525.Az

Jurnalistikaya qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək


 

Jurnalistikaya qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu mərhələdə aprelin 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlərin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından (https://eservices.tqdk.gov.az/brxvjur/?frm=egov) iyulun 27-dən etibarən çap edib, götürə bilərlər.
 
Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Məlumatda bildirilib ki, imtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Jurnalistika ixtisasına qəbul olmaq üçün 815 abituriyent qeydiyyatdan keçib. Onlardan 539 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 129 nəfərini oğlanlar, 410 nəfərini qızlar təşkil edir. 509 abituriyent Azərbaycan, 30 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. İmtahan zamanı abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr TQDK-nın internet saytında yerləşdirilib.

S.QARAYEVA

 





28.07.2016    çap et  çap et