525.Az

Putin-Ərdoğan görüşü Dağlıq Qarabağ probleminin həllini sürətləndirəcəkmi?


 

RUSİYA-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN DÜZƏLMƏSİNDƏ AZƏRBAYCANIN MÜSTƏSNA ROLU OLUB

Putin-Ərdoğan görüşü Dağlıq Qarabağ probleminin həllini sürətləndirəcəkmi?<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan avqustun 9-da Rusiyaya səfər edəcək. O Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Ölkə başçıları Sankt-Peterburqda bir araya gələcəklər. Bu, keçən ilin noyabrın 24-də Türkiyənin rus hərbi qırıcısını vurması ilə tərəflər arasında yaranan gərginlikdən sonra baş tutacaq ilk görüş kimi tarixə düşəcək.
İki ölkə arasında münasibətlərin pozulduğu andan etibarən tərəfləri barışdırmaq istəyində olan ilk dövlət Azərbaycan idi. Lakin iki ölkə arasında yaxınlaşmadan məmnun qalmayan dövlətlər də kifayət qədərdir.

Xüsusilə, bu yaxınlaşma Qərb dövlətlərinin maraqlarına cavab vermir. Xüsusilə ötən ay Türkiyə rəhbərliyinin Rusiya ilə münasibətlərin qaydaya salınması istiqamətində atdığı addımlardan dərhal sonra qardaş ölkədə baş verən terror hadisəsi hansısa xarici dairələrin isterik dərəcədə narahatlıq keçirdiyini ortaya qoyub. İyul 15-də isə Türkiyədə baş verən hərbi çevriliş cəhdinin arxasında da rəsmi Ankaranın yürütdüyü yeni siyasi xəttə qarşı olan qüvvələrin dayandığı sirr deyil. Lakin çevriliş cəhdinin qarşısı qətiyyətlə alındı. Əhali heç bir halda hakimiyyətin hərbi yolla devrilməsini qəbul etmədi. Prezident Rəcəb Təyyib Ərdoğanın xalqa müraciətindən sonra meydanlara axışan minlərlə türk insanı qiyamçıların qarşısını kəsdi, səsvermə yolu ilə Türkiyənin idarəçiliyini həyata keçirən hakimiyyətin toxunulmazlığı qorundu. Həmin hadisələr zamanı Rusiya prezidenti Vladimir Putin isə Türkiyənin qanuni hakimiyyətinə öz dəstəyini ifadə etdi. Hətta, o, lazım gələrsə, Ərdoğanı siyasi sığınacaqla təmin edə biləcəyini dilə gətirdi. Qiyamın qarşısının alınması nəticəsində buna ehtiyac qalmasa da, rəsmi Moskvanın bu isti jesti iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün gözəl imkan yaratdı.

Heş şübhəsiz ki, Türkiyə-Rusiya yaxınlaşması bölgədə qüvvələr balansını Azərbaycanın xeyrinə dəyişəcək. Ona görə də, bu, ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək amillərdən hesab olunmalıdır.

Məlum hadisələr fonunda Ermənistanda isə vəziyyət gərginliyini daha da artırır. "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin İrəvanda polis bölməsini ələ keçirib, polis əməkdaşlarını girov götürməsindən xeyli müddət keçsə də, onları zərərsizləşdirmək mümkün olmayıb. Basqın iştirakçıları - iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın tərəfdarları onun azadlığa buraxılması tələbini səsləndiriblər. Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yerli mətbuata açıqlamasında həmin şəxslərin prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildirib.

Erməni qiyamçılarına böyük xalq kütlələrinin dəstək olması, İrəvanda etirazların daha da böyüməsi Serj Sarkisyan hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistan prezidentinin həbsdə olan terrorçu Jirayr Səfilyanla görüşmək istəyində olması barədə xəbərlər də yayılmaqdadır.

Bəzi ekspertlər bu hadisəni Sarkisyan tərəfindən hazırlanmış "şou" kimi xarakterizə etsə, bəziləri isə qiyamın arxasında xarici qüvvələrin dayandığını bildirsə də, şübhə yoxdur ki, baş verən və günlərdir davam edən silahlı insidentlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar arasında inkarolunmaz əlaqə mövcuddur.

Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, indiki şəraitdə Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması dünya siyasətinin ən həlledici parametridir: "İki ölkə arasında mövcud yaxınlaşma Qərbi ciddi şəkildə narahat edir. Son dövrlər Türkiyədə baş verən çaxnaşmalar da bununla bağlıdır. Belə görünür ki, Ərdoğanın ətrafında çaxnaşmalar bir müddət davam edəcək".

M.Əhmədoğlu hesab edir ki, artıq Rusiya ciddi səylə çalışır ki, Türkiyə ilə münasibətlərinin gərginləşməsinə səbəb ola biləcək siyasət aparmasın: "Öz növbəsində qardaş ölkə də başa düşür ki, Rusiya ilə münasibətləri möhkəmləndirməklə ABŞ-da özünə qarşı marağı artıra, bu ölkəni öz ətrafına çəkə bilər. Hələki Ərdoğanın siyasəti bu istiqamətdədir".

Politoloqun fikrincə, Türkiyənin rus qırıcısını vurmasından sonra prezidentlərin görüşünün neytral ərazidə təşkil olunması daha yaxşı olardı: "Bakıda belə bir görüş üçün həm razılıq var idi, həm də müəyyən hazırlıq işləri görülmüşdü. Sonradan Türkiyədə baş verən hadisələrə və eləcə də qardaş ölkə rəhbərliyinin qabağa qoyduğu bəzi məsələlərə görə görüşün yeri və vaxtı dəyişdirilərək Rusiya ərazisinə salınıb. Ankaranın strateji prizmadan yanaşmasını nəzərə alsaq iki ölkə arasında yaşanan gərginliyin səngiməsindən sonra keçiriləcək ilk görüş neytral ərazidə təşkil olunmalıydı".

Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara təsirindən danışan mərkəz sədri qeyd edib ki, iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə dəyişməsi problemin həllini sürətləndirə bilər: "Son dövrlər Azərbaycanın həm daxili, həm də xarici siyasətdə güclənməsi erməniləri narahat etməyə başlayıb. İşğalçı ölkə rəhbərliyi başa düşür ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin normallaşması Moskva ilə Bakını daha da yaxınlaşdırır. Ona görə də, Ermənistanın daxilində gərgin vəziyyət hökm sürür. Çünki Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə ancaq müsbət təsir edəcək".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, hazırda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq imkanları o qədər də böyük deyil: "Hələ Rusiya ilə Türkiyə arasında münasibətlər yenicə reabilitasiya olunur".

Türkiyədə bəzi qüvvələrin Ermənistanla sərhədlərin açılması məsələsini gündəmə gətirməsindən danışan politoloq qeyd edib ki, bütün bunlar Azərbaycan üçün ürəkaçan deyil: "Hazırda Türkiyədə anti-türk, anti-Azərbaycan meylləri daha çox özünü göstərir. Buna misal olaraq, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün "Nə mutlu türküm deyənə!" ifadəsinin "Nə mutlu erməniyəm" sözləri ilə təhrif olunmasını göstərmək olar".

Q.Hüseynli hesab edir ki, vaxt gələcək hər şey öz yerini tapacaq: "Türkiyə rəhbərliyi bu cür halların qarşısını alacaq. Lakin prezidentlərin ilk görüşündə Dağlıq Qarabağ məsələsinin  müzakirə olunması inandırıcı görünmür. Tərəflər arasında yalnız bu problemlə bağlı fikir mübadiləsi aparıla bilər, ancaq prinsipial məsələlərin həlli gözlənilmir".

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, son vaxtlar regionda baş verən hadisələr Azərbaycanın prioritet məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən intensivləşməyə yol açıb: "Buna müsbət təsir edən başlıca amillərdən biri Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsidir. Burada həm Ankara, həm Moskva özünə əlavə divident əldə etməklə bərabər, həm də regionda müəyyən məsələlərin həll olunmasında müsbət rol oynayır".

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bir müddət əvvəl Ermənistanla sərhədlərin açılmasıyla bağlı verdiyi açıqlamaya toxunan A.Nağıyev iki ölkə arasında sərhədlərin açılacağına inanmadığını deyib. Onun sözlərinə görə, Türkiyə ilə yanaşı Pakistan və Səudiyyə Ərəbistanın Ermənistanla heç bir diplomatik əlaqəsi yoxdur: "İşğalçı ölkə zəbt etdiyi Azərbaycan torpaqlarını qaytarmayana qədər bu əlaqələr qurulmayacaq. Ümumiyyətlə NATO ilə Rusiya arasındakı sərhəd Ermənistandan keçir. Ona görə də, bu, münaqişəsinin həllinə müsbət təsir edən amillərdəndir".

Siyasi şərhçi hesab edir ki, Türkiyə ilə Rusiya nə qədər yaxınlaşsa, Moskva Ermənistana Dağlıq Qarabağ torpaqlarını işğaldan azad etmək üçün bir o qədər çox təsir edə bilər: "Türkiyənin beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edə bilən dost dövlətlərdən biri olduğunu deyən A.Nağıyev qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin düzəlməsində Azərbaycan prezidenti İlham Əliyevin müstəsna rolu olub: "Bunu hər iki dövlət başçısı öz çıxışlarında bildirib. Ona görə də düşünürəm ki, məhz Ərdoğanla Putinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də ciddi addımlar atılacaq".

Ceyhun ABASOV

 





27.07.2016    çap et  çap et