525.Az

Qarabağın göz yaşları... (davamı)


 

Qarabağın göz yaşları...<b style="color:red"> (davamı)</b>

ÇOX TƏƏSSÜF Kİ, DÜNYA BU GÖZ YAŞLARINI GÖRMƏK İSTƏMİR

(Əvvəli ötən sayımızda)

Xocalı strateji hədəf kimi

 Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının üstündən uzun illər keçir. Hələ də bu qanlı faciənin üstü açılmayan, gizli qalmış məqamları çoxdur. Bir çox suallara hələ də cavab tapılmayıb. Hələ yüzlərlə insanın taleyindən heç bir soraq yoxdur.

7 minə yaxın əhalisi olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da buranın bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri-daş qutular, kurqanlar və nekropollar tapılmışdı. Həmçinin burada arxitektur badilər-dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-807-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 47 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdir. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zamanda baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edərək yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.

Həmin günlərdə Azərbaycan silahlı qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi- düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Xocalı soyqırımına dair dünya mətbuatından bəzi məqamlara diqqət yetirək.

Krua Leveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (london), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülümüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valer aktual jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R.Patrik, İngiltərənin “Fant mey nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Xocalı sakini Kamil Hüseynov isə o dəhşətli günləri belə xatırlayır:

–Ermənilər Xocalıya girəndən sonra hər tərəfi oda qalayır, qarşılarına çıxan azərbaycanlıları sorğu-sualsız güllələyirdilər. Fevralın 26-da gecə saat 10-11 radələrində meşə ilə Abdal-Gülablı tərəfə yol aldıq. Qocalarda, uşaqlarda, qadınlarda taqət qalmamışdı. Vahimə, soyuq və aclıq bizi heydən salmışdı. Şərqiyyə adlı qadın və bir əsgər gözlərimin qarşısında keçindi. Ermənilər yaşayan Dəhraz kəndi yaxınlığında mühasirəyə düşdük və bu zaman 5-6 nəfər həlak oldu. İki gün bizi Dəhrazda saxladılar. Girov götürülən 12 nəfər cavanı bir qədər aralıda güllələdilər. 35 gün erməni əsirliyində ən dəhşətli, işgəncəli anlar yaşadıqdan sonra Qırmız Xaç tərəfindən əsirlikdən azad olundum.

Həmin vaxt 15 yaşlı Salman Qasımov anası, qardaşı və qohumları ilə birlikdə 12 gün ac-susuz meşələrdə qalmış, dəhşətli anlar yaşamışdır.

Erməni vəhşiliyinin iç üzü budur! Türk və azərbaycanlı qanına susayan erməni daşnaklarının törətdikləri soyqırım, bu dəhşətli faciə Xocalının salamat qalan sakinlərinin gözləri qarşısında baş verib.

Şəfiqə Həsənova sağ qaldığına möcüzə kimi baxır:

– Fevralın 25-də kişilərin hamısı postda idi. Evimizdəki təklülə tüfəngə patron qoyub elə pal-paltarlı yerimə uzandım. Gecə saat 11 olardı. Atışma başladı. Tez qalxıb qardaşım uşağı Rəcəbi də götürüb posta tərəf qaçdım. Postdan bir qədər aralıda çökək var idi. Camaat bura yığışmışdı. Qərara gəldilər ki, meşəyə tərəf gedək. Çayı keçəndə ermənilər bizi atəşə tutdular, hamı pərən-pərən düşdü. Anam Növrəstə, qardaşımın həyat yoldaşı Mehriban, onun uşaqları Rəcəb, Şəbnəm və Məhzərdən aralı düşdüm, –deyir və göz yaşlarını saxlaya bilmir...

...Doğmalarımı həmişəlik itirdim. Soyuq bıçaq kimi kəsirdi. Ayaqlarımızı şaxta vurmuşdu. Üst paltarlarımızı cıraraq ayaqlarımıza sarısaq da xeyri olmadı.

Ermənilər gülləni üstümüzə yağış kimi yağdırırdılar. Ölənlərin, yaralanlanların sayını itirmişdik. Bu müsibətə dözmək mümkün deyildi...

Həmin gün gecədən xeyli keçmiş Xocalıdakı vəziyyətə dair rəsmi məlumat televiziya və radio ilə oxundu. Belə məlumat verildi ki, hadisələr zamanı guya iki nəfər azərbaycanlı öldürülüb. Bax bu zaman Xocalı soyqırımını dünyaya çatdırmağa çox ciddi maneçilik törədildi. Əhali arasında çaşqınlıq yarandı. Bəlkə də bütün bunlar qəsdən edilirdi. Çünki qarşıda hələ Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalı dayanmışdı!

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prokurorluğunda Xocalı soyqırımını araşdıran istintaq qrupu yaradılmışdır. Həmin istintaq qrupları ayrı-ayrı vaxtlarda, daha doğrusu 1992-ci ildən sonrakı dövrlərdə 100 cilddən artıq istintaq materialları toplamışlar. İstintaq zamanı 3000 nəfərdən artıq Xocalı sakini və digər şahidlər dindirilmişdir. Göründüyü kimi cinayət işi tam sübuta yetirilmişdir. Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq müdafiəçiləri Ermənistanın törətdiyi Xocalı soyqırımına hüquqi siyasi qiymətin verilməsinə göz yumurlar. Bu heç bir məntiqə və demokratiyaya sığmır. Cinayətkar cəzasız qalmamalıdır. Sağ qalmış Xocalı sakinləri ümid edirlər ki, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qoruyacaq və cinayətkarların cəzalandırılması üçün bütün lazımi tədbirləri həyata keçirəcəkdir.

Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ulu öndərimiz Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “...biz toplaşıb Xocalı fəaciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı bu qüdrətə malikdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi çox qəti və prinsipialdır: “Azərbaycan öz torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayacaqdır.” 20 ilə yaxındır ki bu münaqişənin həlli ilə məşğul olan ATƏT tunelin sonunda işıq yandırmaq gücündə deyil. Azərbaycanın gələcəyinə nur saçacaq bu işığı yandırmaq öz gücümüzə və Ali Baş Komandana bağlıdır. Artıq həmin işığın işartıları görünür. Mübariz İbrahimovun, Ramil Səfərovun, İbad Hüseynovun qəhrəmanlığı  Azərbaycan xalqını torpaqların azad olunması uğrunda haqq döyüşünə səfərbər edib.

Tunelin sonundakı işıq mütləq yanacaq, Qarabağın göz yaşlarına son qoyulacaqdır...

 





28.02.2013    çap et  çap et