525.Az

Azərbaycan rəssamlığında uca bir ünvan


 

Maral Rəhmanzadə - 100

Azərbaycan rəssamlığında uca bir ünvan <b style="color:red"></b>

Azərbaycan təsviri sənətindən söz açarkən istedadlı fırça ustası, məhsuldar yaradıcılığı ilə diqqəti cəlb edən Xalq rəssamı Maral Rəhmanzadə (23.07.1916-16.03.2008) barədə danışmamaq qeyri-mümkündür.

Şərq aləmində qadın sənətkarlara çox az-az rast gəlmək olar. Bunun bizə məlum olan və məlum olmayan cəhətləri vardır. Lakin bütün bunlara rəğmən Azərbaycanda yaradıcılığı yüksək dəyərlərə malik Məhsəti Gəncəvi, Heyran xanım, Sara Xatun, Xurşidbanu Natəvan və digər qadın sənətkarları qeyd etmək yerinə düşər. Bu sıraya XX əsrdə yaşamış Qeysər Kaşıyeva, Maral Rəhmanzadə, Vəcihə Səmədova, Həyat Abdullayeva, Elmira Hüseynova və başqa qadın rəssam və heykəltəraşları da daxil etmək olar.

Maral Yusif qızı Rəhmanzadə Bakı şəhərinin Mərdəkan qəsəbəsində sənətkar ailəsində dünyaya göz açıb. Onun atası zərgər idi. Demək olar ki, M.Rəhmanzadənin sənətə marağı və sənətin sirlərinə yiyələnməsi erkən yaşlarından atasının yanında çalışdığı, ona kömək etdiyi vaxtlardan yaranmışdı. Rəssamın özü bunu belə xatırlayırdı: "Altı-yeddi yaşım var idi, atam Mərdəkandakı evimizdə öz iş otağında zinət əşyalarına müxtəlif naxış vurarkən, məni də öz yanında əyləşdirərdi. O, mənə kağız-qələm verib, qızıl və ya başqa metal üzərində balıq, gül - çiçək, gün, ay - ulduz rəsmlərini çəkdirərdi". Beləliklə, M.Rəhmanzadənin lap erkən yaşlarından sənətlə məşğul olduğunu təsdiqləmək olar.

M.Rəhmanzadə professional rəssamlıq təhsili almaq üçün 1930-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olur. Rəssam burada böyük həvəslə sənətin mürəkkəb və özünəməxsus incəliklərinə yiyələnir və 1933-cü ildə rəssamlıq məktəbini bitirərək elə həmin ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda oxumağa başlayır. M.Rəhmanzadə Moskvada V.Serov, L.A.Bruni, V.A.Favorski və digər tanınmış rəssamlardan peşəkar sənətin sirlərini mənimsəyir. Qeyd etmək yerinə düşər ki, M.Rəhmanzadə Moskvada əfsanəvi fırça ustası Səttar Bəhlulzadə ilə birgə təhsil alıb.

M.Rəhmanzadə hələ tələbəlik illərindən sərgilərdə iştirak edib. Onun əsərləri dünyanın müxtəlif şəhərlərində təşkil olunan beynəlxalq və yerli sərgilərdə nümayiş olunub. Onlara ölkəmizlə yanaşı xaricidəki muzey, qalereya və şəxsi kolleksiyalarda da rast gəlmək mümkündür. Rəssamın doğma Bakıda və xarici ölkələrdə təşkil edilən fərdi sərgiləri onun tanınmasında mühüm rol oynayıb.

M.Rəhmanzadə sənət aləminə qrafika sahəsində yaratdığı əsərləri ilə daxil olub. Lakin Maral xanımı təkcə qrafika ustası kimi qəbul etmək düzgün olmazdı. Belə ki, o, həm də istedadlı rəngkar kimi də şöhrət qazanıb.

Rəssamın ilk əhatəli qrafika işi "Köhnə və yeni Azərbaycan" adlı silsiləsidir. Adından da göründüyü kimi rəssam köhnəliklə yenilik arasında gedən "qarşıdurma"nı təsviri sənətin dili ilə ifadə etməyi qarşısına məqsəd qoymuşdu. Maral xanım gərgin yaradıcılıq axtarışları və davamlı müşahidələri nəticəsində topladığı materiallar əsasında bu gün də belə öz aktuallığını itirməyən son dərəcə bədii əhəmiyyətli əsərlər ərsəyə gətirmişdir.

M.Rəhmanzadə yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi məzmun-forma dolğunluğu və ahəngdarlığı, kompozisiya bitkinliyi və lakonikliyi, obrazların bədii ifadəliliyi, milli-etnoqrafik xüsusiyyətlərin mahiranə təcəssümü, kolorit zənginliyini və digər cəhətləri qeyd etmək olar.

"Köhnə və yeni Azərbaycan" (1940), "Qadınlar müharibə illərində" (1942), "Azərbaycan neftinin tarixi" (1947) və s. silsilələrin hər birində rəssam həyat həqiqətlərinin ən yaddaqalan epizodlarını zərif sənətkar təxəyyülündən keçirməklə duyğulandırıcı bədii lövhələr yaradıb.

Rəssam bu işlərində qədim şərq mədəniyyətinin zəngin rəngarəngliyi ilə süslənmiş bənzərsiz memarlıq incilərini, xalqımızın milli adət ənənələrini, müharibə zamanı yaranmış dəhşətli reallıqları, müharibədə Azərbaycan qadınının mərdanəlik xüsusiyyətlərini, Azərbaycan qadınının mənəvi-əxlaqi incəliklərini təsviri sənətin imkanları və bənzərsiz çalarları ilə təcəssüm etdirib.

M.Rəhmanzadənin yaratmış olduğu "Bizim Xəzərdə" (1953-1960), "Sosialist Bakısı" (1958-1961), "Sumqayıt - Rustavi" (1961), "Çexslovakiyada" (1959-1960), "Mənim vətənim" (1963), "Azərbaycan qadınları" (1969), "Mənim bacım" (1971), "Bizim sərhəddə" (1973), "Qadın ili" (1975) və s. linoqravür seriyaları artıq təsviri sənət tariximizə əbədi daxil olub.

M.Rəhmanzadənin "Bizim Xəzərdə" seriyalı avtolitoqrafiyasından olan rəngli işlər hələ 1958-ci ildə Brüsseldə, habelə Praqa, Pekin, London və digər nüfuzlu şəhərlərdə nümayiş olunub. Bu seriya rəssamın gərgin fiziki və zehni zəhməti hesabına ərsəyə gəlib.

Sahildən uzaqlarda, Xəzərin coşqun ənginliklərində çalışan Azərbaycan neftçilərinin gündəlik iş şəraiti ilə tanış olmaq, onları yaxından müşahidə etmək yaradıcı rəssam üçün nə qədər vacib idisə, digər tərəfdən dənizin coşqun dalğalarını, şahanə mənzərəsini, ləpələrin şairanə ritmini, qağayıların romantik uçuşunu, dəniz sərhədlərinin mavi səma ilə qovuşduğu mənzərəni izləmək və müşahidə etmək rəssam üçün bir o, qədər də vacib idi.

Məhz bu sadalanan ikinci xüsusiyyətlərin rəssamın yaradıcılığında yaddaqalan bədii təzahürü hesabına Xəzər mövzulu əsərlər geniş tamaşaçı auditoriyası arasında yüksək şöhrət qazanmışdır.

Bu seriyaları yaratmaqla M.Rəhmanzadə özünü Azərbaycan qrafika sənətinin ən öncül cərgələrində dayandığını sübut edib. Təsadüfi deyil ki, Azərbaycanda və bəlkə də orta Asiyada ilk xalq rəssamı fəxri adına layiq görülmüş sənətkar elə M.Rəhmanzadə olmuşdu. M.Rəhmanzadə sahildən uzaq, gərgin əmək tələb edən Neft Daşlarına və keçilməz sədlərlə və qayalarla əhatələnmiş Xınalığa yaradıcılıq ezamiyyətinə yollanaraq, zəngin yaradıcılıq nümunələri ərsəyə gətirmiş ilk rəssamlardan olub.

(Ardı var)

Əsəd QULİYEV
sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi

 





26.07.2016    çap et  çap et