525.Az

Azərbaycan rəssamlığında uca bir ünvan - Fotolar


 

Maral Rəhmanzadə - 100

Azərbaycan rəssamlığında uca bir ünvan - <b style="color:red">Fotolar</b>

(Əvvəli ötən sayımızda) 

Xalq rəssamı Maral Rəhmanzadə Azərbaycanın müxtəlif dilbər guşələrində, səfalı yerlərində tez-tez ezamiyyətlərdə olurdu. O, keçilməz dərələri və qayalıqları mətanətlə aşaraq, təbiətin ecazkar gözəlliklərini yorulmadan müşahidə etməklə sənətin tərcüməyə ehtiyacı olmayan dili ilə bəşər övladına çatdırırdı. Onun məşhur dağ kəndi Xınalığa həsr edilmiş işlərini, ümumilikdə isə yaratdığı bu seriyanı rəssamın yaradıcılığının incisi hesab etmək olar. Xınalıq kəndinin özünəməxsus fakturasını, təbii xüsusiyyətlərini, sakinlərinin adət-ənənələrini, etnoqrafiyasını yüksək məharətlə və xüsusi zövqlə təsvir edib. Rəssamın Xınalıq seriyasından "Xonça aparırlar" (1964) adlı əsərində dağların zirvəsində salınmış Xınalıq kəndinin tikililəri fonunda bir dəstə milli geyimli qız-gəlinləri xonçalarla təsvir edib. Əsərin bədii ifadə və emosional təsir yükü çox qüvvətlidir. Bunu obrazların lirik axıcı siluetləri daha da artırır. Bu xüsusiyyətləri "Dağların başında" (1964) , "Dağ kəndi Xınalıq. Atlılar" (1964) və s. əsərlərinə də şamil etmək olar.

M.Rəhmanzadənin Naxçıvana, Lənkərana, Qubaya səfərləri zamanı yaratdığı əsərlər də diqqəti cəlb edir. Rəssamın 1967-ci ildə yaratdığı "Naxçıvan gözəlləri" əsəri olduqca diqqətçəkəndir. Kompozisiyanı üç xanım fiquru təşkil edir. Onların biri kəlağayıda, digər ikisi isə zəngin ornamentli çadrada təsvir edilib. Rəssam surətlərin fərdi xarakterik xüsusiyyətlərini qələmə almasa da, onların siluetlərindən, əllərinin və üz cizgilərinin jestlərindən onlara məxsus fərdi xüsusiyyətlər "oxunur". Ümumiyyətlə, qeyd etmək olar ki, rəssam obrazlar qalereyası yaratmaqda daha çox qadınlara müraciət edirdi. Bunu bir tərəfdən rəssamın qadınların gərgin zəhmətinə olan simpatiyasından, digər tərəfdən isə qadının cəmiyyətdə tutduğu fəal mövqeyindən irəli gəldiyi ilə izah etmək olar.

M.Rəhmanzadə "Bizim sərhəddə" (1973) seriyası ilə nisgilli Araz çayının sahilindən qərib-qərib baxan dağların, bir milləti ikiyə bölən Xan Arazın "qan" axan sularının bədii ifadə gücü ilə öz yurddaşlarının ağrılarına şərikliyini bölüşüb.  

Arazı ayırdılar!
Qan ilə doyurdular.
Mən səndən ayrılmazdım;
Zülm ilə ayırdılar... 

El-obamızın dilindən səslənən bayatıdakı həsrət dolu mənalı ifadənin tam təəssüratı rəssamın "Bizim sərhəddə" seriyasına daxil olan əsərlərindən sezilir.

Rəssamın 1978-ci ildə işlədiyi "Qadınlar" linoqravüründə bir neçə qadın fiquru əks olunub. Kompozisiyada obrazların geyimlərində təsvir edilən ornamentlərin ritmik təkrarından ustalıqla istifadə edilib. Rəssam yenə də qəhrəmanların daxili mənəvi aləmini surətlərin siluetlərin lirik ifadə həlli ilə yekunlaşdırıb.

M.Rəhmanzadə yaradıcılığında iki istiqaməti paralel aparmağa çalışıb. O, bir tərəfdən müasir sənət priyomlarından, digər tərəfdən milli sənət ənənələrinin spesifik xüsusiyyətlərindən məharətlə istifadə edirdi. Son nəticədə rəssam bu iki istiqaməti bədii təxəyyülü ilə ümumiləşdirərək, sintez edərək sonda özünün "üslubunu" yaratmağa nail olmuşdur.

M.Rəhmanzadə eyni zamanda bir neçə ədəbi nümunələrə misilsiz bədii tərtibat verib və illüstrasiyalar çəkib. Buna misal olaraq C.Cabbarlının əsərlərinə (1945), "Azərbaycan nağılları" kitabına (1946), M.S.Ordubadinin "Qılınc və qələm" romanına (1955), M.Füzulinin qəzəllərinə (1958), Heyran xanımın poeziyasına (1960), N.Gəncəvinin "Leyli və Məcnun" poemasına (1958), Ş.İ.Xətainin "Dəhnamə"sinə (1958) və digər ədəbi nümunələrə aid qrafik əsərləri qeyd etmək olar.

M.Rəhmanzadə yaradıcılığı boyu həm də maraqlı rəngkarlıq əsərləri yaradıb. Onun rəngkarlıq işlərindən "Avtoportret" (1948), "Neft daşları" (1956), "Bayıl" (1957), "Quba rayonu" (1963), "Xınalıq küçələri" (1963), "Lənkəranda payız" (1966), "Göy-göl" (1967), "Naxçıvan silsiləsindən" (1967), "Dağlar" (1972), "Əlincə qalası" (1972), "Naxçıvan motivi" (2001), "Naxçıvan mənzərəsi" (2003) və s. əsərlərini göstərmək olar.

Qeyd etmək olar ki, hələ orta əsrlərdən Naxçıvan diyarı səyyahların diqqətini çəkmişdi. Naxçıvanın iqlimi, təbii özünəməxsusluqları, vüqarlı dağları, milli adət ənənələri və s. cəhətləri bir çox rəssamlarımızın əsərlərinin sevimli mövzusuna çevrilib. B.Kəngərli, S.Bəhlulzadə, T.Salahov, T.Nərimanbəyov, K.Xanlarov, M.Rəhmanzadə və başqa rəssamlarımızın yaratdığı bədii dəyərli əsərləri buna misal göstərmək olar.

M.Rəhmanzadə tarixi Əlincə qalasının yerləşdiyi dağın əzəmətli təsvirini və günəşin şüalarına bələnmiş koloritini mahiranə rəssam qəlbi ilə bədiiləşdirib, desək, yanılmarıq.

Təbii ki, rəssamın yaradıcı iç dünyasını onun özü qədər heç kəs rənglərin dili ilə ifadə edə bilməz. Bu mənada M.Rəhmanzadənin avtoportreti bizim üçün çox qiymətlidir. Rəssam 1948-ci ilə fırçaya aldığı obrazında zərif rəssam qəlbli səmimi qadın surətini bədii biçimdə ümumiləşdirməklə tamaşaçısına çatdıra bilib.

M.Rəhmanzadə yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim uca tutulub. Belə ki, rəssam Xalq rəssamı (1964), Dövlət mükafatı laureatı (1965), 1998-ci ildə isə ümummilli lider Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Sonda bir daha Xalq rəssamı M.Rəhmanzadə kimi sənətkarların həmişə xalqımızın qəlbində əbədi qalacağını vurğulamaq istərdik. Çünki onların yaradıcılığı xalqımıza başucalığı gətirən və tükənməyən mənəvi sərvətdir.
Əsəd QULİYEV
sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi

 





27.07.2016    çap et  çap et