525.Az

Hərb və dövlətçilik tariximizdə möhtəşəm bir imza


 

KƏNGƏRLİ SÜLALƏSİNİN DÖRDÜNCÜ GENERALI HÜSEYN XAN NAXÇIVANSKİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU HAQQINDA QEYDLƏR

Hərb və dövlətçilik tariximizdə möhtəşəm bir imza<b style="color:red"></b>

56 illik ömür yolunun 34 ilini hərb və döyüş fəaliyyətinə həsr edən Hüseyn xan II Kalbalı xan oğlu Naxçıvanski 28 iyul 1863-cü ildə Naxçıvan şəhərində doğulub.

Onun atası general-mayor II Kalbalı xan məşhur sərkərdə general-mayor Ehsan xan Naxçıvanskinin oğludur. Hüseyn xan çoxuşaqlı ailədə doğulmuşdu. Arxiv sənədlərinin köməyilə onun qardaşı və bacılarının ardıcıl siyahısını tərtib etmək mümkündür. General-mayor II Kalbalı xan Naxçıvanskinin (1824-1883) övladları bunlardır: Zeynabbəyim, Bədirnisə bəyim, II Ehsan xan, Cəfərqulu xan, Rəhim xan, Şahcahan bəyim, Hüseyn xan, Çimnaz xanım və Zərrintac bəyim.

Rusiya Dövlət Hərbi Tarix Arxivinin (Moskva şəhər) 3642-ci fondunda saxlanılan sənəddə generalın 8 övladı olduğu yazılmışdır. Amma son illərin hərtərəfli araşdırmaları nəticəsində məlum oldu ki, onun Çimnaz xanım adlı qızı da varmış. Hətta Çimnaz xanım general İsmayıl xanın oğlu Bəhman xanın həyat yoldaşı idi. Deməli, general-mayor Kalbalı xanın 9 övladı (4 oğul, 5 qız) olub.

Hüseyn xanın anası Xurşid xanım (1828) İrəvanda yaşayan, Bayat tayfasından olan mayor Əhməd xan Süleyman xan oğlu Makinskinin qızıdır.

Qeyd edək ki, Hüseyn xanın atası general-mayor II Kalbalı xan Naxçıvanski son dərəcə bir igid süvari olmuş və çox döyüş ordenlərinin kavaleri olmuşdur.

Hüseyn xan indiki Xan Sarayında doğulmuş və 1873-cü ilədək burada yaşamışdı. O, ilk təhsilini Naxçıvan şəhərində almışdı. 1873-cü ildə atası onu Peterburqa, Paj korpusunda oxumağa göndərmişdi. Həmin ilin 9 dekabr tarixində Hüseyn xan Rusiya çarının sarayındakı Paj korpusunda qeydə alınmışdı. 7 fevral 1877-ci ildə Paj korpusunun inter-pajı, 10 yanvar 1883-cü ildə isə korpusun kamer-pajı olmuşdu.

Saray məktəbini - Paj korpusunu əla qiymətlərlə bitirən Hüseyn xan saray qvardiyasının (leyb qvardiya) süvari polkuna kornet (kiçik zabit) təyin olunur. Onun ilk hərbi təyinatı 12 avqust 1883-cü ilə təsadüf edir. Qeyd edək ki, sarayın süvari polkunda onun adı əmrlərdə Xan Hüseyn Naxçıvanski kimi yazılmışdır.

Araşdırmalar göstərir ki, Rusiya çarına Hüseyn xanın ulu əcdadlarının nəhəng hərbi ənənələrinin və qəhrəmanlıqlarının haqqında ətraflı məlumatlar veriblərmiş. Doğrudan da, Naxçıvanın Kəngərli hərb tarixinin dərindən öyrənilməsinə ciddi ehtiyac duyulur.

Hüseyn xan hərbi fəaliyyətə başlayanda 4 aydan çox olardı ki, atasını itirmişdi. Rusiya ordusunun ən məşhur generallarından biri olan atası general-mayor II Kalbalı xan Naxçıvanda vəfat etmişdi. Böyük qardaşları Hüseyn xana hərbi fəaliyyətini davam etdirməyi məsləhət görürlər.

Peterburqdakı süvari polkunda xidməti ilə seçilən Hüseyn xana 30 avqust 1884-cü ildə podporuçik hərbi rütbəsi verilir. 17 mart 1885-ci ildən 15 may 1886-cı ilədək o, 43-cü Draqun Tver polkuna ezamiyyətə göndərilir. Onun böyük qardaşı Cəfərqulu xan bu polkda hərbi xidmətdə idi. Ezamiyyətdən qayıtdıqdan sonra, 30 avqust 1887-ci ildə poruçik rütbəsi alan Hüseyn xan hərb sənətinin incəliklərini daha da dərindən öyrənməyə başlayır.

8 noyabr 1890-cı ildə Hüseyn xan ilk dəfə olaraq ordenlə təltif edilir. Bu, İranın 4-cü dərəcəli "Şir və Günəş" ordeni idi.

Maraq üçün deyək ki, o, 11 mart 1887-ci ildə polk məhkəməsinin iş icraçısı təyin edilir. Həmin ilin iyul ayının 26-dək Hüseyn xan bu vəzifədə işləmişdir. Bu zaman o, hərbi məhkəmə nizamnaməsini öyrənir.

1893-cü il iyulun 26-da Hüseyn xan polkun tədris komandasında müavin vəzifəsində fəaliyyətə başlayır. O, azsavadlı əsgərlərə hərbi silahdan istifadə qaydasını, yazmağı, oxumağı və xəritəşünaslığı həvəslə öyrədir. 19 avqust 1894-cü ildə bu vəzifədən azad olunur.

17 aprel 1894-cü ildə ştabs-rotmistr təyin olunmaqla bərabər, 30 avqust 1894-cü ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilir. Hərbi xidmətdə nizam-intizamı ilə seçilən Hüseyn xanı 8 iyun 1895-ci ildə "Rumıniya Ulduzu" ordeninin zabit xaçı ilə təltif edirlər.

26 fevral 1896-cı ildə imperator III Aleksandrın xatirəsi şərəfinə təsis edilmiş gümüş medalla təltif edilən Hüseyn xan 26 apreldən iyunun birinədək çar II Nikolayın tacqoyma mərasiminin hazırlıq mərhələsində və mərasimdə iştirak edir. Bu münasibətlə o, 13 iyun 1896-cı ildə gümüş medalla təltif olunur. Bu ərəfədə Hüseyn xan 3-cü eskadron polkuna müvəqqəti komandir təyin edilir. O, 6 oktyabr 1896-cı ilədək bu polkun komandiri olmuşdur.

1897-ci ildə Rusiya imperiyasında ilk dəfə əhalinin siyahıya alınması keçirilir. Hüseyn xan da bu işə cəlb edilir. Bu çətin işdə göstərdiyi fəallığa görə Hüseyn xan 11 aprel 1897-ci ildə tünd bürünc medalla mükafatlandırılır. Xidmət etdiyi süvari polkun yüksək dərəcəli hərbçilərinin rəğbətini qazanan Hüseyn xanı yenidən polk məhkəməsinin üzvü seçirlər. O, 1896-cı ilin 13 iyunundan dekabrın 15-dək hərbi məhkəmədə işləyir. 26 iyun 1897-ci ildə Avstriyanın 3-cü dərəcəli "Dəmir Tac" ordeni Hüseyn xana təqdim olunur. Rusiya çarının xüsusi diqqətində olan 3-cü eskadron polkuna 1897-ci ilin 12 iyununda yenidən müvəqqəti komandir təyin edilir. 9 iyulda vəzifədən azad olunur. Bu polka müvəqqəti komandirlik edərkən Hüseyn xanın apardığı işlər bəyənilir, o, 1898-ci il mayın 6-da rotmistr rütbəsini alaraq həmin ayın 21-də 3-cü eskadron polkunun komandiri təyin edilir.

Məqamındaca qeyd edək ki, 3-cü eskadron polkunun işi çox çətin olduğundan Hüseyn xanı tez-tez vəzifədən-vəzifəyə keçirirlər. O, bu mürəkkəb işlərin öhdəsindən məharətlə gəlir və geriliyi aradan qaldırır. 1898-ci il 15 avqustdan 22 oktyabradək polk komandirinin təsərrüfat işləri üzrə müvəqqəti köməkçisi, 2 noyabr 1898-ci ildən 5 may 1899-cu ilədək, həmçinin 2 noyabr 1899-cu ildən 4 may 1900-cü ilədək polk məhkəməsinin üzvü olan Hüseyn xan 6 dekabr 1899-cu ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilir.

1900-cü ildə İran şahı Müzəffərəddin Qacar Rusiyaya dostluq səfərinə gəlir. İran şahı Avropa səfərlərinə mütəmadi olaraq Peterburqdan yollanırdı. Onun səfəri sentyabrın 25-dən noyabrın 6-dək davam edir. Saray qvardiyasının süvari polkunun rotmistri Hüseyn xana İran şahını müşayiət etmək tapşırılır.

İran şahı Hüseyn xanın mühafizə işini bəyənir. Hüseyn xan 17 fevral 1901-ci ildə "Şir və Günəş" ordeninin 2-ci dərəcəsinin kavaleri olur.

1901-ci il martın 21-dən sentyabrın 22-dək və 1902-ci il martın 28-dən sentyabrın 28-dək yenə də polk məhkəməsinin əsas üzvlərindən biri olur.

1902-ci il 13 apreldən mayın 4-dək, həmçinin həmin il sentyabrın 1-dən oktyabrın   1-dək İran şahı yenidən Rusiyaya səfər edir. Bu vaxt yenidən Hüseyn xanı mühafizə üçün dəvət edirlər.

6 dekabr 1902-ci ildə Hüseyn xan 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə mükafatlandırılır. O, 2 aprel 1903-cü ildə üçüncü eskadron polkunu təhvil verir. Aprel ayının 6-da polkovnik hərbi rütbəsini alan Hüseyn xan yenə də polkda ona tapşırılan müxtəlif vəzifələri ləyaqətlə yerinə yetirir. Belə ki, 12 aprel 1903-cü ildə polk komandirinin köməkçisi vəzifəsində işləyir.

May ayının 7-də həmin vəzifəyə təsdiq edilir. 1 yanvar 1904-cü ildə həmin vəzifədən azad olunaraq 3 mart 1904-cü ilə qədər polk məhkəməsinin sədri vəzifəsində çalışmışdır.

1 yanvar 1904-cü ildə polk komandirinin təsərrüfat işləri üzrə köməkçisi təyin edilmiş, yanvarın 15-də bu vəzifəyə təsdiqlənmişdir. Martın 1-də isə vəzifədən azad olunmuşdur. 1904-cü il fevralın 23-də İranın almazlarla bəzədilmiş ikinci dərəcəli "Şir və Günəş", Bolqarıstanın üçüncü dərəcəli "Hərbi xidmətlərinə görə" və dördüncü dərəcəli "Müqəddəs Aleksandr" ordenləri ilə təltif edilən Hüseyn xan Naxçıvanski həmin il martın 1-də Qafqaz Hərbi Dairəsinin sərəncamına göndərilir. Mart ayının 24-də Petrovsk şəhərinə (indiki Mahaçqala) gəlir. O, burada könüllü müsəlman döyüşçülərdən ibarət İkinci Dağıstan polkunu formalaşdırmağa başlayır. Mart ayının 25-də Hüseyn xan Naxçıvanski bu polkun komandiri təyin olunur. Artıq aprel ayında məşhur İkinci Dağıstan polkunu formalaşdırıb qurtaran Hüseyn xan Naxçıvanski 1904-1905-ci illərdə rus-yapon müharibəsində bu polkla iştirak edir. Knyaz Qriqol Orbeliani yaralanandan sonra bütün Qafqaz Süvari Briqadasına komandirlik vəzifəsi Hüseyn xana həvalə olunur. Qeyd etmək lazımdır ki, bu süvari briqadasına həm də Tersk-Kuban süvari polku da daxil idi.

Əfsanəvi qəhrəmanımız, cəsur eloğlumuz Hüseyn xan Naxçıvanski uzaq Mancuriyada da doğulduğu Naxçıvanın və mənsub olduğu Kəngərli tayfasının adını uca zirvələrə qaldırmışdır. Döyüş cəbhəsində göstərdiyi qəhrəmanlıqlar elə oradaca batalist rəssam V.V.Mazurovskinin fırçası ilə kətan üzərinə köçürülmüşdür. Aldığı mükafatlar da bunu təsdiqləyir. Ali hərbi mükafatları sadalamaqda davam edək. Yapon işğalçılarına qarşı Lyaoyan ətrafında 1904-cü ilin 13-22 avqustunda aparılan uğurlu döyüşlərə görə Hüseyn xan 3 noyabr 1904-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna" ordeni (qılınclarla birlikdə), sonrakı uğurlu hərbi əməliyyatlara görə 8 fevral 1905-ci ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni (qılınclarla və bantla birlikdə), 3 mart 1905-ci ildə üzərində "İgidliyə görə" yazılmış qızıl silahla, həmin ilin iyul-avqust döyüşlərində göstərdiyi rəşadətə görə 7 sentyabr 1905-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılınclarla birlikdə) ordeni ilə təltif edilib.

(Ardı var)

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





28.07.2016    çap et  çap et