525.Az

Abbasqulu Nəcəfzadə sənətinin Amerika təntənəsi - Foto


 

Abbasqulu Nəcəfzadə sənətinin Amerika təntənəsi - <b style="color:red">Foto</b>

...ABŞ, İndiana Ştatı, dünyaca məşhur İndiana Universitetinin konsert zalı! 24 iyul - isti yay günlərindən biri! Və havanın hərarətinə sərinlik qatan Azərbaycan musiqisi! Müxtəlif musiqi alətlərimizdə ifa edir Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə. Onu müşayiət edirlər professor Şahyar Danişgərin rəhbərlik etdiyi beynəlxalq “İpək yolu” ansamblının üzvləri: İrandan - Güney Azərbaycandan olan Şahyar Danişgər qavalda, milliyyətcə çinli Yeng İng pianoda, suriyalı xanım Aliyyə Əcəmoğlu violonçeldə, ispaniyalı sənətçi Tomas isə gitarada...

Abbasqulu Nəcəfzadə artıq bir həftədir ki, İndiana Universitetinin qonağıdır. Bir neçə gün öncə, iyulun 19-da Azərbaycan çalğı alətlərinə həsr olunan elmi seminarda mühazirə söyləyərkən amerikalı dinləyicilərin- universitetin professor-müəllim və tələbə heyətinin necə maraqla onu dinlədiklərinin kaş şahidi olaydınız. Bunu ustad dərsi də adlandırmaq olar. Çünki Abbasqulu müəllim musiqi alətlərimiz haqqında mühazirə söylədikcə, hər birində ayrılıqda ifa edir, balabanın, neyin, tütəyin, zurnanın, udun, kamançanın qədim Azərbaycan alətləri olduğunu tutarlı faktlarla sübut etməyə çalışırdı, nail olurdu da...

İyulun 23-də Ohayo ştatının Kolumbos şəhərində, möhtəşəm konsert zalında ifası da uğurlu olmuşdu. Ştatın müxtəlif şəhərlərindən musiqisevərlər axışıb gəlmişdilər. Konsertin sonunda Kolumbos universitetinin professoru səhnəyə çıxaraq bu tədbirin davamlı olmasının, Abbasqulu Nəcəfzadə ilə yenidən görüşmək arzusunda olduqlarını bildirdi...

İndiana Universitetində verdiyi konsertə də həmçinin, bu ştatın müxtəlif şəhərlərindən xeyli dinləyici gəlmişdi. Lirik musiqilərimizə maraqla qulaq asan amerikalılar təsirləndiklərindən gah göz yaşlarını boğa bilmir, şıdırığı hava çalınanda isə elə yerlərindəcə rəqs etməkdən çəkinmirdilər. Bu münasibəti görən Abbasqulu Nəcəfzadə daha da ruhlanır, sanki zövq alırdı. Necə deyərlər, hamı heyrət içində idi. Əslində, İndiana Universitetində mükəmməl musiqi təhsili verildiyindən, buradakıları heyrətləndirmək çox çətindir. Və bu heyrəti amerikalı tamaşaçılarda yaradan məhz Abbasqulu Nəcəfzadənin ecazkar səsli çalğı alətlərində ifa etdiyi milli ruhlu təranələrimiz oldu. Hətta Abbasqulu Nəcəfzadənin 2003-cü ildə nəşr olunmuş “Çalğı alətlərimiz” kitabınınnüfuzlu İndiana Universitetinin nəşriyyatında tezliklə ingiliscə nəşrinə qərar verildi…

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin növbəti konserti iyulun 28-də Nyu York şəhərində olacaq. Özüylə ABŞ-a Azərbaycan təravəti gətirən bu insana yeni-yeni sənət uğurları diləyirik...

Elman ELDAROĞLU
ABŞ, İndiana

 





26.07.2016    çap et  çap et