525.Az

Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi


 

Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi<b style="color:red"></b>

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının 141 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səslənilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq əsası "Əkinçi" qəzeti ilə qoyulmuş Azərbaycan Milli Mətbuatının çətin və şərəfli yol keçərək hazırkı inkişaf mərhələsinə çatdığını deyib. Azərbaycan mətbuatının ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan icraçı direktor Azərbaycan prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edildiyini və konsepsiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını xüsusi qeyd edib. Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi 7 ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı layihələr barədə məlumat verib.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və onların yaradıcı əməyinin stimullaşdırılması məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli bu məqsədlə 2016-cı ilin I yarısında Fond tərəfindən və digər qurumlarla birgə 7 müsabiqənin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor bu müsabiqələrdə 600 nəfərə yaxın jurnalistin iştirak etdiyini, onlardan 300 nəfərdən çoxunun mükafatlandırıldığını bildirib.

Vüqar Səfərli Fondun 22 iyul - Milli Mətbuat münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də məlumat verərək bildirib ki, 19 istiqaməti əhatə edən müsabiqəyə 70 kütləvi informasiya vasitəsindən 167 yazı daxil olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının qərarı əsasında daha yüksək bal toplamış 114 nəfər jurnalist qalib elan edilib: "Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə 6 mükafat nəzərdə tutulub. Birinci yer üçün bir, ikinci yer üçün iki, üçüncü yer üçün üç qalib müəyyənləşdirilib. Ümumilikdə qaliblərin sayı 114 nəfərdir. Birinci yerin sahibi 500, ikinci yeri tutanlar 400, üçüncü yerə layiq görülən jurnalistlər 300 manat məbləğində mükafatla təltif ediliblər. Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər iyulun 21-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş jurnalistləri mükafatlandıracağıq".

İcraçı direktor xüsusi vurğulayıb ki, builki müsabiqədə region KİV-ləri xüsusi fəallıq göstərərək 3 istiqamət üzrə qalib olublar. O, ilin sonuna qədər əlavə müsabiqələrin də keçiriləcəyini diqqətə çatdıraraq bildirib ki, bunda məqsəd jurnalistlərin peşəkarlığının artırılması, onların sosial şəraitinin yaxşılaşması və ictimaiyyətin müxtəlif sahələrdə görülmüş işlər barədə dolğun məlumatlandırılmasıdır.

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova verilib. Tədbir iştirakçılarını salamlayan Əli Həsənov milli mətbuatın 141 illiyi ilə əlaqədar media nümayəndələrini təbrik edərək bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır.

Prezidentin köməkçisi deyib ki, bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur. Bu gün Azərbaycanı dünyaya bütün möhtəşəmliyi, müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır. Hər bir jurnalist sözü vicdanla, öz xalqını, dövlətini düşünərək deməlidir, milli maraqlarımızı müdafiə etməyi bacarmalıdır, əsrlər boyu uğrunda mübarizə apardığımız və hazırda fəxrlə yaşadığımız Azərbaycan dövlətini təbliğ etməli və qorumalıdır.

Professor Əli Həsənov "Əkinci" qəzetinin yaranmasının tarixi haqda geniş danışıb.  

O, Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Heydər Əliyevin milli mətbuatımızın inkişafına hərtərəfli dövlət dəstəyini vacib şərt hesab etdiyini xatırladan Əli Həsənov deyib: "1998-ci ilin sonunda qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, 2001-ci ildə qəzet kağızına gömrük rüsumları ləğv olundu, 2002-ci ildə KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən xüsusi vəsait ayrıldı, 2003-cü ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına borcları 3 il müddətinə donduruldu, 2005-ci ildə isə həmin vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi barədə Sərəncam imzalandı".

Azərbaycanda əsasını Heydər Əliyevin qoyduğu media siyasəti və ənənələrinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Əli Həsənov bildirib: "Xüsusi qeyd etmək istərdim və təcrübə də təsdiq edir ki, istənilən sahədə vəzifələrin həllinə sistemli və konseptual yanaşma Prezident İlham Əliyevin həyata keçirdiyi idarəçiliyin başlıca prinsipini təşkil edir. 2008-ci ildə imzalanmış "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etməklə Azərbaycan Prezidenti medianın problemlərinin həllini konseptual çərçivəyə saldı və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin sistemliliyini və ardıcıllığını təmin etdi. Ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir. Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resursların monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, identikliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir.

2003-cü ildən başlayaraq elektron KİV-lərin fəaliyyəti sahəsində əsaslı islahatların həyata keçirilməsi, "İnformasiya əldə etmək haqqında" Qanunun qəbul edilməsi və medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-lərin inkişafına dövlət dəstəyinin daha da genişləndirilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər Azərbaycan Prezidentinin siyasi iradəsinin təzahürüdür və dövlətin artan maliyyə imkanları da bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratdı. Azərbaycanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mətbuatın inkişafında xidmətləri olan KİV nümayəndələrinin dövlət mükafatları və fəxri adlarla təltif olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin reallaşdırılması, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılması, yeni medianın inkişafının stimullaşdırılması və digər çoxsaylı tədbirlər ardıcıl xarakter alıb. 2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi üçün 2005-ci, 2008-ci və 2016-cı illərdə redaksiyalara milyonlarla manat vəsait verilib. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyildir".

Sonra Fondun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mərasimdə çıxış edərək milli mətbuatımızın keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, xalqımızın həyatında "Əkinçi" qəzetinin oynadığı rolu xüsusi vurğulayıb. Qeyd edib ki, "Əkinçi" qəzeti Azərbaycanda uzun illərdən bəri yaranmış problemlərdən çıxış yollarını açıq-aydın göstərərək ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynayıb.

Əflatun Amaşov Azərbaycan dövlətinin mətbuatın inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamları bu diqqət və qayğının göstəricisi kimi dəyərləndirib.

Daha sonra Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı laureatlara təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

 





26.07.2016    çap et  çap et