525.Az

Xalça Muzeyində “Ailə günü” olacaq


 

Xalça Muzeyində “Ailə günü” olacaq <b style="color:red"></b>

İyulun 30-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü, IDEA İctimai Birliyi və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə “Ailə günü” adlı tədbir keçiriləcək.

Muzeydən 525.az-a verilən məlumata görə, “Açıq qapı” günü çərçivəsində təşkil ediləcək tədbirin məqsədi valideyn və uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

İədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.

İştirakçıları tədbirdə muzeyin əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.

Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcəklər. Muzeyin əməkdaşı Püstə Ağayeva “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirə deyəcək və muzeyə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim ediləcək.

Məlumat üçün bildirək ki, tədbirdə hemofiliya və talassemiya pasiyentləri tam olaraq ödənişsiz iştirak edə bilər.

Qeyd edək ki, muzeydə “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Cavid QƏDİR

 





27.07.2016    çap et  çap et