525.Az

BDU-nun tələbəsi Aysel Axundova Norveçdəki Gənclər Festivalında uğurla çıxış edib


 

BDU-nun tələbəsi Aysel Axundova Norveçdəki Gənclər Festivalında uğurla çıxış edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Aysel Axundova bu il Norveçin Trondheim şəhərində keçirilən “ISFİT- International Student Festival in Trondheim” Gənclər Festivalında iştirak edib. Festival haqqındakı təəssüratlarını bizimlə bölüşən Aysel, həmçinin festivalın əsas məqsədi haqqında da məlumat verib. Norveçdə iki ildən bir keçirilən Gənclər Festivalında çox fəal və uğurla iştirak edən Aysel, festival çərçivəsində çox şey öyrəndiyini deyib:

“Bu ilki Gənclər Festivalının mövzusu “Dünya ticarəti” idi. Festival cəmi 11 gün çəkdi. Festivalın əsas məqsədi müzakirə və debtalar üçün görüş yeri olmaq, dünyadakı tələbələri birləşdirmək, sülhlü gələcək qurmaq idi. Lakin əsas mövzuya baxmayaraq bu festivalda müxtəlif mədəni layihələr də öz əksini tapmışdı.  Mən bu festivala “Performing art workshop”la qatılmışdım. Ümumiyyətlə festival özü workshoplardan ibarət idi. Mənimlə birlikdə festivala Azərbaycandan 9 nəfər də başqa workshoplarla qatılmışdı. Ondan çox workshop var. Kimisi fotoqrafiyanı seçmişdi, kimisi iqtisadiyyatı seçmişdi, mən isə teatrı seçdim. Festivalda biz günün birinci yarısı öz seçdiyimiz workshopu təqdim edirdik, saat 10- dan 4- ə kimi 30 nəfərlik qrupda müzakirələr aparırdıq, oyunlar oynayırdıq və festivalın mövzusunu açıqlayırdıq. Bundan əlavə festival çərçivəsində müxtəlif mədəni layihələr də keçirilirdi. Festival boyu mühazirələr keçirilirdi və bu mühazirələri bizə tanınmış insanlar Dr.Vandana Shiva, Espen Barth Eide, Norveçin xarici işlər naziri, Andrew Feinstein, Erik Solheim və I. Diaz oxuyurdular. Müxtəlif mövzulara məsələn, korrupsiya ilə mübarizə mövzusuna, yaşıl iqtisadiyyat, təbiəti qorumaq mövzularına toxunurdular. Onlar bizim simamızda gələcəyin liderlərini görürdülər və sabah daha işıqlı bir gələcək qurmaq məqsədi ilə oraya toplanmışdıq. Bizim üçün dünyanın ziyalı insanları ilə ünsiyyətdə olmaq, onlarla dialoq qurub, suallarımızı vermək şansı yaranmışdı. Bu festivalda iştirak edən tələblərin hər biri öz ölkəsini, oxuduğu universiteti təmsil edirdi”.

Ayselin sözlərinə görə, bu festivalda çox şey öyrənib: “Bir çox xalqların mədəniyyətləri ilə tanış oldum. Elə ölkələr var idi ki, mən hətta onların adını birinci dəfə eşidirdim. Bu festival sayəsində mən anladım ki, insanlar başqa-başqa ölkələrdə yaşasalar da, müxtəlif mədəniyyətlərə, adət-ənənələrə malik olsalar da, nəticədə hamımız bir-birimizə bənzəyirik. Teatr üzrə çox maraqlı improvizasiyalar edirdik, oyun şəklində bəzi önəmli mövzulara toxunurduq. Orda Azərbaycandan gedən hər bir gənc öz ölkəsinin təmsilçisi idi. Əlbəttə, Azərbaycanı təmsil etmək mənə qürur hissi verirdi. Festivalın sonunda bizə sertifikatlar verildi. Maarifləndirdiyi qədər də əyləncəli idi”.

Qeyd edək ki, bu, Aysel Axundovanın belə bir beynəlxalq festivalda ilk iştirakı deyil. Bir neçə il əvvəl o, Moskvada keçirilən “Class Act” teatrla bağlı festivalda iştirak edib və mükafatlandırılıb.

GÜNEL

 





28.02.2013    çap et  çap et