525.Az

Ermənistanda silahlı qrupun lideri Pavel Manukyan aclıq elan edib


 

"BU CÜR ŞOULARLA SARKİSYAN REJİMİ VƏ HAVADARLARI DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNƏ ƏNGƏL YARATMAQ İSTƏYİRLƏR"

Ermənistanda silahlı qrupun lideri Pavel Manukyan aclıq elan edib<b style="color:red"></b>

İyulun 27-də İrəvanda polis alayı binasının həyətində hüquq-mühafizə orqanı əməkdaşları ilə "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvləri arasında baş verən atışma zamanı yaralanaraq xəstəxanaya aparılan silahlı qrupun lideri Pavel Manukyan aclıq elan edib.
 

"APA"nın məlumatına görə, bu barədə onun vəkili İnessa Petrosyan bildirib.  

"Pavel Manukyan bu gündən aclıq elan edib", deyə Petrosyan jurnalistlərə deyib.  

Polis binasını ələ keçirmiş silahlı qrup dünən səhər saatlarında girov götürdüyü həkimlərdən biri, David Tonoyanı sərbəst buraxıb. Bu barədə isə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anayit Aytayan bildirib. 

İrəvanda polis binasını ələ keçirən silahlı qrupa dəstək mitinqinə də fasilə verilib. Etiraz aksiyaları bu gün davam edəcək. "Hazırda vəziyyət sakitdir, insanlar evlərinə dağılışırlar. Bu gün saat 20:00-da Azadlıq meydanında aksiyamızı davam etdirəcəyik", deyə fəallardan biri bildirib.

Mitinq iştirakçıları bir sıra tələb irəli sürüblər. Etirazçılar həbs olunanların azadlığa buraxılmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirlər. Silahlı qrup tərəfindən ələ keçirilən binaya yaxın əraziyə əlavə polis qüvvələri yeridilib.

Qeyd edək ki, polis binasını ələ keçirmiş silahlı qrup iyulun 27-də atışma zamanı yaralananlardan birinə tibbi yardım göstərmək üçün gələn "Təcili yardım" briqadasını girov götürüb. Hazırda iki həkim və bir tibb bacısı girov qalmaqdadır. Silahlı qrup onları səhiyyə naziri və cərrah briqadasına dəyişmək niyyətindədir.

Ermənistanda vəziyyət göründüyü kimi gərginliyini daha da artırır. Polis bölməsinə silahlı basqın hadisəsinin üzərindən xeyli müddət keçsə də, qrup üzvlərini zərərsizləşdirmək mümkün olmayıb. Basqın iştirakçıları - iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın tərəfdarları onun azadlığa buraxılması tələbini səsləndiriblər. Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yerli mətbuata açıqlamasında həmin şəxslərin Prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildirib.

Erməni qiyamçılarına xalq kütlələrinin dəstək olması, İrəvanda etirazların daha da böyüməsi Serj Sarkisyan hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistan prezidentinin həbsdə olan terrorçu Jirayr Səfilyanla görüşmək istəyində olması barədə xəbərlər də yayılmaqdadır.

Bəzi ekspertlər bu hadisəni Sarkisyan tərəfindən hazırlanmış şou kimi xarakterizə etsə, bəziləri isə qiyamın arxasında xarici qüvvələrin dayandığını bildirsə də, şübhə yoxdur ki, baş verən və günlərdir davam edən silahlı insidentlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar arasında inkarolunmaz əlaqə mövcuddur.

Məsələ ilə bağlı Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, Ermənistanda əhalinin Serj Sarkisyan hakimiyyətinə qarşı etiraz etməsi yeni hadisə deyil: "Erməni xalqı rəhbərliyin yarıtmaz fəaliyyətinin onlara vurduğu ziyanlardan əziyyət çəkir və buna görə də dəfələrlə təşkil olunan etiraz aksiyaları vasitəsilə öz narazılıqlarını bildirib. Bu dəfəki hadisədə isə ermənilər hakimiyyət əleyhinə qiyam qaldıran silahlı qrupa öz dəstəklərini ifadə edirlər. Bu onların nə qədər aciz, çıxılmaz vəziyyətdə olduğunu göstərir. Ermənistan əhalisi nəyin bahasına olursa olsun Sarkisyan rejiminin rəhbərlikdən getməsini istəyirlər".

R.Zeyni bildirib ki, Ermənistanda iqtisadi böhran, əhalinin yaşayış səviyyəsinin günü-gündən aşağı düşməsi, dövlət siyasətinin qeyri-düzgün aparılması əhalini özündən çıxarır: "İmkanı olan ermənilər bu vəziyyətlə barışmayıb ölkəni sürətlə tərk edir, yerdə qalanlar isə çıxış yolunu Sarkisyanı istefaya göndərməkdə görürlər".

R.Zeyni söyləyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı bir irəliləyiş olanda, Cənubi Qafqazda stabilliyin bərpası məsələsi aktuallaşanda erməni milli assambleyası, düşmən ölkə siyasətçiləri, müəyyən güc mərkəzləri tərəfindən Ermənistanda bu cür proseslər həyata keçirilir: "Müşahidələr onu göstərir ki, bu cür addımlarla işğalçı ölkə rəhbərliyi və havadarları problemin həllinə əngəl yaratmaq istəyirlər".

Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev isə qeyd edib ki, Ermənistanda baş verən iğtişaşlar, etiraz aksiyaları erməni xalqının Serj Sarkisyan rejiminə nifrətindən qaynaqlanır: "Vəziyyət o həddə çatıb ki, Ermənistan əhalisi hakimiyyəti polis alayanın İrəvanın Erebuni rayonunda yerləşən binasına silahlı basqın edən terrorçu dəstədən belə təhlükə və qorxulu hesab edir".

R.Alıyev də o qənaətdədir ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlarda hər hansı bir irəliləyiş olanda cinayətkar hakimiyyət silahlı hücum ssenariləri hazırlayaraq aranı qarışdırmaqla prosesə əngəl yaratmaq istəyir: "Vaxtilə Ermənistan parlamentində silahlı hücumun törədilməsi, ayrı-ayrı siyasətçilərin qətlə yetirilməsi də məhz bu motivdən olan cinayətlərdir".

Politoloq qeyd edib ki, İrəvanda qiyamın Türkiyə ilə Rusiya arasında gərginliyin səngiməsi, münasibətlərin yenidən qaydaya salınması ərəfəsində baş verməsi hadisələrin Sarkisyan tərəfindən hazırlanmış şou olduğunu bir daha sübut edir: "Ermənistan hakimiyyəti başa düşür ki, Ankara ilə Moskva arasında yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir edə bilər. Çünki iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafı üçün Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi ilə problemin aradan qaldırılması vacibdir. Əks halda regionda sabitliyi bərpa etmək, iqtisadi əlaqələri hər iki ölkənin maraqlarına tam cavab verən şəkildə inkişaf etdirmək mümkün deyil. Ona görə də, Ermənistan cinayətkar rəhbərliyi bu cür vəziyyətdə çıxış yolunu əvvəlki illərdə olduğu kimi ölkədə iğtişaşlar törətməkdə görür".

Ceyhun ABASOV

 





29.07.2016    çap et  çap et