralarında getdikcə daha çox fikir birliyi, əqidə yekdilliyi və qarşılıqlı anlaşma təsisatları axtarıb tapmaq zərurəti qarşısında qalacaqlar. Bunu müasir beynəlxalq durum da tələb edir.

Bu problem bizim günlərdə özünü dinlə bağlı olaraq daha açıq şəkildə göstərir. Getdikcə daha çox din adamı dinlərarası dialoqun zəruriliyini anlayır və belə dialoq üçün öz müqəddəs kitablarında zəmin, münasib dayaq nöqtəsi axtarıb tapır. Bu baxımdan “Dinlərin tarixi: yəhudilik, xristianlıq, islam (müqayisəli təhlil)” mövzusu xüsusi aktuallıq kəsb edir, çünki hər üç monoteist din bir-birilə tarixən daha sıx bağlıdır və mənşəyini eyni dini ənənədən alır.

Hər şeydən əvvəl qeyd edilməlidir ki, yəhudilik, xristianlıq və islam səmavi dinlərdir. İkincisi, hər üç din eyni bölgədə –Yaxın Şərq bölgəsində təşəkkül tapmışdır. Üçüncüsü, bu dinlərin üçü də eyni dini ənənədən – İbrahim peyğəmbərin hənifilik, təkallahlılıq ənənəsindən doğmuşdur.

Yəhudilik 

Qədim yəhudilərin tarixi və onların dininin təşəkkül prosesi haqqında məlumatı biz Bibliyadan, daha doğrusu, Bibliyanın Əhdi-Ətiq (Köhnə Əhd) hissəsindən alırıq. İbrahim peyğəmbərin iki oğlu olur. Kəniz Hacərdən doğulmuş böyük oğlu İsmail yurddan uzaqlaşdırılır, anası ilə gedib Məkkəyə çıxır və sonralar ərəblərin əcdadı olur. Saradan doğulmuş kiçik oğlu İshaq yurdda qalır, onun oğlu Yəqubun on iki oğlu doğulur və yəhudilərin on iki qolu buradan inkişaf tapır və tarixən bununla izah olunur. Onlar bir Allaha – Yəhvaya ibadət edirlər. Məlum hadisələr oğullardan birini – Yusifi Misirə gətirib çıxarır. Misir fironu ağıllı Yusifi özünə yaxınlaşdırır və Yusif saray əyanlarından olur. Qardaşları quraqlıq və qıtlıqdan qaçıb Yusifin yanına gəlir, on iki yəhudi nəsli bir neçə əsr Nil vadisində yaşayır. Levinin nəslindən Musa dünyaya gəlir, Allah onu seçib qövmünə peyğəmbər edir, daş lövhələr üzərində yazılmış məşhur on tövsiyəni ona nazil edir, möcüzə göstərmək qabiliyyəti bəxş edir. Musa yəhudiləri Misir əsarətindən qurtarır, dərya və səhradan keçirib Fələstinə qaytarır, yəhudiliyin əsasını qoyur, odur ki, Musanın dini bəzən onun adı ilə Mozaizm də adlanır.

Yəhudiliyin əsas kitabı Əhdi-Ətiqdir. Kitaba Musanın Xəmsəsi – Beşliyi daxildir, adı Tövratdır. Tövrat yəhudi dilində Beş kitab deməkdir. Beşliyin birinci kitabı “Varlıq” adlanır. Burada dünyanın xəlq edilməsi, Adəm və Həvvanın yaradılması, Yusif və Misir əsarəti barəsində söhbət açılır. “Çıxış” adlanan ikinci kitabda yəhudilərin Musanın rəhbərliyi altında əsarətdən qurtararaq Misirdən çıxmalarından danışılır. Sayca üçüncü olan “Levit”də yəhudiliyin əqidələri, ayinləri, davranış qaydaları açıqlanır. “Saylar” və “İkinci qanun” kitabları isə yəhudilərin Misir əsarətindən sonrakı tarixinə həsr edilmişdir.

Bibliyaya İsrail hakimləri və məliklərinin, İsrail peyğəmbərlərinin kitabları, habelə Davud peyğəmbərin Zəburu, Süleyman peyğəmbərin “Mahnılar Mahnısı” və ibrətamiz hekayələri də daxildir. Bunlar hamısı müqəddəs kitablardır.

Bütün bu kitablarda diqqəti cəlb edən ideya Allahın birliyi ideyasıdır. Yəhva qüdrətlidir, hər şeyə qadirdir. O, bəndəsi Əyyubu imtahana çəkmək üçün övladını, malını-dövlətini əlindən alır, özünü cürbəcür bəlalara düçar edir. Əyyub dözüm və səbr göstərir, Allaha həmd-səna edir, lakin sonda tab gətirmir, asilik edir. Allaha qarşı çıxır. Allah onu şiddətli əzaba düçar edir. Əyyub səhvini başa düşüb tövbə edir, itaət və ibadətə dönür, sağlamlığı, mal-dövləti, oğul-uşağı özünə qayıdır.

Yəhudiliyin ibadət yeri həvra – sinaqoqdur. Burada yəhudilər ibadətə toplaşır, ravvinlər Tövratı onlara izah edir, aralarındakı problemləri həll edirlər.

Yəhudiliyin ən qədim bayramı pasxadır. Sentyabr-oktyabr aylarında onlar həşr günü yom-kipur bayramını da qeyd edirlər. Həmin gün tövbə, Allaha dönmə, günahların bağışlanması üçün dua günü sayılır. Şənbə gününü yəhudilər müqəddəs gün, ibadət günü hesab edirlər. Bu gün iş görmək, xörək bişirmək, ocaq qurmaq caiz sayılmır.

Yəhudilik milli dindir, ancaq yəhudilərin dinidir. Bu din Azərbaycanda dağ yəhudiləri, gürcü yəhudiləri, Avropa yəhudiləri icmaları ilə təmsil olunmuşdur.

Xristianlıq

Xristianlıq fövqəlmilli səmavi dindir. O da Yaxın Şərqdə, müxtəlif ideya və mədəniyyət təsirlərinin kəsişdiyi bölgədə meydana çıxmışdır. Xristianlığın təşəkkülünə həm yəhudi sektaları, həm yunan-Roma fəlsəfəsi, həm də qədim Şərq dinləri təsir göstərmişdir.

Bizim eranın qovşağında yəhudilik dərin böhran keçirirdi. Müxtəlif sektalar yaranır, dünyanın axın, qiyamət günü haqqında peyğəmbərliklər peyda olurdu. Hamı öz gəlişi ilə yəhudiləri bu böhrandan xilas edəcək bir peyğəmbər gözləyirdi.

Bu peyğəmbər Xilaskar – Məsih olmalı idi. Allah bakirə Məryəmdən doğulmuş İsanı Məsih olaraq göndərdi.

Allahın göndərdiyi Xilaskar haqqında rəvayətlər dörd İncildə – Marka, Mattaya, Luqaya vo İoanna görə İncillərdə toplanmış və müfəssəl izah edilmişdir. Bu İncillər Əhdi-Cədid (Yeni Əhd) adı altında Bibliyaya daxil edilmişdir. Burada İsanın vəzləri, əməlləri, göstərdiyi möcüzələr haqqında danışılır, onun nə cür təqiblərə məruz qaldığından, həvarilərindən biri olan Yəhudanın satqınlığı nəticəsində xaçda çarmıxa çəkilməsindən, sonra isə dirilərək göyə qaldırıldığından söhbət açılır.

Bəzi tədqiqatçılar deyirlər ki, ümumiyyətlə Məsih ideyası mifologiyaya əsaslanır, əslində ona bənzər tarixi şəxsiyyət mövcud olmamışdır. Başqaları isə deyirlər ki, İncil rəvayətləri real tarixi faktlara söykənir. 1946-1947-ci illərdə Ölü dənizin sahillərindəki Qumran mağaralarında tapılmış qədim əlyazmaları artıq bizim eranın qovşağında Xilaskar-Məsih haqqında təsəvvürlərin mövcud olduğunu təsdiqləyir. O vaxt yaşamış mistik-asketik yəhudi sektasına mənsub olan essenlər zənginliyi, var-dövlət hərisliyini pisləyir, mənəvi təmizliyə səy göstərir və başlıcası isə Davud peyğəmbərin nəslindən bir Xilaskarın gəlişini gözləyirdilər.

Xristianların Məsihi məhz Davud peyğəmbərin nəslindən seçilmiş İsa oldu. Onun gətirdiyi dində yəhudiliyin təsiri duyulur.

Xristianlığın əsas ideyası insanın günaha batması və nicat tapması ideyasıdır. İnsanlar Allah qarşısında günaha batmışlar – yunan, yəhudi və ya romalı, kölə və ya azad, varlı və ya yoxsul olmasından asılı olmayaraq bütün insanlar bərabər səviyyədə Allah qarşısında günahkardırlar. Adəmlə Həvvanın ilkin günahları ağır daş kimi insanların başları üzərindən asılmışdır, hamı bu günah yükünü çəkir: kişilər əlləri qabarıq halda torpaqda işləyəcək, qadınlar isə sancı çəkə-çəkə doğacaqlar. İnsanlar nicat tapa biləcəklərmi? Bəli amma, bunun üçün onlar günahkar olduqlarını dərk etməli, bütün niyyətlərini günahlardan təmizlənməyə yönəltməli, Allahın göndərdiyi Xilaskara – Məsihə iman gətirməlidirlər, çünki o, insanların bütün günahlarını öz üzərinə götürmüş, əzabla çarmıxa çəkilməklə bu günahların bağışlanmasma nail olmuş və insanlara nicat yolunu gostərmişdir.

Bu yol üç üqnumda (Allah-ata, Allah-oğul və müqəddəs ruh) bir olan Allaha iman, saleh həyal, tövbəkarlıq və öləndən sonra cənnətə ümid bəsləmək yoludur. Saleh əməl sahibləri cənnətlə mükafatlanacaq, hər bir yoxsul və kölə cənnətə düşə biləcək, halbuki, kafirlər və var-dövlət hərisləri cəhənnəm odunda yanacaqlar. Bundan əlavə, günahkarları həm də Məsihin ikinci gəlişindən sonra yer üzündə qurulacaq sorğu-sual da gözləyir.

(Ardı var)

 





28.02.2013    çap et  çap et