525.Az

"Nəyə etiraz etdiklərini özləri də düz-əməlli bilmirlər"


 

MÜXALİFƏTÇİLƏRİN KONSTİTUSİYAYA DƏYİŞİKLİKLƏRLƏ BAĞLI FİKİRLƏRİ ETİRAZLA QARŞILANIR

"Nəyə etiraz etdiklərini özləri də düz-əməlli bilmirlər"<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə YAP-ın yarımillik fəaliyyətinin nəticələri müzakirə edilib, habelə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə "Azərbaycan  Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı" ilə əlaqədar partiyanın qarşısında duran vəzifələr nəzərdən keçirilib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusyon təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının uyğun olduğu qeyd olunmuş, eyni zamanda Referendumun keçirilməsi ilə əlaqədar YAP-ın qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilib.

Bəs görəsən, YAP-çı deputatlar referendumla bağlı nə düşünür və müxalifətin Konstitusiyaya dəyişikliklərə etirazlarını necə dəyərləndirirlər?

Millət vəkili Eldəniz Səlimov  "525"ə açıqlamasında deyib ki, ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən  "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında"  Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olundu və 7-ci günün tamamında, yəni, bu gün  Konstitusiya Məhkəməsi də  bu layihəyə baxıb öz müsbət  rəyini verdi: "Bu,olduqca əhəmiyyətli və mühüm qərardır, hadisədir".Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması , dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün  müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların  fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən irəli gələn dəyişikliklərdir.Millət vəkili deyib ki, həmçinin, bu dəyişikliklər bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından meydana çıxan dəyişikliklərdir. "Odur ki, bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir"- deyən millət vəkili bu baxımdan, radikal adlandırılan müxalifətin Konstitusiyaya təklif edilən dəyişikliklərə etirazını absurdluq və arqumentsizlik hesab edir."Onların iddialarında heç bir məntiq yoxdur, özləri də nəyə etiraz etdiklərini düz-əməlli bilmirlər. Ona görə də radikalların nə deməsinə ciddi fikir vermək lazım deyil. Əsas odur ki, dövlət başçısı Azərbaycanın inkişafını və gələcəyini düşünərək belə bir təşəbbüslə çıxış edib və bu təşəbbüs də Azərbaycan xalqının ürəyindəndir"-deyə, E. Səlimov daha sonra bildirib.

"Azərbaycan müxalifətinin bir qisminin Konstitusiyaya dəyişikliklə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər, Konstitusiya Məhkəməsinin bununla bağlı verdiyi rəy tamamilə qanunauyğundur və burada hər hansı qanun pozuntusuna yol verilməyib". Bu fikri isə digər YAP-çı millət vəkili Aydın Hüseynov deyib.
 
Millət vəkilinin sözlərinə görə, elə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər Azərbaycanda insan haqları və azadlıqlarının, demokratiyanın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. "Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri bir neçə hissəyə bölmək olar. Bir qismi redaktə xarakterlidir, bir qismi ölkədə vətəndaşın hüquq və azadlıqlarının daha geniş formada inkişaf etdirilməsinə, digər qismi isə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Demokratiyanın inkişafı dövlətin qarantı rolu oynadığı kimi, dövlətçiliyin də möhkəmlənməsi vətəndaşın hüquqlarının və təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiə olunmasına, demokratiyanın ölkədə bərqərar olmasına xidmət edir. Bunlar bir-biri ilə paralellik təşkil edir.

Bu baxımdan, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərin elə əsl mahiyyəti də bundan ibarətdir. Çünki müxalifətin də daha çox ifadəni istifadə edir. Elə bütün dəyişikliklər ölkədə demokratiyanın daha da inkişafına xidmət edən amildir"- deyə, millət vəkili vurğulayıb. Konstitutsiyaya edilən dəyişikliklərin zərurətinə toxunan millət vəkili əlavə edib ki, Konstitusiyanın qəbulundan 21 il keçir və bu müddət ərzində ölkədə və dünyada xeyli dəyişikliklər baş verib. "Bu proseslər Konstitusiyaya dəyişiklikləri zəruri edib. Ona görə də Azərbaycan prezidenti ona verilən hüquqdan və səlahiyyətdən istifadə edərək belə bir təşəbbüslə çıxış edib. Konstitusiya Məhkəməsi də öz növbəsində Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərlə bağlı sualları müsbət cavablandırıb. Və burada nəsə axtarmaq sadəcə, səbatsızlıqdan irəli gələn məsələdir" - deyə, o, vurğulayıb. A.Hüseynov onu da əlavə edib ki, növbəti mərhələdə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər xalqa və seçicilərə geniş formada izah olunacaq, təbliğat işləri aparılacaq, onun mahiyyəti izah olunacaq: "Referenduma çıxarılacaq hər hansı maddəyə səs vermək isə seçicinin öz ixtiyarındadır. Hansı maddəyə istəyəcək, o, maddəyə də səs verəcək. Onun bu qərarına kimsə müdaxilə edə bilməz".

K.HƏMZƏOĞLU

 





27.07.2016    çap et  çap et