525.Az

Kitab pasajında paralellər


 

Kitab pasajında paralellər

UCQARDA ARAZBARI İMPULSLAR DÖVRÜ

İndi Bakının yolları “su yolu” da olmasaydı, yəni indi, məsələn, keçən əsrin 70-ci illərindən fərqli olaraq Bakıya gediş-gəliş indikitək asan da olmasaydı, məni Bakı ilə vaqifanə və əbədi birləşdirən, ruh qardaşı edən bir göy meridianı - Bakının və mənim qütblərimdən keçən - bir xəyali xətt həmişə mövcuddur! Məhz bu göy, bu səma - hətta səmavi - meridianımın köməyi ilə mən bəzi arazbarı paralellər də - həm də meridian olan yerdə bir paralel də olmalıdır mənasında - aparıram; təbii ki, söhbət fiziki coğrafiyadakı paralellərdən yox, bədii ədəbiyyatdakı paralellərdən gedir... 

Orda ayla, illə, burda müxtəsər dillə... sizə hardan xəbər verim? Canım-gözüm Bakıdan. Canım-gözüm Bakının harasından? Kitab pasajından.
Mən bu Kitab pasajını ilk dəfə görəntək bildim ki, Platonov nədən ömür boyu Ədəbiyyat İnstitutunun həyətini süpürüb, nədən Bianki həyatını muzeydə çürüdüb, nədən Axmatova kitabxanada can qoyub? Ömər Xəyyam rəsədxanada, Vısotski Taqanka dram teatrında, Homer və Con Milton isə... korluqda və tənhalıqda əsrlərini başa vurublar... Mən, əlbəttə, nümunələrdən üçünü-dördünü göstərməklə kifayətlənirəm.
Onda hətta Kitab pasajında çalışan Zəlimxan Yaquba “poetik” paxıllığım da tutdu. Çünki şairin, yazıçının bir şeir yazmaq, povest danışmaq xəstəliyinin baş qaldırdığı məkan, ədəbi ərazi də olmalıdır! Təki bu “xəstəlik”, bu bədii söz havası baş qaldırsın! Axı, dünyada dəniz havasından, dağ havasından dolayı, bir şair havası da var. Bu halda nə fərqi Ədəbiyyat İnstitutunun həyətidir, yoxsa Kitab pasajının içi?..
Həm də danışdığım elə bir dövr idi ki, biz, gənc vaqiflər, ürəyi ağrıyan yazıçıya qibtə eləyirdik ki, bizim ürəyimiz nə vaxt ağrıyacaq, böyrəyi ağrıyan şairə həsəd aparırdıq ki, bizim böyrəyimiz nə zaman həyəcan hönkürəcək? Çünki məhz bu çoxçalarlı ağrıları, bu xəstəlikləri Yazı deyilənin özü, özündən də çox mənası bilirdik. O vaxt ədəbi dərgilərimizin səhifələrində yaradılan süni dar ağacı, edam kötüyü, sürgün-yatab havası, əzabkeş obrazı da elə o yöndəndi.

Mən hətta... təxəllüslərində səhhətləri yerində olmayan, “azarlı” aşıqların-şairlərin arazbarı siyahısını da hazırlamışdım. Xəstə Qasımın və Xəstə Hasanın “liderlik” etdikləri siyahıda Miskin, Fəğani, Qəmnak, Bikəs, Dilqəm, Xəzani, Məlali, Qəmli kimi söz sənətkarları da var idi.
Və ilk dəfə Zəlimxan Yaqubu Kəpənəkçidə, Borçalıda yox, onda Bakının qəlbi olan Kitab pasajında görərkən özüm üçün bunu yəqin etdim ki, yazılarında Zəlimxan müəllimin hər cür melanxoliyadan, əzablı ovqatdan, xəstəhallıqdan uzaq olması mənim siyahımda olan və olmayan “naxoş” aşıq-şairlərimizin “naxoşluq” səbəblərinin mənasını vaqifanə aça bilməsindədir. Mən onda bildim, uzun illər zirzəmidə yaşamasına, adi satıcı - amma harda? Kitab pasajında - işləməsinə rəğmən, Zəlimxan Yaqubdakı bu nikbinlik, bu ruh yüksəkliyi, bu arazbarı impulslar hardandı! Üstəlik, Zəlimxan Yaqub mənim üçün “xəstəlik”lə - şeir “xəstəliyi” ilə - xəstəlik sağaltmağın üsullarını-yollarını ilkin açan söz təbiblərindəndi!
Mənim “xəstələr” siyahımdakı söz ustalarının “xəstəlik”lərinin “xəstə bədən - xəstə ruh” məsələsi olmadığının Zəlimxan müəllimə çoxdan ayan və agah olduğunu onunla elə birinci ünsiyyətimdəcə gördüm. Əslində bu melanxoliyanın bir ucu gedib “ilk günah”a - təbii ki,  bu dəfə də Adəm-Həvva əhvalatını nəzərdə tuturam - çıxırdı, bir ucu gedib, Ömər Xəyyam demiş:

Biz getsək yenə də duracaq cahan,
Bizdən qalmayacaq bir iz, bir nişan. -

müəmmasına, tilsiminə çıxırdı.
Gərək xəstəliyin səbəblərini biləsən ki, ona qarşı səfərbər olmağı da bacarasan! Daha geniş fəlsəfi və ədəbi-bədii mənada, dünyadakı hərəkəti və sükunəti, dəyişkənliyi və sabitliyi, mahiyyətləri və təzahürləri, təsadüfləri və zərurətləri, keçici və mütləq olanları anlayasan ki, son olaraq “mən də yaşadım!” demək hüququn ola!
...Vidadidə belədir:

Vidadi xəstəyəm, günlər sanaram,
Dərd əhliyəm, qəm hərfini qanaram.

Zəlimxan Yaqub məhz bu “qəm hərfi”nin ədəbiyyatımızda ən mahir, ən vaqif “şifraçan”larından biridir. “Şifrlənmiş” qüssədə, kədərdə nə qədər qəmnak, nə qədər dərdli olursan ol, hüzndə Zəlimxan Yaqubdan ötə ola bilməzsən! Yetmiş yeddi səbəbdən biri də budur ki, yenə də Vidadinin göstərdiyi “gəl tərpətmə yaralanmış könlümü” “təlimat”ını ən çox pozan vaqif yazarlarımızdan biri Zəlimxan Yaqubdur. Yəni həm nikbin, həm qüssəli və hökmən arazbarı, həm də hələlik şüşələr üstündə yeriyən Şuşaya layiq yazılar - eləcə də Laçına, Füzuliyə, Xocalıya, Xocavəndə... yaraşan - ancaq “yaralanmış könül”ü təkid-təkid tərpətməklə yazılır...
Bu günlərdə antidepressiantlar əlində qalan bir vaqif şair dostum mənə vaqifanə bir etiraf etdi: - Mən Zəlimxan müəllimə baxanda “xəstəyəm” deməkdən utanıb əzab çəkirəm. İraq Zəlimxan müəllimdən, hələlik böyrəklərsiz - ürəyinin ağrısını da demirəm - yaşayan Şairin bəlkə ürəyini də çıxartsaydılar, Şair Qürurunun, Şair Dəyanətinin  və İradəsinin şaxı sınmazdı!

Çölü və içi Kitabıstan, Kitab evi, Kitab pasajı olan vaqif şairlərin məğzi-mənası bu deyilmi!? Və bu Kitabıstanda, Kitab pasajında - fransızsayağı, əslində hər iki tərəfində dükanlar olan örtülü qalereyalar kimi - kitabların ölümsüzlüyü-əbədiliyi, bir otağa qapılıb kitablarla baş-başa, ürək-ürəyə qalmaq, kitabların rəflərdə karvan-karvan misilsiz, ecazkar düzümü, təkrarolunmaz yazıçılıq-şairlik əzabı...
Və bu Yolda sürünmək yoxdur, uçmaq var; Zəlimxan Yaqubun özü demiş, “sürünsəm dizimi daşlar aparar”; əlbəttə, təkcə bu sarıdan yox...
Məxsusi vurğulamağı özümə borc bilirəm ki, Zəlimxan Yaqubun bu “qəm hərfini qanmağı” (Vidadi), bir qədər paradoksal səslənsə də, bəlkə də “busə dağı”ndan gəlib; Zakirdə belə deyilmi:
  
Yar gəlməsə məndən dirilən olmaz,
Məni xəstə salan busə dağıdı.

İlk baxışda sağlam mühakiməyə zidd olan qəribə fikrim - yəni paradoksal - sizi çaşdırmasın: adi hərfə - lap olsun qəm hərfi - dağdan - lap olsun busə dağı - necə gəlmək olar? Amma Zəlimxan Yaqubun busəsi - eynən qeyri-səlis məntiq nəzəriyyəsində olduğu tək, sıfırla vahid arasındakı, başqa sözlə, ağ ilə ağımtıl, al-qırmızı ilə qırmızı, mavi ilə masmavi arasındakı çalarlardan ibarət - Yar yanağından alınan busə qədər, Təbrizdən, Borçalıdan, sözün tozundan, Bethoven torpağından, Sarvan dağlarından, gözəllikdən, yaşıl ağacdan, Çamlıcadan, telli sazdan, Mövlana türbəsindən alınan busədir. Bax, bu “busə dağı”dı şairi xəstə salan...
Zəlimxan Yaqubun - və bütün vaqiflərin! - iqlim dəyişmələri, “qütb ekspedisiyaları” ilə müşahidə olunan işi nədir? Əlbəttə, işinə hər an yaradıcılıq qatmaqdır! Hətta yaradıcı “xəstəlik” də!..

İBRAHİMXƏLİL

P.S. Canım-gözüm, qardaşım Bakıya son səfərimdə Kitab pasajını az qala tanımadım. Bakıda yeganə hücrəm Yazıçılar Birliyinin “Natəvan” klubu olan mən - arazbarı Allahın sevimlisi İbrahimxəlil - melanxoliyaya tutuldum, nə tutuldum!
Kitab yurdunu, kitab yuvasını beləmi əmanətləyərlər? Ya Rəbb, bu həmin Kitab pasajı deyilmi ki, burada əsri keçməkdə olan kitabsevərlər bir vaxt kitab üstündə baş yarırdılar!..
Borçalıya, Əyriqarın ətəklərinə nədənsə Zəlimxan müəllimin bu misralarına köklənib qayıtdım:
... vardı bir can borcumuz,
borcu verdik qayıtdıq.
Başımıza qaxmasın
xərcimizi çəkənlər,
canımız bahasına
xərci verdik qayıtdıq...
Amma bu... bəlkə də paralel olmadı... Bütün hallarda nə Bakıda, nə də Borçalıda bir Kitab pasajına İbrahimxəlilin adını verməyəcəklər ki!..

 





01.09.2012    çap et  çap et